Manat “üzür”, amma dollarla bir yerdə…
Ekspert deyir ki, enerji qiymətləri aşağı enərsə, uzunmüddətli dövrdə qiymətlərin yüksəlmək
ehtimalı olmazsa, onda hökumət tədricən manatı üzən məzənnəyə keçirəcək. Bu
halda da üzən məzənnədən çox, mərhələli şəkildə ucuzlaşan məzənnə görəcəyik.
Üzən, üzən-tənzimlənən
və təsbit edilmiş məzənnə rejimləri mövcuddur. 2015-ci ildəki
devalvasiyaya qədər manat təsbit edilmiş məzənnə rejimində idi. Həmin ildəki devalvasiya
dövründə üzən-tənzimlənən məzənnəyə keçildi və manatın dəyəri düşdü. Gözlənilirdi
ki, üzən məzənnəyə keçid ediləcək. Lakin
hələ də üzən-tənzimlənən məzənnə rejimi davam edir. Ancaq ekspertlər hər zaman
bildirirlər ki, gec-tez manatın üzən məzənnəyə
keçidi baş verəcək.
Bu yaxınlarda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
üzvü Vahid Əhmədovmətbuata açıqlamasında bildirdi ki, manatın məzənnəsi inzibati yolla qorunub saxlanılır. Amma proses belə
davam edə bilməz. Millət vəkili qeyd edib ki, manat gec-tez sərbəst
buraxılacaq və "tam üzən məzənnə”yə keçiləcək.
Bu
il manatın məzənnəsi dəyişməyəcək?
Azərbaycan Mərkəzi Bankının sədri
Elman Rüstəmov 2021-ci ilin hesabatı ilə bağlı keçirilən brifinqdə jurnalistlərin
suallarını cavablandırarkən, "biz manatı zorla tutub saxlaya bilmərik, manatın
məzənnəsini inzibati yolla tənzimləmək mümkün deyil” demişdi.
"Standard & Poor Global Ratings” beynəlxalq
reytinq agentliyinin Azərbaycanla bağlı hesabatında qeyd olunur ki, 2022-ci ildə
Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi1 ABŞ dolları -1,70 AZNnisbətində saxlanılacaq. Üzən məzənnəyə
keçid 2022-ci ildə olmayacaqsa, nə zaman olacaq? Prosesin ləngimə səbəbləri nələrdir?
Təsir edən amillər
İqtisadçı ekspert Xalid Kərimli deyir ki, tam
üzən məzənnə rejiminə keçməyə bir sıra amillər təsir edə bilər: "Birincisi, bu
proses enerji qiymətlərindən asılıdır. Enerji qiymətləri yüksək olarsa, üzən məzənnəyə
keçəndə manatın bahalaşması ehtimalı da olur. İkincisi isə hökumətin və Mərkəzi
Bankın planlarından asılıdır. Yəni enerji qiymətləri yüksək olanda da, manatı
üzən məzənnəyə keçirmək qərarı verilə bilər. Bu, bir iqtisadi-siyasi qərardır”.
X.Kərimli bildirdi ki, üzən məzənnə deyiləndə, çox
adam manatın dəyər itirəcəyini düşünür. Ancaq manat bahalaşa da bilər: "Enerji
qiymətləri yüksək, tədiyyə balansında profisit (büdcə artıqlığı) olanda, dövlət
daha çox dollar satanda üzən məzənnəyə keçilərsə, manat bahalaşa da bilər. Məsələn,
2016-cı ildə Mərkəzi Bankın ehtiyatı 3 milyarda düşmüşdü. İndi 6 milyarddan
yuxarıdır. Mərkəzi Bankın ehtiyatları bazardan artıq dolların yığılması ilə
yüksəlib. Əgər sterilizasiyaları etməsəydi, manat bahalaşa da bilərdi. 1 dollar
1,60-1,50 manat səviyyəsində olardı”.
Bahalaşma dövlətin
marağında deyil
Prosesin ləngimə səbəblərinə gəlincə, X.Kərimli
bildirdi ki, Azərbaycanda dövriyyəyə dolları bir neçə şirkət buraxır.
Baxmayaraq ki, qeyri-neft sektorunun inkişafından danışırıq, amma bu bazarda
Dövlət Neft Fondu önəmli paya sahibdir: "Bizdə iqtisadi model bir qədər sadədir.
Burda da nüans ondan ibarətdir ki, əgər üzən məzənnəyə keçsək, enerji qiymətləri
yüksək olanda, Neft Fondu daha çox dollar satanda, manat bahalaşa bilər.
Manatın bahalaşması isə dövlətin marağında deyil. Əksinə, kiçik ölkədir,
enerjidən asılıdır. Manatın məzənnəsinin dolların məzənnəsi əsasında tənzimlənməsi
ölkədə iqtisadi prosesin iştirakçıları üçün daha etibarlı və proqnozlaşdırılan
mühit yaratmış olur, əlavə spekulyasiyaların qarşısını alır”.
Manat üzür, amma...
İqtisadçının sözlərinə görə, hazırda manatla bağlı
üzən-tənzimlənən məzənnə rejiminin tətbiq edildiyini də demək olmaz: "Üzən tənzimlənən
məzənnə yox, hazırda "dollara uyğunlaşdırılan məzənnə siyasəti” desək, daha
doğru olar. Manat üzür, amma dollarla bir yerdə. Dollar bir gəmidir, manat isə o
gəmiyə bağlanmış qayıq. Dollar digər valyutalara qarşı necə üzürsə, manat da elə
üzür. Dayananda, dayanırıq”.
Dövlətin məcbur qalıb tam üzən məzənnəyə nə vaxt keçəcəyinə
gəlincə, X.Kərimli bildirdi ki, enerji qiymətlərinin yüksək olduğu illərdə dövlət
manatı dolların məzənnəsinə uyğunlaşdırıb nəzarətdə saxlayacaq: "O vaxt ki enerji
qiymətləri aşağı enəcək, uzunmüddətli
dövrdə qiymətlərin yüksəlmək ehtimalı gözlənilməyəcək, onda hökumət tədricən
manatı üzən məzənnəyə buraxıb ucuzlaşdıracaq. Biz üzən məzənnədən çox, mərhələli
şəkildə davamlı ucuzlaşdırılan məzənnəni görəcəyik. 2022-ci ildə olmasa da,
yaxın illərdə bunu görəcəyik”.
İndi keçilsə...
X.Kərimlinin sözlərinə görə, hazırda üzən məzənnəyə
keçilsə, manat dəyər itirəcək: "Həm türk lirəsinin, həm də rus rublunun dəyər
itirməsi, ABŞ dollarının faiz dərəcələrinin bahalaşma proqnozu və bunun sürətli
baş verəcəyi ilə bağlı ehtimal manat üzərində təzyiq yaradır. İndi üzən məzənnəyə
keçilsə, manat dəyər itirər”.
İqtisadçı qeyd etdi ki, manatın hazırkı kursunu
saxlamaq hökumətə böyük xərclər hesabına başa gəlmir: "Xüsusilə, 2017-ci ildən
sonra üzən tənzimlənən məzənnənin ölkə üçün heç bir əlavə xərci yoxdur. Əksinə,
Mərkəzi Bank öz ehtiyatlarını artıra bilib. Valyutanın kursunu saxlamaq, bəzi
ayları çıxsaq, 4-5 il ərzində hökumət üçün əlavə xərclərə başa gəlməyib”.
Aygün Asimqızı