• cümə, 26 Aprel, 22:33
  • Baku Bakı 22°C

Mükafat almaq istəmirəm

05.11.18 14:00 1433
Mükafat almaq istəmirəm
Ədəbiyyat insana insan olduğunu xatırladır. Bu sözləri hər gün öz-özümə təkrarlayıram. Gəlmiş-keçmiş əksər yazıçılar öz tənhalıq ərazisində insanın kim olduğunu araşdırıb.
Təbii ki, biz artıq klassik dövrdə yaşamırıq. Dünya postmodern bir haləyə bürünüb. İndi İnstaqram roman anlayışı var, yazıçı təsvirə yox, birbaşa şəklin özünə üstünlük verir. Çağdaş romançılıq yeni tendensiyalar üzərində qurulur: reallizmdən, hislərdən uzaq, rasionallığa yaxın.
Əlbəttə, bütün bunlar məni zaman-zaman düşüncələrə qərq edir. Bu xaotik, posmodernist dünyada hələ də realistcəsinə düşünən cəmiyyətdə nə yazmalısan, nədən söhbət açmalısan?
Dünya yazıçısı xitab etdiyi auditoriyanı tapır, onun problemini araşdırır və romanını yazır. Azərbaycan yazıçısı isə "birdən belə yazaram, mənə gülərlər” ağlıyla məsələyə yanaşır. Həqiqətən də qarışıq bir durumla qarşı-qarşıyayıq.
Hazırda silsilə absurd hekayələr yazıram və düşünürəm ki, biz artıq reallıqdan qopmalıyıq. Çünki Sovet dövründən bu yana, indinin özündə də bizim oxucu "bu həyatda baş verib” janrında kitab oxuyur.
Gəlin, bu yerdə yazımın daha intellektual qapısından içəri keçək.
Yazının intellektual tərəfi: Ədəbiyyat hər vaxt müzakirə və mübahisəyə açıqdır. Eyni zamanda təhlükəli bir silahdır. Onun öz silah növləri və atəş rakursları var.
Təxminən o növləri aşağıdakı kimi sıralaya bilərik:
– Əyləncə ədəbiyyatı
– İnformasiya ədəbiyyatı
– İntellektual ədəbiyyat.
Əyləncə və informasiya ədəbiyyatı yəqin ki, çoxlarına aydın oldu. Mən intellektual nəsrə bir nəzər salmaq istəyirəm.
Bu növ hazırlıqlı oxucular tələb edir. İntellektual mətn bütün oxucuları deyil, ağıllı oxucuları düşündürür.
Necə ki, əyləncəli ədəbiyyatda hərəkətlilik, süjetin dinamik olmağı üstünlük təşkil edir (bu hər kəsin ürəyinə yağ kimi yayılır), eləcə də intellektual nəsr özündən əvvəlki mətnlərin interpretasiyasını təşkil edir.
İntellektual nəsr elmlə, mədəniyyətin digər sahələri ilə körpü rolunu oynayır. Bu nəsr insanı anlamağa çalışır, insanı təsvir etmir. İntellektual əsərlər çoxxətli, çox planlı, sadə yox, mürəkkəb süjetli əsərlərdir.
Bu anlayış ilk dəfə modernist ədəbiyyatda ortaya çıxıb. Hesab olunur ki, ilk intellektual romanı Tomas Mann yazıb.
"İntellektual nəsr”də yazan yazıçılar: Herman Hesse, Tomas Mann, Franz Kafka, Ceyms Coys, Mixail Bulqakov, Oldes Haksli
Corc Oruel, Alber Kamyu, Jan Pol Sartr, Qabriel Qarsiya Markes, Vladimir Nabokov, Xulio Kortasar, Kurt Vonnequt, Struqaçi qardaşları, Umberto Eko, Milorad Paviç, Milan Kundera, Marsel Prust, Uliyam Folkner və s...
İntellektual nəsrin əsas xüsusiyyətləri bunlardır:
