AZE | RUS | ENG |

Məhv olan əlyazmalar

Məhv olan əlyazmalar
Kağız-qələmə birinci xəyanət edən yazıçılar oldu. Kompüter çıxan kimi qələmi atıb klaviaturaya sarıldılar. Artıq dünyada qələmlə yazan söz adamı tapmaq çətindir. Düzdür, şairlər arasında hələ də qələmlə yazanlar qalmaqdadır. Ən azı şeiri əvvəl kağıza yazıb sonra üzünü  kompüterə köçürürlər. Bunu şeirin yazılma prosesinin nəsrə nisbətən daha asan olması ilə izah etmək olar, həm də şeir, adətən, spontan, düşünülməmiş şəkildə yaranır, nəsr isə düşünmək üçün günlər, aylar, bəzənsə illər tələb edir. Müqayisə bir qədər qüsurlu görünə bilər, amma hər halda "Səfillər”i yazmaq Lamartinin "Göl” şeirini yazmaqdan çətindir. Roman yazmaq bir az da texniki proses olduğu üçün, söz oyunu kimi çıxmasın, yazıçılar da texniki yeniliklərdən yararlanıb işlərini asanlaşdırdılar. Yazıçıların kompüterə keçməsi ilə əlyazmaların da nəsli kəsilməyə başladı.
 
Qabaqlar necə idi? Yazıçı əvvəlcə əsərini qaralamada yazırdı. Bu zaman ilkin variant üzərində xeyli düzəlişlər edirdi. Sonra onun üzünü köçürür, yenidən düzəlişlər edirdi. Daha sonra bir daha əsərin üzünü köçürürdü. Əgər bu prosesdən yorulub-usanmasa dördüncü dəfə əsərin surətini çıxarırdı.
Hər hansı bir əsərin əlyazmasını götürüb analiz eləsək, onun inkişaf tempini görə bilərik. Bu baxımdan əlyazma əsər haqqında ətraflı məlumat verən əyani sübut, vəsaitdir. Əlyazmaya baxaraq əsərin yaranma prosesini bariz şəkildə anlamaq mümkündür. Yazıçı harda "ilişib”, harda fikri yayınıb, harda əsəbiləşib, harda ilhamı tükənib, harda cuşa gəlib, hamısını görmək olar. 
 
 
 
Kompüterdə yazılan əsərlərdə isə bu prosesi müşahidə eləmək mümkün deyil. Təbii ki, kompüterdə yazılan əsərdə də düzəlişlər olur, hansısa cümlə pozulur, yenidən yazılır, bir söz başqa sözlə, bir cümlə başqa cümlə ilə əvəzlənir, yerdəyişmə olur, ixtisarlar, əlavələr aparılır. Lakin bu "cinayət”dən sonra "əşyayi-dəlil” qalmır. Bəlkə, nə vaxtsa belə bir proqram icad olunacaq (bəlkə də, icad olunub, xəbərimiz yox), həmin proqram vasitəsilə mətndə aparılan bütün düzəlişləri geri qaytarıb görə biləcəyik. Amma bu proqram əlyazmaların dadını verəcəkmi, inanmıram.
 
Yazıçı kompüterdə arın-arxayın yazır, nəsə xoşuna gəlməsə "delete” düyməsi əlinin altındadır. Əlyazmada belə etmək mümkünsüzdür, pozduğun, söz, cümlə orda qalır. Ona görə qələmlə yazanda yazıçı sanki bir az da məsuliyyətlə davranır.
Kağız həm də yazıçının düşüncə meydanıdır. Yazıçı kağıza təkcə yazmır, o həm də kağızda dincəlir, əsərin ardını düşünür. O, düşünəndə də əli dayanmır, kağıza özündən nələrsə qaralayır.
 
