Əbülfət Mədətoğlunun yeni kitabı işıq üzü görüb. "Bir
qadına” şeirlər kitabı başdan-ayağa sevgi
mövzusundadı. Dünya ədəbiyyatında şairlərin öz sevgililərinə həsr etdikləri şeir
kitabları ilə çox rastlaşmışam.
Sevgi ilahi bir
hissdir. Hər bir insanın ürəyində, canında ruhunda bu hiss yaşayır. Leyli və Məcnunu
yada salın. "Eşqdir mehrabı uca göylərin, Eşqsiz ey dünya nədir dəyərin” deyən dahi
Nizamidən tutmuş bu gün Azərbaycanın ən gənc şairinə qədər poeziyada onlarla, yüzlərlə sevgi səhifələri açılıb. Amma Məhəmməd Füzulinin
timsalında eşqin, məhəbbətin ən zirvə nöqiəsi fəth olundu. Onun məhəbbət konsepsiyası
dünyanı eşq vasitəsilə dərkidir və təbii
ki, onun məhəbbət şeirləri təkcə iki insanın
münasibətini əks etdirmir, onun qəzəllərində sevgi dünyəvi bir hissdir. "Candan
çıxarıb həvayi-eşqi, Tərk eyləməzəm bəlayi eşqi” – mənim fikrimcə, bu misralar bütün
Azərbaycan poeziyasının sevgi yolunu işıqlandırır. Çoxlu misallar da gətirə bilərəm.
Amma buna ehtiyac hiss etmirəm. Amma bu fikri nəzərə çarpdırım ki, müasir dövrdə sevgi münasibətləri
nə qədər yeniləşsə də, öz ali məzmununu qoruyur, hifz edir. Əbülfət Mədətoğlunun
sevgi şeirləri də məhz bir insanın sevgi yolunda çəkdiyi əzabları, eşqin qəmini,
vüsal həsrətini, ayrılıqdan doğan hissiyyatları və ümumən, sevginin insan həyatında
necə önəmli bir rol oynadığını, insanı daim müqəddəs hisslərlə yaşamağa, mənəvi
ucalığa səsləməsinə çağırır. Hansı hissləri təlqin edir Əbülfət Mədətoğlu?
1. Sevgi şeirləri iki atribut – iki şəxs – "MƏN və SƏN”
münasibətləri üzərində qurulur. MƏN – aşiqdir, SƏN –sevilən qadın. Biz çoxlu sevgi
şeirləri oxumuşuq ki, orada "MƏN” aparıcıdır. Əbülfət isə "SƏN”i – sevilən qadını
ruhunun Tanrısı hesab edir:
Dilim-dilim
olsun dilim
Əzabdı hər
ayım, ilim…
Yuxuda gördüm
ki, gülüm,
Sən ruhumun
Tanrısısan.
Kəssə də lap
əyri düzü,
Hər istəyin
iki üzü…
Sən olmaz
hər qızın yüzü,
Sən ruhumun
Tanrısısan!
Qeyd edim ki, Əbülfətin bir çox şeirlərində qadına olan
bu yüksək, mən deyərdim, intellekt səviyyəli bu münasibət dərin sevgidən irəli gəlir.
Təbii ki, bu tipli şeirlər onun qəmli şeirlərindən kəmiyyətcə azlıq təşkil edir.
Amma bizi inandırır ki: "O mənim həyatımda, Günümdə, anımdadı. Atdığım hər addımda,
Damarda qanımdadı. Nəşəmdi, ahımdı o, Sevgim günahımdı O. Yerdə Allahımdı O, Ölüncə
yanımdadı.
2. Əbülfət həm də tənhalıq şairidir. Onun hətta kədərin
güc gəldiyi şeirlərində də tənhalıq, təklik motivləri ilə qarşılaşırsan. Elə bil
ki, bu şeirlər otaqdan bayıra çıxmayan, yalnız sevgilisinin xəyalı ilə yaşayan bir
insanın öz içinə məhkumluğu kimi nəzərə çarpır. Amma bu tənhalığın bir elə qorxusu
yoxdur. Bu tənhalıqda lirik qəhrəman "Ürəyimə əkirəm, Bir də göz yaşlarımı» etiraf
ilə sevdiyi qadına üz tutur. Bu tənhalıqda qollar da, çiyinlər də, əllər də əzaba
tuş gedir: "Gecənin ağırlığı Yükdü çiyinlərimə. Bu ağırlıq duman tək Çökdü! – Çiyinlərimə”.
Əllərimin
oduna
Sən əllərini
yandır…
Ehtiyac
yox andına –
Yandır!
– məni inandır…
3. Onun sevgi şeirlərində ayrı-ayrı obrazlar da diqqətdən
yayınmır. Məncə, bu da təbiidir- Axşam, Yuxu, Gecə, Şəkil, Səs, Sükut, Məktub onun
sevgi şeirlərində ovqat, hal-vəziyyət mənalarına yardımçı olur. Məncə, bu obrazlardan
məqsədə müvafiq istifadə edəndə sevən insanın mənəvi aləminə yol tapırıq, onun əzablarını
duyuruq. Məsələn, "Yuxu” silsiləli şeirlərdə
şairin metaforik düşüncə tərzi ilə qarşılaşırıq. Ümumiyyətlə, Əbülfət bədii
təsvir vasitələrindən məharətlə istifadə
edir.
Bu gün sənə
yazmadım,..
susdum ki,
qayğısız ol.
