• cümə, 19 Aprel, 12:57
  • Baku Bakı 25°C

Məktəbin həyətində qurulan “kiçik Qarabağ”

20.05.22 16:58 1071
Məktəbin həyətində qurulan “kiçik Qarabağ”

Bu gün Keşlə qəsəbəsi 227 nömrəli tam orta məktəbdə “Şuşa ili” çərçivəsində “Qarabağa qayıtdıq!” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıldı və sonra 44 günlük Qarabağ müharibəsində vətənimizdən ötrü canından keçmiş şəhidlərimizin ruhuna hörmət olaraq bir dəqiqəlik sükut elan edildi. Məktəbin həyətində balaca bir Qarabağ qurulmuşdu desəm, yanılmaram. Məktəbin direktoru Hüseynova Sevinc qonaqları sərgi – kompozisiya ilə tanış etdi.  Əvvəlcə məktəbin VII “A” və X “B” sinif şagirdlərinin ifasında Səməd Vurğunun “Vaqif” pyesindən səhnəcik və M.P.Vaqifin qəzəlləri təqdim olundu. Uşaqların təqdimatı xüsusi artistizm və emosiyalarla müşayiət olunurdu. Qonaqların da məmnunluğu hiss olunurdu. 
Daha sonra ötən tədris ilində fəaliyyət göstərən “Kiçik Akademiya”nın şagirdlərinin “Şuşa ili”nə həsr olunmuş araşdırma və tədqiqatları təqdim olundu. “Kiçik Akademiya”nın prezidenti Sevinc Hüseynzadə danışır, qonaqlar diqqətlə dinləyirdilər.
Tədbirin davamında məktəbin istedadlı musiqiçi şagirdləri “Qarabağ” mahnısını ifa etdilər. Uşaqlar xüsusi sevgi və şövqlə mahnını ifa edir, hamı onları alqışlayırdı. Tar, kamançanın ecazkar musiqisi və xanəndələrin gözəl səsi bugünkü küləklə ətrafa yayılırdı. Həyətdə həm də simvolik olaraq Xan qızı Natəvanın sarayı da qurulmuşdu. Şagirdlər burada Xan qızı Natəvanın Xasay bəy Usmiyevlə görüşündən səhnəcik  canlandırdı, qəzəllərini səsləndirdilər. Milli geyimlərdə olan uşaqlar da həmin geyimlərin tarixçəsindən geniş məlumat verdilər. 
Böyük və rəngarəng tədbirin ən maraqlı hissəsi mətbəx sərgisi idi. Burda süfrəyə düzülən Qarabağ mətbəxinə aid gözəl və ləziz təamları məktəbin qarabağlı müəllimləri hazırlamışdı. Hamısı da milli əhval-ruhiyyədə qonaqlara təqdim olundu. Havanın bərk küləkli olmağına baxmayaraq, bu, heç kimin əhvalına pis təsir etmədi. Qonaqlar yeməklərin dadına baxdı, müəllimlər məlumat verdilər. Azərbaycan və xüsusən də, Qarabağ mətbəxinin zənginliyi, rəngarəngliyi süfrədə əksini tapmışdı. 
“Qarabağ uşaqların gözü ilə” adlı əl işlərindən ibarət sərgi də qonaqların böyük marağına səbəb oldu. Sərgi və kompozisiyalarla yaxından tanış olandan sonra şagirdlərin ifasında “Qarabağ Azərbaycandır” mahnısına hazırlanmış rəqs və “Xarıbülbülüm” adlı musiqili kompozisiya ilə tədbir davam etdi. Tədbirin ən əzəmətli, ən təntənəli anı isə Qarabağ qazisinin at belində Azərbaycan bayrağını meydanda dalğalandırması  oldu.

banner

Oxşar Xəbərlər