• cümə, 19 Aprel, 02:05
  • Baku Bakı 18°C

Müxalifət yenilənməlidir

20.02.20 20:16 1522
Müxalifət yenilənməlidir
Ekspertlərin fikrincə, ölkədə normal tənqidi baxışları olan, rasional alternativ çıxış yolu göstərmək qabiliyyətinə malik müxalifətə ehtiyac var

Azərbaycanda fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri arxada qalıb. Həm seçkidən əvvəlki mənzərə, həm də seçkinin nəticələri onu deməyə əsas verib ki, radikal müxalifətə Azərbaycan cəmiyyətində etimad, inam, etibar yoxdur. Belə ki, AXCP və Milli Şuranın timsalında radikal müxalifət bu reallığı görərək seçkidə iştirak etməkdən çəkinib, ənənəvi boykot taktikasına, qarayaxma kampaniyasına üstünlük verib. Müsavat və ReAl kimi müxalifət partiyaları isə seçkiyə qatılmaqla düzgün qərar etsələr də, məğlubiyyətlərinin səbəbini kənarda axtarmağa başlayıblar. Halbuki, özünü güclü müxalifət partiyası hesab edən həmin təşkilatlar 125 seçki dairəsinin yarısını əhatə edəcək namizəd tapa bilməyiblər. Hətta müsavatçı adı altında cəmiyyətə sırıyıb namizəd kimi qeydiyyatdan keçirdikləri şəxslərin sonradan partiya üzvü olmadığı, cinayətkar keçmişi olduğu, cəmiyyətdə mənfi imic qazandığı bəlli olub. ReAl-çılar da yalnız Bakı və Sumqayıt şəhərlərindəki bir neçə dairədən namizəd irəli sürə biliblər. Bütün bunlar radikalların zəifliyini, gücsüzlüyünü ortaya qoymaqla bərabər, Azərbaycanda yeni müxalifətə ehtiyac duyulduğunu növbəti dəfə gündəmə gətirib.

Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə açıqlayan siyasi şərhçi Aydın Quliyev bildirib ki, 9 fevral növbədənkənar parlament seçkisinin təhlili radikal müxalifətin fəaliyyəti kontekstində ortaya maraqlı nəticələr qoyur. Onun sözlərinə görə, ilkin qənaət bu seçkidə radikal boykotçu müxalifətin parçalanması faktıdır: "AXCP və Milli Şuranın timsalında radikal müxalifətin bir qismi ənənəvi olaraq seçkini boykot etdi, prosesdən kənarda dayandı. Müsavat və ReAl partiyaları nümunəsində radikalların bəzisi seçkidə iştirak etdi. Əvvəlki seçkilərdə boykot taktikasına üstünlük verib kənarda dayanan partiyaların, təşkilatların siyasi proseslərin növbəti mərhələsinə keçmək üçün müəyyən şanslarının olduğu görünürdü. Lakin indi tam əminliklə demək olar ki, 9 fevral növbədənkənar parlament seçkisindən kənarda qalan boykotçu radikal müxalifət Azərbaycanın siyasi səhnəsində öz yerini tamamilə itirmək üzrədir. Bu təşkilatların cəmiyyətdə xarizmasının, sosial bazasının olmadığı qəti şəkildə təsdiqləndi. Digər tərəfdən, bu dəfə seçkiyə qatılan bəzi boykotçu radikal müxalifətin göstərdiyi nəticələr onlar barədə əsl gerçəkliyi bir daha ortaya qoymuş oldu. Onların seçkidə namizəd olaraq irəli sürdüyü şəxslərin azlığı diqqət çəkdi. Bu radikal müxalifət partiyaları 125 seçki dairəsinin hər biri üzrə namizəd irəli sürə bilmədi. Onların namizədlərinin sayı 125 seçki dairəsinin heç yarısını da əhatə etmədi, bir neçə dairə ilə kifayətləndilər”.