Nə ürəyin
yüklənsin,
Nə gözün
dolsun bir yol!..
Bilmirəm
ki, nə yazsam
qəlbinə bir
xal salır.
Yazdıqlarımdan
sənə –
Ancaq sıxıntı
qalır…
4. Əbülfət Mədətoğlu "ürək dililə danışan şairdir”.
Vaxtilə bu ifadə unudulmaz şairimiz Bəxtiyar Vahabzadə Nəriman Həsənzadə haqqında
söyləmişdi. Mən də ifadəni Əbülfət barədə deyə bilərəm. Yuxarıda sadaladığım və
Əbülfətin şeirlərinə səpələn ayrı-ayrı obrazlar, əslində, maddi, fiziki, coğrafi
mahiyyət daşıyır. Amma ürək obrazı, mən deyərdim, Əbülfətin bütün şeirlərinin mənəvi
qəhrəmanına çevrilir. Deyərdim ki, onun bütün sevgi şeirlərində Əbülfətin özü yox,
onun ürəyi danışır. O deyir ki: "Ürəyimin şəklini Özümlə gəzdirirəm”. O, həmin şəklə
ürək kimi baxır. Bəzən ürəyi onu incidir: "Ağrıyan ürəyimi Bükmüşəm mən dəsmala…
Ürəyimlə bərabər-hopubdu qəm dəsmala”. Amma bu ürək bəzən məktuba da dönür: "Məktub tək ürəyimi Açıb sənə oxudum. Düşündüm
ürəyimi – Ürəyinə toxudum”. O, başqa bir şeirində sevdiyi qadına üz tutub deyir
ki:
Atdığın daşlar
dəyir
birbaşa ürəyimə.
Daşlama, bu
evi sən –
gir, yaşa ürəyimə.
Ahdan aşma,
qovurma
xəlbirləmə,
sovurma.
Sən sevməkdən
yorulma –
köç yaşa ürəyimə.
Bu əzabı, bu
qəmi
Verdin, seçdim
qibləmi!
Köçürdüm sən
Kəbəmi –
birbaşa ürəyimə!..
5. Əbülfətin sevgi şeirlərində ürək təbiətlə ünsiyyətdədir.
Təbiət və onun atributları bu şeirlərdə sevgi
duyğularının çiçəklə, yarpaqla, şehlə, tumurcuqla necə doğmalaşdığını, biri-birini
tamamlamasını aşkara çıxarır. Məsələn, onun "Bu mənəm” şeirinə diqqət yetirək:
Kirpikləri
tumurcuqlu,
Bəbəyi leysanla
dolan...
Mən kədəri
göz muncuqlu
Sinəsi də
xal-xal olan –
yarpaq!
Başqa bir şeirində:
Tumurcuğu
çırtlamış –
təzə dərdim-tər
dərdim.
Mən səni
şehli-şehli –
Təzə dərdim,
tər dərdim!
Bu şeirdəki cinaslı qafiyələrə də diqqət yetirin. Amma
şeirin əsas məziyyəti insan ürəyi və istəyi
ilə təbiət arasında üzvi bir ünsiyyətin yaranmasıdır. Ümumiyyətlə, Azərbaycan şeirində
İnsan-Təbiət vəhdəti həmişə gözəl şeirlərin yaranmasına səbəb olub. Çünki, insan
da təbiətin ayrılmaz bir parçasıdır.
6. Çox danışmaq olar Əbülfət Mədətoğlunun sevgi şeirləri
barədə. Bu sevgi şeirlərinin hər biri yaşanılan duyğuları ifadə edir. Yalan yoxdu.
Qoy Əbülfət bu yolda axtarışlarını davam etdirsin.
Ruhumun sim-sim
kilitdi
Nəfəsin dəydi,
dirildi,
Bilsən necə
min bir ildi –
Mən səni sevirəm,
Qadın!
Məncə, bu şeir Əbülfətin bütün yaşantılarını reallıqla
əks etdirir.
"Bir qadına” şeirlər kitabına Xalq yazıçısı Elçin dəyərli
bir ön söz yazıb. O, Əbülfətin sevgi şeirlərindəki kədər obrazına da yeni məna verib.
Yazır ki: "Şairin lirik qəhrəmanının ifadə etdiyi kədərin bədii-estetik səviyyəsi göstərir ki, həmin
qəhrəman obrazlar dünyasının sakinidir, o,
özünüifadəsi ilə özünü orijinal bədii surət səviyyəsinə qaldıra bilir və çox təmtəraqlı
olmasa da deyərdim ki, oxucunun qəlbinə yol tapır. Ümumiyyətlə, həmin məqalədə Elçin
müəllim Əbülfətin şeirlərindəki kədəri kəşf edir. Sonra Elçin müəllim Əbülfətin ayrı-ayrı şeirlərindəki təkrarsız obrazlı ifadələrə diqqət yönəldir.
Əbülfətin şeirlərinə
bu ciddi maraq heç şübhəsiz, onun son illərdə yaradıcılığında kamil bir şair kimi
formalaşmasıdır. Amma mən bilirəm ki, Əbülfət
qarabağlıdır, amma son illərdə onun Qarabağ həsrətini ifadə edən (vaxtilə olduğu
kimi) şeirlərini də növbəti kitablarında görmək istərdim. Doğrudur, Əbülfətdən
öyrəndiyimə görə onun bu silsilədən olan şeirləri kitab şəklində çapını
gözləyir.
Uğurlar olsun,
Əbülfət! Yaradıcılıq axtarışlarını davam elə!