• cümə, 19 Aprel, 15:27
  • Baku Bakı 25°C

Milli maraqlarımızın, təhlükəsizliyimizin və inkişafımızın təminatçısı

16.08.21 11:30 265
Milli maraqlarımızın, təhlükəsizliyimizin və inkişafımızın təminatçısı
Prezident İlham Əliyev yürütdüyü siyasətlə hər zaman Azərbaycan xalqının milli maraqlarını rəhbər tutaraq bütün gücünü onun ərazi bütövlüyünün təmin olunmasına, xalqının isə təhlükəsizlik və rifah içində yaşamasına çalışmaqla, bir tərəfdən xalqının ümidlərini doğruldursa, digər tərəfdən də atdığı hər addımda ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə davam etdirərək ata vəsiyyətini də yerinə yetirir. "Öldü var, döndü yoxdur” deyən Azərbaycan xalqı cəsarətli, qətiyyətli, vətənpərvər, müdrik diplomat və siyasi xadim olan Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızın azad olunması istiqamətində Qurtuluş savaşı boyunca sonadək öz Liderinə güvəndi və onu dəstəklədi. Xalqımız əmindir ki, dövlətimizin başçısı İlham Əliyev müharibədən sonra da xalqımızın maraqlarını rəhbər tutaraq atdığı hər addımı, verdiyi hər mesajı ilə Azərbaycanın təhlükəsizliyini təmin edir və uğur strategiyasını reallaşdırır.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.
Politoloq qeyd edib ki, 44 günlük Vətən müharibəsində olduğu kimi, informasiya cəbhəsinə də şəxsən rəhbərlik edən və bütün dünya ictimaiyyətini hadisələr barədə birbaşa özü məlumatlandıran Prezident İlham Əliyev bu ənənəsinə sadiq qalaraq, indi də bu istiqamətdə uğurlu iş aparır. Belə ki, postmüharibə dövründə Ermənistanla Azərbaycan arasında mövcud durum, regionda baş verən hadisələr, xüsusilə son zamanlar Ermənistan tərəfinin artan təxribatları və onu hələ də silahlandıran, ona havadarlıq edən dairələrə verdiyi açıq mesajlar, etdiyi birbaşa xəbərdarlıqlar fonunda dövlətimizin başçısının Türkiyənin "CNN Türk” kanalına müsahibəsi olduqca müstəsna əhəmiyyətə malikdir.
Otuz il ərzində ATƏT-in Minsk qrupunun apardığı nəticəsiz danışıqlarından təngə gələn Azərbaycan xalqı bu ədalətsiz vəziyyət və mövqe ilə barışmadı, öz taleyini özü həll edərək tarixi Zəfər qazandı. Bu gün qalib tərəf olaraq Azərbaycan Ermənistana sülh təklif edir. Lakin bu, o demək deyil ki, Azərbaycanın bu təklifi fonunda Ermənistan hələ də mənfur əməllərini davam etdirməlidir. Əgər təklif etdiyimiz sülhə razı olmayıb savaş istəyirlərsə, Ermənistan bunu düşünürsə, Azərbaycan hər bir cəhətdən buna hazırdır. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Türkiyənin müdafiə sənayesi gündən-günə inkişaf edir və biz də bundan yararlanacağıq. Bu mühüm arqumentə baxmayaraq, Azərbaycan müharibə istəmir. Bunu həm Ermənistan, həm də ona silah ötürənlər, gələcəkdə də ordusunun müasir silahlarla təchizatlandırılmasına söz verərək Ermənistanı yanlış yola sövq edənlər də anlamalıdırlar. Azərbaycanın dünya birliyi tərəfindən də tanınan ərazi bütövlüyünü Ermənistan tanımağa hazırdırsa və sərhədlərin delimitasiyası işini başlayırsa, bu, Ermənistan üçün inkişaf pəncərəsinin açılması deməkdir.
Dövlətimizin başçısı mühasibə əsnasında Qarabağda yaşayan erməni icmasını "yolunu azmış Azərbaycan vətəndaşları” adlandırması və onların Azərbaycan cəmiyyətinə inteqrasiyasının vacibliyini qeyd etməsi heç də təsadüfi deyil. Bununla Prezident İlham Əliyev bildirir ki, o insanlar Azərbaycan vətəndaşlarıdır və burada həmin insanlara görə məsuliyyət daşıyacaq ölkə də başqa dövlət deyil, məhz Azərbaycandır. İyunun 20-də Ermənistanda keçirilən seçkilərdə əgər ermənilərin 54 faizi məğlub olmuş hakimiyyətə səs veribsə, deməli, erməni xalqı mövcud reallıqla barışıb. Ermənilərin törətdiyi təxribatlar, guya sərhəddə və regionda gərginlik mövcuddur görüntüsü yaradaraq var-gəl etmələri Ermənistanın bu əməllərə sövq edilərək xarici dairələrin birbaşa öz maraqlarını təmin etmək istiqamətində atdığı şüurlu və məqsədyönlü addımlardır. Bu baxımdan da Rusiyanın müdafiə naziri Şoyqunun Ermənistana Rusiya silahlarının göndərilməsi prosesinin başlaması barədə fikirlər səsləndirməsi rəsmi Moskvanın 2020-ci il 10 noyabr tarixli Birgə Bəyanatla üzərinə götürdüyü vasitəçilik missiyasına tamamilə ziddir. Bu, birmənalı olaraq belə izah olunmalıdır ki, Azərbaycanın gücü qarşısında tab gətirə bilməyən Ermənistan təslim oldu, kapitulyasiya sənədinə imza atdı və Rusiya bu məsələdə vasitəçiliyi öz üzərinə götürdü. 