Siyasi şərhçi deyib ki, seçkidə namizəd olaraq iştirak edən radikal müxalifət təmsilçilərinin vəkillərlə, müşahidəçilərlə tam təminatı da mümkün olmayıb: "Əgər 125 dairəni normal şəkildə namizədlərlə, müşahidəçi və vəkillərlə təmin edə bilmirlərsə, deməli, həmin qüvvələrin ölkədə seçki elektoratı, sosial bazası və tərəfdarları ümumiyyətlə yoxdur. Bu səbəbdən, seçkiyə qatılmış radikal müxalifət də əslində Azərbaycanın siyasi səhnəsindən tam silinib getmək üzrə olduğunu nümayiş etdirdi. Cəmiyyət gördü ki, seçkiyə qatılmayan radikallar siyasi-ideoloji prinsiplərinə, platformalarına bağlılıqdan deyil, sosial bazanın olmamasının ifşa ediləcəyindən ehtiyat edib seçkiyə qatılmadılar. Beləliklə də proseslərdən çıxarılan nəticə budur ki, Azərbaycanın yeni müxalifətə ehtiyacı var. Müxalifət deyəndə mən Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirində qeyd etdiyi fikri əsas götürürəm ki, Azərbaycanın güclü, hakimiyyətin ehtiyac hiss etdiyi, normal tənqidi baxışları olan, rasional alternativ çıxış yolu göstərmək qabiliyyətinə malik müxalifətə ehtiyacı var. Bu o deməkdir ki, radikal müxalifət özünü cəmiyyətdən tamamilə kənarda qoyaraq silinib getmək üzrədir. Az-çox konstruktivlik nümayiş etdirən müxalifət partiyalarının isə gücü, nüfuzu və təsir imkanları yoxdur. Azərbaycanın reallığı bundan ibarətdir ki, bütünlüklə ölkədə yeni müxalifətə ehtiyac var. Hesab edirəm ki, Milli Məclisdə təmsil olunan, konstruktiv sayılan müxalifət də güclü müxalifətçilik parametrlərini özündə kəsb edə bilmir”.

Yurddaş Partiyasının sədri Mais Səfərli bizimlə söhbətində qeyd edib ki, yeni müxalifətə duyulan ehtiyacın başlıca səbəbini radikal liderlərin indiyə qədər olan fəaliyyətində axtarmaq gərəkdir. Onun fikrincə, 30 ilə yaxın müddətdə müxalifətdə təmsil olunan, radikallaşan müxalifət təşkilatlarında bu günə kimi hər hansı islahat aparılmayıb: "Həmin təşkilatlar 90-cı illərin əvvəlində Kommunist Partiyası tipində necə yaranmışdılarsa elə indi də o səviyyədə idarə olunmaqdadırlar. Ötən vaxt ərzində normal siyasi fəaliyyət ortaya qoya bilməyiblər. Onlar siyasi partiyadan daha çox ayrı-ayrı şəxslərin ətrafına toplanmış qrup olaraq yalnız iqtidarı qaralamaqla, hakimiyyəti hədəfə almaqla, ağa qara deməklə məşğul olublar. 25 ildən artıq müddətdə müxalifətdə təmsil olunan radikal liderlər indiyə qədər keçirilən bütün seçkiləri uduzduqları halda, məğlubiyyətlərinin səbəbini saf-çürük etməyi, islahatlar aparmağı, hətta partiya sədrliyindən getməyi, yeni simaları partiya rəhbərliyinə gətirməyi ağıllarına gətirməyiblər. Onlar öz fəaliyyətləri ilə bağlı təhlillər aparmayıb, özlərinə tənqidi yanaşmayıblar. Məğlubiyyətlərinin səbəbini yalnız başqalarında axtarıblar. İndiyə qədər ortaya alternativ siyasət, fərqli fikir, platforma, normal təşəbbüs qoymağı bacarmayıblar. Halbuki, siyasi təşkilat canlı orqanizmdir. Burada zamanla mütləq yenilənmə, özünütənqid olmalı, proseslərə vaxtaşırı qiymət verilməli, nəticələr çıxarılmalıdır”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər