Müharibənin çörək sınağı

İqtisadçı deyir ki, Rusiya və Ukrayna dünya taxıl ixracında böyük
paya malik olduqları üçün onlar arasındakı gərginlik qiymətlərə öz təsirini
göstərməli idi. Ekspertin fikrincə, taxıl bazarında baş verən qiymət
artımlarını mağazaların piştaxtalarında hiss edəcəyik.
Buğdanın bir
buşelinin (1 buşel = 60 funt və ya 27,2 kq) qlobal qiyməti 2008-ci ildən bəri
ən yüksək səviyyəyə çatıb. Buğdanın may fyuçerslərinin qiyməti Çikaqo
birjasında 7,1 faiz artaraq bir buşelə görə 10,59 ABŞ dollarına çatıb ki, bu da
2008-ci ilin mart ayından bəri qeydə alınan ən yüksək göstəricidir.Qiymətlərin Rusiyanın
Ukraynaya hərbi müdaxiləsi səbəbindən tədarükdə fasilələrin yaranacağı
narahatlığı fonunda yüksəldiyi qeyd edilir. Azərbaycanın buğda idxal etdiyi 3
əsas ölkə var. Ukrayna, Rusiya və Qazaxıstan. Yəni buğda aldığımız iki ölkə
hazırda müharibə edir. Əsas ixracatçılarımız olan ölkələrin müharibə apardığı dövrdə
buğda tələbatını necə ödəyəcəyik? Bu, çörəyin, ümumilikdə un və un məmulatlarının
qiymətində yenidən artıma səbəb ola bilərmi? Çünki ilin əvvəlində çörəyin
qiymətində bir dəfə artım qeydə alınmışdı.
Kifayət qədər böyük paya malikdirlər
İqtisadçı Xalid
Kərimli deyir ki, Rusiya və Ukrayna dünyada taxıl
ixracında böyük paya malik ölkələr olduğu üçün onlar arasındakı gərginlik
qiymətlərə öz təsirini göstərməli idi: "Rusiya və Ukraynanın dünyanın taxıl
ticarətində böyük payı var. Bu gün Rusiya dünya taxıl ixracının 18 faizini
həyata keçirir. Bu rəqəm 2018-ci ildə 25 faiz idi. Yəni Rusiya dünyanın ən
böyük taxıl, buğda ixracatçısıdır. Ukrayna da dünyanın 5-ci ən böyük
ixracatçısıdır. Dünya taxıl ixracında 7,5 faizlik paya sahibdir. İki ölkə bir
yerdə dünya taxıl ixracının 25-30 faizini təmin edir. Kifayət qədər böyük paya
malikdirlər və bu gərginlik buğdanın qiymətinə təsir göstərməli idi”.
Konflikt genişləndikcə...
X.Kərimlinin sözlərinə görə, Rusiya və Ukrayna arasındakı konflikt
genişləndikcə, bu, qiymət artımı prosesində də müşahidə ediləcək: "Ukrayna və
Rusiya buğda ticarətini, əsasən, Qara dəniz üzərindən həyata keçirir. Hətta
Ukraynada bu rəqəm 95 faizdir. Ukrayna Qara dənizdə ticarətini Xerson, Odessa
limanları üzərindən aparırdı. Rusiya artıq Xerson şəhərini tutub. Bu liman
vasitəsilə Ukraynanın Qara dənizə çıxışı məhdudlaşır. Bütün bunlar da buğda
qiymətlərinin yüksəlməsi təhlükəsini ciddi surətdə artırır. Konflikt genişləndikcə
bu proseslər də dərinləşəcək. Amma müharibə qısa müddətdə dayanarsa, qiymətdə müəyyən
qədər ucuzlaşma qeydə alına bilər”.
"O plan müəyyən müddət təxirə salınacaq”
X.Kərimli bildirdi ki, Azərbaycan buğdanı, əsasən, Rusiya, Qazaxıstan
və Ukraynadan idxal edir. Ancaq əsas asılılıq Rusiyadandır: "Azərbaycanın buğda
idxalının azaldılması ilə bağlı müəyyən planları var idi. Onlardan biri də
Ukraynada ərazilər icarəyə götürüb buğda əkilməsi idi. Hazırda ərazidə konflikt
var, ona görə o plan müəyyən müddət təxirə salınacaq. Ümumi buğda idxalımızda
Rusiyanın payı 98-99 faizdir. Düzdür, Rusiyanın ərazisində müharibə getmir. Amma
Rusiyaya qarşı sanksiyalar qiymətləri artırır. Bu konflikt uzandıqca daha az
məhsul dünya bazarlarına çıxarılacaq və qiymətlər də artacaq”.
"Güzəştlər indiki qiymətlərdə öz əksini tapıb”
İqtisadçı qeyd etdi ki, buğdanın qiymətinin kəskin artması un və un
məmulatlarının da qiymətində öz əksini tapa bilər: "Bahalaşmış un, buğda
qiymətləri un, çörək məhsullarının qiymətini artıra bilər. Hökumət 2022-ci
ildən un məhsullarının idxalına heç bir subsidiya vermir. Tətbiq etdiyi
güzəştlər də indiki qiymətlərdə öz əksini tapıb. Dünya buğda, taxıl bazarında
baş verən qiymət artımlarını mağazaların piştaxtalarında hiss edəcəyik”.
Aygün Asimqızı
