• cümə, 19 Aprel, 02:37
  • Baku Bakı 18°C

“Missiya”: Sözün yaratdığı portret

28.07.22 18:15 1082
“Missiya”: Sözün yaratdığı portret

Ulu öndər Heydər Əliyev cəmiyyətdə gedən inkişaf prosesində fəlsəfənin əsas prinsiplərinin necə ehtiva olunduğunu görür, müxtəlif sistemlərin daxili hərəkət və inkişaf mexanizmlərini tərəqqinin başlıca mənbəyi hesab edirdi. Buna görədir ki, Ümummilli Lider fəaliyyətinin bütün məqamlarında qaçılmaz ziddiyyətlərin daim aradan qaldırılmasını, ən azından minimum səviyyəyə endirilməsini ən optimal variantlardan biri sayır və bununla bağlı baxışlarını bölüşürdü.

Bu, cəmiyyəti ancaq evolyusiya ilə tərəqqiyə yönəltmək yolunun maarifçilikdən keçməsini şərtləndirən ən klassik formuldur. Bu, həmçinin həmin fəlsəfi sistemlər toplusunun formalaşdırdığı dünyagörüşün nəticəsi idi ki, XX əsrin 70-ci illərindən Heydər Əliyevin şəxsində dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.

AZƏRTAC xəbər verir ki, təcrübəli müəllim olmaqla bərabər, həm də bugünkü Azərbaycan dilçilik məktəbinin məhsuldar nümayəndələrindən biri olan filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın Ümummilli Liderimizin çoxşaxəli fəaliyyətində konkret bir sahəni - böyük dövlət xadiminin Azərbaycan dilinin qorunması və inkişafı, ədəbiyyat və incəsənətə, elə həmin kontekstdən, ədəbiyyat və incəsənət xadimlərinə diqqət və qayğısı, gəncliyin hərtərəfli şəxsiyyət kimi formalaşması işində mühüm yerlərdən birini tutan təhsilə strateji məsələ kimi baxmasını şərtləndirən amilləri araşdırmaya cəlb etməsi başadüşüləndir. Mahirə Hüseynovanın dərin təhlilə əsaslanaraq çıxardığı nəticələr inandırıcıdır. M.Hüseynovanın müəllifi olduğu “Missiya” kitabının hər bir səhifəsi üçün xarakterik olan bu inandırıcılıq onun oxucularının təsəvvüründə Heydər Əliyevin dolğun portretini yaratmağa imkan verir.

Ulu öndər Heydər Əliyev o fenomenal şəxsiyyətlərdəndir ki, fəaliyyət arealı, keçdiyi həyat yolu və bu yolun sosial-siyasi məcmusu təkcə müasirlərini deyil, gələcək nəsilləri də özünə çəkib, çəkəcək və bu fəaliyyətin məzmununu dərindən öyrənmək tələbatı yaradacaq.

Bu, yalnız zəngin olduğu qədər də parlaq ömür missiyasını Vətəninə və xalqına xidməti ilə Ümummilli Lider səviyyəsinə qədər yüksələn şəxsiyyətin cazibəsi ilə izah olunmur. Bu, təkcə bir əsrdə, müxtəlif zaman və məkanlarda dəfələrlə soyqırımına və deportasiyalara məruz qalan, Rusiya imperiyasının, həmçinin ideoloji antaqonizmlərə baxmayaraq, imperiya ambisiyalarına görə onun xələfi hesab edilən SSRİ-nin dağılması ərəfəsində öz dövlət müstəqilliyini bərpa etmiş xalqın tarixinə daha yaxından bələd olmaq istəyindən bəhrələnən təbii maraqdan yaranan tələbatdır. Ona görədir ki, illər ötdükcə bütün zamanların nadir şəxsiyyəti Ümummilli Liderimizi, onun nadir, parlaq dövlətçilik məharətini, siyasi uzaqgörənliyini öyrənən gəncliyimiz üçün Azərbaycan dili və ədəbiyyatının, incəsənət və mədəniyyətinin hamisi olan Heydər Əliyevin irsi xüsusilə cəlbedici olacaqdır.

