AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Münxen debatı Dağlıq Qarabağ probleminin həllinə ciddi impuls verəcək

Münxen debatı Dağlıq Qarabağ probleminin həllinə ciddi impuls verəcək

Siyasət
20 Fevral 2020, 19:25 928
Politoloqların fikrincə, bu debatda təsdiq olundu ki, Azərbaycanın mövqeyi tam aydın və qanunauyğundur
 
Münxen toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Paşinyan arasında keçirilən debat dünyanın diqqət mərkəzindən kənarda qalmadı. Belə ki, beynəlxalq media qurumları debatla bağlı müxtəlif şərhlərlə təqdim etdilər. Əlbəttə ki, dünya ictimaiyyəti bu debat vasitəsilə Azərbaycanın haqq səsini bir daha eşitdi. Bəs görəsən Münxendə baş tutan debatdan sonra dünya ictimaiyyətinin Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyində dəyişiklik gözləməyə dəyərmi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, beynəlxalq diplomatiya, o cümlədən Minsk qrupu həmsədrləri yaxşı anlayırlar ki, münaqişə ətrafında nələr baş verir və nəyə görə Ermənistan danışıqlar prosesinə əngəllər törədir: "Bəlli idi ki, bütün bəhanələr qondarma idi, ermənilər "xalqların öz müqəddəratını təyinetmə” prinsipini dillərinin əzbərinə çevirmişdi. Digər tərəfdən, onların Qarabağ torpağında tarixi köklərinin olması ilə bağlı iddiaları və sair uydurmalar idi. Beynəlxalq ictimaiyyət bunu görürdü və sadəcə, Ermənistana təzyiq artırmaq əvəzinə liberallıq edirdilər və erməni lobbisinin təsiri altına düşürdülər. Burada həm bir məkr, həm də məhz bu məkrdən irəli gələrək xeyir güdmə məsələsi də var idi. Ancaq Münxen konfransında məsələ çox güclü əks-səda doğurdu. Yəni, əyani bir dueldə həm Azərbaycanın, həm də Ermənistanın bütün arqumentlərinin nə dərəcədə həqiqətə, tarixi faktlara əsaslandığı bəlli oldu. Bu mənə bir növ məhkəmə işini xatırlatdı, İlham Əliyev ittihamedici tərəf kimi çıxış etdi və Paşinyan isə müttəhim tərəf idi. Debatda səsləndirilmiş bütün faktlar, arqumentlər açıq-aşkar göstərdi ki, həqiqət kimin tərəfindədir. Nəzərə alsaq ki, həqiqətən də Azərbaycanın mövqeyi tam şəkildə beynəlxalq tələblərin, qanunvericiliyin normaları səviyyəsində əsaslıdır. Əlbəttə ki, burada qələbə ilk növbədə Azərbaycana yazılır. Digər tərəfdən də Ermənistanın borcu və öhdəliyi artmış olur”.
T.Abbasov qeyd etdi ki, bu debatdan sonra guya Ermənistan və şəxsən Paşinyanın qondarma "Münxen prinsipləri” deyilən yanaşmaları üzə çıxıb: "Amma əslində onların tərkibində bu qondarma yanaşmada yeni bir şey yoxdur. Bunlar köhnə və əvvəlki məsələlərin təkrarıdır. Yəni, dünya gördü ki, Ermənistanın rəhbəri çaşqın və məğlub vəziyyətdən çıxmaqdan ötrü çalışırdı ki, özünə bəraət qazandırsın. Belə deyək ki, qeyri-adekvat mövqeyi bir növ Paşinyana platforma, baza yaratsın. Amma əslində onun dedikləri heç də yeni deyil. Azərbaycan bilmir ki, təhlükəsizlik vacib məsələdir və bunu Paşinyan deməlidir? İndiki halda təhlükəni yaradan kimdir? Əlbəttə ki, təhlükəni yaradan bölgədəki Ermənistan qoşunlarıdır. BMT-nin 4 qətnaməsi də bunu təsdiqləyir. Onlar qeyri-qanuni şəkildə Azərbaycan torpaqlarında mövqe tutublar və həmin