“Mən oxudum, siz də oxuyun...”

“Mən oxudum, siz də oxuyun...”

04 Noyabr 2019, 11:37 646

Və ya kitabla ömürlük dostluq qazananlar 
 
Paytaxtın ümumi təhsil müəssisələrində çalışan kitabxanaçılar üçün keçirilən «Məktəb kitabxanaçısı pedaqoqdur» adlı elmi-təcrübi konfrans təkcə kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil olmasında kitabxanaların rolunu deyil, həm də şagirdlərin mütaliəyə olan diqqətinin artırılması, yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi məsələlərini önə çəkib. Beynəlxalq Kitabxanalar Günündə keçirilən tədbirdə şagirdlərin mütaliəyə marağının artırılması məqsədilə Respublika Pedaqoji Kitabxanası ilə Bakı şəhər Təhsil İdarəsinin birgə hazırladığı  - "Qızıl rəf”, "Ədəbi natura”, "Kitab bizim ailənin uzunömürlü üzvüdür”, "Siz hələ də mütaliə etmirsiniz?”, "Mən oxudum, siz də oxuyun” layihələri şagirdlərin kitabla təmasının daha uzunömürlü olmasına təkan verib.
Təbii ki, internet əsrində şagirdlərin mütaliə vərdişlərinin formalaşdığı, bədii əsərlə təmaslarının sıxlaşdığı bir dövrdə belə layihələrin keçirilməsi vacibdir. "Kaspi”nin "Müzakirə” sində məktəblərdə keçirilən bu cür layihələrin şagirdlərin mütaliəsində oynadığı rolu öyrənməyə çalışdıq.
 
«İnsanı insan edən nədir»
 
245 nömrəli məktəbin kitabxana müdiri Sona Əlizadənin fikrincə, mütaliə təbliğatında məktəb kitabxanalarının müstəsna rolu var. Belə ki, kitabxanalar şagirdləri düzgün mütaliəyə istiqamətləndirir: "Kitabxanalar şagirdlərin yaşlarına, zövqlərinə uyğun bədii kitab seçimində yardım göstərir. Biz şagirdləri elmi-kütləvi kitabxanalara ekskursiyalara aparır, onları kitabxanalarla yaxından tanış edir, istifadə qaydalarını öyrədir, kitabxanaların onların gələcək fəaliyyətində nə qədər əhəmiyyətli olduğunu başa salırıq. Məktəbimizdə şagirdlərdə mütaliəyə olan marağı artırmaq üçün oxucu müsabiqələri keçiririk. Həmin oxucu müsabiqələrində daha çox mütaliə edən uşaq, oxuduğu əsərlərdən danışır, biz də onun oxuyub-anlama bacarığını müəyyənləşdiririk. Bu proses mütəmadi davam edir və qalibləri stimullaşdırıcı hədiyyələrlə də təltif edirik. Bundan əlavə, yay tətillərində şagirdlərə ədəbiyyat siyahısı veririk. Həmin siyahıya əsasən onlar əsərləri oxuyur və biz də həmin əsərlərin müzakirəsini təşkil edirik. Yaxud da onlar «Mən oxudum, sən də oxu» başlığı altında kağıza yazılar yazır, bir-birinə ötürürlər. Sinif arasında oxuduqları kitabların mübadiləsi təşkil olunur. Hansı kitabları ki, şagirdlər bir-birinə tövsiyə edir, biz də oxumamışıqsa, oxuyuruq. Yay tətilindən qaydandan sonra da həmin əsərlərin müzakirəsini keçiririk. Bundan başqa, nəşriyyatlarla əlaqə saxlayırıq. Nəşriyyatlarda hansı yeni kitablar varsa, yaş qrupuna uyğun olaraq onları alırıq. Həmin müəlliflərlə məktəb kitabxanasında, yaxud da akt zalında görüşlər keçiririk”.
 
Kitabxana müdirinin sözlərinə görə, bir neçə dəfə gənc yazarlarla da görüşlər keçirilib: "Şagirdlər belə görüşlərdə oxuduqları əsərlər haqqında yazıçılara suallar verir və cavablar alırlar. Bu cür görüşlər mütaliənin təbliğatında böyük rol oynayır. Məktəbimizə yeni gələn ədəbiyyat nümunələrinin, həmçinin tarixi günlərlə bağlı təşkil edilən sərgilərin də uşaqların formalaşmasında böyük rolu var. Ya da həmin tarixi günləri əks etdirən əsərləri təbliğ edir, dəyirmi masalar keçiririk. Bunlar mütaliənin təbliğatının ənənəvi üsullarıdır”.
 
