Ömür ağacının bar verən çiçəkləri
1107
21 oktyabr 2019 | 11:30
Birinci çiçək: Arpaçay vadisində boy atan
arzular...
Bir insanın ömür kitabını
vərəqləyirəm. Hər səhifəsinə, elinə-obasına məhəbbət hissləri hopub bu kitabın!
Arpaçayın gah dəli, gah həlim xasiyyəti, bulaqların "bir bala ceyranın gözündən
duru” suları həmdəmi olub bu ömrün. Bu ömrün müqəddəs qibləsi isə atası Əkbər
müəllimdən əxz etdiyi inadkarlıq, çalışqanlıq, halallıq, dostluq, sədaqət
olubdur. Tanrı heç bir gözəlliyini əsirgəmədiyi doğma Danzik kəndi onu şair
təbiətli böyüdüb, ədəbiyyata gətiribdir...
İsa
Həbibbəyli 1949-cu ilin noyabr ayının 16-da Naxçıvan diyarının inzibati-ərazi
bölgəsinə daxil olan, Arpaçay vadisində yerləşən Danzik kəndində Əkbər
Həbibbəylinin ailəsində dünyaya göz açmışdır. Arpaçayın iki yerə böldüyü Danzik
kəndi Şərur rayonunun Gümüşlü qəsəbəsi ilə Ermənistanın Arpa kəndləri arasında
yerləşir. Danzik kəndi özünün coğrafi mövqeyinə görə Şərur mahalının son ucu,
Dərələyəz yaylasının qapısıdır. Bu kənd dağ ətəyində salındığından dan üzü
burada daha tez ağarır, günəş erkən çıxır...
Ana
laylasına Arpaçayının oxuduğu nəğmələr qarışdı. Ayaqları yer tutandan oylaqları
"Mehralı bağı”, "Əyyub ocağı”, ”Qızılqaya”, "Böyükqala”, "Qaraağaclıq” oldu.
Anası Qəndab xanımın qalın parçadan tikdiyi çantasını çiyninə salıb kənddəki
səkkizillik məktəbin birinci sinfinə gəldi. Kəndin sözlü-söhbətli müdrik
adamlarına, məktəbdəki müəllimlərinə, təbiətin ecazkarlığına saatlarla diqqət
kəsildi. Ən çox gəldiyi və sevdiyi yer kəndin palçıqdan suvanmış kitabxana
binası oldu. O, hələ məktəb illərindən Xalq şairi Səməd Vurğunun şeirlərini çox
sevirdi, onları əzbərdən söyləyərdi.
Günlərin birində Arpaçayın sahilində qəlbinin dərinliklərindən süzülüb
gələn hisslərini misralara düzdü, şeirə çevirdi. Bir müddət bu şeirləri üzə
çıxartmadı, şagird dostlarından və müəllim yoldaşlarından gizli saxladı. Və
axır ki, onun şeir yazması hamıya məlum oldu. "Azərbaycan pioneri” qəzetində
dərc olunan məqaləsi ilə imzası hamıya çatdırıldı. Azərbaycanın hər guşəsindən
təbrik məktubları aldı, çoxlu dostlar qazandı. Az bir müddətdə şeir və məəqalələri,
Arpaçay haqqında yazdığı əfsanələri yerli və respublika mətbuatında çap olundu.
Günlərin bir günündə Danzik kənd səkkizillik məktəbini bitirən İsa
Həbibbəyli orta təhsil almaq üçün Şərur rayonunun Oğlanqala kənd orta məktəbinə
gəldi.
İkinci çiçək: Kənd məktəbinin
yataqxanasından tələbə yataqxanasına...
İsa
Həbibbəylinin həyatında Şərur rayonunun Oğlanqala kənd orta məktəbində təhsil
aldığı illər daha yaradıcı, daha yaddaqalan illərdir. O illərdə Şərur rayonunun
dağ kəndlərində orta məktəb olmadığından rayonun Axura, Həmzəli, Havuş, Dizə, Şahbulaq,
Tənənəm, Yaycı, Danzik kimi kəndlərindən
bu məktəbdə orta təhsil almağa gələrdilər. İsa Həbibbəyli bu şagirdlərlə tanış
olar, yataqxana həyatını şən və maraqla keçirərdilər. Və bir də Abbas Hüseynov,
Yaqub Məmmədov, Firudin Xudiyev, Mənsur Seyidov kimi müəllimlərin ciddiliyi,
tələbkarlığı, məktəbdənkənar, sinifdənxaric tədbirlərin rəngarəngliyi İsa
Həbibbəylinin və şagird dostlarının biliklərə daha mükəmməl yiyələnmələrinə və
gələcək inkşaflarına təkan verərdi. Bu yaddaqalan illər sona yetdi, məktəb
həyatına "Əlvida!” deyən İsa Həbibbəyli tələbəlik illərinə qovuşdu, müəllim
olmaq istəyi həqiqətə çevrildi...
1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna sənədlərini təqdim
etdi. İmtahanlardan əla qiymətlər alaraq həmin ildən fəaliyyətə başlayan
Naxçıvan filialının tələbəsi olur. Naxçıvan şəhərində fəaliyyətə başlayan ali
məktəb Naxçıvanın ədəbi mühitinə bir yenilik və canlanma gətirmişdi. Öz bilik
və bacarığı ilə diqqəti daha çox cəlb edən İsa Həbibbəyli Muxtar Respublika və
Respublika mətbuatında öz şeirləri və tədqiqat xarakterli yazıları ilə çıxış
edir. Poeziya məclislərində, şair və yazıçıların yaradıcılıq gecələrində öz
istedadı ilə fərqlənir. Hələ tələbəlik illərindən hamı İsa Həbibbəylinin
gələcəkdə əsl ədəbiyyat tədqiqatçısı olacağına inanırdı. Bəlkə özündə də
yaranan bu inam onun şeirlər yazmağına
son qoydu və o, hər kəsin rəğbətini qazanan tədqiqat əsərlərinin müəllifinə
çevrildi.
Üçüncü çiçək: Kənd müəllimliyindən ali
məktəb prorektorluluğunadək...
Yada
düşəndə ürəyin tellərini sızladan tələbə həyatı Tələbə Elmi Cəmiyyətinin sədri
vəzifəsində işləyən İsa Həbibbəyli üçün çox yaddaqalan oldu. Müsahibələr,
mübahisələr, seminarlar, konfranslar, görüşlər, diskusiyalar, təqdimatlar,
kitab müzakirələri, ezamiyələr... Gəncliyin kükrəyib-daşan, sahilinə sığmayan
işlərinə başları elə qarışmışdı ki, dörd illik tələbə həyatının nə zaman gəlib
keçdiyindən xəbərləri belə olmadı.
1971-ci ildə Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun Naxçıvan filialını Azərbaycan dili və ədəbiyyatı ixtisası
üzrə fərqlənmə diplomu ilə bitirdi. Elə
həmin ildən köçürülməsinə fərman verilmiş Danzik kəndindəki səkkizillik
məktəbdə müəllimlik fəaliyyətinə başladı. 1975-ci ildə İsa müəllim doğma institutdan
çağırış aldı və Naxçıvan DPİ-də
müəllimlik fəaliyyətinə başladı. Müəllimliklə yanaşı qiyabi yolla
aspiranturada təhsilini davam etdirdi. 1980-ci ildə "Azərbaycan romantik
şeirinin sənətkarlıq xüsusiyyətləri” mövzusunda namizədlik işini müdafiə edərək,
elmlər namizədi, alimlik dərəcəsini aldı. Respublika mətbuatında dərc olunan
yazıları İsa Həbibbəylinin yaradıcılığına olan marağı daha da artırırdı.
1983-cü ildə Naxçıvan DPİ-nin dosenti, Naxçıvan Dövlət Universiteti təşkil
olunduqdan sonra isə - 1991-ci ildə elmi işlər üzrə prorektoru seçilmişdir.
Dördüncü çiçək: Doktorluq dissertasiyasına
böyük qiymət verilir...
İsa
Həbibbəyli üçün əziz günlər çoxdur. İlk şeirinin, ilk məqaləsinin, İlk
kitabının, ilk övladının dünyaya gəldiyi günlər... Bizə görə isə İsa müəllim
üçün daha əziz və yadda qalan gün 1996-cı ilin 15 mart günüdür. Bu gün
Azərbaycan EA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ixtisaslaşdırılmış
şurasında İsa müəllimin sevdiyi mövzu -
"Cəlil Məmmədquluzadə: mühit və müasirləri” mövzusunda doktorluq dissertasiyası
müdafiə etmişdir. Fəxr edilməlidir ki, dissertasiyaya Azərbaycan Yazıçılar
Birliyinin sədri Anar, İran İslam Respublikasından Cavad Heyət, Türkiyə
Respublikasından Yavuz Akpinar, filologiya elmləri doktoru, professor Yavuz
Axundov kimi alimlər yüksək rəy bildirmiş, onun gərgin tədqiqatçılıq əməyini
xüsusi qeyd etmişlər.
