• çərşənbə, 24 Iyul, 23:39
  • Baku Bakı 30°C

Minalar məskunlaşmaya əsas maneədir

01.06.24 04:21 2237
Minalar məskunlaşmaya əsas maneədir

Elçin Əmirbəyov: “Azərbaycan minalarla çirklənmiş ölkələr arasında ilk beşlikdə dayanır. 2020-ci ildən bəri 361 Azərbaycan vətəndaşı mina qurbanı olub. Mina problemi o qədər böyükdür ki, bu prosesi yekunlaşdırmaq illər alacaq”.

“Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransının ikinci günündə bir sıra panel müzakirələr təşkil olunub. "Report" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə keçirilib. Konfransın birinci günü Zəngilanda baş tutmuşdu.

"Yaşıl" gələcək yaratmağa çalışırıq

Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib ki, bu ilin sonuna kimi 20 min keçmiş məcburi köçkün yurdlarına köçürüləcək: “Bugünkü konfransın şüarında deyildiyi kimi, biz minanın ətraf mühitə təsirini azaltmağa, təhlükəsiz və "yaşıl" gələcək yaratmağa çalışırıq. Mina fəaliyyətləri xüsusilə münaqişədən sonra çox vacib fəaliyyətdir. İşğaldan azad edilmiş ərazilərdə böyük yenidənqurma işləri həyata keçirilir və onların hamısı sıfırdan başlayıb. Dünən (mayın 30-da – red.) siz gördünüz ki, sakinlər sıfırdan öz həyatlarına başlayıblar. Ümumilikdə 800 minə yaxın keçmiş məcburi köçkünün öz yurdlarına qayıtması üçün işlər sürətlə davam edir. 20 min keçmiş məcburi köçkün bu ilin sonuna kimi yurdlarına köçürüləcək, ümumilikdə 9 şəhər yenidən qurulacaq. 2021-ci ildən bəri bərpa və yenidənqurma işlərinə təxminən 7 milyard ABŞ dolları yatırılıb”.

Vəziyyəti çətinləşdirən amil

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vurğulayıb ki, Ermənistanın mina xəritələrini verməkdən imtinası vəziyyəti çətinləşdirir: “Azərbaycan görüləcək işlərlə bağlı üzərinə öhdəlik götürüb. Ümid edirik ki, Ermənistan da bu öhdəlikləri anlayır. Keçmiş məcburi köçkünlərin yurdlarına qaytarılması gecikir, çünki Azərbaycan minalarla çirklənmiş ölkələr arasında ilk beşlikdə dayanır. 2020-ci ildən bəri 361 Azərbaycan vətəndaşı mina qurbanı olub. Mina problemi o qədər böyükdür ki, bu prosesi yekunlaşdırmaq illər alacaq. Amma bu gün yüksək avadanlıqlarla təchiz olunmuş ANAMA kimi bir qurumumuzun olduğunu qürurla deyə bilərik. Bu konfransın yükün bölüşdürülməsində beynəlxalq ictimaiyyətin iştirakına imkan verəcəyinə ümid edirik".

E.Əmirbəyov əlavə edib ki, belə vacib məsələdə beynəlxalq ictimaiyyətlə birlikdə fəaliyyət göstərilməlidir. O, BMT-yə mina fəaliyyətində iştirakına və uzunmüddətli əməkdaşlığa görə təşəkkür edib: "Mayın 30-da niyyət sazişi imzalandı. Bu, bilik mübadiləsi üçün çox böyük haba çevriləcək. Mən bütün beynəlxalq tərəfdaşlarımıza minatəmizləmədəki rollarına görə təşəkkür edirəm".

BMT nümayəndəsindən Azərbaycana təşəkkür

Tədbirdə BMT-nin Sülh Əməliyyatları Departamentində Qanunun aliliyi və təhlükəsizlik institutları üzrə baş katibin köməkçisi Aleksandr Zuyevin konfrans iştirakçılarına videomüraciəti də səsləndirilib. O qeyd edib ki, ətraf mühit amilləri milli fəaliyyət planları ilə uyğunlaşdırılmalıdır. Beynəlxalq mina fəaliyyətləri standartlarının yenilənməsi bu yaxınlarda dərc olunacaq.

A.Zuyev Azərbaycan hökumətinə ətraf mühiti qorumaq üçün göstərdiyi səylərinə, xüsusilə mina fəaliyyətini 18-ci Dayanıqlı İnkişaf Məqsədi (DİM) kimi təqdim etdiyinə görə təşəkkür edib: “Azərbaycanın COP29-a ev sahibliyi etməsi də bu sahədə işlər görməkdə maraqlı olduğunu göstərir. BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyevanın rəhbərliyi altında görülən işləri yüksək qiymətləndirirəm. Gəlin, bu görüşdən katalizator kimi istifadə edək və daha çox yaşıl gələcək üçün çalışaq”.

 

banner

Oxşar Xəbərlər