S.Əlizadə deyir ki, müasir gənclərin kitaba, mütaliəyə təbliğatının yollarını araşdıraraq ənənəvi metodlardan başqa yeni layihələr həyata keçirməyə çalışırlar: "Respublika Pedaqoji Kitabxanası ilə Bakı şəhər Təhsil İdarəsinin birgə hazırladığı  layihələrdən ən çox xoşuma gələn «İnsanı insan edən nədir» layihəsi oldu. Bu layihənin əsas amalı şagirdlərin oxuduğu əsərlərdə müsbət xüsusiyyətləri vurğulaması və  bəyəndikləri ni simvolikalar, qriflər və smayliklərlə göstərmələridir. Virtual olaraq nə şəkildə göstərə bilərlərsə, o şəkildə vurğulayırlar. Məktəbdə  müxtəlif əsərlər oxundu və 15 əsərin müzakirəsi keçirildi. Həmin  əsərlər arasında insana təsir edən müsbət xüsusiyyətlər, keyfiyyətlər sadalandı. Şagirdlər öz fikirlərini müxtəlif yollarla çatdırmağı bacardılar”.
 
Kitabxana müdiri həmçinin «Kitab bizim evin ən uzunömürlü üzvüdür» layihəsini həyata keçirdiklərini deyir: "Bildiyimiz kimi, uşaqlar nəsillər arasında bir bağ yaradır. Şagirdlərə tapşırıq verdik ki, evlərində və ya nənə-babalarının kitabxanalarında olan ən qədim kitabı – çoxdan ailənin üzvü olan bir əsəri tapıb gətirsinlər. Həmçinin valideynlərin də iştirakını təmin etdik. Uşaqlar, valideynlər araşdırdılar, evlərində olmayan kitablar haqqında baba-nənələrinə müraciət etdilər. Araşdırdılar, əvvəlki kitabları tapdılar. Məqsəd ən qədim - çoxdan ailənin üzvü olan bir kitabın tapılması idi. Biz bununla uşaqlara aşılamaq istəyirdik ki, kitab ildən-ilə, nəsildən-nəslə keçir, onlardan bir miras kimi qalır. Ata analarından, nənə-babalarından, kimdənsə o kitablar hədiyyə olunubsa, onların ailələrinə daxilolma tarixinin qısa hadisəsini danışdılar. Bu da şagirdlər arasında mütaliəyə daha çox maraq yaratdı. Bəlkə də kimsə oxumamışdısa, o kitabı baba-nənələrinin evindən tapıb oxudu. Bir növ, kitaba maraq istiqaməti yaratdı. Bəzi şagirdlərin isə evlərində ilk dəfə belə bir kitabı görməsi onları mütaliəyə istiqamətləndirdi. Layihə uğurla nəticələndi. Artıq bu layihəni müxtəlif siniflərdə mütəmadi keçirməyi, bir müddətdən sonra bütün məktəbi əhatə etməyi düşünürük. Şüarımız belədir: «Ümidlə açılıb, qazancla bağlanan kitab, ən gözəl kitabdır».
 
«Kitab bizim evin ən uzunömürlü üzvüdür»
 
Nəsimi rayon 1 saylı məktəbin kitabxana müdiri Zenfira Useynova layihə çərçivəsində «Kitab bizim evin ən uzunömürlü üzvüdür» layihəsini həyata keçirdiklərini bildirir: "Layihədə şagirdlər, müəllimlər və valideynlər iştirak etdi. Əvvəlcədən elan etmişdik ki, kimin evində ötən illərin kitabları varsa, araşdırma edib bizə məlumat versinlər. Valideynlər, uşaqlar araşdırmalar apardılar. Evlərdən ötən illərin 40 və 50-ci, hətta ondan da əvvəlki illərin kitabları tapıldı. Kitablar rus və Azərbaycan dilində idi. Biz həmin kitablardan ibarət geniş sərgi təşkil etdik. Uşaqlara öncə kitabxana və kitabxana işi ilə bağlı məlumat verdik. Onlarda kitabxanalara maraq yarandı. Uşaqlar təkcə Azərbaycan üzrə deyil, dünya üzrə kitabxanalar, onların fondları haqqında məlumatlar əldə etdilər. Həmçinin, Bakıdakı digər kitabxanalarla əlaqə yaratdıq. Nəticələr çox yaxşı oldu - uşaqların kitaba marağı daha da artdı”.
 
