Mismarından taxtasına qədər bahalaşan bazar - ARAŞDIRMA
Mütəxəssislər
deyir ki, tikinti materiallarını başqa ölkələrdən idxal etdiyimiz üçün həmin məhsullar
bütün dünyada bahalaşdığından, bizim bazarda da artım var
Hər sahədə
olduğu kimi, tikinti materialları bazarında da sürətli qiymət artımı davam edir.
Ötən ilin payızından başlanan bahalaşma son 2 ayda daha da kəskinləşib. Son
aylarda qiymət artımı, əsasən, taxta və digər ağac materialları, gips,
boyalarda, üzləyici materiallarda müşahidə olunur. Xüsusilə, ağacdan hazırlanan
tikinti materiallarının qiyməti ötən illə müqayisədə 2 dəfəyə yaxın artıb.
Bəs tikinti
materiallarının bahalaşmasının uzun müddət davam etməsinə səbəb nədir? İnşaat
malları sektorundakı qiymət artımları daşınmaz əmlak bazarına da təsir edir?
Dünya
bazarlarının təsiri
Millət vəkili
Azər Badamov deyir ki, ölkəmizdə
tikinti malları bazarındakı bahalaşma dünyadakı qiymətlərlə əlaqədardır: "Bahalaşma
təkcə tikinti sektorunda yox, digər sahələrdə də mövcuddur. Bütün istiqamətlərdə
müəyyən qədər qiymət artımı müşahidə olunur. Təkcə Azərbaycanda deyil, əksər
ölkələrdə mal və məhsulların qiymətində bahalaşmalar mövcuddur. Tikinti materiallarını başqa ölkələrdən idxal etdiyimiz
üçün dünyada həmin məhsullar bahalaşdığından, bizim bazarlarda da artımlar öz əksini
tapır”.
Gələn il bahalaşma
olmayacaq?
A.Badamov gələn il üçün bahalaşma olacağını düşünmür: "Çünki əksər ölkələrin
iqtisadiyyatında pandemiya ilə bağlı azalmalar olub. Bu ölkələr bazarlarını
nizamlamaq üçün müəyyən tədbirlər görürlər. Bu tədbirlər qiymətlərdə artımların
olmasına gətirib çıxarıb. Həmçinin, ölkələr öz iqtisadiyyatlarını ilin sonuna qədər
nizamlayırlar. Hər il yenidən nizamlanmış iqtisadiyyatları ilə bazarlara mal və
məhsullar təqdim edirlər. Beynəlxalq ekspertlərin açıqlamalarında da gələn il
dünya iqtisadiyyatında stabilləşmə olacağı qeyd olunur”.
Bir-biri
ilə bağlı bazar
A.Badamovun
sözlərinə görə, tikinti materialları bazarındakı bahalaşma zəncirvari prosesdir:
"Hər bir mal-materialın bahalaşması digər məhsulların da qiymətlərinə öz təsirini
göstərir. Məsələn, gətirilən taxtanın qiymətinin artması tikinti bazarında da,
binaların maya dəyərində də görünür. Ona görə də, tikinti bazarındakı qiymətlərə
təsiri təbii hesab edirəm”.
Yeni
formada alınan vergi
Daşınmaz əmlak
və inşaat üzrə ekspert Elnur Azadov deyir ki, tikinti bazarındakı bahalaşmanın səbəblərindən
biri vergiləri ödəmə üsulunun dəyişməsidir: "Tikinti şirkətləri 2020-ci ildən
vergiyə yeni forma ilə cəlb olunurlar. Artıq qara bazardan inşaat materiallarını
nağd almaq sərf etmir deyə, köçürmə ilə ödəniş edirlər. 18 faiz ƏDV və digər
köçürmə xərcləri ilə üzləşirlər. Bu, həm inşaat materialları satışında maya dəyərinə
təsir edir, həm də qiymət fərqi yaradır”.
"Qiymət
artımı qaçılmazdır”
E.Azadov
bildirir ki, bahalaşma gələcək illərdə də olacaq: "Qiymət artımı qaçılmazdır. Bunun
bir çox səbəbləri var. Onlardan biri işğaldan azad olunmuş ərazilərdə inşaat
işlərinin aparılmasıdır. Tikinti materialları istehsal edən şirkətlər görəcək
ki, tələbat çoxalıb, məhsul satılır, qiymətləri qaldıracaqlar. Rəqabət olsa da,
tələbat var deyə, qiymətləri bahalaşdıracaqlar”.
Materiallar
da bahalaşır, əmlak da
E.Azadovun
sözlərinə görə, tikinti bazarındakı bahalaşma mənzil qiymətlərinə də təsirsiz
ötüşməyəcək: "Bahalaşma olan yerdə tikinti şirkətlərinin satdığı mənzillərin də
qiymətində artım gözlənilir. Müşahidə etsək, görərik ki, son bir ildə yeni
layihələrə başlayan tikinti şirkətləri qiymətləri 15-20 faiz artırıblar. Ona
görə ki, materialların maya dəyəri əvvəlkindən 15-20 faiz bahadır. Əvvəldən
tikinti sektoruna investisiya yatırıb, köhnə qiymətlərlə inşaat materialları
alıb vergisini ödəyən şirkətə əmlak daha ucuz başa gəlir. Ona görə də, tikinti
şirkətləri ilə fərdi şəxslərin satdığı mənzillərin qiymətləri arasında 5-10
faiz fərq olur”.
Zərif
Salmanlı