Hər bir əlyazma ayrı-ayrılıqda təsviri sənət nümunəsidir. Əgər əlyazmanın vərəqlərini götürüb bir rəsm əsəri kimi oxumağa çalışsaq, ordakı hər bir xətti, yazılışı, işarəni öyrənməyə cəhd etsək, çox mətləbdən xəbərdar ola bilərik.
Bir çox yazıçılar kağızın qırağına qeydlər etməyi xoşlayıblar. Digərləri əsərə o qədər xətlər çəkiblər ki, sanki riyazi düstur və ya diaqram yazıblar.
Yazıçıların çoxu əlyazmalara rəsm çəkiblər. Aleksandr Puşkin özünün, dostlarının, dekabristlərin, həyat yoldaşı Natalya Qonçarovanın şəklini çəkirmiş. "Mis atlı”nı yazanda Puşkin həyat yoldaşından uzaqdaymış. Çox güman, şair bir anlıq sevdiyi qadın üçün darıxıb və yazmağa ara verərək kağızın kənarına onun şəklini çəkib. Bəzi illüstrasiyalar isə əsərlərindəki personajlara məxsusdur. Görünür, Puşkin obrazlarını yaratmamışdan qabaq onları vizual olaraq canlandırmağa çalışırmış.
Fyodr Dostoyevski də vərəqin kənarına müxtəlif şəkillər çəkərmiş. Eləcə də Tolstoy. Orxan Pamukun əylazmaları başdan-başa şəkillərlə doludur. Yeri gəlmişkən, Pamuk müasir dövrdə qələmlə yazan nadir yazıçılardandır. Onun əlyazmalarında rəssam keçmişi dərhal özünü göstərir. Bir anlıq çaşbaş qalırsan, bu bir rəssamın, yoxsa yazıçının əlyazmasıdır. Pamuk "Qara kitab”da mənzil boşluğunu təsvir edir. Kitabın əlyazmasında apartman boşluğunun şəklini də görə bilərik.
Nobelli yazıçı rəssamlıq vərdişi haqqında bunları deyir: "Əllə, qələmlə yazan bir çox romançı kimi arada kağızların ora-burasına qaralamalar, rəsmlər çəkirəm. (Bu cür romançı-qaralamaçıların ən bariz nümunəsi "Şeytanlar”ın əlyazmasıyla Dostoyevskidir). Adı üzərində: Qaralama, gözəl bir işarəni, bir xəyalı, bir rəsmi düşünmədən əlin öz-özünə gördüyü işdir. Yazarın başı romanın bir nöqtəsi, bir cümləsi ilə məşğuldur. O, yazı problemini həll edə bilmədikcə səbirsiz əl hərəkət etmək istəyir. Nəhayət, yazarın cümləni yaza bilmədiyini gördükdə səbirsiz əl öz-özünə nəsə çəkməyə başlayır. Sadə bir üçbucaq, bir dördbucaq, bir küp, bir fincan, bir ağac, bir kibrit, bir bardaq və s.
 
Romanı yazmağa davam edə bilsəm, bu kiçik fincanlar, üçbucaqlar, qəribə şəkillər və xəyallar üzərində çalışdığım səhifədə qalır, unudulub gedir. Amma bəzən bəzi qaralamalara bilmirəm niyə, özüm də önəm verirəm. O, cızma-qaraya bu rəsmdə ("Kara kitab”ın əlyazmasına çəkdiyi İstanbul mənzərəsindən bəhs edir) olduğu kimi yenidən-yenidən qayıdır, onu səbirsiz əlimin qeyri-ixtiyari çəkdiyi adi bir şeydən rəsm yaradıram. Qaralamağa başladığım şeyin yavaş-yavaş bir forması, düşünülmüş bir mənası yaranmağa başlayır”.
 
Pamukun da adını hallandırdığı Dostoyevski kağıza bir neçə növ qrafik cızma-qara edərmiş: insan üzləri, palıd yarpaqları və ya xaçşəkilli çiçəklər, kalliqrafiya və qotik üslubda rəsmlər. Qotik üslubda rəsmlərə arkalar, qüllələr, qotik binaların çatma pəncərələri daxildir. Dostoyevskidə bu cür rəsmlərə Pamukun da dediyi kimi ən çox "Şeytanlar” romanının əlyazmasında rast gəlmək olar. "Şeytanlar”ın əlyazmasının vərəqlərindən birinin tən ortasında insan obrazı çəkilib. Güman ki, bu Dostoyevskinin özüdür. Yuxarı sol küncündə isə qotik üslubda bir binanın təsviri var. Cümlələr hamısı üfüqi şəkildə yazılmayıb, bir-birindən xətlərlə, haşiyələrlə ayrılır, mistik, sehrli əsər təsiri bağışlayır. Elə bil əlində "Kabbala”dan bir vərəq tutmusan. Dostoyevski binaların fasadını, tağları, çatma pəncərələri peşəkar şəkildə çəkib. Sözsüz ki, yazıçı bu bacarığını yeniyetmə vaxtı aldığı mühəndislik təhsilinə borclu idi.
 
 
 
Puşkinin bizə gəlib çatan bütün əlyazmaları hazırda Puşkin adına Rus Dili İnstitutundadır. Burda hər bir əsərin əlyazması ayrıca mühafizə olunur. "Puşkinin əlyazmaları” adlı sənədli film də var. Əgər istəsəniz Yuotube-dan asanlıqla tapıb baxa bilərsiniz. Gəlin mən bura sizin üçün link də qoyum (https://www.youtube.com/watch?v=f5FHyn9F7e0).  "Puşkinin əlyazmaları” sənədli filminə baxaraq, böyük rus ədibinin yaradıcılıq mətbəxi ilə daha yaxından tanış ola bilərsiniz.
 
Əlyazmalara diqqətlə nəzər yetirdikdə ədibin yaşadığı sarsıntıları, əzabları hiss etməmək olmur. Düzəliş edilmiş, pozulub üstündən yazılmış, sonra təzədən əvvəlki variantında verilmiş nə qədər söz, birləşmə, misra tapmaq olar. Bizim bir anda oxuyub keçdiyimiz bu misralar şairə necə böyük zəhmət, əziyyət bahasına başa gəlib! Filmdə Puşkinin "Mis atlı” əsərinin ilk misralarının yazılması prosesi anbaan göstərilib.
Əsər üzərində hədsiz çox düzəliş edən yazıçılardan biri də Lev Tolstoydur. Buna görə də onun əlyazmaları yarım milyon vərəqdən çoxdur. "Hərb və sülh”ün müəllifinin gündəliyində belə bir qeyd var: "Düzəlişsiz əsər yazmaq fikrini birdəfəlik başımdan atmalıyam. Əsəri üç-dörd dəfə düzəltmək belə azdır”. Tolstoy qarşısına qoyduğu bu öhdəliyə qeyd-şərtsiz əməl edirdi.
 
Onun yaradıcılıq prosesi belə idi: yay aylarında əsər haqqında uzun-uzadı düşünər, qışda masa arxasına keçib yazmağa başlayardı. İlkin variantı təbii ki, özü qələmə alardı. Bu zaman o, vərəqin hər yerini qeydlərlə doldurardı. Ağlına bir fikir gəldimi əlinə nə keçsə götürüb üzərinə qeyd edərdi. Onun əlyazmalarının arasında konvert üzərinə yazılmış qeydlər də var. Qaralama hazır olandan sonra əsərin üzü köçürülərdi. Səhv etmirəmsə "Hərb və sülh”ün üzü dörd dəfə köçürülüb. Özünüz düşünün, XIX əsrdə dörd kitablıq nəhəng bir romanın üzünü dörd dəfə köçürmək nə deməkdir! Necə deyərlər, tək adamın işi deyil. Ona görə də Tolstoya kömək edənlər tapılırdı. Yazıçıya ən çox həyat yoldaşı Sofiya Tolstaya yardım göstərib. Bəzən uşaqlara, dostlara, həmin ərəfədə malikanədə olan qonaqlara da bu iş həvalə olunardı. Arabir pulla işçi də tutulardı. Ömrünün sonlarında isə bu işi katibəsi görərdi. Qadın əlyazmanı maşınkada yığar, Tolstoy oxuyub düzəliş aparardı.
 
İkinci əlyazmada düzəlişlərini aparandan sonra yenidən əsərin üzü köçürülərdi. Əgər Tosltoy hesab etsəydi ki, əsər hazırdı, o zaman ağlamaya köçürülüb nəşriyyata göndərilərdi. Ancaq bundan sonra da əsər üzərində iş bitməzdi. Yenə də korrektura, Tosltoyun bitməz-tükənməz düzəlişləri başlayardı. Korrektorlar, mətn yığıcıları dahi yazıçının bu xasiyyətini heç sevməzmişlər.
Tolstoy da əlyazmalarına rəsm çəkməyi xoşlayan yazıçılardandır. Onun qrafik cızma-qaraları içində topoqrafik çertyojlara, insan üzlərinə, heyvan təsvirlərinə, müxtəlif həndəsi fiqurlara rast gəlmək olar. Bundan başqa sayı-hesabı bilinməyən qeydlər, düzəlişlər, dərkənarlar əlyazmanı oxunmaz hala salır.
Tolstoy təkcə əsərlərinin əlyazması yer alan kağızlara şəkil çəkməyib, onun qeyd dəftərçələrində də müxtəlif rəsmlər var. Krımda xidmət etdiyi zaman karandaşla bir neçə qafqazlı obrazını çəkib. Bundan başqa uşaqları və nəvələri üçün Jül Vernin "80 gün Yer ətrafında” romanına çəkdiyi illüstrasiyalar da mövcuddur.
Böyük Amerika yazıçısı Uilyam Folknerin "Hay-küy və hiddət” kitabının sonuncu vərəqində uydurma Yoknapatova əyalətinin xəritəsi verilib. Görünür, bu xəritə əsərin əlyazmasında da var imiş. Çox güman müəllif təkcə bununla yekunlaşmayıb, yazı prosesində başqa cızma-qaralar da edib.
 
Belə nəticəyə gəlmək olar ki, yazıçılar əlyazmalara müxtəlif təsvirlər çəkməklə bəzən yazdıqlarını daha aydın anlamağa, bəzən də bir qədər "dincəlməyə” çalışıblar. Rəsm ilham verib, bir anlıq fasilə onları daha alovlu şəkildə qələmə sarılmağa sövq edib.
Bu kiçik yazımızda bir neçə yazıçıdan misal çəkdik. Amma dünyanın nə qədər böyük yazıçısı var ki, onların əlyazmaları ayrıca araşdırma mövzusudur. Alimlər əlyazmaları dərindən öyrənərək əsərlər haqqında bizə daha geniş, ətraflı məlumat çatdırırlar.
 
Yazının bu yerində başqa bir böyük rus yazıçısı Mixail Bulqakovun fikrini xatırlamamaq olmur. Ustad deyirdi ki, "əlyazmalar yanmır”. Görünür, bundan sonra onların yanmağına gərək qalmayacaq. Çünki əlyazmalar daha olmayacaq.
 
Mirmehdi Ağaoğlu

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9102
GEL 1 1 Gürcüstan larisi 0.5945
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1145
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1816
CHF 1 1 İsveçrə frankı 1.7253
KWD 1 1 Küveyt dinarı 5.5969
TRY 1 1 Türkiyə lirəsi 0.2991