Milyonları milyarda necə çatdırmalı? - ARAŞDIRMA
Ekspertlərin
fikrincə, kənd təsərrüfatı məhsullarının MDB bazarından asılılığının aradan
qaldırılması, Avropa və Körfəz bazarlarına çıxış imkanlarının genişləndirilməsi
olduqca vacibdir. Bir sıra kənd təsərrüfatı məhsullarının istehsalında nəticəyə
əsaslanan subsidiya mexanizminin tətbiqinə də ehtiyac var.
Dövlət
Gömrük Komitəsinin (DGK) açıqladığı məlumata görə, 2021-ci ildə Azərbaycandan630milyon368
min dollarlıq meyvə-tərəvəz məhsulları ixrac edilib. Həmin məhsullar arasında
pomidor, xurma və fındıq hər biri 100 milyon dollardan çox valyuta gətirib. Kənd
təsərrüfatı standartlarını nəzərə alsaq, bunu böyük nəticə, yaxşı göstərici hesab
etmək olarmı? Real bazar varsa, meyvə-tərəvəz məhsulları ölkəyə valyuta, fermerə
yaxşı gəlir gətirirsə, dövlət daha nə cür dəstək verməlidir ki, ixrac və gəlir
bir qədər də artsın? Növbəti hədəfimiz nə olmalıdır?
Tələbat daim artır
Mövzu ilə bağlı Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovbildirdi ki, Azərbaycanın
ixrac etdiyi kənd təsərrüfatı məhsulları ümumi aqrar potensialımızı tam ifadə
etmir. Millət vəkilinin sözlərinə görə, ölkəmizin potensialı hazırkı göstəricidən
böyükdür və kənd təsərrüfatı məhsullarının daha çox ixrac imkanları var: "Azərbaycanın
hədəfi yalnız MDB-yə deyil, inkişaf etmiş ölkələrin bazarlarına da kənd təsərrüfatı
məhsulları çıxarmaqdan, ixracı artırmaqdan ibarətdir. Bu, ölkəyə valyutanın
daxil olması imkanı yaratmaqla yanaşı, fermerlərin gəlirlərinin artmasına səbəb
olur. Belə bir fonda həm daxili tələbatın ödənməsi, həm də ixracatın genişləndirilməsi
vacibdir. Nəzərə alaq ki, ötən il dünya bazarında ərzaq məhsullarının qiyməti
38, taxılın qiyməti 45 faiz artıb. Bu ondan xəbər verir ki, daxili tələbatın ödənməsi
də kifayət qədər prioritetdir. Dünya bazarında 2025-ci ilə qədər bütünlüklə ərzaq
məhsullarına tələbatın ödənməsi baxımdan çətinlik olacağı istisna edilmir.
Çünki gündəlik tələbat daim artır. Bu, qlobal bazarda tələb və təklif arasında
disbalans yarada bilər”.
İstehsal və qablaşdırma
İqtisadçı deputat qeyd etdi ki, Azərbaycanda kənd təsərrüfatı
sahəsində yeni standartların təkmilləşdirilməsinə, həmçinin fermerlər tərəfindən
Avropa İttifaqının, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun şəkildə
məhsulların istehsal edilməsinə və qablaşdırılmasına ehtiyac var: "İkinci vacib
məqam bazarların diversifikasiyasıdır. Bu kontekstdə MDB bazarından asılılığın
aradan qaldırılması, Avropa və Körfəz bazarlarına çıxış imkanlarının genişləndirilməsi
olduqca vacibdir. Bu, qeyri-neft məhsulları ixracının dayanıqlılığı baxımından əhəmiyyət
daşıyır. Bir sıra kənd təsərrüfatı məhsullarının istehsalında nəticəyə əsaslanan
subsidiya mexanizminin tətbiqinə ehtiyac var. Xüsusən taxıl istehsalında bunun
edilməsi mümkündür. Bu, fermerlərin məhsul istehsalını stimullaşdıra bilər. Son
dövrlər gübrənin qiymətində artımlar müşahidə olunur. Bu da məhsuldarlığa təsir
göstərən faktdır. Məhz bu səbəbdən subsidiya qiymətlərinə yenidən baxılması,
müasir qiymətlərə uyğunlaşdırılması daha məqsədəuyğun olardı. Bütövlükdə
potensial böyükdür və daha ünvanlı, sistemli tədbirlərin həyata keçirilməsi,
genişləndirilməsi Azərbaycanın aqrar ixracatının daha da yüksəlməsinə gətirib
çıxara bilər”.
Hökumət qarşısında qoyulan tapşırıqlar
Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin digər üzvü Vahid Əhmədovhesab edir ki, Prezident İlham Əliyevin hökumət
qarşısında qoyduğu bir sıra tapşırıqlara uyğun olaraq, Azərbaycanda kənd təsərrüfatı
məhsulları istehsalının beynəlxalq standartlara uyğunlaşdırılması,
qablaşdırılması və sair istiqamətdə işlər görülüb. Deputatın fikrincə, məhz bu
işlərin nəticəsi olaraq ötən il bəzi kənd təsərrüfatı məhsullarının ixracı
kifayət qədər yüksək olub: "2020-ci ildən bu yana biz bu müsbət prosesi izləyirik.
Şübhə etmirəm ki, 2022-ci ildə də pomidor, fındıq, xurma və sair kimi kənd təsərrüfatı
məhsullarının ixracı yüksək olacaq. Nəzərə alaq ki, ölkədə həm ümumi daxili məhsulda,
həm də kənd təsərrüfat məhsullarının istehsalında artım var. Bu gün daxili
bazara çıxarılan kənd təsərrüfatı məhsullarının keyfiyyətində, xarici
görünüşündə, qablaşdırılmasında müsbətə doğru ciddi dəyişikliklər var. Bu,
xüsusi əhəmiyyət daşıyır. Onu da nəzərə almalıyıq ki, xarici bazarda hər hansı
məhsul almaq istəyən şəxs, belə məqamlara böyük diqqət yetirir”.
Gələcək hədəflər
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar Tədqiqatlar
Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadəqəzetimizə açıqlamasında vurğuladı ki, DGK-nın
açıqladığı rəqəmlər kənd təsərrüfatı məhsullarının istehsalında və ixracındakı
artım dinamikasını göstərir. Onun sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatı
sahəsində əsas ixrac potensialını meyvə-tərəvəz məhsulları təşkil edir: "Artıq
bizim çəyirdəkli meyvələr, o cümlədən gilas, albalı, şaftalı kimi məhsulların
ixracı ənənəvi alma ixracının həcmini keçib. Bostan məhsulları ixracında da
yeni trend yaranıb. İlk dəfə ötən il böyük həcmdə bostan məhsulları, faraş
kartof ixrac olunub. Bütün bunlar dövlətin ayrı-ayrı sahələrə göstərdiyi müxtəlif
dəstəklər nəticəsində mümkün olub. Misal üçün, intensiv məhsuldar bağların
salınması üçün son 3 il ərzində yeni dəstək mexanizmi yaradılıb, subsidiyaların
məbləği artırılıb. Perspektivdə qarşıda duran əsas hədəf logistika
infrastrukturumuzu daha da inkişaf etdirməkdir. Soyuducu anbarların sayı
artırılmalı, əlavə çeşidləyici, daşıyıcı infrastruktur yaradılmalıdır. Faraş
meyvə-tərəvəz məhsullarının daşınması üçün soyuducu konteynerlərdən ibarət dəmir
yolu infrastrukturunun inkişaf etdirilməsi də qarşıda duran əsas vəzifələrdəndir”.
Rufik İSMAYILOV