Kitabxana müdiri bildirir ki, layihənin içində yaranan ikinci bir layihə - «Kitabı oxudum, ekran əsərinə baxdım - daha da maarifləndim» olub: "Biz bu layihəni bir az genişləndirdik. Uşaqlar həm bədii əsəri oxuyub, həm də onun ekran variantına baxıb müzakirə etdilər. Onlar ümumən mədəniyyət və incəsənət haqqında məlumatlarla bilgləndilər. Sevindirici haldır ki, uşaqlarda son vaxtlar mütaliəyə maraq yaranıb. Onlar kitabxanaya gəlib müraciət edirlər. Hətta valideynlərə də kitab veririk”. Z.Useynova deyir ki, əgər məktəbin fondunda hər hansı bir kitab yoxdursa, kütləvi kitabxanalarla əməkdaşlıq edir, o cümlədən muzeylərlə əlaqə yaradırlar: "Şagirdlərin təəssüratlarını genişləndirmək üçün onları muzeylərə və ev muzeylərinə aparırıq. İndi internet əsridir. Uşaqlara hər hansı bir kitabı oxumağı tapşıranda, onlar çox vaxt materialı internetdən götürüb oxuyurlar. Amma çap materialını oxumaq isə onlarda fərqli təəssüratlar yaradır. Ümidvarıq ki, bu cür layihələr uşaqların tərbiyəsinə müsbət təsir göstərəcək”.
 
«Biz bu kitabı istəyirik...”
 
Səbayel rayon 239 saylı məktəbin kitabxana müdiri Kifayət Cəfərova şagirdlərlə «Kitab bizim evin ən uzunömürlü üzvüdür» layihəsini həyata keçirib. Layihə silsilə şəklində yerinə yetirilib: "Uşaqları əvvəlcə kitabxanalara apardıq. Onlar Firudin bəy Köçərli adına Uşaq Kitabxanası ilə tanış oldular. 10-a yaxın ailənin nənə-babaları ilə, kitabxanalarının ən qədim kitabları ilə tanış olduq. Azərbaycan filmləri, klassik əsərlər haqqında uşaqlara məlumat verdik”. K.Cəfərova iki ay davam edən layihənin yekunu olaraq məktəbdə keçirilən tədbirdə bu müddətdə şagirdlərin əldə etdikləri nəticənin qənaətbəxş olduğunu müşahidə edib: "Layihə uşaqlarda xoş təəssüratlar yaratdı. Kitabxana ilə, köhnə kitablarla tanışlıq, klassiklərin əsərləri haqqında məlumatlar əldə etdilər, bəzi kitabların adını öyrəndilər, bəzi kitabların şəklini gördülər. «Biz bu kitabı, yaxud da o biri kitabı istəyirik» deyə onlar həvəsləndilər. Onlar aşağı qruplardan oxumağa başladılar. Hal-hazırda da layihəni davam etdiririk”.
 
Kitabla ömürlük dostluq
 
47 nömrəli orta məktəbin kitabxana müdiri Ziyafət Burmabuyuk  "Ədəbi natura” adlı tədbirin məktəbin pedaqoji heyəti və şagirdlərinin mütaliə mədəniyyətinin formalaşması və möhkəmləndirilməsi məqsədilə təşkil olunduğunu bildirdi: "Uşaqlarda mütaliə mədəniyyətinin inkişaf etdirilməsi üçün yeni bir metod düşündük. Belə ki, oxuduqlarını həm şəkil çəkmək, həm ifadə etməklə öyrənmələri üçün əyləncəli formada layihəni həyata keçirməyi qərara aldıq. Yəni kitabda oxuduqlarını rəsm vasitəsilə bildirdilər,  şəkillər vasitəsilə dolğun ifadə etdilər. Layihənin, şagirdlərdə bədii kitaba maraq oyatmaq üçün böyük əhəmiyyəti oldu. Hesab edirəm ki, şagirdlərin mütaliəyə marağının artması, onların kitabxanaların dostu olması üçün mütəmadi layihələr həyata keçirilməlidir. Çünki şagirdlər bu cür layihələrdə maraqla iştirak edirlər. Qazandıqları isə kitabla ömürlük dostluqları olur”.
 
Təranə Məhərrəmova