çərşənbə, 01 Fevral, 23:27

Baku Bakı 6°C

"Münasibətlər yüksək səviyyəyə çatdırılacaq" - TƏHLİL

icon 552 icon 26 noyabr 2022 | 19:00 "Münasibətlər yüksək səviyyəyə çatdırılacaq" - TƏHLİL

"Azərbaycan əksər dövlətlərlə münasibətlərini strateji tərəfdaşlıq, dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq daha da genişləndirir. Prezident İlham Əliyevin Serbiyaya səfəri bu münasibətlərin inkişafı baxımdan əhəmiyyətlidir. Hər iki ölkə həm iqtisadi sahədə əməkdaşlıq edir, həm də beynəlxalq təşkilatların qarşısında ərazi bütövlüyünü, suverenliyini və sərhədlərin toxunulmazlığı prinsipini birgə müdafiə edərək bir-birinə dəstək verirlər. Hazırkı siyasi dialoqun yüksək səviyyədə olması hər iki ölkə liderlərinin siyasi iradəsi və uzaqgörənliyindən, əməkdaşlığa verdikləri böyük önəmdən irəli gəlir".

Kaspi.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

O qeyd edib ki, hələ 2008-ci ildə Kosovonun müstəqilliyi elan edilərkən bu müstəqilliyin tanımasına ilk etiraz edənlərdən biri də məhz Azərbaycan olub.

Deputatın fikrincə, dövlətimiz açıq şəkildə bildirib ki, Kosovonun müstəqilliyini elan etməsi beynəlxalq hüquq normalarına zidd və qanunsuzdur: "Hazırda Azərbaycan Balkan ölkələrində enerji sahəsində müəyyən layihələr həyata keçirir. Bu istiqamətdəki əməkdaşlığın vacib tərəfdaşlarından biri də Serbiya olacaq. Hesab edirəm ki, Azərbaycanla Serbiyanın həm enerji təhlükəsizliyi, həm də bir çox digər sahələrdə əlaqələri daha da güclənəcək. Həmçinin Serbiya və Azərbaycan prezidentləri arasında strateji tərəfdaşlıq və müttəfiqlik haqqında imzalanan yeni Memorandum iki ölkə arasındakı iqtisadi, ticari münasibətləri növbəti dəfə yüksək səviyyəyə çatdıracaq. Azərbaycan Prezidentinin Albaniyaya və Serbiyaya səfərləri ölkəmizin Şərqi və Mərkəzi Avropada mövqelərinin xeyli gücləndiyini göstərir. Son bir ilin siyasi təhlilini etsək dövlətimizin başçısının bir çox dövlətlərlə qarşılıqlı əlaqələrə əsaslanan sənədlərə imza atdığını görərik. Əminəm ki, düşünülmüş şəkildə atılan bu addımlar xarici siyasətə tezliklə öz töhfəsini verəcək. Regionun söz sahibi olan dövlətimiz Ali Baş Komandanın rəhbərliyi ilə gücünə güc qatmağa davam edir”.