AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Malkolm Qladvel: Məni yaradan kitablar

Malkolm Qladvel: Məni yaradan kitablar

02 Fevral 2020, 12:30 4117
Liderlərin, uğur simvollarının araşdırılmasına uzun illər əmək vermiş Malkolm Qladvel dünyanın ən çox satan müəlliflərindəndir. Onun kitablarının çox satılmasının sirri isə öz fikrincə, əməkdir. Bir-birindən məşhur altı kitabın müəllifi Qladvel bu əsrdə istedadın və biliyin əməksiz, araşdırmasız rəqabətə davam gətirə bilməyəcəyinə inanır. Sosiologiya, psixologiya və sosio-kommunikasiya kimi sahələrdə geniş araşdırma və sorğulara müəlliflik etmiş Qladvel kitabların "yön vermə, yön dəyişmə” qabiliyyətinin olmadığı fikrini qətiyyətlə rədd edir. "Guardian” acgöz oxucu, yorulmaz araşdırmaçını "Məni yaradan kitablar” ədəbi rubrikasına qonaq edib.
 
Hazırda oxuduğum kitab – Bad Şkulberqin "Oynayan şəkillər: Hollivud şahzadəsinin xatirələri” ("Moving Pictures: Memoirs of a Hollywood Prince”) əsəri. Maddi vəziyyəti yaxşı olan bir kinostudio sahibinin oğlunun yaradıcılıq qabiliyyəti məni heyran edir. Hələ "Liman” ("The Waterfront”) romanını təsadüfən oxuyanda tez axtarışa çıxdım ki, başqa bir romanı varsa, onu da oxuyum. Bu əlimdəki kitabı acgözlüklə oxuyuram. Ümumiyyətlə, cah-cəlalı, dəbdəbəsi ilə milyonlarla insanın xəyalını bəzəyən yerlərin pərdəarxası hekayələri məni son zamanlar çox həyəcanlandırır. Şkulberqin də o pərdəarxası studioda çox qeyri-adi həyatı keçib. Maraqlı hekayələr haqqında nə yazanda, nə danışanda söhbəti yekunlaşdırmaq olmur.
 
Həyatımı dəyişdirən kitab – Aman Allahım, haradan başlayım? Bu siyahıya yüzdən çox sərlövhə daxil edə bilərəm. Ən yaxşı ilklərdən birini fikirləşim... Aqata Kristinin "Roger Akroydun qətli” ("The murder of Roger Ackroyd”) romanının adını çəkəcəyəm yəqin ki. Bu romanı oxuyanda haradasa 12 yaşım vardı, amma yəqin ki, 70 yaşıma da çatsam, romanın məni şok edən sonluğunun bəxş etdiyi duyğunu unutmayacağam. Bəlkə də, əsl təhkiyə ilə ilk tanışlığım idi, bilmirəm... Sonralar da dəfələrlə eyni həzzi duyaraq oxumuşam bu romanı.
 
Müəllifi olmaq istədiyiniz kitab – Janet Malkolmun "Jurnalist və qatil” ("The jurnalist and the murderer”) romanı. Yeni nəsil yazarlar "boss-yazarlar”-dır. Qələmlərindən nə çıxıbsa, onun sahibidirlər. Bizim nəsil isə eləymiş kimi davranmağa çalışsa da, hansısa bir duyğu bizi həmişə bir addım geridə dayanmağa sövq edir.
Üzərinizdə uzun müddət təsiri qalmış əsər – "Qaranlıq tərəf” ("The blind side”) romanı. Paralel hekayələrlə bu dünyaya aid həyatların saf, mübaliğəsiz və yersiz kədərə dalmadan təsvir edildiyi gözəl bir nümunədir. Bu kitabı 2-3 və daha artıq dəfə oxumağa dəyər.
 
Layiq olduğu dəyəri görməyən kitab – Son dövrlərin nəşrləri arasından seçim edəcəyəm. Məncə, Ceyerd Daymondun "Silahlar, qızıllar və polad” romanı. Tarix heç də sadəcə tarixçilər tərəfindən yazılmır. Ya da nəyin haradan çıxıb, hara getdiyini bilmək üçün kəşfiyyatçı olmağa ehtiyac yoxdur. Qüsursuz bir hekayə sizə geoloji nüansları da unutdura bilər. Daymond mübahisəsiz, ziddiyyətsiz tarixin və hadisələrin universitetlərdə öyrənildiyindən çox fərqli olduğunu göstərib. Amma bu kitab haqqında çox az danışıldı, çox az oxundu, çox tez unuduldu.
 
Düşüncə tərzimi dəyişən kitab – bu sualdan qaçmayacam. Amma hər kitab insanın düşüncə tərzinə təsir göstərir, dəyişdirir, formalaşdırır. Az da olsa, bir damla da olsa, hər kitab düşüncəmizdə iz qoyur. Sualın cavabına gəldikdə, Devid Enriçin "Hörümçək toru” ("The spider network”) romanıdır. Bir dəfə tətil üçün ev kirayələmişdim, kimsə bu kitabı yataq otağında unutmuşdu.
Məni ağladan kitab – oxucunun ağlaması kitab haqqında fikrinizi dəyişməməlidir. Ağladan yaxşı kitabdır?! Kitablar məni ağlatmır. Mənə səs lazımdır duyğulanmaq üçün. Film izləyəndə ağladığım çox olub.
 
Ən son güldüyünüz hekayə - Gülüş ustası Vudi Allenin "Lələklərsiz” ("Without feathers”) klassikası. 20 il əvvəl oxumuşam. Yadıma düşmüşkən gərək bir də oxuyam.
Oxumadığınız üçün utandığınız kitab – Tolstoy irsinə tamamilə yadam. Bütün əsərlərini alıb, nəhəng bir boş zaman arealı üçün saxlamışam. Aram-aram oxuyub, həzm etmək istəyirəm.
Hansı kitabınızla xatırlanmaq istərdiniz – Növbəti kitabımla!
 
İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı