AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Molyerin “Meşşan zadəganlıqda” pyesi və dövrün qanunları

Molyerin “Meşşan zadəganlıqda” pyesi və dövrün qanunları

12 İyul 2020, 12:30 866
Kral XIV Luis Fransa monarxiyasında mədəniyyət patronu sayılıb. Çağdaşları bütün rəsmi və hərbi səfərlərinə kral teatr truppası ilə çıxan Luisi "istedad ovçusu” adlandırırmış. Onun dövründə nəinki Fransanın, habelə Avropanın ən uğurlu incəsənət xadimləri, xüsusilə də, yazarlar, şairlər kralın mədəniyyətə olan dərin sevgi və diqqətindən nəsibini alıb. XIV Luis əmisi Qastonun ölümündən sonra kral taxtına əyləşəndə yazıçı-dramaturq Jan Batist Pokalin onsuz da istedadı ilə tanınırdı. Lakin onu şöhrətin zirvəsinə çəkən "Meşşan zadəganlıqda” ("Le Bourgeois Gentilhomme”) pyesi məhz Kral Luisin dövründə yazılıb.
 
Elə adıçəkilən pyesin yaranma hekayəsi də Parisdən onlarla mil uzaqda yerləşən Loyr dərəsində başlayıb. Bilinənin əksinə, Paris heç də həmişə Fransanın siyasi və mədəni mərkəzi olmayıb. XV-XVII əsrlərdə, daha dəqiq desək, Renessans dövrünə kimi fransız zadəganlarının malikanələri və toplantı mərkəzləri Loyr dərəsində yerləşib. Odur ki, taxtın yeganə varisi Luis də Parisdən çox təmiz, daha təhlükəsiz və mədəniyyət mərkəzi hesab olunan Loyrda böyümüşdü. Üstəlik Molyer kimi məşhurlaşmış Jan Pokalin ədəbiyyat və teatr vurğunu olan gənc Luisin ən sevimli yazarlarından idi. Kral taxtına əyləşən Luis başda Molyer olmaqla, bir sıra ədəbiyyat və incəsənət adamını öz himayəsinə alır. Xüsusilə də, Molyer kralın bədii zövqünü oxşayacaq nümunələrin seçilməsindən məsul olduğu üçün bütün səfərlərdə Kral Luisi müşayiət edirdi. Elə "Meşşan zadaganlıqda” pyesi də bu səfərlərdən birində ərsəyə gəlir.
 
Belə ki, 1669-cu ildə Osmanlı İmperiyası ilə razılığa gələ bilməyən və diplomatik nümayəndəsini geri çağıran fransız ordusu bir neçə həftə Şambord adlı ərazidə məskən salır. Həmin günlərdə Fransa Kral məhkəməsi Osmanlı Sultanının göndərdiyi sözçü Süleyman ağanı qəbul edir. Süleyman ağanın kral hüzuruna çıxmağa uyğun olmayan geyimi, saymazyana rəftarı, Kralın və Fransa imperiyasının ehtişamını görməzdən gəlməsi və kinayə ilə süzməsi Luisi özündən çıxarır. Üstəlik bu rəftarına görə haqqında ölüm hökmü verə bilmədiyi bu adam xristian dünyasının əzəli düşməni Osmanlının nümayəndəsi idi. Odur ki, qəzəbini soyutmaq istəyən Kral Molyerə dünya durduqca Süleyman ağanın timsalında Osmanlını gülüş hədəfinə çevirəcək bir pyes yazmağı tapşırır. Türklərlə danışığa girmiş, Arvyeksdən olan tərcüməçi-diplomat Lorenlə birgə işləyən Molyer kralın arzuladığı komediya-balladanı bir ilə təhvil verir. "Meşşan zadəganlıqda” pyesdən çox XVII əsrdə Fransada türkləri məsxərəyə qoymaq üçün yazılmış nümunələrin aid edildiyi xüsusi janr "turkuari” (turquerie”) sayılır. Kral Luisin məqsədi bunu oxuyan hamının nəzərində türkləri satira hədəfinə çevirmək idi və Molyer bu məqsədlə pyesdə ekzotik personajlara geniş yer verir.
 
Kral bu tamaşanı izləmək üçün o qədər həyəcanlanır ki, oyunun sərgilənməsi üçün Lyora geri dönməyi gözləmir. Qərargahın 400 otağından birində səhnə qurulur, kral üçün xüsusi eyvan hazırlanır. Sonralar beş hissəli nəsr əsəri kimi də təqdim edilmiş üç hissəli pyes 1670-ci il oktyabr ayının 14, 16, 20 və 21-də sərgilənir. Noyabr ayının 23-də isə Paris Royal Palasda təntənəli şəkildə nümayişə çıxır. Pyesin gözlənilməz uğuru Molyerə və bəstəkar Jan Batist Lulliyə böyük şöhrət qazandırır.

Molyer çağdaş səhnələrdə

Molyer bu pyesə kimi də səhnə sənətinə böyük töhfələr bəxş etmişdi. "Meşşan zadəqanlıqda” oyununun təntənəli nümayişindən sonra isə səhnə sənətləri yeni bir mahiyyət kəsb etməyə başladı. Molyerin bu pyesinə kimi komediya yüngül ədəbi nümunə hesab edilirdi, aktyorların gəlirləri çox az idi, üstəlik onlar aşağı sinif insanı sayılırdı. Molyerin bütün Avropada maraqla qarşılanıb, sərgilənən pyesi ilə həm teatr, həm aktyor truppası, həm də komediya janrı dəyər qazandı. Bu yüksəlişin tək səbəbi təbii ki, pyesin qazandığı uğur deyildi. Molyerin "tam performanslı” ədib, aktyor, truppa rəhbəri, rejissor vəzifələrini öhdəsinə götürərək, tamaşanın və əsərin qüsursuzluğunu təmin etmək üçün əzmlə çalışması da bu uğurda böyük rol oynayırdı.
Ədibin cəmiyyətin qüsurlarını tənqid atəşinə tutduğu şah əsərləri əsrlər sonra bu gün də aktualdır. "Mizantropist”, "Xəstə təxəyyül”, "Don Juan”, "Xəsis” kimi pyeslər bu gün də Paris teatrlarının repertuarında yer alır.

Meşşan Jordanın hekayəsi

Müsyö Jordan orta-sinif burjua nümayəndəsidir. Lakin həyatdakı ən böyük arzusu aid olduğu sinifdən ayrılıb, sosial statusunu yuxarı pillələrə daşımaqdır. Bu məqsədlə hər cür maneəni aşmağa hazır olan Müsyö Jordan özünüinkişaf təlimlərdən əsla boyun qaçırmır. Hər vəchlə yüksəlməyi arzulasa da, bu statusa həqiqətən layiq olmağa çalışır. İntellektual və mədəni qabiliyyətlərini inkişaf etdirmək üçün özünü işinin peşəkarı kimi təqdim edənlərdən dərs alır: şəxsi dərzi, rəqs müəllimi, musiqi müəllimi, fəlsəfə müəllimi, qılıncoynatma təlimçisi və s. Baş qəhrəmanın sadəlövhlüyündən və pulundan yararlanan bu insanlar isə sonda onu gülünc vəziyyətə salırlar.

Fransa-Osmanlı qarşıdurması

Kral Luis hər nə qədər bu oyunu türk adət-ənənələrinin tənqidi, türkləri qeyri-mədəni kimi qələmə vermək məqsədilə sifariş vermiş olsa da, "Guttenberg” redaktorları pyesdə heç bir detalın bu məqsədə xidmət etmədiyi qənaətindədir. Belə ki, Süleyman ağanın timsalında yaradıldığı düşünülən Müsyö Jordan, əslində, bəşəri bir obrazdır. Üstəlik, Osmanlı şivəsinin gülməli təqlidi və avropalılara gülməli görünən bəzi adətlərindən başqa pyesdə türkləri satira hədəfinə çevirən bir nüans yoxdur. Əksinə, öldürücü gülüşün əsas hədəfi sinifləşmə, status yüksəltmək üçün gülünc vəziyyətlərə düşən burjua nümayəndələri, pul hərisliyi ucbatından Müsyö Jordan kimi kobud və nəzakətsiz bir meşşana dözən sadə, amma acgöz əmək adamlarıdır.
Başqa qrup tənqidçilər isə Luisin Molyerə göstərdiyi sevginin bir qarşılığı olmadığı qənaətindədir. Bəli, Molyer öz istedadı hesabına qazandığı etimaddan istifadə edərək, əslində, təkcə Fransanın yox, bütünlükdə həmin dövr idarəçilik sistemlərinin qüsurlarını və sosial münasibətləri satirik bir dillə gələcəyə ötürürdü. Əlində teatr kimi güclü və öldürücü bir silah tutan Molyer ictimai həyatı çirklədən, ümid və inkişaf toxumlarını çürüdən, əxlaqi-mənəvi deqradasiyaya yol açan, təkan verən və buna qulluq edənləri bütün reallıqları ilə səhnəyə çıxarır, onları həm həmin dövrün, həm də sonrakı dövrün oxucu və izləyici auditoriyasının gülüş hədəfinə çevirirdi.

