AZE | RUS | ENG |

Müstəqilliyin qarantı olan layihə

Müstəqilliyin qarantı olan layihə
“Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın etibarlı inkişafını təmin etmiş oldu

Sentyabrın 20-də Azərbaycanın müasir dövlət kimi formalaşmasında və inkişafında mühüm rola malik olan "Əsrin müqaviləsi”nin imzalanmasının 25 ili tamam olacaq. 25 il əvvəl ictimai-siyasi vəziyyətin çətin olduğu bir dönəmdə dünyaya səs salacaq müqavilənin imzalanması Azərbaycanın böyük gələcəyindən xəbər verirdi. Bəs görəsən bu müqavilənin imzalanması və həyata keçirilməsinin Azərbaycan üçün əhəmiyyəti nədən ibarət idi?  
 
Milli Məclisin deputatı Tahir Mirkişili bildirdi ki, "Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin başlanğıcı oldu: "Məhz bu müqavilə nəticəsində Azərbaycanın iqtisadi inkişaf istiqamətləri müəyyən olundu. Ölkəmizin iqtisadi inkişafı üçün potensial yarandı. Azərbaycanın müstəqilliyi 1991-ci ildən elan olunub, 15 iyun 1993-cü il dövlətçiliyin qurtuluş günüdürsə, 1994-cü ilin 20 sentyabrı da ölkə iqtisadiyyatının yenidən dirçəldilməsi və inkişafının əsası qoyulan əlamətdar gündür. Həmin dövrdə ölkədə kifayət qədər çətin vəziyyət yaranmışdı. Belə ki, 1991-ci ildən 1994-cü ilə qədər Azərbaycan iqtisadiyyatında hər il ümum daxili məhsul 17 faizə qədər azalmış, ölkədə 1700 faizə qədər hiper infilyasiya gerçəkləşmişdi. Ölkə vətəndaşlarının gəlirləri hər il təxminən 3 dəfə azalırdı və manatın məzənnəsi 245 dəfəyə yaxın ucuzlaşmışdı. Belə bir dövrdə iqtisadiyyatı bərpa etmək yeni bir mənbəyə, qüvvəyə ehtiyac var idi ki, bu da məhz "Əsrin müqaviləsi” oldu. Həmin vaxt müqavilənin imzalanması üçün dühaya ehtiyac var idi. Məhz ulu öndər Heydər Əliyevin dühası və onun Azərbaycana rəhbərlik etməyi həmin müqavilənin imzalanmasına və ölkəmizin gələcəyinin daha etibarlı formada təmin olunmasına imkan yaratdı”.
 
T.Mirkişili qeyd etdi ki, ötən 25 il ərzində Azərbaycan "Əsrin müqaviləsi” imzalananda qarşıya qoyulan hədəflərinin əksəriyyətinə nail oldu və yeni hədəflər də yarandı: "Belə ki, keçən dövr ərzində Azərbaycan Xəzərin ehtiyatlarını dünya bazarına çıxartmağı bacardı. Ölkəmizə 250 milyard dollardan çox investisiya cəlb olundu. Azərbaycan "Əsrin müqaviləsi”nin imzalanmasından keçən 25 il ərzində 125 milyard dollar gəlir əldə etdi, ölkəmizə texnologiya cəlb olundu, yeni infrastruktur yarandı. Belə ki, Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilməsi və sonradan Bakı-Tbilisi-Qars dəmiryolu regional iqtisadi blokadanı aradan qaldırdı və region bütövlükdə dünya bazarına açıldı. "Əsrin müqaviləsi”nin ən mühüm istiqamətlərindən biri də, əldə olunan gəlirlərin insanların sosial təminatının artırılmasına yönəldilməsi ilə vətəndaşların maddi rifah halını daha da yaxşılaşdırılması oldu. Rəqəmlərə baxsaq görərik ki, keçən dövr ərzində əhalinin real gəlirlərində, maaşlarında xeyli irəliləyiş əldə olunub. Bununla yanaşı, beş mindən çox tələbə xaricdə oxuyub və Azərbaycanda insan kapitalının inkişafı ilə bağlı çox ciddi işlər görülür. 3500-dən çox məktəb, xəstəxana və digər sosial infrastrukturlar təmir olunub və yenidən tikilib. Düşünürəm ki, "Əsrin müqaviləsi” bütövlükdə Azərbaycan iqtisadiyyatının yeni müasir dövrə qədəm qoyması üçün çox mühüm təməl oldu və eyni zamanda potensial yaratdı. Bu gün Azərbaycan müasir iqtisadiyyat qurur, iqtisadi islahatlar aparır. Əsas məqsəd dayanıqlı, qeyri-neft sektorunun aparıcı qüvvə olduğu iqtisadiyyat qurmaqdır. Nəzərə almaq lazımdır ki, bu gün qeyri-neft sektorunun inkişafı üçün aparılan iqtisadi islahatların da maliyyələşmə mənbəyi məhz "Əsrin müqaviləsi” nəticəsində əldə etdiyimiz gəlirlərdir. Ölkəmizin neft ehtiyatları kifayət qədərdir və Azərbaycan həm də qaz ehtiyatlarına malikdir. Cənub Qaz Dəhlizinin tam işə düşməsi ilə Azərbaycan qazını dünya bazarlarına çıxararaq yeni gəlirlər əldə edəcək. Əminik ki, yeni gəlirlər bütövlükdə Azərbaycan iqtisadiyyatının daha da müasirləşməsinə, insanların maddi rifah halının yaxşılaşmasına və dövlətimizin sosial siyasətinin güclənməsinə xidmət edəcəkdir”.
 