Ümummilli liderimizin bütün məsələlərə, o cümlədən Azərbaycan dilinin və ədəbiyyatının öyrənilməsi məsələsinə tarixi bağlılıq və ənənəvilik prinsipi prizmasından baxırdı. O hesab edirdi ki, gələcək inkişafın yolu məhz həmin prizmalar üzrə baxışlardan keçir.

Müəllif, sadəcə olaraq, tədqiqata cəlb etdiyi, zamanında aktual göründüyü kimi bu gün, elə sabah da aktual olacağı şübhə doğurmayan faktları təqdim edir. Kitabı oxuduqca bir neçə illik gərgin zəhmətin, Ümummilli Liderin 32 illik çıxış və məruzələrinin, məqalə və müsahibələrinin dönə-dönə, diqqətlə araşdırılmasının M. Hüseynovaya Ulu Öndərin dövlətçilik fəlsəfəsini dərindən dərk etmək imkanı verdiyinə əmin olursan.

Tarixdə həmişə belə olub. Mənsub olduğu xalqın taleyində söz sahibi olanlar, onu zamanın ağır sınaqlarından çıxaran şəxsiyyətlər illər keçəndən, həmin təlatümlü və taleyüklü məqamlar adlanılandan sonra həqiqi qiymətlərini alırlar. Bu qiymətdə o şəxsiyyətlərin fəaliyyət miqyası ilə yanaşı, həmin fəaliyyətin nəticələri, mövcud ictimai-siyasi vəziyyətin dəyişilməz kimi görünən məcrasının istiqaməti bir daha bəlli olur. Buna görədir ki, filologiya elmləri doktoru Mahirə Hüseynovanın tədqiqata cəlb etdiyi sahələr üzrə təqdim etdiyi statistik məlumatların arxasında böyük dövlət adamının gərgin fəaliyyəti aydın görünür.

O fəaliyyətin və millətin gələcəyi qarşısındakı şəxsi məsuliyyətin, azərbaycançılıq strategiyasının parlaq nümunələri Ümummilli Liderin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişinin ilk aylarında açıq-aydın görünür. Bu, gəncliyin formalaşmasında, cəmiyyətin mütərəqqi istiqamətdə köklənməsində ədəbiyyatın və ədəbiyyat xadimlərinin oynadığı, oynaya biləcəyi rola verilən qiymətdə özünü göstərir. Bu baxımdan Heydər Əliyevin gəncliyin tərbiyəsi ilə bağlı dediyi ibrətamiz fikirləri xatırladan müəllif ancaq böyük siyasi xadim və dövlət adamının deyil, həmçinin oxucusunun təsəvvüründə gələcəklə bağlı narahatlığını ifadə edən mütəfəkkirin dolğun obrazını canlandırır.

Buna görədir ki, müəllif ulu öndər Heydər Əliyevin 1972-ci ilin iyun ayında yazıçılarla görüşündə onları cəmiyyət qarşısında məsuliyyətə səsləyən fikrinin üzərində xüsusi olaraq dayanır: “Yazıçılarımız öz sələflərinin işini davam etdirməlidirlər”.

