“Məqsəd pul olsa, motivasiya bir yerdə sönəcək” - MÜSAHİBƏ
"Hələ gənclik yaşı bitməyib, bazamın üstündə işləmək
üçün vaxtım var” deyən müsahibimiz bu il Gənclər günündə Prezident mükafatına
layiq görülən azərbaycanlı gənc Əliqənbər Xəlillidir. Əliqənbər hazırda remote
olaraq ABŞ-ın "Toptal” şirkəti üçün çalışır
Mentorlarından biri ona "Çalışdığın sahə ilə bağlı 28-29 yaşa kimi yaxşı bir baza yığ. Səni növbəti yaşlarına o baza aparacaq” deyib. O da həmişə o fikri əsas götürməyə çalışdığını bildirir. Deyir ki, baza yaxşı olmazsa, karyeranın növbəti illərində irəliləmək çətin olar. "Hələ gənclik yaşı bitməyib, o baza üstündə işləmək üçün vaxtım var” deyən müsahibimiz bu il Gənclər günündə Prezident mükafatına layiq görülən azərbaycanlı gənc Əliqənbər Xəlillidir.
Bildirək ki, Ə.Xəlilli hazırda remote olaraq ABŞ-ın "Toptal” şirkəti üçün çalışır.
Əliqənbər 1994-cü ildə Neftçalanın Xıllı qəsəbəsində anadan olub. 2011-2015-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Kompüter mühəndisliyi ixtisası üzrə təhsil alıb.
"Kənddəki məktəbimizdə informatika müəllimi yox idi”
- 9-cu sinifdə oxuyanda, 2009-cu ildə fizika üzrə ən istedadlı şagirdlərin içərisində adınıza rast gəldik. Söhbətə elə fizikaya marağınızla başlayaq.
- Mən kənddə böyümüşəm, orta təhsilimi də kənd məktəbində
almışam. O vaxt məktəbimizdə informatika müəllimi yox idi ki, bizi o istiqamətə
yönləndirsin. Söhbət 2007-ci ildən gedir. Amma güclü bir fizika müəllimimiz var
idi. O, 7-ci sinifdən etibarən bizi fənn üzrə olimpiadalara cəlb etdi. 7-ci
sinifdə fizika olimpiadası olmadığı üçün həmin il riyaziyyat üzrə olimpiadaya
qatıldım. Riyaziyyat fənni üzrə rayon birincisi oldum. 8-ci sinifdən sonra
artıq olimpiadaya fizika üzrə qatıldım, rayon birincisi oldum. 8-ci sinfə qədər
respublika olimpiadası olmurdu. 9-10-cu siniflərdə artıq respublika
olimpiadasının qalibi oldum. 9-cu sinifdə həm də siz qeyd etdiyiniz yarışda
qaliblərdən olmuşdum. 11-ci sinifdə universitetə hazırlaşdım deyə,
olimpiadalara fokuslana bilmirdim.
- O vaxt nə kəndlərdə internet indiki kimi deyildi,
nə də hər evdə kompüter yox idi. Bir qohumum köhnə kompüterini mənə hədiyyə
etmişdi. O kompüterdə işlədikcə, araşdırdıqca məndə daha çoxunu öyrənmək istəyi
yaranırdı. Elə oldu ki, məktəb dövründə bu sahəni araşdırdım. C# dilində obyekt
yönümlü proqramlaşdırma konseptləri və paralel proqramlaşdırma mexanizmlərini
öyrənməyə başladım. Hardasa 13-14 yaşımda ilk proqramımı yazmışdım. Ali təhsil
üçün də seçimim kompüter mühəndisliyi oldu.
- Müəllimlərimiz tərəfindən daha çox Lütfi Zadənin "Qeyri-səlis məntiq nəzəriyyəsi” fokusunda istiqamətləndirilirdik. O sahə mənim üçün maraqlı idi. Amma təkcə universitet dərsləri ilə kifayətlənmirdim. İnternetdə eyni fənnin başqa xarici universitetlərdə ingilis dilində olan dərslərini götürürdüm, onları öyrənirdim.
