• çərşənbə, 24 Aprel, 01:39
  • Baku Bakı 14°C

Mollanı əmmamələməlimi, əmmamələməməlimi? 

19.11.22 01:00 1753
Mollanı əmmamələməlimi, əmmamələməməlimi? 

İran hakimiyyəti etirazçılara qarşı ən repressiv addımlar atsa da, narazı xalq geri çəkilənə oxşamır. Din xadimlərinə qarşı nifrət də pik həddə çatıb. Vətəndaşlar onlara çox sərt şəkildə etiraz bildirir, söyür, döyür, təhqir edirlər. Artıq mollalar əmmamələrlə küçəyə çıxmağa qorxurlar.

İranda iki aydan artıqdır ki davam edən antihökumət etirazları qismən səngisə də, gərginlik qalmaqdadır. Artıq ölkənin 129 şəhərində keçirilən etirazlarda 400-ə yaxın insan ölüb, 14 mindən çox insan həbs edilib. Hakimiyyət etirazçılara qarşı ən repressiv addımlar atmaqla onları qorxutmağa çalışsa da, narazı xalq geri çəkilənə oxşamır. Molla rejimi etiraf etməsə də, bu aksiya son 40 ilin ən irimiqyaslı etirazı kimi tarixə düşəcək. Kütləvi çıxışlar 1979-cu il islam inqilabından bəri hökumətin üzləşdiyi ən ciddi hadisədir. Budəfəki etiraz bir çox xüsusiyyətləri ilə fərqlənir. Ölkədə din xadimlərinə qarşı nifrət pik həddə çatıb, onlara çox sərt şəkildə etirazlar bildirilir, söyülür, döyülür, təhqir olunurlar. Artıq din xadimləri əmmamələrlə küçəyə çıxmağa belə qorxurlar. Rejimin bel sütunu olan mollalar artıq xalqa təsir etmək imkanını itirirlər.

Ali dini liderin, digər nüfuzlu şəxslərin şəkilləri yandırılır. İri şəhərlərlə, universitetlərlə yanaşı, qəbiristanlıqlar hazırda İranda ən böyük etiraz məkanına çevrilib. 

İnsanlar təhdid edilir

Ən dəhşətlisi odur ki, etirazçılara qarşı repressiv addımları artıran hakimiyyət onların ailələrini övladlarının guya ürək tutmasından, insultdan və ya intihardan öldüyünü etiraf etməyi tələb edir. Evlərindən, məktəblərindən və yataqxanalarından qaçırılan fəallar, qadın hüquqları müdafiəçiləri, musiqiçilər, məktəbli qızlar və tələbələr indi hətta ölüm hökmündən qorxmağa məcburdurlar. “Beynəlxalq aləm bilməlidir ki, İranda şərin gücü iqtidardadır, lakin xalqın cəsarəti onların terrorundan güclüdür”, - deyə etirazçılardan biri bildirib.

Divarlar uğrunda mübarizə

Hazırkı etirazları əvvəlkilərdən fərqləndirən daha bir cəhət də "divarlar uğrunda mübarizədir". Sosial mediada divarlara şüar yazan insanların görüntüləri də adi hala çevrilib. Bələdiyyələr qraffitilər olan yerləri yenidən boyamağa çalışsalar da, bu, hədər yerə aparılan mübarizə kimi görünür. Əksər şüarlar ali dini lider ayətullah Xamenei və İranın teokratik rejimini hədəfləyir ki, bu da əvvəllər nadir müşahidə edilən bir hal idi. Küçələrdə ictimai məkanlar uğrunda əsl mübarizə gedir: etirazçılar reklam lövhələrini ya sökür, ya da üzərlərinə öz şüarlarını yazırlar.

Etirazların digər fərqləndirici tərəfi odur ki, onun hərəkətverici qüvvəsi gənclərdir. İnternetdəki videolarda şagirdlər (əsasən, qızlar) hökumət əleyhinə şüarlar səsləndirir, ayətullah Xameneinin şəkillərini cırır və yaxud da dərsliklərdəki şəkilləri həlak olan etirazçıların görüntüləri ilə əvəz edirlər.

Daxildən dağılan molla rejimi

Sözsüz ki, bu aksiyalar 40 il yığılıb qalan narazılıqları üzə çıxarmış olub. Sosial şəbəkələrdəki mollaların gənclər tərəfindən döyülməsi, başlarından əmmamələrin salınması ilə bağlı çoxsaylı videolar da bunu sübut edir. Həmin videoların hamısı təxminən eyni süjetlə çəkilir, yəni bir gənc oğlan insidenti çəkir, digəri isə qarşıda gedən mollanın başındakı əmmaməni vurub yerə salır.

Bir zamanlar İran rejiminin tərəfdarı olan şəxslərin böyük bir qismi də gerçəklikləri görürlər və baş verənlərə artıq öz etirazlarını bildirirlər. Bəzi iranlılar əmmaməni yerə salmağı müqavimətə dəstək hərəkəti kimi dəyərləndirsə də, digərləri bu hərəkətin dövlətlə heç bir əlaqəsi olmayan sadə din adamlarına qarşı haqsız zorakılıq və təhqir ola biləcəyini deyirlər. Tehranlı jurnalist və keçmiş siyasi məhbus Əhməd Zeydabadi deyir ki, küçədə bu hərəkətə məruz qalan bəzi mollalar “dövlətin siyasətinin tənqidçiləri və hətta qurbanları da ola bilər”. O əlavə edib ki, yüksək vəzifəli mollalar nadir hallarda cəmiyyət arasına çıxır və çıxanda da çox zaman cangüdənlər tərəfindən qorunurlar. "Onlar mollaların əmmaməsini son 43 ildə törədilən cinayətlər və korrupsiyanın, habelə mollalara verilən imtiyazların rəmzi olaraq yerə salırlar. Burada zorakılıq yoxdur. Üstəlik, burada gənclərin şıltaqlığı da var. Bu isə inqilabın ruhunu əks etdirir”, - deyə fəallardan biri bu iddialara cavab verib.

Əmmamə vurma trendini rejim özü də reallaşdırıb 

Parisdə yaşayan iranlı din xadimi və tədqiqatçı Həsən Fereştian Qərb mediasına deyib ki, əmmamə vurma trendi “son qırx ildə boğulmuş qəzəbin” nəticəsidir. "Əgər onun məqsədi din xadimlərini yox etməkdirsə, zorakılığın başlanğıcı ilə üz-üzə qala bilərik. Əslində, din xadimləri hakimiyyətin mərkəzindən yox edilməlidir. Ancaq onlar cəmiyyətdən silinməməlidir”, – deyə o, “Radio Fərda”nın fars xidmətinə müsahibəsində bildirib. Ötən il də rejim tərəfdarları hakimiyyəti tənqid edən din xadimlərinin əmmamələrini vurub yerə salmışdılar. Əmmaməsi yerə salınanlar arasında keçmiş daxili işlər naziri Abdollah Nuri və parlamentin keçmiş spikeri Mehdi Kərrubi də olub. 85 yaşlı Kərrubi 2009-cu ildə keçmiş prezident Mahmud Əhmədinejadın yenidən seçilməsini sorğuladığı üçün 2011-ci ildən bəri ev dustaqlığındadır. Kərrubiyə rəsmi ittiham irəli sürülməsə də, onun Ali dini lider Əli Xameneinin əmri ilə ev dustaqlığında saxlandığı deyilir.

Azər NURİYEV

 

banner

Oxşar Xəbərlər