• cümə, 26 Aprel, 21:48
  • Baku Bakı 22°C

Əmlakını sığortalamayanlar sabahdan cərimələnəcəklərmi? - EKSPERT RƏYLƏRİ

31.05.23 20:21 2385
Əmlakını sığortalamayanlar sabahdan cərimələnəcəklərmi? - EKSPERT RƏYLƏRİ

“Bəzi sığorta şirkətləri mənzillərə xəbərdarlıqlar göndərərək əmlakını sığortalamayanların iyunun 1-dən cərimə olunacaqlarını bildiriblər. Bu məsələ ilə bağlı müraciətlərin sayının çox olduğunu nəzərə alaraq bildirmək istərdik ki, mənzillərin icbari sığortası ilə bağlı xəbərdarlıqlar rəsmi deyil”.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Millət vəkili bildirib ki, qanunvericilikdə mənzilini icbarı sığorta etdirməyənlər üçün cərimələr nəzərdə tutulsa da, bu cərimələr artıq xeyli müddətdir ki, qüvvədədir, yəni bunun 1 iyun tarixi ilə heç bir əlaqəsi yoxdur.
“Bakıdakı ev və mənzillərin illik sığorta haqqı 50, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40, digər şəhər və rayonlarda isə 30 manatdır. Müvafiq olaraq, paytaxtdakı mənzillərə 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəki mənzillərə 20 min, digər şəhər və rayonlardakı mənzillərə isə 15 min manat sığorta təminatı verilir.

Daşınmaz əmlakın icbari sığortasına dair qanun hələ bir neçə il əvvəl qüvvəyə minməsinə baxmayaraq, sığorta haqqının yığılmasında çətinliklər qalmaqdadır. Daşınmaz əmlakın təxminən 80 faizə yaxını hələ də sığortasızdır. Nəticədə icbari sığortadan istifadə edilmədiyi üçün əmlaka fərqli səbəblərdən ziyan dəyən zaman ödənişlər həyata keçirilmir. Halbuki, icbari sığortadan istifadə əmlaka dəymiş ziyanın şirkət tərəfindən qarşılanmasına gətirib çıxara bilər.

Bununla belə, sığorta mexanizminin təkmilləşdirilməsinə də ehtiyac var. Çünki elə əmlaklar var ki, onlar mütəmadi sığorta olunur, həmin əmlaklara ziyan dəymir. Belə əmlaka ziyan dəymədiyi üçün illərlə sığortadan istifadə etmirlər. Hazırda əmlakın sığortalanmasında fiks - vahid tariflər tətbiq olunur. Məsələn, iki vətəndaş əmlakını sığortalayıbsa, onlardan biri son beş ildə sığortadan istifadə etməyibsə, digər vətəndaş isə əmlakını sığortalayıb, son beş ildə iki dəfə sığorta hadisəsi baş veribsə, yenə də hər iki vətəndaşın sığorta haqqı eynidir. Buna görə də sığorta hadisəsi baş verməyən əmlaklar üçün daha aşağı tariflərin müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Bu, təbii olaraq, imkan verəcək ki, həm vətəndaşlar daha geniş şəkildə sığortadan istifadə etsinlər, həm də əmlakına ziyan dəyməyən, sığorta hadisəsi baş verməyən vətəndaşımız əmlaka görə daha az sığorta tarifi ödəsin”, - deputat qeyd edib.

Hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, evini sığortalamayanlar cərimə olunmayacaq. Onun sözlərinə görə, iyunun 1-dən tətbiq ediləcəyi deyilən cərimənin heç bir mexanizmi yoxdurdeyib.

Hüquqşünas xatırladıb ki, bu məsələni hələ 2020-ci ilin yanvarında Bakı Şəhər İcra Hakimiyyəti bəyan edib:

“Suyu bulandıran vətəndaşlara bildirişlər göndərərək onları hədələyən sığorta şirkətləridir. Bunun nəticəsində xeyli vətəndaş sığorta şirkətləri ilə müqavilə bağlayaraq evlərini sığortalayıb”.

Ekspert bildirib ki, Mülki Məcəllənin 339-cu maddəsinə əsasən hədə təsiri altında bağlanan əqd etibarsızdır:

“Odur ki, həmin vətəndaşlar bağlanılan müqavilələrin etibarsız hesab edilməsini, ödənilən pulun (50 manat) qaytarılmasını və hətta vurulan mənəvi zərərə görə kompensasiyanın ödənilməsini tələb edə bilərlər.

Qanun 10 ildən çoxdur ki, daşınmaz əmlakın icbari sığortasını tələb edir. Lakin mexanizmi olmadığı üçün qanun həm “ölü”, həm də ədalətsizdir. Çünki bu sığorta könüllü olmalıdır. Özü də Azərbaycanda kommersiya sığorta modeliylə yanaşı, müştərək sığorta modeli (sığorta hadisəsi baş vermədikdə vətəndaşın sığorta haqqı tam batmır) də tətbiq olunmalıdır. Əks halda indiki kimi sığorta şirkətlərinə etimad olmayacaq”.

Ə.Həsənov vurğulayıb ki, Prezident hələ 2020-ci ildə mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işlərinin aparılmasını tapşırmışdı:

“Bundan sonra sığorta şirkətləri tərəfindən ilin sonundan aparılan kampaniyaya son qoyuldu. Ancaq hökumətə verilən bu tapşırıqdan 3,5 il ötsə də, sığorta bazarına nəzarət edən Mərkəzi Bank bu sahədə heç bir iş aparmayıb”.

Alpər TURAN

banner

Oxşar Xəbərlər