AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Naxçıvanı blokadadan qurtaran əlaqə

Naxçıvanı blokadadan qurtaran əlaqə

Siyasət
27 Fevral 2020, 17:03 732
Ekspertlər deyirlər ki, Azərbaycan-Türkiyə münasibətləri bütün dünyaya örnəkdir

Dünyada yayılmış təhlükəli koronavirusla bağlı bir çox ölkələr sərhədlərini ya bağlayıb, ya da məhdudlaşdırıb. Çindən sonra qonşu İranda yayılan bu virusla bağlı bir çox ölkələr qabaqlayıcı tədbirlər həyata keçirib. Belə ki, Türkiyə təhlükəni nəzərə alaraq bu günlərdə İran və Naxçıvanla sərhədlərini bağlamışdı. Bununla da, həm İran, həm də Türkiyə ilə sərhədləri bağlanan Naxçıvan demək olar ki, müvəqqəti blokada şəraitinə geri qayıtmışdı. Belə olan şəraitdə isə muxtar respublikanın ehtiyaclarını təkcə hava məkanı vasitəsilə təmin etmək qeyri-mümkün ola bilərdi. Ona görə də fevralın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüşdə Türkiyədən Naxçıvan Muxtar Respublikası istiqamətində yük nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində yaranan məhdudiyyətlər müzakirə edilib.
Mövcud vəziyyətlə bağlı Prezident İlham Əliyev tərəfindən Rəcəb Tayyib Ərdoğan qarşısında məsələ qaldırılıb. Türkiyə prezidenti tərəfindən Türkiyənin "Dilucu” dövlət sərhədindən buraxılış məntəqəsindən yük nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına "Sədərək” dövlət sərhədi buraxılış məntəqəsindən buraxılmasına dair Türkiyə Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə göstərişlər verilib və yük nəqliyyat vasitələrinin buraxılışları bərpa edilib.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev bildirdi ki, sərhədlərin bağlanması Naxçıvan üçün ağır ola bilər: "Muxtar respublikanın yolu Türkiyə üzərindəndir, sıx əlaqələr var, insanlar bu ölkəyə gedib-gəlirlər. Eyni zamanda ticarət, iqtisadi və sosial məsələlər var ki, onlar həll edilir. İndi koronavirus yayılıbsa, bunun qarşısını qalmaq üçün tədbirlər görülməlidir. Sərhədin bağlanması bu virusun qarşısının alınması üçün birinci yol deyil. Bunun üçün insanlar ayıq olmalıdır, səhiyyə və digər müvafiq orqanlar tərəfindən profilaktik tədbirlər həyata keçirilməlidir. Ona görə də hesab edirəm ki, Naxçıvan-Türkiyə sərhədinin açılması vacib idi. Çünki insanları gediş-gəlişdən, ticarətdən kənarda qoymaq düzgün deyil”.
T.Rzayev qeyd etdi ki, Türkiyənin Naxçıvana qarşı atdığı bu addımı qardaşın qardaşa göstərdiyi köməklik kimi dəyərləndirmək lazımdır: "Türkiyə ən çətin gündə, ən xoş gündə Azərbaycanın yanında olub. İki ölkə arasında olan qardaşlıq bütün dünyaya bir örnəkdir. Çünki ən çətin anda Türkiyə yanımızda olub, Azərbaycan da Türkiyənin yanında olub. Biz qardaşıq! Yaxşı qardaş daima biri-birini qorumalıdır, dəstək verməlidir. Azərbaycan-Türkiyə qardaşlığı əbədidir və bu, belə də olacaq. Həm Azərbaycan, həm də Türkiyə prezidentləri biri-birini ən mötəbər tədbirlərdə, hər yerdə qardaş adlandırırlar və bu da göz önündədir”.
Politoloq Natiq Miri bildirdi ki, Naxçıvan Muxtar Respublikası özəl bir bölgədir: "Bu gün Naxçıvanın həqiqətən bütün sahələr üzrə dəstəyə ehtiyacı var. O cümlədən Naxçıvanın İranla sərhədinin bağlı olması müəyyən mənada muxtar respublikanı çətin vəziyyətə qoya bilər. Çünki bilirik ki, artıq koronavirus İran ərazisində də çox sürətlə yayılmaqdadır. Hətta ölənlərin sayının çox sürətlə artdığı deyilir. Ayrıca, bu informasiyaları İran çox xəsis şəkildə ictimaiyyətə açıqlayır. Ona görə də İranda koronavirusun nə qədər sürətlə yayıldığı bəlli deyil. Belə olduğu təqdirdə təbii ki, Naxçıvanın qardaş Türkiyəyə müəyyən mənada ehtiyacı var. Bu ehtiyaclar mütləq mənada qardaş Türkiyə tərəfindən ödənməlidir. Düşünürəm ki, Türkiyə bütün riskləri gözə alaraq sərhədi açmaq məcburiyyətində qaldı və fikrimcə, qardaşın edəcəyi son addım məhz bu olmalı idi”.
N.Miri vurğuladı ki, sərhədlər bağlı olduğu halda, Naxçıvanın bütün ehtiyaclarını hava məkanından aparılan daşımalarla təmin etmək mümkün olmayacaqdı: "Sərhədin açıq qalma məsələsi təkcə ərzağın daşıması ilə bağlı məsələ deyil. İndiki halda Naxçıvanla Türkiyə arasında çox ciddi ticarət əlaqələri mövcuddur. O cümlədən insanların bütün ehtiyaclarının ödənməsinin təyyarə ilə təmin edilməsi mümkünsüzdür. Çünki bilirik ki, təyyarə ilə daşımalar baha başa gəlir. Bu baxımdan sərhədlərin açılması Naxçıvanda yaşayan həmyerlilərimizin imkanlarını xeyli artıracaq ki, bu da onların təchizat məsələsini asanlaşdıracaq. Bu addımına görə qardaş Türkiyəyə təşəkkür etməliyik”.
Politoloq Qabil Hüseynli bildirdi ki, indiki halda virus təhlükəsindən irəli gələrək İran Naxçıvanla sərhədi bağlayıb: "Eyni zamanda Türkiyə də təhlükəsizlik tədbirləri çərçivəsində bu addımı atmışdı. Ona görə də Naxçıvan tam blokada şəraitində qalmışdı. Amma Türkiyə prezidentinin Bakıya səfərindən sonra sərhəd keçid məntəqəsi açılıb. Türkiyənin bu addımından sonra muxtar respublika blokadadan çıxmış hesab oluna bilər”.
Q.Hüseynli söylədi ki, üstəlik, Azərbaycanın təkidi ilə İran ərazisindən Naxçıvana yük göndərilməsi məsələsi də həll olunub: "Beləliklə Naxçıvanın ehtiyaclarını ödəmək mümkün olacaq. Sərhədin bağlanması çox çətin şərait yarada bilərdi. Birincisi, Naxçıvandan müəyyən məhsulların mübadiləsi olur, əhali gedib-gəlir. Ən başlıcası isə bəzi yüklər İran ərazisindən, digərləri isə Gürcüstan, Türkiyə üzərindən Naxçıvana göndərilir. Əlbəttə ki, söhbət təchizatdan, ərzaqdan və digər zəruri mallardan gedir”.

BƏXTİYAR