Rəsmi
opponentlər - Azərbaycan EA –nın müxbir üzvü, filologiya elmləri doktoru,
professor Əziz Mirəhmədov, Xeyrulla Məmmədov, Kamran Əliyev dissertasiyaya
yüksək qiymət vermişlər.
Görkəmli alimlərdən Kamal Talıbzadə, Nizami
Xudiyev, Vilayət Quliyev, Sabir Rüstəmxanlı, Qasım Hüseynov müdafiə işinin elmi
dəyərindən bəhs etmişlər. Beləliklə, ali məktəbi bitirdikdən sonra əsrin dörddə
biri qədər elmi axtarışlarının, xüsusən, Cəlil Məmmədquluzadə haqqında
tədqiqatlarının bəhrəsi olaraq Əkbər
oğlu Həbibbəyliyə filologiya elmləri doktoru adı verilmişdir. Bu ad İsa
müəllimin elmi və tədqiqatçılıq işinə verilən halal qiymət idi. Və bu uğurlu
dissertasiyadan sonra Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının tədqiqi
sahəsində İsa Həbibbəyli üçün yeni üfüqlər açıldı.
Beşinci çiçək: Naxçıvandan dünyaya açılan
pəncərələr...
Uzun
illər ərzində Naxçıvan mühitində yaşayan və yaradan İsa Həbibbəyli Bakı,
Moskva, Peterburq, Yasnaya Polyana, Odessa, Bağdad, Kərkük, Kərbala, Ufa,
Tehran, Nyu-York, Kazan, Ankara, Paris kimi şəhərlərdə keçirilən
simpoziumların, qurultayların, beynəlxalq müşavirələrin iştirakçısı olubdur.
Elmə həsr edilən bu xidmətlər elm fədaisinə Azərbaycan MEA-nın müxbir üzvü və
nəhayət, həqiqi üzvü kimi yüksək adlar bəxş etdi. Dünyanın ən tanınmış elm
ocaqları İsa Həbibbəyliyə fəxri doktor adı verməklə qürur duydular. Bu gün
neçə-neçə mötəbər qəzet və jurnalların redaksiya heyətlərinin üzvüdür.
Tələbə vaxtlarından elmə fanatik münasibət bəsləyən, bütün həyatını elmi
axtarışlara həsr edən İsa Həbibbəyli bu gün respublikamızdan kənarda məhsuldar
bir azərbaycanlı ədəbiyyatşünas alim kimi tanınır. Ölkəmizin Humanitar
həyatında elə bir ciddi hadisə olmamışdır ki, İsa müəllim ona münasibət
bildirməsin.
İsa
müəllim artıq insan kamilliyinin elə mərhələsinə çatmışdır ki, hər hansı bir
məsələ haqqında ciddi bir hazırlıq görmədən yüksək səviyyədə çıxış etməyi
bacarır. Onun həyatı və elmi fəaliyyətinin bəzi məqamları Naxçıvan Muxtar
Respublikası miqyasında ilk hadisə kimi diqqəti cəlb edir. "Yaddaşın işıqları”
kitabındakı məlumatdan aydın olur ki:
- İsa
müəllim Naxçıvan Dövlət Universitinin məzunları içərisində yetişən ilk elmlər
doktoru və professorudur.
-
Məzunlar içərisindən çıxmış ilk rektordur.
-
Naxçıvanda yaşayıb işləyərək, "Əməkdar elm xadimi” adına layiq görülmüş ilk
alimdir.
-
Naxçıvanda yaşayaraq Nyu-York Elmlər Akademiyasına həqiqi üzv seçilən ilk
tədqiqatçıdır.
-
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə ardıcıl olaraq iki dəfə (I və II
çağırış) deputat seçilən ilk rektordur.
-
Naxçıvan Dövlət Universitetinə rəhbərlik edənlər içərisində Azərbaycan Milli
Məclisinə deputat seçilən ilk rektordur.
-
Naxçıvan DU-nun rektorlarından iki ali dövlət mükafatlarına ("Şöhrət” və
"Şərəf” ordenləri) layiq görülən ilk rektordur.
-
Naxçıvanda yaşayıb işləyən alimlərdən Amerika Beynəlxalq Tədqiqatlar
İnstitutunun "İlin adamı - 2001”
tituluna layiq görülən ilk alimdir.
