Müasir şeirimiz dünya şeiri ilə ayaqlaşırmı?

Yüksək
ədəbi mükafatlar əlimizə gəlib çatmayanda həm ədəbiyyatçılar, həm də daha çox
oxucular arasında "biz dünya şairləri
kimi yaza bilmirik” fikri səslənir. Müasir şeirimizin dünya şeiri ilə ayaqlaşa
bilməməsi fikirləri də az deyil. Ancaq poeziya adamlarının özləri, tənqidçilər
"çağdaş şeirimiz dünya şeiri ilə birgə yürüyür” fikrində israrlıdırlar.
Tərcümə və piar problemi
Çağdaş dünya
poeziyasında yeni forma və qəliblərin olduğunu deyən «Ulduz» jurnalının baş redaktoru Qulu Ağsəsin fikrincə, biz onların
bir qismindən istifadə etsək də, bir qismindən ümumiyyətlə, istifadə etmirik.
Amma bəzi şeir növləri var ki, onlar artıq dünya şeirindən geridə qalıb: «Biz təbii
ki, inteqrasiya baxımından istər dünya ədəbiyyatına, istərsə də Avropa ədəbiyyatına,
sovetlər dövründə isə rus ədəbiyyatına sonradan gəlib çıxmışıq. Tutaq ki, sovet
dövründə və ondan qabaq Rusiyada hansısa cərəyanlar, təmayüllər yaranırdı və
sonra onun əks-sədası gəlib çıxırdı. Rus ədəbiyyatındakı təmayüllərin də bəzən
Avropadan sızıb gəlməsi başqa mövzudur. Biz adətən bu prosesə bir az gec
qoşuluruq. Bunun da təbii ki, çox sadə bir izahı var. Azərbaycan uzun illər
müstəqil olmayıb. Bu baxımdan bizim bu kənar təmayüllərdən, çeşidli cərəyanlardan
o qədər xəbərimiz olmayıb”. Q.Ağsəs məsələdə dil faktorunu da mühüm amil hesab
edir. Belə ki, dünyada ispandilli, ingilisdilli ədəbiyyat daha çox oxunur və
populyardır. Bu ədəbiyyatlar ümumiyyətlə, dünya oxucularının və ədəbiyyatla məşğul
olan adamların böyük faizini təşkil edir: "Bizdə isə həmişə ingilis dili və ya
ispan dili ilə bağlı problemlər olub. Yəni bizə əsərlər daha çox rus dilindən gəlib
çatırdı. Biz ədəbiyyatda gedən prosesləri daha çox tərcümə əsasında izləyə
bilmişik. Rus dilində olan əsərlər də yalnız sovet ideologiyasının süzgəcindən
keçənlər olub. Müəyyən müəlliflər və əsərlər olub ki, sovet ideologiyası
onların rus dilinə tərcüməsinə mane olub. Ya da o əsərləri yalnız özləri üçün tərcümə
edib, digər respublikalara sızmasına imkan verməyiblər. Son vaxtlar artıq
birbaşa tərcümələr, birbaşa ünsiyyət forması yavaş-yavaş ayaq açmaqdadır. Biz
artıq ingilisdilli, ispandilli ədəbiyyatla orijinaldan tanış ola bilirik. Bu
cür nümunələrin orijinaldan tərcüməsini məsələn, «Ulduz» jurnalında çap edirik.
Əsas odur ki, Azərbaycan poeziya nümunələri bu söz okeanına yavaş-yavaş çıxmağa
cəhd edir». Baş redaktor inanır ki, bizim ədəbiyyatçılar başqa ölkələrin ədəbiyyatına
müxtəlif dillərlə çıxa biləcəklər. Bununla belə, Azərbaycan şeirinin dünyaya
çıxmasında problemlərdən biri də tərcümə məsələsidir: "Gərək Avropa ölkələrində
və yaxud Amerikada Azərbaycanı sevən, ədəbiyyatımızla maraqlanan, həm öz
dilini, həm Azərbaycan dilini yüksək səviyyədə bilən, həm də Azərbaycanı sevən
elə mütəxəssislər olsun ki, bizim çıxışımıza yardımçı olsunlar. Yoxsa özümüz
yazıb, özümüz tərcümə edəndə o qədər də effektiv olmur. Qarşı tərəfin bizdən
hansı ədəbiyyat istədiyini dəqiqliklə bilə bilmərik. Mənim qənaətimə görə, o
çıxış nöqtələrini qarşı tərəfdə axtarmalıyıq. Yəni Azərbaycan tərəfi öz tərcüməçilərini
yetişdirməklə bərabər, həm də Avropa ölkələrində Azərbaycan dilini bilən, ədəbiyyatımızdan
nümunələri tərcümə etməyə can atan və bunun heç də ona pulsuz başa gəlmədiyini
anlayan insanlar tapmalı və onlarla əlaqələr yaratmalıdır». Bu yaxınlarda şeirlərinin
Belçikanın ədəbi saytında tərcümə edilərək yer aldığını deyən Q.Ağsəs deyir ki,
həmin tərcümələr yazıçı-tərcüməçi Kamran Nəzirliyə məxsusdur: "Mən çox istərdim
ki, şeirləri qarşı tərəf özü tərcümə etsin. Məncə, biz dünyaya çıxırıqsa şeirlərimiz
dünya ölkələrinin tərcüməçiləri tərəfindən tərcümə etməlidirlər. Bu, çox böyük
zəhmət tələb edən işdir. Biz əgər Almaniyada çap oluruqsa, bu, müsbət haldır.
Ancaq bizim şeirləri alman dilinə orada yaşayan türk tərcümə edir. Və yaxud
Böyük Britaniyada çap olunuruqsa, orada yaşayan hansısa türk və ya rus tərcüməçi
rus, daha sonra ingilis dilinə çevirir. Əgər həmin şeirləri onların n öz insanı
tərcümə etsə, bundan sonra dünyanın o şeirlərə reaksiyasını gözləmək lazımdır. Əgər
indi desək ki, dünya bizi bəyənmir və ya biz dünyadan yaxşı yazırıq – bu fikirlər
yanlışdır. Müqayisə o zaman düzgün olar ki, bizi də peşəkar səviyyədə tərcümə
etsinlər və portallarda yerləşdirsinlər. Avropadakı ədəbi portallar bizim
yazdıqlarımızla tirajlasın. Orda portallar nüfuza görədir.
Təəssüf ki, biz
yuxarı liqaya daxil ola bilmirik. Çünki onlar yalnız dünyanın qəbul etdiyi
insanların yazdıqlarını yerləşdirirlər. Biz isə həmin imzalar arasında deyilik.
Bu, ilk növbədə tərcümə, piar problemi ilə bağlıdır». Q.Ağsəs Azərbaycan ədəbiyyatının
dünya ədəbiyyatından heç də geri qalmadığını düşünür. O mənada ki, Azərbaycan
poeziyası həm tarixən, həm də bu gün kifayət qədər ciddi çəkiyə malikdir:
"Bizim poeziya insan hisslərinin ən mübhəm nöqtələrinə belə sirayət etməyi
bacarır. Azərbaycan poeziyasının dərinliyi, bizim sözlə davranma mədəniyyətimiz
və ədəbi alətlərlə işləmək məharətimiz dünya poeziyasının heç bir nümunəsindən
geri qalmır. Təəssüf ki, biz sadəcə, dünyaya çıxmağın yollarının həllini hələ də
tapa bilmirik. Bunun üçün həddindən artıq çox iş görmək lazımdır”. Q.Ağsəsin
fikrincə, "Azərbaycanın dostları” kimi
bir klub yaranmalıdır ki, onun üzvləri həm dili mükəmməl şəkildə bilsinlər, həm
də özləri də şair olsunlar. Belə ki, kənardan hər hansı Azərbaycan dilini bilən
və sevən adamı tapmaqla məsələ həll olunmur: "Tərcümə edənin özü də yaradıcı
insan olmalıdır. Bizim tərcümə olunmağımız böyük əhəmiyyət kəsb edir. Məsələn,
Rəsul Həmzətovun şeirləri Azərbaycan dilinə o qədər gözəl tərcümə olunub ki,
biz onu öz şeirimiz kimi qəbul edirik. Hələ sovetlər vaxtında rus poeziyasından
çoxlu şairlər dilimizə tərcümə olunub. Bəs bizim şeirimizi Rusiyada hansı rus
şairi öz dillərinə tərcümə edib? Elə nümunələr çəkmək çox çətindir. Və yaxud
dünya ədəbiyyatından Şekspirin poemalarını Azərbaycan şairləri olduqca gözəl tərcümə
ediblər. Ancaq biz deyə bilmərik ki, bizim «Leyli və Məcnun» ingilis dilində
belə gözəl tərcümə olunub. Belə nümunələr yoxdur. Şekspirin bütün yaradıcılığı
dilimizə tərcümə olunub. Ancaq Nizaminin poemaları o şəkildə dünya dillərinə tərcümə
olunubmu? Təəssüf ki, yox. Füzuli dünyada az tanınan Azərbaycan şairidir. Və ya
Mirzə Ələkbər Sabirin bir beyti tərcümə olunubmu? Yox! Ona görə problemin kökü
tərcümədədir. İnanmaq istəyirəm ki, Azərbaycan ədəbiyyatı nə vaxtsa dünyada layiqli
yerini tutacaq».
Bizim öz yanaşmamız
Yazar
Səxavət Sahil hesab edir ki, müasir
Azərbaycan şeirində bir neçə aparıcı xətt var: "Lakin Müasir Azərbaycan
şeirinin zəngin hesab etmək məncə, düzgün deyil. Mövcud olan bir neçə aparıcı xətt
müasir şeirimzin arealını müəyyən edir. Deyərdim, hətta məhdudlaşdırır.
60-70-ci illər poeziyasının nümayəndəsi olan Ramiz Rövşən bu gün də müasir
şerimizin sahəsini "zəbt” etməklə məşğuldur. Hətta bu gün ədəbiyyata gəlmiş gənc
nəsil də onu təqlid etməklə təzə nəsə yazdığını düşünür. Belə olduğu halda bu təqlid
müasir şeir adlana bilərmi?” S.Sahil hesab edir ki, müasir şeirimizdə digər xətt
Həmid Herisçi, Səlim Babullaoğlu və Xanəmirin xəttidir: "Bunlar da Əli Kərim
kimi öz dövrünün ziddiyyətli qəbul olunan şairləridir. Zənnimcə, bu şairlərin
şeirləri müasir dünya şeiri ilə ayaqlaşır. Çünki onlar axına qarşı gedərək,
müasir ədəbi tendensiyalara uyğun olaraq öz şeirlərini yaza biliblər. Müasir
dünya şeiri də postmodernist və ya hansısa yeni "izmdən” çox, yeni düşüncə, yeni
yanaşma və heç bir ədəbi məktəbə, ədəbi axına qoşulmayan, öz yolunu yaradan
şairlərin əsərləridir”. Yazarın fikrincə, müasir şeir hər şeydən əvvəl müasir
düşüncə, müasir yanaşmadır: "Kimsə düşünürsə ki, bu gün Avropada yazılan şeir
etalondur, ona uyğun yazmaq lazımdır, bu, düzgün deyil. Və ya Amerikada yazılan
şeir etalondur, ona uyğun yazmaq lazımdır, bu da düzgün deyil. Avropanın da,
Amerikanın da öz müasir düşüncəsi, öz müasir yanaşması var. Bizim də müasir
şeir məhz belə olmalıdır. Müasir dünya şeiri anlayışı isə konkret nəsə demək
deyil”.
Azərbaycan
şeri dövründən geri qalmır
"Şeir bir az, daha doğrusu, kifayət qədər milli
hisslərə bağlı hadisədir”- deyən yazar
Aqşin Yeniseyin fikrincə,şeirin bədii gücünü müqayisədə üzə çıxarmaq qüsurlu
qiymətləndirmə olardı. Digər tərəfdən, şeir dil hadisəsidir. Yazıldığı dilin
ruhunu, musiqisini, rəngini özündə daşıyır. Bu da yenə müqayisəni əngəlləyir:
"Ümumi götürdükdə, bu gün Azərbaycan şeri yalnız bəzi şairlərimizdə dilimizin
müxtəlif qatlarına xitab edir. Buna baxmayaraq, oxuduğum qədəriylə günümüzün Azərbaycan
şeri heç də öz dövründən geri qalmır. Məsələn, çağdaş türk poeziyasında məna
artıq öz əhəmiyyətini itirib, şeir dil oyunları üzərində qurulur, hətta çağdaş
türk şairi bilərəkdən anlaşılmaq istəmir. Bizdə bu hadisə hələ baş verməyib,
bizim şair mənanın nazı ilə çox oynayır, dili mənaya qurban verir. Mən bunu
şerimizin çatışmazlığı kimi görürəm. Yəqin ki, bu mərhələnin də şairi olacaq, hələ
yol gəlir”.
Dünya poeziyası ilə bərabər
Tənqidçi Əsəd Cahangirin fikrincə, müasir Azərbaycan şeirinin vahid siması
yoxdur. O mənada ki, "bu, Azərbaycan və ya dünya şeiri ilə ayaqlaşır” demək
mümkün deyil: "Həm Azərbaycan şeirinin, həm də dünya şeirinin qabaqcıl və bir qədər
arxada gələn nümayəndələri var. Məsələn, müasir Azərbaycan şeirinin ən fəal
nümayəndələrindən birini Həmid Herisçi hesab edirəm. İstər müasir türk, istər
rus, istərsə də Avropa şeirindən heç bir cəhətdən geri qalmayan, əksinə,
onlardan öndə gedən bir poeziyanın yaradıcısıdır. Onun şeirlərindəki qeyri-adi
metaforik tapıntılar, rassionalla irossionalın, realla qeyri-realın vahid nöqtədə
birləşməsi, bir tərəfdən romantik duyğusallıq, bir tərəfdən gerçəklik və hətta
siyasi gerçəkliyin dövrlə boğuşması, ümumiyyətlə götürəndə damlada dəryanı və
ya dəryanı damlada göstərmək bacarığı onu müasir türk poeziyasının maraqlı örnəklərindən
birinə çevirir. Əminəm ki, əgər Həmid Herisçinin təkcə şeirləri yox, bütün
yaradıcılığını öyrənsəydilər və Nobel komissiyasının üzvləri ədalətli olsaydı
o, bu mükafata layiq görülməyə haqq edərdi”. Tənqidçi bizim poeziyamızın təkcə
bir nəfərlə məhdudlaşmadığını da deyir. Belə ki, keçən əsrin ikinci və birinci
yarısında da poeziyamızın ən yaxşı nümunələri dünya poeziyasının ən gözəl nümunələri
ilə uyğunlaşırdı: "Məsələn, Sabirin poeziyası təkcə Azərbaycan yox, dünya
satirik şeirinin əlçatmaz zirvələrindən biridir. Hüseyn Cavid poeziyası
romantik şeirin ən əlçatmaz zirvələrindən biridir. O cümlədən, sovet dövründə Səməd
Vurğunun poeziyası ümumittifaq və dünya miqyasında sayılıb-seçilən poeziya
nümunələrindən olub. 1954-cü ildə SSRİ Yazıçılar İttifaqının Qurultayında
poeziya haqqında məruzə etmək missiyası məhz Səməd Vurğuna tapşırılıb. Rəsul
Rzanın poeziyası dünyanın ən müxtəlif dillərinə çevrilib.
Modern şeirin Nazim
Hikmət, Mayokovski, Uolt Uitmen və digər nümayəndələri ilə adı yanaşı hallanıb.
20-ci əsrin ikinci yarısından sonra Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif
Bayatlının yaradıcılığı Azərbaycan poeziyasının dünya poeziyası ilə bərabər
addımlamaq bacarığını nümayiş etdirib”. Ə.Cahangirin fikrincə, bugünkü
poeziyamızda mərhum Adil Seyidin poeziyası modern şeirin qabaqcıl nümunəsi kimi
təkcə Azərbaycan deyil, əslində dünya poeziyasına məxsus hadisədir: "Bir müddət
əvvəl Elçin İsgəndərlinin dərc olunan beşcildliyinin şeirlər və poemalardan
ibarət ikicildliyini oxuyub yaxşı mənada təəccüb etdim. Azərbaycan şairinin
dünya poeziyasının nümayəndəsi olmaq nöqteyi-nəzərindən iddiasını yox, həm də
gerçək imkanlarını əks etdirirdi. Bu şeirlərdə həm Azərbaycançılıq, həm
türkçülük, həm planetarlıq və qloballıq var. Bütün bunlar onu göstərir ki, Azərbaycan
poeziyası özünün ən qabaqcıl nümayəndələrinin timsalında dünya poeziyası ilə bərabər
yürüyür. Əminəm ki, bundan sonra poeziyaya gələn gənclər də bu estafeti
qabaqcıl şairlərimizdən alaraq daha da irəliyə doğru aparacaqlar. Mən öz
poeziyamızın nə bu günündən, nə keçmişindən, nə də gələcəyindən o qədər də bədgüman
deyiləm. Çünki Azərbaycan xalqı poeziya nöqteyi-nəzərindən həmişə zəngin olub”.
Təranə Məhərrəmova
