İctimai
bir sorğu keçirilsə, respondentlərin 90%-i "Çirkin ördək balası”nın folklor
nümunəsi olduğunu deyər. Çünki hekayə o qədər yayılıb, klassikləşib və yüzlərlə
versiyada danışılıb ki, onu hansısa bir müəllifin yazdığı da unudulub.
Nağıllarda baş verənlər, baş qəhrəmanlar, divlər, cadugərlər o qədər
fantastikdir ki, hansısa müəllifin bunu yaşanmış hekayələrdən ilhamlanaraq
yazacağına inanmaq olmur. Elə izahlı lüğətlərdə də nağıllar "tamamilə təxəyyül
məhsulu” hekayələr kimi təqdim edilir. Həmişə xoşbəxt sonluqla bitən,
yaxşıların qalib olduğu, pislərin cəzalandırıldığı, çoxumuzun uşaqlıq
xəyallarının qəhrəmanı olan personajların canlandırıldığı bu hekayələr heç də
tamamilə təxəyyül məhsulu deyil. Bir pis xəbər isə bu qəhrəmanların, əslində,
çox kədərli tale yolu keçmiş olmasıdır. 100 illərdir danışılan nağıllardan
bəzilərinin bilinməyən həqiqətlərini sizin üçün seçdik.
Uşaq
nağıllarının əvəzolunmaz müəlliflərindən Hans Kristian Andersonun "Çirkin ördək
balası” nağılında yaratdığı baş qəhrəman, yəni çirkin ördək elə müəllifin
özüdür. Bizim üçün çətinliklərlə mübarizənin sonunda rifaha qovuşmağın
etalonuna çevrilmiş çirkin ördək balası Anderson üçün avtobioqrafik hekayədir.
Kasıb bir ailədə doğulmuş Hans olduqca iri, yöndəmsiz burnu, böyük ayaqları ilə
hər zaman yaşıdlarının istehzalı baxışları, rişğəndli gülüşləri ilə mənəvi
mübarizə aparmalı olub. Bu görüntü ilə o, çox sevdiyi teatr-musiqi dünyasına da
yol tapa bilməyib. Saysız hiylə-oyunla istedadını nümayiş etdirdikdən sonra
Hans layiq olduğu diqqəti görür. Yalnız bu dönüş nöqtəsindən sonra Hans yaxşı
təhsil alır, şöhrətə, nüfuza sahib olur, sanki bundan sonra insanlar onun
nəhəng ayaqlarını, iri burnunu da görmürlər. "Çirkin ördək balası”nda öz
həyatından yola çıxan müəllif insanlara çətinliklərə qarşı mübarizə aparmaqla
xoşbəxtliyə qovuşmanın mümkünlüyü fikrini aşılayır, zənginlik və yoxsulluq
anlayışlarını əks etdirir. "Harri Potter”
"Harry
Potter” dünya ədəbiyyatında cığır açmış hekayədir. Bəlkə, bundan 300-500 il
sonra bu roman da bir nağıl kimi danışılacaq. Hər nə qədər roman fantastikanın
zirvəsi hesab olunsa da, romanın hər bir hissəsində Roulinqin öz həyatını,
təcrübələrini əks etdirən nüanslar var. Məsələn, Roulinqin anasını çox tez
itirməsinin travması, işsiz və evsiz qaldığı illərdəki psixoloji vəziyyəti
göstərən edən insanlar romanda tez-tez ön plana çıxır. "Hansel və Qretel”
Qrim
qardaşlarının qələmə aldığı "Hansel və Qretel” nağılının real hekayəsi isə
sözün əsl mənasında ürküdücüdür. 1600-cü illərin əvvəllərində Almaniyada şəkər
çörəkləri, peçenyeləri ilə məşhurlaşmış Katerina Şkareder adlı aşpaz olub.
Qadının əlindən çıxan yeməklərin, şirniyyatların dadına hamı məftun imiş. Lakin
Şkareder öz kəşfi olan təamların hazırlanma üsullarını heç kimlə bölüşmürmüş.
Şkarederi özünə rəqib görən, eyni küçədə çörək bişirib satan Hans Metzler isə
onun sirlərini öyrənmək üçün qadına saysız-hesabsız vədlər verib, hətta evlilik
təklif edib. Lakin Şkareder birmənalı şəkildə onun bütün vədlərinə imtina ilə
qarşılıq verib. Daima rədd cavabı alan Hans Metzler qəsəbədə Katerinanın
cadugər olduğunu, bişintilərə naməlum qarışıqlar əlavə etdiyini yayır. Tezliklə
məsələ böyüyür və iş məhkəməyə çıxır. Katerina ittihamları rədd etsə də, həbs
olunur. Həbsdə də həqiqəti etiraf etməsi üçün işgəncə görən qadın nəhayət, bir
müddət sonra günahsız olduğuna həbsxana və məhkəmə rəsmilərini inandıra bilir.