-
Müdrikliyi, yüksək elmi səviyyəsi və pedaqoji bacarığı, qeyri-adi təşkilatçılıq
qabiliyyəti, humanistliyi, tələbkarlığı, maarifpərvərliyi ilə seçilən İsa
Həbibbəylinin həyatı və fəaliyyətinin bütün sahələri qibtə olunması və
öyrənilməsi bir kitab, onun özü isə ayrıca bir universitetdir.
... İnsanlara sevgi, hörmət akademiki xalqa
sevdirmişdir. O, Şərur rayonundan 2005, 2010 və 2015-ci illərdə Azərbaycan
Respublikasının Milli Məclisinə deputat seçilmişdir. Bu illərdə öz seçicilərinin
arzu və təkliflərini layiqincə yerinə yetirən millət vəkili hamının rəğbətini
qazanmışdır. Şərurun sərhəd kəndi Havuşdan başlamış Araz sahilində yerləşən
Təzəkənddəki seçiciləri ilə görüşür, onların arzu və istəklərini yerinə
yetirir.
Altıncı çiçək: Yeni vəzifələr, uğurlu
nəticələr...
2013-cü ildə akademik İsa Həbibbəyli
Azərbaycan Milli Elmlər Akademiyasının ictimai və humanitar məsələləri üzrə
vitse prezidenti seçildi. Və elə həmin ildən ədəbiyyat elminin əsas
mərkəzlərindən olan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru
vəzifəsini icra etdi. Onsuz da əmək fəaliyyəti dövründə dinclik nə olduğunu
bilməyən İ.Həbibbəyli yeni vəzifəsində də həvəslə işə başladı. İsa müəllim
rəhbərlik etdiyi Ədəbiyyat İnstitutuna yeni nəfəs gətirdi. Zəruri struktur
islahatları aparıldı, yeni elmi-tədqiqat şöbələri, sektorlar, mərkəzlər
yaradıldı. Yeni nəşr olunan jurnallar zamanla səsləşən mövzularda oxuculara bu
gün də çatdırılmaqdadır.
Geniş
oxucu kütləsinə təqdim olunan Azərbaycan ədəbiyyat tarixi oncildliyinin birinci
cildi, iki cildli "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”, son illərin "Ədəbi
proses” elmi müşavirəsinin materiallarını özündə cəmləşdirən toplular, "Molla
Nəsrəddin” ensiklopediyası və s.qiymətli kitablar məhz akademik İsa
Həbibbəylinin rəhbərliyi altında ərsəyə gəlmiş və öz qiymətlərini almışlar.
Akademik
İsa Həbibbəyli hər şeydən əvvəl ölkənin məhsuldar alimlərindən biri kimi
tanınır. . Tarixilik, müəllimlik, ideallılıq və müasirlik akademik İsa
Həbibbəylinin əsas səviyyəsini müəyyən edir.
Bəzən
adama elə gəlir ki, İsa müəllimin sinəsində təkcə bir ürək deyil, bir neçə ürək
çarpır. Bir insan ürəyi, bir kişi ürəyi, bir vətəndaş ürəyi və bir alim ürəyi!
Ürək o qədər böyük olmalıdır ki, bütün bu missiyaları yerinə yetirə bilsin.
Alim dostlarından biri haqlı olaraq deyir ki: İsa Həbibbəyli gün rejimində özünə
vaxt ayırmayıbdır. Bu həqiqətən də belədir.
Bu
gün Azərbaycan ədəbiyyatı, onu bütün sahələri Xəzər dənizi qədər çağlamaqdadır. Bu da səbəbsiz deyildir. Axı,
onlara ömürlərini bu işdə şam edən elm adamları yol göstərir, bələdçilik
edirlər. Bu xeyirxahlıqlardan bəhrələnənlər öz səmimi yazılarında,
söhbətlərində bunu etiraf edirlər.
Yeddinci çiçək: Şərur güllərindən çələng
bağışlayırıq...
Hər
anı günə, hər günü ilə, hər ili əsrə bərabər tutan Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi, "Şöhrət” və "Şərəf” ordenlərinə
layiq görülmüş İsa Əkbər oğlu Həbibbəylinin 70 illik yubileyi münasibətilə
təbrik edir, Azərbaycanın ayrılmaz parçası Naxçıvan diyarının bənzərsiz
bölgəsi, qədim və həmişəcavan Dədə Qorqud yurdu, Şərurun Arpa çayından su
içmiş, boy atmış ətirli çiçəklərindən hörülmüş gül çələngini bağışlayırıq.
İbrahim Yusifoğlu