– Modernist və postmodernist ənənələrə söykənir – Bu xüsusiyyət bütün intellektual mətnlər üçün keçərlidir.
– Forma və ifadə tərzində ədəbi eksperimentlər aparmaq.
– İntertekstuallıq – Mətnlər arası əlaqə.
– Reallıqdan fərqli bir dünya yaratmaq – Mif yaradıcılığı.
– Ruhi, mədəni interpretasiya.
– Mətndə dialoq qurmaq. Oxucu həm müəlliflə, həm də qəhrəmanla danışdığını hiss etməlidir.
– Mədəni səviyyəsi yüksək olan oxuculara hesablanır.
– Hərdən süjet qeyri-xətti olmalıdır. Ancaq bu o qədər də vacib deyil.
– İntellektual nəsrə bu janrlar aiddir: magik realizm, fəlsəfi fantastika, antiutopiya.
– Stilistikanın çoxluğu.
Yazının intellektual tərəfini bir kənara qoyub, birbaşa mətləbə keçirəm: bügünün yazıçısından yüksək intellekt, erudisiya tələb olunur. O, çağdaş tendensiyaları dərindən hiss etməli, mövzuya hakim olmalı və mümkün qədər çevik dillə çıxış etməlidir.
Burda mühüm bir amil var: Əyləncəviliyi təmin etmək. Çağdaş yazıçı "məni başa düşməzlər” eqosundan xilas olmalıdır. O, iki tərəfə xitab edir: kütlə və sənət. Hər ikisi paralel şəkildə hərəkət etməlidir. Biri o birini inkar etmədən. Məsələn, bir örnək: Umberto Ekonun "Gülün adı”. Oxuyanlar bilir ki, orda detektiv xətt var.
Bu əsərin ardınca bir neçəsini də yazmaq olar. Ondansa gəlin, bir-iki müəllif adı çəkək: Pol Oster, Barns, Pamuk və başqaları.
Çağdaş yazıçı mütləq və mütləq marketinqi, satışı, oxucunu duymalı və hiss etməlidir. O, artıq kitabın yalnız rəflərdə tozlanmasını istəməməli, gələcəkdə onu oxuyacaqları fikrini üstündən atmalıdır.
İndi gəldik mənim yazımın əyləncə tərəfinə. Diqqət ekrana!
Əyləncə tərəfi: "Nobel Ədəbiyyat Mükafatı lotereya deyil. Mükafat almaq istəmirəm. Mükafat tükəndiyiniz anlamına gəlir. Hər şeydən əsası yaxşı oxucularımın olmasıdır. Hansı mükafatı, nişanı, ya da müsbət reaksiyanı alsam da, almasam da olar. Öz cibindən pul verib kitablarımı alan insanların arasında bütün bunların, bu mükafatların heç bir mənası yoxdur”.
Bu açıqlama illərdir Nobel Ədəbiyyat Mükafatında favorit olan yapon yazıçısı Haruki Murakamiyə aiddir. Tokioda hər il sayları dəyişən Murakami fanatları (Harukistlər) bir barda yığışıb Nobel mükafatının nəticələrinin açıqlanmasını canlı izləyir və sevdikləri yazıçının məğlub olmasının kədərini paylaşırlar.
2000-ci illərin əvvəlindən namizəd göstərilən, 2010-cu ildən bu günə qədər də favorit olan Murakaminin Nobel almaması zarafata çevrilmişdi. Populyar bir yapon Twitter hesabının hadisəyə münasibətinə diqqət: "Qışın gəldiyini Haruki Murakaminin Nobel Ədəbiyyat Mükafatını uduzmağından bilirəm”.
P.S. Müəllif Türkiyənin populyar yazıçısı Hakan Gündayın "Kinyas və Kayra” əsərini oxumağa və yaradıcılığında yeni mərhələlər yaratmaq haqda düşünməyə başladı.
Ayxan Ayvaz
banner

Oxşar Xəbərlər