Bu, geniş erudisiyanın və zəngin dünyagörüşün ədəbiyyat qarşısında dayanan başlıca vəzifələrin nədən ibarət olduğu ilə bağlı çıxardığı nəticədir. Ümummilli Liderin nümunə kimi göstərdiyi sələflər Azərbaycanın ictimai məfkurəsinin sərhədlərini göstərən, xalqı ətrafda baş verən proseslərə qoşulmağa imkan verməyən ətalətdən xilas olmağa çağıran Mirzə Fətəli Axundov, milli hisslərin milli şüura çevrilməsi üçün yollar axtaran və buna təşviqin yollarından birini milli mətbuatın yaranmasında görən Həsən bəy Zərdabi, “göz yaşları içindəki qəhqəhələr”lə xalqını cəhalətdən uzaqlaşdırmağa çalışan Cəlil Məmmədquluzadə, “qanma!” deyilərkən “Məni məzur tut, böyləcə təklifi unut. Olurmu insan olmaq və qanmamaq?!” sualını verən Mirzə Ələkbər Sabir, komediyaları və felyetonları ilə insanlarımızı yeniliyə səsləyən Üzeyir Hacıbəyov, 20-21 yaşlı Qori Müəllimlər Seminariyasının məzunu, milli fəlakətlərimizin başlıca hərəkətverici qüvvəsini “Nadanlıq”da göstərən Nəriman Nərimanov və digər parlaq şəxsiyyətlər idilər.

Ümummilli Lider öz müasiri olan yaradıcı insanları böyük məktəbin ənənələrini davam etdirməyə səsləyirdi. Bu, böyük vətənpərvərin Azərbaycanda istər birinci, istərsə də ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra, dövlət müstəqilliyinin daha kövrək məqamlarında, ərazisinin 20 faizindən çoxunun Ermənistan silahlı birləşmələrinin işğalı altında olduğu, ölkə əhalisinin 1 milyondan nəfərdən çoxunun məcburi köçkünə çevrildiyi zamanlarda təxirəsalınmaz problemlərdən biri kimi qaldırdığı məsələlərdən idi. Bunun hansı zərurətdən yarandığını Ümummilli Liderin 1995-ci il aprelin 16-da ziyalılarla görüşündə bir daha xatırlandığına diqqət çəkən Mahirə Hüseynova həmin görüşdəki çıxışı xatırladır: “Xalq həmişə mədəniyyəti ilə, elmi ilə tanınıb və keçmiş tariximiz də bunu sübut edir. Buna heç kəsin də şübhəsi yoxdur. Mədəniyyətimizi, ədəbiyyatımızı, incəsənətimizi nə qədər yüksəltsək, onun hörmətini, ziyalının hörmətini nə qədər qaldırsaq, o qədər də bu bəlalardan, çətinliklərdən, cəmiyyətimizdə olan bu mənfi cəhətlərdən tez xilas ola bilərik”.

“Missiya”nın müəllifi parlaq zəka və dərin təfəkkürün mahiyyətindən doğan fikirləri qırmızı xətlə təqdim etməyə xüsusi önəm verir. Onun böyük zəhmət və gərgin əməklə seçdiyi sitatlarda kitabın əsas qəhrəmanı Heydər Əliyevin tərəfindən ürək yanğısı ilə ifadə olunan fikirlər böyük dövlət xadiminin portretində əsas ştrixlərdən biri kimi yadda qalır. Mahirə Hüseynova hər məqamda öz yazı manerasına sadiqdir və bu manerada seçilmiş fikirləri ifadə edən sözlər rəssam akvarelinə bənzəyir. Müəllif milli psixologiya, milli ideologiyanın formalaşmağa başlamağının, bir sistem şəklində olmadığını bəyan edən Ümummilli Liderin mövcud vəziyyəti görüb qiymətləndirən, yaranmış vəziyyətdə ən optimal qərarlar qəbul edən siyasətçinin obrazını da seçdiyi fikirlərlə təqdim edir: “Bizim mütəfəkkir insanlarımız, şəxsiyyətlərimiz, böyük alimlərimiz, yazıçılarımız məhz bununla fəxr edirlər ki, onlar xalqın içindən çıxaraq, böyük mədəniyyət, ədəbiyyat, şeir nümunələri yaradaraq xalqı oyadıb, qaldırıb və mübarizəyə dəvət ediblər”.

M. Hüseynovanın portret cizgilərini təqdim etdiyi Heydər Əliyev obrazının oxucular üçün tanış və doğma olduğunu bilərək, istedadın və analitik təfəkkürün açdığı mənzərələrin fonunda yeni ştrixləri ilə təqdim olunan rəhbərin özünəməxsusluğu ilə diqqəti çəkən keyfiyyətləri qabarıqdır. Bu cəhətdən Mahirə Hüseynovanın 1995-ci il fevralın 5-də İncəsənət Muzeyində hüdudsuz görünən istedadı ilə sərhədlər tanımayan, öz parlaq və ecazkar musiqisi ilə xalqını və Azərbaycanı təmsil edən bəstəkar Arif Məlikovun müəllif gecəsində Heydər Əliyevin çıxışını təhlil etməsi müəllifin maraqlı yaradıcılıq priyomlarından biri kimi diqqəti cəlb edir. Müəllif oxucusunun diqqətini dünya siyasi elitasının tanıdığı və birmənalı qəbul etdiyi dövlət xadiminin geniş dünyagörüşü, erudisiyası ilə bərabər, xalqını və onun keçmişini, min illər ərzində yaratdığı mədəniyyət nümunələrini nə qədər dərindən sevdiyinə yönəldir, xalqının adı ilə dünya mədəniyyətinə töhfələr vermiş insanlarımıza, onların istedadına hörmət və ehtiramını ifadə edir: “1986-cı ildə böyük tədbir vardı. O tədbirin sonunda Böyük Teatrın yeni mövsümünün açılışı münasibətilə Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti Yuri Qriqoroviçin quruluşunda təqdim edilirdi. Mən orada iştirakımdan həm sevinir, həm həzz alır, həm də fəxr edirdim”.

“Missiya”da yer alan oxşar səhnələr kifayət qədərdir. Bu səhnələrin hər biri müəllifin təhlilləri ilə müşayiət olunaraq oxucusunun Heydər Əliyev şəxsiyyətinin müəyyən qatlarına nüfuz etməsinə imkan yaradır, obrazın bütövlüyü, ən çətin və mürəkkəb məqamlarda optimal qərarlar qəbul etməsini şərtləndirən amillərin geniş spektri görünür. Kitabda belə məqamların biri Ümummilli Liderin şəxsi və siyasi həyatının növbəti burulğanlı anlarında təqdim olunur. Bu, keçmiş SSRİ-nin sonuncu rəhbəri, öz avantürist “yenidənqurma”sı ilə ictimai, daha sonra siyasi təlatümlərin kinetik enerjisi funksiyasını yerinə yetirən Mixail Qorbaçovun intriqaları nəticəsində SSRİ Nazirlər Soveti sədrinin I müavinliyi və Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosu üzvlüyündən istefa verəndən sonra Azərbaycanın ozamankı siyasi rəhbərliyi tərəfindən qurub-yaratdığı Bakı şəhərində yaşamaq istəyi normal qarşılanmayan, bu səbəbdən Naxçıvana sığınan Heydər Əliyevin tarixi köklərə nə qədər bağlı olduğunu yenidən təsdiq edir. Müəllif həmin epizodu dünyamiqyaslı siyasi xadimin Naxçıvan Ali Məclisinin Sədri olduğu illərdə təkcə Azərbaycan deyil, dünya ədəbiyyatının azman nümayəndələrindən olan Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyi ilə bağlı tədbirdə müşahidə edir, Hüseyn Cavidi yetişdirən mənəvi köklərdən söhbət açır: “Bu mənəviyyat mənbəyi də bizim mədəniyyətimizdədir, bizim ali köklərimizdədir, bizim əbədiyyətimizdədir, bizim mənəviyyat, mədəniyyət xəzinəmizdədir”.

Professor hər məqamda Ümummilli Liderin mənəvi normalara nə qədər sadiq olduğunu, həyatının hər məqamında o normaları özünün yol xəritəsində başlıca amil hesab etdiyini görür. Bu, keşməkeşli həyat yolu keçən, dəyişən ictimai-siyasi formasiyalarda millətinə və Vətəninə sevgisi dəyişməyən Nəriman Nərimanova münasibətində daha qabarıq müşahidə edilir.

Zamanın canlı ovqatını yaratmaq, Nəriman Nərimanovun ozamankı reabilitasiyasının əhəmiyyətini göstərmək üçün müəllifin Nərimanovun “Oğlum Nəcəfə məktub”unu, əslində, gələcək nəsillərə vəsiyyətini təhlil etməsi Ümummilli Liderin nəyə görə öz siyasi karyerasını riskə qoyaraq görkəmli ədəbiyyat və dövlət xadiminin müdafiəsinə qalxmasını göstərmək üçün yazı maneralarından biri kimi maraqlıdır.

“Missiya” kitabını oxuduqca müəllifin həyat missiyasında gənclərin və təkcə gənclərin deyil, gələcəyimizin taleyi hesab olunan insanların hərtərəfli yetişdirilməsi işində məktəbin məsuliyyətini xatırladan Ulu Öndərin titanik əməyi ilə tanış oluruq.

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci mərhələdə fəaliyyətinin ən mühüm istiqamətlərindən biri, bəlkə də birincisi onun Azərbaycan dilinə müstəsna sevgisinin təzahürü olan qayğısı, xalqının mənliyi, milli şüurun, mentalitetinin qorunması sahəsində atdığı addımlardır. Böyük siyasi xadim və dövlət adamının şəxsi nümunəsində açıq-aydın görünən o möhtəşəm missiyanı özü belə ifadə edir, müasiri olan ziyalılara, xalqının gələcəyi üçün məsuliyyət daşıyan və daşımalı olan şəxslərə üz tutaraq deyirdi: “Öz dilini inkişaf etdirən alim, müəllim, öz tarixini yazan, inkişaf etdirən, tarixini əks etdirən, öz mənəviyyatını araşdıran, təhlil edən və ümumiləşdirən, xalqına yüksək səviyyədə çatdıran alim - onlar hamısı birlikdə öz xalqının, millətinin, milli şüurunun, milli ruhunun, vətənpərvərlik ruhunun inkişaf etməsinə, irəli getməsinə xidmət göstərir”.

“Missiya”da, həmçinin Ümummilli Liderin Azərbaycan dilinin sağlamlığının qorunması, onun inkişaf strategiyasının uzunmüddətli bir zaman üçün hesablanaraq dövlət siyasəti səviyyəsinə qaldırılması məsələsinə geniş yer ayrılıb.

Əlbəttə, söhbət ondan getmir ki, Heydər Əliyev hakimiyyətə gələndən az sonra indiki Bakı Dövlət Universitetinin 50 illik yubileyindəki çıxışını Azərbaycan dilində edərək respublikada yeni ənənənin əsasını qoydu. 1973-cü ildə ali məktəblər üçün dərs vəsaiti kimi nəzərdə tutulan “Müasir Azərbaycan dili. Morfologiya” kitabının Azərbaycan SSR Dövlət Mükafatına layiq görülməsi, həmçinin bu sahədə kompleks tədbirlərin aparılması uzunömürlü strategiyadan xəbər verirdi. Ona görə də 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi hazırlanaraq ümumxalq müzakirəsinə verilərkən diqqətli müşahidəçilər o strategiyaya aid müəyyən elementlərin bu layihədə yer alacağına əmin idilər. Müzakirələr bitdikdən sonra ölkənin Ali Sovetinin sessiyasında Konstitusiya Komissiyasının Sədri Heydər Əliyev “Azərbaycan Konstitusiyasının (Əsas Qanunun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunları haqqında” məruzə ilə çıxış etdi. Məruzədə diqqətçəkən məqamlardan biri ondan ibarət idi ki, Əsas Qanunun təməl prinsipləri arasında respublikanın milli, tarixi xüsusiyyətləri ilə bərabər, Azərbaycan dilinin dövlət dili statusunun da yer alması heyrətamiz faktlardan biri oldu. Ümummilli Liderin şəxsi təşəbbüsü və qətiyyətli, inandırıcı məntiqi nəticəsində Konstitusiyanın 73-cü maddəsində yazılırdı: “Azərbaycanın dövlət dili Azərbaycan dilidir”.

Ölkənin Konstitusiyasında ana dilinin dövlət dili kimi təsbit olunması təkcə Sovet İttifaqında deyil, elə ölkə daxilində də sanki ildırım effekti yaratdı. Xatırlatmaq yerinə düşər ki, SSRİ respublikalarının böyük əksəriyyəti üçün əlçatmaz görünən bu hadisə bilavasitə Heydər Əliyev cəsarətinin gerçəkliyi kimi tariximizə yazıldı. Aradan 17 il keçəndən sonra - 1995-ci ilin oktyabrında, müstəqil Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev artıq suveren dövlətin, Azərbaycan Respublikası Konstitusiya Komissiyasının Sədri kimi, komissiya iclaslarının birində tarixə dönən o günləri yada salır, həmin 73-cü maddəni nəzərdə tutaraq deyirdi: “Bu maddə Moskvada çox böyük etiraza səbəb oldu. Mən Sovetlər İttifaqının, Kommunist Partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu da öz Konstitusiyamıza yazmalıyıq və yazacağıq”.

“Missiya”da, həmçinin mahir siyasətçi və dövlət adamının müxtəlif zamanlarda keçmiş SSRİ-nin ən oxunaqlı, yüksək tirajlı kütləvi informasiya vasitələrindəki yazılarına, verdiyi müsahibələrdə ədəbiyyatın böyük missiyası ilə bağlı baxışlarına geniş yer verilir. Bu cəhətdən ümummilli liderin “Qoy ədalət zəfər çalsın” sərlövhəsi ilə “Literaturnaya qazeta”nın 18 noyabr 1981-ci il tarixli nömrəsində çap olunan müsahibəsinə diqqətin yönəldilməsi də maraqlıdır. Jurnalistin “Heydər Əliyeviç, axı məlum bir aforizmdə "Tanrı dahilərin övladlarını dahi xəlq eləməyib" deyilsə də, ziyalı nəsilləri həmişə olmuşdur və olacaqdır” sualına Heydər Əliyevin cavabı həm də ona görə maraqlıdır ki, həmin cavab bütün zamanların ictimai-siyasi formasiyasından asılı olmayaraq bütün cəmiyyətlər üçün aktual olaraq qalacaqdır: “Ziyalını səciyyələndirən ən əvvəl nədir? Ali təhsil diplomu? Elmlər namizədi, doktorluq diplomu? Zənnimcə, yox. Ziyalının başlıca keyfiyyəti cəmiyyətə fədakarlıqla xidmət etməkdir”.

“Missiya” kitabını Heydər Əliyevin ömür yolu haqqında mükəmməl əsərlərdən biri hesab etmək olar. Səmimi etiraf edək ki, filologiya üzrə elmlər doktoru professor Mahirə Hüseynovanın əsərində Ümummilli Liderin istər Azərbaycana birinci rəhbərlik dövrü, istərsə də Qurtuluşa gedən yolu faktların dili ilə kifayət qədər canlı təqdim olunmuşdur. Kitabdakı ayrıca bölmə, Ulu Öndərin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildən bəri fəaliyyətindəki həyati əhəmiyyətli işlərin xatırlanması isə sələflər və xələflər arasında tellərin möhkəmliyindən xəbər verir.

O bağlılığın təzahürlərindən birini nəinki Azərbaycan xalqı, bütün dünya 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olarkən gördü. Ümummilli Liderin xatirəsinə ehtiramlarını ifadə etdikdən sonra Şəhidlər xiyabanına gələn Prezident İlham elə buradan xalqına müraciət edərək dedi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

banner

Oxşar Xəbərlər