Millət vəkili Eldəniz Səlimov bildirdi ki, "Əsrin müqaviləsi” müstəqilliyimizin möhkəmlənməsinə, ölkəmizin inkişafına böyük töhfə verib: "Bu müqavilə imzalandıqdan sonra Azərbaycanın dünya ölkələri arasında mövqeyi qısa müddətdə xeyli yaxşılaşdı.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın "olum, ya ölüm” məsələsini həll etdi. Ölkəni bu vəziyyətdən qurtarmaq üçün müxtəlif yollar axtarıldı. İlk növbədə ölkənin dağılmasının qarşısını almaq, sonra inkişaf barədə fikirləşmək lazım idi. Uzun müddət müqavilə üzərində işlənildi. 1994-cü il sentyabrın 20-də Qərbin nəhəng neft şirkətləri ilə müqavilə imzalandı”.
 
E.Səlimov vurğuladı ki, "Əsrin müqaviləsi” imzalandıqdan sonra "Çıraq” yatağından hasil olunan neft Supsa limanından dünya bazarına ixrac edildi: "Həmin gündən ölkə iqtisadiyyatının inkişafında təməl yarandı. İqtisadiyyatın şaxələndirilməsi həyata keçirildi. Gələn gəlir hesabına əhalinin sosial vəziyyəti, güzəranı yaxşılaşdı, yeni iş yerləri açıldı, istehsal sahələri yaradılmağa başlanıldı.
Azərbaycanın bugünkü inkişafında "Əsrin müqaviləsi"nin mühüm rolu var. Neft kapitalını insan kapitalına çevrilməsi qarşıya qoyulan hədəflərdən biridir. Ölkənin inkişafı, sabitlik, stabillik xarici investorların cəlb olunmasına şərait yaratdı. Ölkəmizə o vaxtdan gələn investorlar bu gün də burda işləyirlər. Müqavilə bu gündə öz əhəmiyyətli rolunu oynayır. Prezident İlham Əliyevin təbirincə desək, neft gəlirləri məqsəd deyil, xalqımızın maddi rifahı halının davamlı olaraq yaxşılaşdırılması üçün bir vəsaitdir. Bunun nəticəsidir ki, dövlət başçısı əldə olunan uğurları və xalqımızın, dövlətimizin gələcəyini nəzərə alaraq "Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilə qədər uzadılması ilə əlaqədar yeni müqavilənin imzalanmasına nail oldu. Enerji təhlükəsizliyi ilə əlaqədar yeni beynəlxalq layihələr reallaşmağa başladı və Azərbaycan bu layihələrdə söz sahibinə çevrildi”.
 
BƏXTİYAR

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8751
GEL 1 1 Gürcüstan larisi 0.5731
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1685
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1732
CHF 1 1 İsveçrə frankı 1.704
KWD 1 1 Küveyt dinarı 5.5979
TRY 1 1 Türkiyə lirəsi 0.287