• cümə, 29 Mart, 10:02
  • Baku Bakı 5°C

Milli Qurtuluş Günü - Azərbaycanı tərəqqi yoluna çıxaran tarixi hadisə

12.06.21 14:00 216
Milli Qurtuluş Günü - Azərbaycanı tərəqqi yoluna çıxaran tarixi hadisə
XX əsrdə ikinci dəfə müstəqillik əldə edən Azərbaycan xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində xaos və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoyub. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövr inkişaf və sabitlik illəri kimi yadda qalıb. Bu gün isə Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib.
Kaspi.az xəbər verir ki, bu fikirlər Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun "Milli Qurtuluş Günü - Azərbaycanı tərəqqi yoluna çıxaran tarixi hadisə” sərlövhəli məqaləsində yer alıb.
Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi
Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”.
Sirr deyil ki, müstəqilliyin ilk illərində Azərbaycan böhran və tənəzzül ilə qarşı-qarşıya idi. Həmin dövrdə hakimiyyəti qəsb etmiş AXC-Müsavat cütlüyü isə Azərbaycanı, sözün əsl mənasında, ayrı-ayrı xarici qüvvələrin "döyüş meydanı”na çevirmiş, ölkədə xaos və anarxiya idarəolunmaz həddə çatmışdı. Belə şəraitdə separatizm meyilləri baş qaldırmağa başlamışdı. Artıq ölkənin bir sıra ərazilərində - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda qanunsuz silahlı birliklər bölücü iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Məhz 1993-cü ilin 4 iyun hadisələri də belə bir şəraitdə baş verdi. Beləliklə, Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında idi.
Belə bir vəziyyətdə xalqımız 1993-cü ildə müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycan dövlətini xilas etmək üçün ümummilli lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə "rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Azərbaycanda davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub saxlamaq idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Ulu Öndər milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, Azərbaycan inkişaf yoluna qədəm qoydu.
Heç şübhəsiz, Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı qürur səhifəsini təşkil edir. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.
Ümummilli lider Heydər Əliyev Azərbaycanın real müstəqilliyini təmin edib
1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın böyük etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçilən ümummilli lider Heydər Əliyev milli maraqlara xidmət edən qərarları və addımları ilə ölkədə milli həmrəyliyi, sabitliyi və inkişafı təmin etdi. Xüsusi olaraq söyləmək yerinə düşər ki, bu seçkilər ölkədə keçirilmiş ilk demokratik prezident seçkiləri idi. 1993-cü il 10 oktyabr tarixində keçirilmiş andiçmə mərasimində ulu öndər Heydər Əliyev "Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”, - deyə qeyd etmişdi. Məhz bu cür oldu, Ümummilli Lider xalqın, dövlətin mənafeyini əks etdirən fəaliyyəti ilə ümidləri doğrultdu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və ölkəmizi xaosdan, hərc-mərclikdən, hətta müstəqilliyini itirmək təhlükəsindən xilas etməsi bugünkü uğurlarımızın əsasını təşkil edir. Ona görə də əminliklə qeyd edirik ki, Ümummilli Liderimiz Azərbaycanın real müstəqilliyini təmin edib.
Beləliklə, Azərbaycanın müstəqil və qüdrətli dövlət kimi inamlı inkişafını, tarixin ən çətin sınaqlarından uğurla çıxmasını təmin edən ulu öndər Heydər Əliyev, sözün əsl mənasında, xilaskar, qurucu lider rolunu oynadı. Nəticədə ötən dövrə nəzər saldıqda bir daha aydın olur ki, müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir.
Heydər Əliyev siyasəti qüdrətli Azərbaycanı yeni zirvələrə daşıyır
Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli lider yetişdirməsidir. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib.
Azərbaycan Ordusunun ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməsi, ərazi bütövlüyümüzün bərpa olunması isə zəngin dövlətçilik tariximizin ən qürurlu səhifəsidir. Tarixi ədalətin bərpa olunmasından sonra həm Azərbaycanın inkişafı, həm də bölgənin firavan gələcəyi üçün yeni perspektivlər yaranıb. Prezident İlham Əliyev ölkəmizin gələcəklə bağlı aydın baxışları olduğunu qeyd edib. Qarşıdakı dövrdə Azərbaycan, ilk növbədə, regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsi istiqamətində fəaliyyətini davam etdirəcək. Digər tərəfdən, münaqişənin həlli bölgəyə, o cümlədən Azərbaycana yeni iqtisadi canlanma, rifah və inkişaf vəd edir.
Heç şübhəsiz, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq, öz qüdrətini daha da artıracaq. Çünki ölkəmizin İlham Əliyev kimi qətiyyətli, güclü siyasi iradəyə malik, xalqının və dövlətinin maraqlarını əzmlə, cəsarətlə müdafiə edən dövlət başçısı var. Ən əsası, Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasətini tam dəstəkləyir, ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi hökm sürür.
banner

Oxşar Xəbərlər