Makronun nəticəsiz cəhdləri - TƏHLİL
Fransa prezidentinin Ermənistanla Azərbaycan
arasında münasibətlərin normallaşması istiqamətində aktivliyinin kökündə, əsasən,
erməni maraqlarının təmin olunması dayanır. O, geosiyasi aktivlik nümayiş
etdirməklə, Avropada siyasi birincilik uğrunda gedən mübarizədə də qalib olmaq
istəyir
Ötən həftə Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü
ilə Azərbaycan dövlət başçısı İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi
qismində E.Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın
baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib. 2021-ci
il dekabrın 14-də Brüsseldə keçirilmiş birgə görüşdəki sülh gündəliyinin davamı
olaraq, bu dəfə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına
dair ətraflı müzakirələr aparılıb.
Azərbaycanın birmənalı mövqeyi
Görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif
aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi
mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və
demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərdən
danışılıb. Prezident İlham Əliyev müzakirə olunan məsələlər barədə Azərbaycanın
mövqeyini çatdırıb. Eyni zamanda, dövlətimizin başçısı Birinci Qarabağ müharibəsi
zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi,
işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana
beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin
açılması məsələsinə xüsusi diqqət cəlb edib.
5 saatdan artıq davam edən danışıqlar
Bir neçə gün bundan öncə isə Fransa Prezidenti
E.Makron Rusiyada səfərdə olub. O, rusiyalı həmkarı Vladimir Putinlə görüşərək
5 saatdan artıq danışıqlar aparıb. Bu görüşdə də Ermənistan-Azərbaycan münasibətləri
müzakirə mövzularından biri olub. Maraqlıdır, son dövrlər Fransanın Ermənistan-Azərbaycan
münasibətlərinin gələcəyi ilə bağlı danışıqlar keçirməsinə, siyasi aktivlik
nümayiş etdirməsinə səbəb nədir? 44 günlük Vətən Müharibəsi dövründə daha çox
ermənipərəst mövqe sərgiləyən, statusuna yaraşmayacaq şəkildə davranan, dəqiqləşdirilməmiş,
qərəzli məlumatlar əsasında bəyanatlar verən Fransa prezidenti indi nəyi hədəfləyib?
Onun məqsədi nədir?
Paris və Berlin Moskvaya yaxınlaşa bilmir
Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşənpolitoloq Əhməd Əlili bildirib ki,
Ukraynada və Cənubi Qafqazda baş verən hadisələr bir-biri ilə sıx bağlıdır.
Buna rəğmən o, E.Makronun Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə
görüşlərini, ardınca Rusiyaya səfər etməsini ayrı-ayrı kontekstlərdə nəzərdən
keçirib: "Rusiya prezidenti ilə görüşdə təbii olaraq Ukrayna məsələsi daha çox
müzakirə olunub. Bu məsələyə sadəcə Rusiya-Ukrayna münasibətləri prizmasından baxmaq
olmaz. Avropa İttifaqındakı bir sıra ölkələrin Rusiya ilə əməkdaşlıq etməsinin
perspektivləri gündəmdədir. Bunun ətrafında müzakirələr aparılır. Ukraynada
böhran davam etdikcə, Paris və Berlin lazım olan qədər Moskvaya yaxınlaşa
bilmir. Bu, Fransa və Almaniya üçün ciddi narahatlıq doğuran məsələdir. Onlar
Rusiya ilə böyük məmnuniyyətlə yaxınlaşmaq, bir sıra məqamlarda iqtisadi,
siyasi dividendlər əldə etmək istəyirlər. Lakin Ukrayna böhranı, proseslərdə
ABŞ və Böyük Britaniyanın aşırı marağı imkan vermir ki, həm Fransa, həm də
Almaniya Rusiya ilə yaxınlaşa bilsin. Hesab edirəm ki, Makronun Moskva səfərində
bu kimi məsələlər Putinin diqqətinə çatdırılıb, hansısa formada anlayışın,
razılaşmanın əldə olunmasına çalışılıb. Ancaq görüşün nəticələrinə fikir versək,
Fransa prezidentinin sözügedən istiqamətdə hələ çox çalışmalı olacağı qənaətinə
gələ bilərik. Ukrayna-Rusiya arasında baş verənlər sadəcə iki ölkənin deyil,
regionun taleyini həll edəcək”.
Avropada siyasi birincilik uğrunda mübarizə
Politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Fransanın Avropa İttifaqına sədrlik
etməsi E.Makronun geosiyasi proseslərdə aktivlik nümayiş etdirməsinə səbəb
olub. Onun fikrincə, Fransa prezidentinin Ermənistanla
Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində aktivliyinin kökündə,
əsasən, erməni maraqlarının təmin olunması dayanır: "Makron geosiyasi aktivlik
nümayiş etdirməklə, Avropada siyasi birincilik uğrunda gedən mübarizədə də
qalib olmaq istəyir. O, Avropa İttifaqında Fransanın rolunu artırmağa
çalışır. Makron ATƏT-in Minsk qrupunun həmsədr dövləti, vasitəçi kimi Fransanın
Cənubi Qafqazdakı mövqelərini də gücləndirmək istəyir. Perspektivdə Fransada
seçkilər olacaq. Seçki öncəsi müəyyən dividendlər, dəstəklər qazanmaq başlıca hədəflərdəndir.
Makron bu mənada öz komandasının mövqelərini gücləndirmək istəyir”.
Hərbi-siyasi böhran
Politoloq deyib ki, Fransa son aktivliyi ilə Türkiyənin
Cənubi Qafqazdakı, Ukraynadakı aktivliyinə də kölgə salmaq istəyir: "Ukrayna ilə
Türkiyənin münasibətlərində Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüskarlığı,
qardaş ölkənin artan vasitəçiliyi Fransa tərəfindən qəbul edilmir. Çünki
proseslərdə Türkiyənin rolu artır, geosiyasi mövqeləri möhkəmlənir. Hadisələrə
bu prizmadan yanaşsaq, Fransanın son addımları həm də Türkiyənin mövqelərini zəiflətməyə,
Ukrayna-Rusiya prosesləri fonunda təşəbbüskarlığı, vasitəçiliyi öz əlinə almağa
hesablanıb. Lakin Makronun Putin tərəfindən Moskvada "isti” qəbul edilməməsi
onu deməyə əsas verir ki, Rusiya öz mövqeyindən geri çəkilməyəcək. Ümumiyyətlə,
Fransanın vasitəçilik mövqeyinin müsbət nəticə verməyəcəyini düşünürəm. Avropa
İttifaqı ilə Rusiya arasında hərbi-siyasi böhran hökm sürdüyü təqdirdə Makronun
atdığı addımların müsbət nəticə verməsi qeyri-mümkündür”.
Rufik İSMAYILOV