30 il ərzində Ermənistan milyardlarla dollar dəyərində pulsuz silahlarla təmin edildisə və hələ də buna davam ediləcəksə, yenə də güclər nisbəti dəyişməyəcək. Həmin silahların bir qismi indi Hərbi Qənimətlər Parkında dağılmış muzey eksponatları kimi sərgilənir. Azərbaycan bütün region ölkələrindən bölgədə sülhün bərqərar olması üçün səylərini daha da artırmasını gözləyir. Dövlətimiz gözləyir ki, rəsmi Tehran Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı mövqeyini ortaya qoysun, Rusiya sülhün bərqərar olması istiqamətində səylərini artırsın.
Qeyd olunduğu kimi, Azərbaycan öz Ordusunu gücləndirir və qonşu dövlətlərlə qurduğu əməkdaşlıq platformasını dərinləşdirir. Əgər Ermənistan xalq olaraq bu vəziyyətlə barışıbsa, deməli, başqa dairələrin regionda sülh, təhlükəsizlik və rifahın təmin edilməməsi ilə bağlı fikirləri və planları mövcuddur. Necə ki, 44 günlük Vətən savaşında Azərbaycan xalqının iradəsini heç bir siyasi təzyiq qıra bilmədi, hazırda da məqsədyönlü şəkildə reallaşdırılan provokasiyalar, təxribatlar bizi tutduğumuz yoldan çəkindirə bilmir və bilməyəcək. İkinci Qarabağ savaşı Ermənistan və hər kəs üçün dərs olmalıdır. Yox əgər bundan düzgün nəticələr çıxarılmırsa, Azərbaycan bu dərsi yenidən verməyə hazırdır.
Politoloq qeyd edib: "2020-ci il 10 noyabr tarixli Bəyanatda açıq və aydın göstərilir ki, erməni silahlı qruplaşmaları bölgədən tamamilə təmizlənməlidir. Sülhməramlılar da öz səlahiyyət çərçivələrindən birmənalı olaraq kənara çıxmalı deyil. Üçtərəfli Bəyanatda əksini tapan bütün məsələlər həll edilməlidir. Əgər bunu bir tərəfdən Ermənistan birmənalı olaraq icra etməlidirsə, digər tərəfdən də vasitəçi ölkə olan Rusiya təmin etməlidir. Bu gün Azərbaycan ləyaqətli müharibə apardı, mülki şəxsləri hədəf almadı, indi də Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni, Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi ilə regiona sülh və inkişafın gətirəcəyi təklifləri edir. Çünki Zəngəzur dəhlizinin, dəmir yolunun açılması Ermənistanın bu günə qədər olmayan əlaqələrinin yaradılması ilə ölkənin dünyaya yeni pəncərədən baxması və bununla da inkişafı deməkdir”.
Ş.Həsənova qeyd edib ki, ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamı tarixi əhəmiyyətə malikdir və bizim üçün yaddaş kitabçasıdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Türkiyə-Azərbaycan birliyi bəzilərini narahat edir. Türkiyənin müharibənin ilk saatlarından Azərbaycanın yanında olduğu kimi, ölkəmiz də Türkiyənin yanındadır. Dövlətlərimiz heç bir kənar dairəyə bu münasibətləri pozmaq üçün hər hansı addım atmağa imkan verməyəcək. Bu baxımdan, dövlətimizin başçısının bu mühüm müsahibəsindən dərhal sonra Türkiyə Prezident Administrasiyasının ölkələrimizin qardaşlıqlarını əməldə sübut etmələri barədə açıqlama verməsi bir daha sübut edir ki, Türkiyə-Azərbaycan qardaşlığı əbədidir, bölgədə təhlükəsizliyin və inkişafın qarantıdır.
"Prezident İlham Əliyevin qətiyyəti, prinsipiallığı, uzaqgörənliyi, məqsədyönlü və düşünülmüş siyasəti xalqımız tərəfindən sonadək dəstəklənəcək. Biz xalq olaraq dövlətimizin başçısının ətrafında yumruq kimi birləşmişik”, - deyə politoloq fikirlərini yekunlaşdırıb.
banner

Oxşar Xəbərlər