Müttəfiqlərin növbəti məsləhətləşməsi - TƏHLİL
Türkiyə və
Azərbaycan prezidentlərinin görüşündə ikitərəfli
münasibətlərin inkişaf etdirilməsi imkanları ayrıca müzakirə predmeti olub. Zəngəzur
dəhlizinin açılmasının əhəmiyyəti vurğulanıb, Azərbaycan-Ermənistan münasibətləri
ətrafında da müzakirələr aparılıb.
Martın
10-da Türkiyəyə işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev həmkarı
Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin
hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və
dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi
vurğulanıb. Postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında əlaqələrin
normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin
Zəngəzur dəhlizinin açılmasının, onun region üçün yaratdığı perspektivin, bu
xüsusda Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti qeyd olunub.Söhbət
zamanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş
bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyi qeyd edilib, Türkiyə
və Ermənistan nümayəndə heyətlərinin təmasları mövzusunda müzakirə aparılıb.Görüşdə Azərbaycan
ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığa toxunulub, bu xüsusda Cənub
Qaz Dəhlizinin uğurla fəaliyyət göstərdiyi qeyd edilib. Bu dəhliz vasitəsilə
qardaş ölkəyə və Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının
artırılması imkanları müzakirə edilib, həmçinin İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi
və bununla bağlı Azərbaycanın dövlət büdcəsində investisiyanın nəzərdə
tutulduğu vurğulanıb. Söhbət əsnasında iqtisadi-ticarət əlaqələrinin daha da
genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Hərbi, hərbi texniki, o
cümlədən hərbi təlim və tədris sahələrində əməkdaşlığın uğurla davam
etdirildiyi bildirilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə
olunub.
Çox mühüm
məsələlər ətrafında müzakirələr
Mövzu ilə
bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər
doktoru Elşad Mirbəşiroğlu bildirdi ki, Antalya Diplomatiya Forumu dünya səviyyəsində
cərəyan edən proseslərin müzakirəsi, təmasların qurulması və təşəbbüslərin irəli
sürülməsi üçün son illərin ən effektiv platformalarından biridir: "Artıq Türkiyə
prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 3-cü ildir ki, Antalya şəhərində
belə forum təşkil olunur və dünya miqyasında bu foruma diqqət olduqca böyükdür.
Forumun iştirakçılarının sayı, təxminən 2500-ə bərabərdir. Hesab edirəm ki, bu,
aktiv iştirakçı auditoriyasıdır. Nəzərə almaq lazımdır ki, forumda tanınmış
ictimai-siyasi xadimlər, xarici işlər nazirləri, dövlət başçıları iştirak edirlər.
Bu da təbii ki, həm dövlətlərarası münasibətlərin daha da inkişaf etdirilməsi
üçün imkanlar yaradır, həm də gərgin münasibətlərin tənzimlənməsi üçün əlavə fürsət
təqdim etmiş olur”.
"Zəngəzur
dəhlizinin açılmasının əhəmiyyəti vurğulanıb”
Deputat
vurğuladı ki, prezidentlərin müzakirə etdikləri məsələlər sırasında Şuşa Bəyannaməsini
xüsusi qeyd etmək lazımdır: "Prezident İlham Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin
yüksək inkişaf səviyyəsinə toxunmaqla yanaşı, Şuşa Bəyannaməsinin imzalanması
ilə bu müttəfiqlik münasibətlərinin artıq rəsmi xarakter aldığını da
vurğulayıb. Cənab prezident bir sıra məsələlərlə bağlı mövqeyini bildirib. Azərbaycan-Türkiyə
münasibətlərinin inkişaf etdirilməsi imkanları ayrıca müzakirə istiqaməti olub.
Bu istiqamətdə Zəngəzur dəhlizinin açılmasının əhəmiyyəti vurğulanıb. Ümumiyyətlə,
Azərbaycan-Ermənistan münasibətləri ətrafında da müzakirələr aparılıb və iki
ölkə prezidenti bir daha Azərbaycanın regionda sülhün, təhlükəsizliyin təmin
olunması, əməkdaşlığın qurulması, möhkəmləndirilməsi istiqamətində iradə
nümayiş etdirdiyini, aydın mövqeyə malik olduğunu ifadə edib. Təbii ki, Ermənistanın
da müəyyənləşmiş şərtlərə əməl etməsi vacibdir. Bu, bütövlükdə regionun sonrakı
vəziyyətinə təsir göstərəcək. Onu da qeyd edim ki, Türkiyə-Ermənistan münasibətləri,
hər iki ölkənin nümayəndələri arasında təmasların səviyyəsi haqqında da müzakirələr
aparılıb”.
"Təsir
imkanları mövcuddur”
E.Mirbəşir
hesab edir ki, Antalya Diplomatiya Forumunda Azərbaycan prezidentinin iştirakı
və indiki reallıqlar şəraitində ölkəmizin təsir imkanları dünya ictimaiyyətinin
diqqət mərkəzindədir: "Bildiyimiz kimi, bu forumu diqqət mərkəzinə gətirən
başlıca amillərdən biri Rusiya ilə Ukrayna arasındakı gərginlikdir. Bu
platformada bir çox məqamlara aydınlıq gətiriləcəyi gözlənilirdi. Düzdür, gözləntilər
tam doğrulmadı və əslində də belə proqnozlaşdırılırdı. Çünki bundan öncə də
Rusiya-Ukrayna danışıqları hər hansı bir nəticə vermədi. Təbii ki, indiki şərtlər
daxilində nəticənin olacağı real görünmür. Bu məsələlər forumda geniş müzakirə
olunurdu. Müvafiq olaraq Azərbaycan və Türkiyə prezidentləri arasında da
Rusiya-Ukrayna gərginliyi müzakirə edildi. Hər iki ölkənin bu gərginliyin
aradan qaldırılması istiqamətində real imkanlarının mövcudluğu vurğulandı.
İndiki halda həm Azərbaycanın, həm də Türkiyənin Rusiya ilə səmimi dostluq
münasibətləri var. Ayrıca olaraq Ukrayna ilə də konstruktiv münasibətlər formalaşdırılıb.
Belə olan halda, təbii ki, Rusiya-Ukrayna münasibətlərinin normallaşmasında Azərbaycanın
və Türkiyənin təsir imkanları mövcuddur. Hətta ola bilsin ki, Azərbaycan və
Türkiyə ayrı-ayrılıqda yox, müttəfiq ölkələr kimi Rusiya-Ukrayna gərginliyinin
aradan qaldırılmasına birgə səy göstərəcəklər. Hesab edirəm ki, bunun da real nəticələri
ola bilər”.
Bəxtiyar Məmmədli