• çərşənbə axşamı, 19 mart, 10:48
  • Baku Bakı 8°C

Nar ixracını necə artırmalı?

17.02.20 20:05 2373
Nar ixracını necə artırmalı?
Mütəxəssislər bu sahədə böyük potensial olduğu qənaətindədirlər

Bu il Azərbaycanda nar və nardan hazırlanan məhsulların inkişafında dinamik artım qeydə alınıb. Bunu Trend-ə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib. O bildirib ki, əgər 2018-ci ildə nar ixracı təqribən 9300 ton (12.2 mln ABŞ dolları) təşkil etmişdisə, 2019-cu ildə bu, təqribən 17.500 tona (19 mln ABŞ dolları) bərabər olub.
Assosiasiya sədri vurğulayıb ki, 2019-cu ildə nar konsentrantı və nar şirəsinin də ixracında artım qeydə alınıb: "2018-ci ildə nar konsentrantı ixracı təqribən 750 ton (1.3 mln ABŞ dolları) olduğu halda, 2019-cu ildə bu rəqəm təqribən 905 ton (1.5 mln ABŞ dolları) olub. 2018-ci ildə nar şirəsi ixracı təqribən 5900 ton (7.4 mln ABŞ dolları) təşkil etmişdisə, 2019-cu ildə ixrac təqribən 6400 ton (7.5 mln ABŞ dolları) olub".
F.Qaraşov qeyd edib ki, Azərbaycanda ümumi nar istehsalında da əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Onun sözlərinə görə, 2018-ci ildə 155 min ton nar istehsal olunduğu halda, 2019-cu ildə bu rəqəm 175 min ton olub.
Assosiasiya sədri əlavə edib ki, bu artıma ölkəmizdə sahibkarlar üçün yaradılmış münbit şərait, kənd təsərrüfatına göstərilən diqqət və qayğı sayəsində nail olunub: "Ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün böyük işlər görülür. Azərbaycan məhsullarının ixrac coğrafiyası da genişləndirilir, xarici ölkələrdə ticarət evləri açılır ki, bu da sahibkarlığın davamlı inkişafı üçün möhkəm əsas yaradır".
Assosiasiyanın gələcək fəaliyyəti haqqında danışan F.Qaraşov bildirib ki, 2020-ci ildə qurumun əsas hədəfi Fransa və Polşaya nar ixracını daha da artırmaq və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə digər Avropa və dünya ölkələrinin bazarlarına çıxış tapmaqdır.
Qeyd edək ki, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 2016-cı ilin noyabrından fəaliyyətə başlayıb və ilk günlərdən ölkəmizdə narçılıqla məşğul olan fiziki və hüquqi şəxsləri öz ətrafına toplayıb. 2019-cu ildə assosiasiyanın fəaliyyəti məhsuldar keçib. Belə ki, üzvlərinin sayı 2018-ci ilə (34 üzv) nisbətdə 10 dəfədən çox artaraq 345-ə çatıb. Assosiasiya, həmçinin beynəlxalq təşkilatlarla narçılığın inkişafı istiqamətində sıx əməkdaşlıq edir.
Maraqlıdır, nar və nardan alınan məhsulların ixracında müşahidə edilən artımı daha da genişləndirmək üçün hansı addımlar atıla bilər?
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli bildirir ki, dünyada nardan əldə edilmiş məhsullara böyük tələbat var: "Təəssüf ki, bu istiqamətdə emalımız birtərəflidir. Yəni narın şirəsi və özü daha çox ixrac edilir. Amma narın dənəsindən əldə edilən yağ, toz dünyada çox qiymətli məhsul kimi qəbul edilir, lakin ölkəmizdə bu istiqamətdə ixrac yoxdur. Hazırda mövcud vəziyyət belədir ki, ölkəmizdə nar bağı 56 min hektardır. Bunu da qeyd edim ki, bizdə şirə tutumu yüksək olan nar sortlarımız azdır. Son vaxtlar xarici ölkələrdən gətirilən texnika və texnologiyadan istifadə edirik, yeni nar bağları salınır. Nar susuzluğa davamlı, ağır torpaqlarda da əkilir. Bu meyvənin bazarı var, həmişə də olacaq. Bir hektardan ortalama olaraq dünyada 10 ton, bizdə isə 7 ton nar əldə edilir. Yəni bizdə məhsuldarlıq aşağıdır. Qarşımızda dayanan ilk problem məhsuldarlığı artırmaqdır. Bunun üçün isə seleksiya olunmuş nar bağları salınmalı, bitki mühafizə tədbirləri həyata keçirilməli, yeni, müasir standartlara cavab verən aqrotexniki vasitələrdən istifadə edilməlidir ki, narın məhsuldarlıq potensialı artsın. Nar elə məhsuldur ki, əkildikdən 5-6 il sonra məhsul verir. Hətta elə sortlar var ki, 7-8 il sonra bar gətirir. Bu da o deməkdir ki, sahə böyük investisiya tutumlu sahədir. Yəni nar bağına pul qoyan şəxs ən azı 5-6 il oturub gözləyir. Düşünürəm ki, bu sahədə çalışan fermerlərə ucuz və uzun müddətli kreditlər verilsə, inkişafa nail olmaq mümkündür. Bu sahənin qarşısında duran əngəllərdən biri də regionlarda kənd təsərrüfatı məhsullarının saxlanması üçün anbar komplekslərinin çox da inkişaf etməməyidir. Nar elə bir meyvədir ki, özünün xüsusi soyuducu anbarı olmalıdır. Düzdür, bu anbarlar güzəştli kreditlərlə verilir, lakin burada sahibkarlıq təşəbbüsləri aşağı səviyyədədir. Hər kəsdə məhsul eyni dövrdə yetişdiyi üçün dəyər dəyməzinə satır. Narı bir müddət saxlamaq lazımdır ki, digər mövsümlərdə də satmaq, ixrac etmək mümkün olsun. Bu zaman əldə edilən gəlir də artar”.

Aqrar məsələlər üzrə ekspert Qadir Bayramlı sözlərinə görə,
tək narın yox, quru subtropik meyvələrin yetişdirilməsinin və ixracatının böyük potensialı var: "Sadəcə, biz bu potensialdan hələ lazımınca istifadə edə bilmirik. Bunu edəriksə, kənd təsərrüfatına böyük gəlir qazandırar. Nar əsas etibarilə quru subtropik iqlimi olan ərazilərdə bitir. Ölkəmizdə isə Kür-Araz ovalığında və Abşeron yarımadasını əhatə edən ərazilərdə becərilir. Sovet dönəmindən narın böyük bir hissəsi ixrac edilirdi. Düşünürəm ki, ixracatı bir neçə dəfə artırmaq mümkündür. Bunun üçün bəzi tədbirlər görülməlidir. İlk olaraq fermerlərin xarici bazarlara çıxış imkanını genişləndirmək və subyektiv maneələri aradan qaldırmaq lazımdır. Bundan başqa, ixrac üçün lazım olan sənədlərdə, gömrük proseslərində sadələşdirmə işi aparılmalıdır. Digər tərəfdən, fermerlərimizə bazar araşdırmasında kömək edilməlidir”.

Ekspert vurğulayır ki, nar elə bir meyvədir ki, xam şəkildə ixracından başqa, ondan alınmış məhsulların da bazarı genişdir və ciddi gəlir gətirmə qabiliyyətinə malikdir: "Bunun üçün biz yerli emal sənayesini inkişaf etdirməliyik. Dünya bazarında təkcə narın özünə yox, onun çəyirdəyindən və qabığından alınan dərmana da böyük tələbat var. Biz bu aspektdən də yanaşaraq narın müxtəlif cür ixracı təmin edə bilərik. Bunun üçün isə narın daha çox sahələrdə əkilməsi üçün fermerlərə olan dövlət dəstəyi artırılmalıdır. Güzəştli kreditlərin, ziyanvericilərə qarşı dərmanların və digər aqrotexniki vasitələrin verilməsi sahibkarları bu istiqamətdə işləməyə sövq edə bilər. Yəni məhsul istehsalı nə qədər çox olarsa, ixrac bir o qədər yüksək səviyyədə həyata keçirilər”.

Günel Azadə
banner

Oxşar Xəbərlər