İkinci kursun sonundan artıq yarımştat kompüter mühəndisliyi, informasiya texnologiyaları üzrə işləməyə başladım. Çalışdığım şirkət dövlət layihələri və s. götürürdü. Mən o layihələri aparıcı mühəndis olaraq aparırdım. Tələbəliyin sonunda mühəndislikdən başladığım şirkətdə komanda rəhbəri oldum. Universiteti bitirəndən sonra bir il orda çalışdım, daha sonra mobil operatorlardan birində proqramçı mühəndis olaraq işə başladım. Sonra həmin şirkətdə məhsul və servislərin idarəolunması qrupunun texniki koordinatoru və həmin qrupun rəhbəri vəzifəsində çalışdım.
"Süni intellekt sahəsində daha çox təcrübə qazanmalı olduğumu düşündüm”
-
Növbəti iş yeriniz də "Toptal”dır?
-
Bəli, süni intellekt sahəsində daha çox təcrübə qazanmalı
olduğumu düşündüm. Burda isə bir az xarici təcrübəyə ehtiyac var. Ona görə belə
seçim etdim. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çərçivəsində
süni intellekt laboratoriyası var. Bu sahədə xarici təcrübənin ölkəmizə gətirilməsi
üçün çalışırlar. Onlar müxtəlif xarici şirkətlərlə, mütəxəssislərlə əməkdaşlıq
edirlər. Mən də onlarla əməkdaşlıq edirəm. Orda uşaqların bu istiqamətdə
yetişdirilməsinə, xarici təcrübənin bura gətirilib formalaşdırılmasına dəstək oluram.
- Süni intellekt beynin istəyidir. Beyniniz bunu istəyirsə, yönəlirsiniz. Pul qazanmaq üçün fokuslanacaq sahə deyil. Çünki bu sahədə nəticəni birdən-birə görə bilmirsiniz. Mən iki-üç il dayanmadan çalışandan sonra nəticə görməyə başlamışam. MIT, Stanford, Berkeley kimi universitetlərin riyaziyyat, alqoritm və maşın öyrənilməsi ilə əlaqəli bütün kurslarını demək olar ki, bitirmişəm. Motivasiya bəzən qaça bilər. Adam həmişə eyni tempdə olmur. Əgər məqsəd pul olsa, motivasiya bir yerdə sönəcək.
"Gələcəkdə ölkəmiz üçün daha faydalı şəxslərdən ola bilərəm”
- "Geeks for Geeks”, "Codeforces”, "MIT Technology Review” kimi sahənizlə bağlı bloqlar üçün materiallar da yazdığınız qeyd olunmuşdu. Bloq yazmaq marağı necə yarandı?
- Mən 10-15 müxtəlif resursdan istifadə edərək öyrənirdim.
Üstəlik də o məlumatları oxuyarkən yaranan suallar olurdu ki, onları da
araşdırırdım. Əldə etdiyim o tam məlumatları paylaşmaq istəyirdim. Üstəlik, necə
təqdim olunması da önəmlidir. Öyrəndiklərimi fərqli bir formada vizuallaşdırıb
təqdim etməyə çalışıram. Elə adam var dinləyərək, elə adam da var ki, oxuyaraq
daha yaxşı öyrənir. Ancaq vizuallıqdan öyrənmə faizinin daha çox olduğunu
düşünürəm. Əvvəl fərqli bloqlar üçün yazırdım. Hazırda öz bloqum üzərində işləyirəm.
- Bu mükafat mənim üçün çox böyük motivasiyadır. Eyni zamanda, ətrafımda olan, bu sahədə çalışan gənclər üçün də böyük motivasiya oldu. Ümid edirəm ki, gələcəkdə ölkəmiz üçün daha faydalı şəxslərdən ola bilərəm.
Aygün
Asimqızı