təhlükəni gündəmdə saxlayırlar. Eyni zamanda, Azərbaycan tərəfi də qeyd edir ki, təhlükəsizlik vacibdir. Amma Ermənistan qoşunları işğal olunmuş ərazilərdən rədd olmalıdır, köçkünlər yerlərinə qayıtmalıdır, sonra təhlükəsizlik mexanizmi gücləndirilməlidir və sonda status məsələsinə aydınlıq gətirilməlidir. Elə başa düşürəm ki, beynəlxalq diplomatiya bu debatdan bir daha dərs aldı və İlham Əliyevin dediklərini nəzərə alaraq gördü ki, Azərbaycanın mövqeyi tam aydın və qanunauyğundur. Odur ki, Ermənistan gərək həm qoşunlarını Azərbaycan torpaqlarından çıxartsın və həm də mərhələli şəkildə nizamasalma prosesi təşəkkül tapsın”.
Politoloq Qabil Abbasoğlu bildirdi ki, Münxen görüşünə qədər də beynəlxalq ictimaiyyətdə Qarabağ problemi ilə bağlı ciddi dəyişikliklər yaranmışdı: "Məsələn, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, NATO-nun zirvə toplantılarında postsovet məkanındakı bütün münaqişələrlə bağlı dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll etmək məsələsi birmənalı qaydada qəbul edilib. Avropa İttifaqı təxminən bir ay əvvəl yenidən Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi barədə özünün növbəti bəyanatını yaydı. Bununla da belə bir təsəvvür yaranıb ki, artıq dünyada 1975-ci ildə Helsinkidə qəbul edilmiş "Helsinki yekun aktı”na uyğun olaraq etnik münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilsin. Ermənilərin hay-küylə dünyaya yaydıqları "öz müqəddəratını təyinetmə prinsipi”nə artıq etinasız yanaşırlar və bunu sosialist, kommunist dövrünün köhnə şüarlarından biri kimi qəbul edirlər. Eyni zamanda, Münxen görüşünün özündə də deyildi ki, öz müqəddəratını təyin etmiş xalqın ikinci dəfə bunu etməsinə ehtiyac yoxdur”.
Q.Abbasoğlu vurğuladı ki, Münxen görüşü çox məsələlərə aydınlıq gətirdi: "Nəzərə alsaq ki, dünyada təhlükəsizlik və sülh problemlərinə həsr edilmiş Münxen forumu dünyanın ən məşhur toplantılarından biridir. Burada səsləndirilən fikirlər, verilən qərarlar dünya ictimai rəyinə çox böyük təsir göstərir. Bu nöqteyi-nəzərdən Prezident İlham Əliyevin həmin görüşə qatılmasının özü çox müsbət hadisə idi. Üstəlik, o görüşdə dövlət başçısı çıxış edərkən Dağlıq Qarabağ problemi haqqında ətraflı, tarixi faktlara söykənən və BMT-nin 4 qətnaməsinə istinad edən şərhlər verdi. Forumun əsas hissəsini isə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Paşinyan arasında keçirilən debat təşkil etdi. Bu debatda İlham Əliyev intellektual cəhətdən səviyyəsinin yüksəkliyini, siyasi peşəkarlığını və Azərbaycanın haqlı mövqeyini çox uğurlu faktlarla səsləndirdi, həm də Paşinyanın uğursuz, böhtan xarakterli çıxışına düzəliş verərək onun tarixi savadsızlığını, dünyagörüşünün məhdudluğunu da açıq şəkildə sübuta yetirdi. Əlbəttə ki, bu debatda baş verənlər dünyanın pozitiv rəyinə təsir etdi. Çünki ermənilər indiyədək hay-küy salıb "qədim erməni xalqı”, "Arsax” və sair bu kimi müxtəlif əfsanələr söyləyirdilər. Azərbaycan prezidenti bu əfsanələrin hamısını alt-üst elədi. Ümumilikdə, Münxen görüşü Dağlıq Qarabağ probleminin həllinə çox ciddi impuls verəcək”.
 
BƏXTİYAR