Azadlığa çıxdıqdan sonra Katerinanın işlərinə nəinki qəsəbədə, hətta şəhər
mərkəzindən müştərilər çıxır. Hans bu qadını məhv etməyi qarşısına məqsəd qoyur
və bacısı Qretedən kömək istəyir. Katerinanı uzun müddət izləyən bacı-qardaş
mənfur niyyətlərini reallaşdıraraq, qadını Spessart meşəsində – evinə gedən
yolda öldürüb, cansız bədənini Hansın çörək təndirində yandırırlar. Hadisə Almaniyada
böyük səs-küyə səbəb olur, Hans və Qrete hakim qarşısına çıxsa da, sonradan
sərbəst buraxılırlar.
Bu
tragediyadan illər sonra Qrimm qardaşlarının "Hansel və Qretel” şah əsəri
yazılır. Nağılda Hansel və Qretel günahsız uşaq, Katerina isə amansız cadugərdir.
Əslində, Katerina özü amansız bir paxıllıq duyğusunun qurbanıdır.
Piter Pen
Piter
Pen isə yəqin ki, otuzdan çox cizgi film rejissorunun müraciət etdiyi dünyanın
ən sevimli uşaq nağılı qəhrəmanıdır. Piter Penin əsl hekayəsi ilə daha yaxından
tanış olmaq istəyənlər müəllif CM Barrienin həyatı haqqında aparılan
araşdırmalara müraciət edə bilər.
Nağılın
müəllifi Ceyms Metyu 6 yaşında ikən 13 yaşlı qardaşı Devid oyun zamanı
keçirdiyi bədbəxt hadisə nəticəsində ölür. Devidin ölümündən sonra anaları mənəvi
sarsıntıların ağuşundan xilas ola bilmir. Kiçik oğlu ilə Devid kimi davranan,
onu Devid kimi çağıran anasını xoşbəxt etmək üçün balaca Ceyms də özünü qardaşı
kimi aparır. Bu qeyri-sağlam mühit Ceymsin həyatında izsiz ötüşmür və o, psixogenetik balacalıq
sindromunun təsirinə məruz qalır. Bütün ömrü boyu 13 yaşında qalır – boyu 140
sm, üz cizgiləri və orqanları da bir yeniyetməninki ilə eyni forma və ölçülərdə
olur. Əvvəllər Ceyms rolunu yaxşı ifa etsə də, əsla qardaşı Devid kimi şən,
gülərüz uşaq olmur. Devid Neverlənddəki Piter Pen kimi qalır, Ceyms isə Vendi və
fani qardaşları kimi böyüyür. 1929-cu ildə öz xəstəliyi ilə barışan Ceyms Metyu
"Piter Pen”in bütün müəllif hüquqlarını "Great Ormond Street Hospital for Sick
Children” uşaq xəstəxanasına verir. Bu əsərin çapı, tərcüməsi, tirajlanması,
səhnələşdirilməsi, ekranlaşdırılması zamanı təyin edilən "müəllif hüququ”
məbləği 2008-ci ilə qədər həmin xəstəxananın hesabına köçürülüb. Bu gəlirlə
xəstəxana yüzlərlə uşağın müalicə xərcini qarşılayıb. Alis möcüzələr diyarında
Levis
Karolun şahəsəri "Alis möcüzələr diyarında” nağılı haqqında səslənən ağılasığmaz,
iddialar isə az-çox oxuculara məlumdur. İntim mesajlar, narkotik təbliğatı,
əmək istismarı kimi ən üzdəniraq iddiaların hamısı 150 ildir uşaqların rəngli
dünyasını bəzəyən bu hekayə haqqında səsləndirilib. Çin daxil dünyanın iyirmiyə
yaxın ölkəsində yayım qadağası görmüş kitab sehrli kekslər, gizli qapılar,
pişiklər, qurbağalarla 150 ildir ki, rəflərdən əskik olmur, teatr
səhnələrindən, komputer oyunlarından tutmuş rəsm dərslərinə qədər bir çox
mədəni tədbirdə proqram mövzusu seçilir. Hətta eyniadlı nevroloji sindrom belə
kəşf olunub.