Uçurum

Zəngin və uğurlu parça tacirinin oğlu Müsyö Jordan kor-kobud və sıradan bir adamdır. Atasından qalan mal-mülk, sərvət ona kifayət qədər yaxşı həyat sürmək fürsəti versə də, o sahib olduqlarından razı deyil. Kübar cəmiyyətin ziyafətlərinə, geyimlərinə, həyat tərzinə həsəd aparan Jordan mənsub olduğu sinfə nifrət edir. Onlardan fərqlənmək, özünü zadəgan kimi aparmaq istəyərkən, geyimində, rəftarında, danışığında baş qaldıran dəyişikliklər onu hamının gözündə nüfuzdan salır. Bunu özü hiss etməsə də, səfehliyindən və arzularına doğru hərisliklə uzanarkən ayağının altındakı "uçurumun böyüməsindən” yan-yörəsindəki hamı yararlanır. Pyesin bir digər və bəlkə də, ən güclü qəhrəmanı isə Müsyö Jordanın əlindəkilərin qədrini bilən, ərinin bütün tələb və israrlarına baxmayaraq, başqalarının həyatını yamsılamayan xanımıdır. Hər nə qədər əri onu səfillik, aşağı sinif düşüncəsində olmaqla ittiham etsə də, xanım Jordan ərinin rəftarını səfehlik kimi qiymətləndirir. Pulla tutduğu müəllimlərin hesabına kübarlaşmağa çalışan, lakin ailə üzvlərini, xidmətçilərini, hətta müəllimlərini təhqir etməklə olduğundan bir addım da irəliyə gedə bilməyən tacirə hamı öz mənfəəti üçün dözür. Lakin digər tərəfdən də onun əsla aşa bilməyəcəyi uçurumu dərinləşdirərək, intiqam alırlar. Xanım Jordan bununla uzun müddət mübarizə aparsa da, ərinə və sərvətinə sahib çıxmağa çalışsa da, alınmır. Cəsur və ağıllı xanımı sonunda qızının xoşbəxtliyi naminə ərinin rüsvay olmasına göz yumur.
 
Pyesin bir digər xətti isə baş qəhrəmanın qızı Lusilanın üzərində inkişaf edir. Müsyö Jordan bir tərəfdən özü eşqə düşüb, yenidən evlənmək istəyir, digər tərəfdən də qızına elçi düşən insanları zadəgan sinfinə mənsub olmadıqları üçün qovur. Çünki Müsyö Jordanın nəzərində yaxşı insan - əsilzadə olmaq deməkdir. O da birmənalı şəkildə qızını yuxarı sinifdən bir ailənin oğlu ilə evləndirməyi planlayırdı. Hər nə qədər Lusilanın onun üçün çox dəyərli olduğunu iddia etsə də, əsla qızının duyğularını önəmsəmirdi. Elə Müsyö Jordanın ictimai məsxərəyə qoyulduğu yol da buradan başlayır. Yuxarı sinfə aid olmasa da, Lusilanı dəlicəsinə sevən Kleont qızını ona vermək istəməyən Müsyö Jordana oyun oynayır və onun qarşısına Osmanlı şahzadəsi kimi çıxır. Pyesin bütün qəhrəmanları da bu iki sevgilinin qovuşması üçün öhdələrinə düşən rolu ifa edir və hamını acılayan, özündən başqa kimsəni düşünməyən tacirə oyun oynayırlar. Kleont xidmətçisinin köməyilə türk kimi davranır, özünə "tərcüməçi” tutur, qızı ilə evlənmək istədiyi xəbərini göndərir. Müxtəlif türk sözlərindən istifadə edib, Müsyö Jordanı inandırmaq üçün qəribə ayinlər uyduran gənc və cəsur hərbçi Kleont ona "mamomuçi” statusu vəd edir. Belə ki, Lusila ilə evlənməmişdən əvvəl bir ayin təşkil edilir və rituallar əsasında tacir mamomuçi vəzifəsinə "yüksəlir”. Ayindən sonra muradına çatan və Lusila ilə evlənən saxta şahzadə Müsyö Jordanı bu statusun Osmanlıda mühüm vəzifə olduğuna inandırır. Əslində, isə mamomuçilər Osmanlıda yuxarı sinfin nümayəndələrini əyləndirmək üçün təlxəklik edənlərə deyilirdi. Pyesin beşinci pərdəsində status və nüfuz naminə hər şeyi, hamını unudan, həyatdan zövq almağı bacarmayan Müsyö Jordanın pul və imkanları hesabına da olsa, cahillik ucbatından yüksəlmək əvəzinə ictimai gülüş hədəfinə çevrilməsini izləyirik. O, mamomuçi statusu almaq üçün istedadını nümayiş etdirdiyini düşünür, rütbə naminə bədəninə vurulan sopalara dözür, məqsədsiz xəyallarının arxasınca qaçarkən rüsvay olur.
 
Bütün pyes boyu Müsyö Jordanı ifadə edən bir neçə təsvirin yanında ifadə edilməyən bir keyfiyyət daha var – yalnızlıq. Bəli, o evlidir, övladı, köməkçiləri, müəllimləri, borcalanları, müttəfiqləri var. Lakin qurduğu heç bir xəyalın, düşündüyü gələcəyin içində yanında heç kim yoxdur. Müsyö Jordanı xəyallarında da heç kim müşayiət etmir. Onun ətrafında qarşılıqsız, mənfəətsiz sevgi, qayğı göstərən yoxdur. Müsyö Jordana qan bağı ilə yaxın olanlar belə onu düşdüyü psixotravmatik vəziyyətdən çəkib çıxarmır, ona əlindəki imkanlar hesabına yaşaya biləcəyi gözəllikləri göstərmir, kənardan insanların onun haqqında düşündüklərini demir və uçuruma yuvarlanmasına göz yumurlar.

Mənbələr: "librivox.com”, "www.editoreric.com”, "theatreinparis.com”
İngilis dilindən tərcümə edən və hazırlayan: Elcan Salmanqızı