Əslində,
bütün məsələ Kraliça Viktoriya dövründə iffət anlayışının zəifləməsi və sonrakı
dövrlərdə psixoanalizin ön plana çıxması ilə başlayıb. Göbələk yeyib yuxuya
dalan (Real qəhrəman Alisin fotolarının çəkilməsi və başqa məqsədlər üçün
narkotik ilə yatırdıldığı düşünülür. Uşağın bunda təhlükəli bir şey olmadığına
inanması üçün Karol tərəfindən ideyanın nağıl vasitəsilə təbliğ edildiyi
iddiası var – red.), böyümək arzusunda olan (uşağın vaxtından əvvəl fiziki
inkişafa meylləndirilməsi – red.), yeni yerdə öz bildiklərini tətbiq etməyə
çalışan bir qəhrəman (qadınlıq, kraliçalıq, eqoizm meylləri – red.)
psixoanalitiklərə heç də adi gəlmədi. Dostunun qızlarına bədahətən danışdığı
nağılları Karol Levis təxəllüsü ilə çap etdirmiş müəllifin bütün həyatı
araşdırıldı. Bu zaman həmyaşıdları ilə münasibətdə soyuq, azdanışan, qaraqabaq
kimi tanınan riyaziyyatçı Çarlz Doqsonun uşaqlarla həddindən artıq, onların
çılpaq və yarıçılpaq şəkillərini çəkə biləcək qədər mehriban münasibət
saxladığı aşkarlanıb. "mamamia” dərgisində Karolun dostlarından birinin qızına
yazdığı məktubun mətni isə sözün əsl mənasında müəllifin şəxsiyyətinə kölgə
salır: "Saçlarını yığmağıma icazə verdiyin üçün səni xüsusilə öpür və təşəkkür
edirəm. Hörüyünü mənim əvəzimə yenə öpərsən, onlar da sənin öpməyini
istəyir...”
Doqsonun
bütün dostlarının uşaqlarını qucağında oturdub çəkdirdiyi şəkillər də birmənalı
qarşılanmayıb. Xüsusilə də, Oksford xristian kilsəsində yüksəkrütbəli məmur
işləyən Henri Liddelin uzunömürlü bir nağılın baş qəhrəmanı olan qızı Alis
Liddelin yatarkən çəkilən fotoları psixoanalitiklərin müəllif haqqında olmazın
iddialar səsləndirməsi ilə nəticələnib. Alisi əyləndirmək məqsədilə dovşanlı,
siçanlı, pişikli nağıllar danışan riyaziyyatçı alimin arxivində Lorina Liddelin
tamamilə çılpaq fotolarının olması və günlüyündə qeyd etdikləri həqiqətən də
nağılda insana məntiqi gəlməyən səhnələrin altında başqa nüansların yatdığı
fikrini aşılayır: "Niyəsə mənə oğlan uşaqlarının çılpaq fotoları maraqlı
gəlmir. Nə vaxt oğlan uşaqlarını çılpaq çəksəm, şəklə baxanda onu geyindirmək
istəyirəm”. Bütün bu araşdırmalar uşaqların necə yatızdırıldığı məsələsini də
gündəmə gətirmişdi. Lakin nə Liddellər, nə də Karolla uşaqlarının fotoları olan
ailələr bu məsələlər haqqında danışıb. 1863-cü ildə isə Liddel ailəsi ilə
Karolla münasibəti qəfil və birdəfəlik bitib. Günlüklərində Alisdən uzun-uzadı
danışan müəllif bu münasibətin niyə bitməsi ilə bağlı heç bir qeyd aparmayıb.
Lakin söz-söhbətlərə görə Doqsonun 12 yaşlı Alislə evlənmək istəməsi Henri
Liddelin kəskin etirazına tuş gəlib və ailə qızlarını bu adamdan uzaqlaşdırıb.
Valideynləri
və minlərlə oxucunu qarışıq duyğulara məruz qoyan bütün bu iddiaların əksinə,
çağdaş tənqidçilər "Alis möcüzələr diyarında” nağılını yazarın şəxsi
keyfiyyətləri və həyat tərzindən tamamilə uzaq tutur və bunun dünya uşaq
ədəbiyyatının ən yaxşı nümunələrindən olduğu fikrini müdafiə edirlər. Lakin
tənqidçilərin fikirlərinə hörmətlə yanaşsaq da, azyaşlılara nə oxuyub, nə
izlətdirəcəyimiz haqqında iki dəfə düşünməkdə fayda var.