• cümə axşamı, 28 mart, 19:53
  • Baku Bakı 13°C

“Mafiya babası” 80 yaşında

06.05.20 11:00 3214
“Mafiya babası” 80 yaşında
"Uzaqda, lap uzaqda, göl kənarında ev almaq istəyirəm”
Onun adı keyfiyyətli kinonun təminatıdır. Möhtəşəm aktyorluq şöhrəti onun şəxsiyyətinə də böyük maraq yaradıb: kitablar, müsahibələr, məqalələr... 25 apreldə Alfredo Ceyms Paçino - Al Paçino 80 yaşını qeyd edib. Aktyor özünü əla hiss edir. Başgicəlləndirici şöhrətinə və məşhurluğuna baxmayaraq, həmişə Hollivud qaydaları ilə yaşamağa üstünlük verib. O, özünün mənfi rollar oynadığı dünyasını sevir. Xaş atası, bank soyğunçusu, kazino sahibi – hər personaj Hollivud ulduzunun ifasında kinematoqrafiya hadisəsinə çevrilib.Al Paçino hazırda özündən 40 yaş kiçik olan həyat yoldaşı ilə xoşbəxt yaşayır. Yubileyi münasibətilə dünya mediasında "Mafiya babası 80 yaşında” deyə yazılar dərc olunur.
- Bilirsiniz, bir çox aktyorlardan "kinoda ən çox yadınızda qalan epizod hansıdır?” deyə soruşanda "Xaç atası”nda sizin restoranda qayğılı oturub, "sizə pistolet verilsin, yoxsa hələ yox” deyə düşündüyünüz səhnəni xatırlayırlar. Bu epizod sizin üçün də cəlbedicidir?
- Bunu eşitmək mənə sünilik və yaltaqlıq təsiri bağışlayır. Belə bir məşhur filmdə çəkilmək pis deyildi, düz deyilmi? Həmin an ola bilsin ki, mən çəkilişlərə nə qədər tab gətirəcəyimi və nəhayət, nə vaxt qovulacağımı düşünürdüm. Çünki həmin vaxt studiyada bu barədə söhbətlər gedirdi.
- Haver Bardem sizin haqqınızda deyib: "Mən Allaha inanmıram, mən Al Paçinoya inanıram...”
- Hə, mən bu barədə nəsə eşitmişəm. Bardemi xoşlayıram, o, gözəl aktyordur. Necə olubsa, mən onunla bir saata yaxın söhbət etmişəm və görünür, o, indi nə istəyirsə, onu da deyir. Açığı, əslində belə şeylər haqqında düşünməyi xoşlamıram. Məni "əfsanə” və ya başqa bir adla çağırmağın mənim üçün heç bir əhəmiyyəti yoxdur. Daha doğrusu, deyə bilmərəm ki, bu, mənim xoşuma gəlir, ya yox.
- Bəs sizdə, oynadığınız və ya oynamadığınız rollara qarşı təəssüf hissi varmı?
- Yox, bu sərsəmlikdir. Oynaya bilmədiklərim başqa aktyorlara məxsusdur, bu, onların haqqıdır. Dəqiq bilirəm ki, nə vaxt roldan imtina etmişəm və ya razılaşmışamsa, demək, məhz onu istəmişəm. "Xaç atası”ndan sonra mən künoda fasiləsiz çəkildim. Sanki arxamda avtomatlı adam gəzirdi və məni dayanmağa qoymurdu. Düzünü desəm, həmin dönəm o vaxtdan mənə dumanlı görünür. Bunun mənasını nə o vaxt başa düşürdüm, nə də indi. Mən utanırdım, ruhdan düşürdüm. Amma görünür ki, 70-ci illərdə ətrafımda baş verənlər iş baxımından düzgün idi. "Xaç atası”nın başgicəlləndirici uğurundan sonra mən son 20 ildə 18 filmə çəkildim. 8 dəfə "Oskar” nominantı oldum. Ancaq mükafatı əlimə 1993-cü ildə "Qadın ətri” filmindəki Polkovnik roluna görə aldım. Bir çox aktyorlardan fərqli olaraq, mən kinoulduz olsam da, teatra qayıtdım. Yalnız teatr məndə aydın düşünmə və həqiqət hissini qoruyub saxlaya bilir.
- "Xaç atası”nda da çəkilməkdən imtina edirmişsiniz...
- Belə deyim, bunu da istəmirdim. Axı Frensis Ford Koppaladan başqa heç kim mənim bu filmə çəkilməyimi istəmirdi. O, əlbəttə, bir qədər axmaqdır, dediyindən dönmədi. "Prodüserlər mənim bu rolda oynamağımı istəmirlər. Mən sənin başqa filmlərində oynayaram” desəm də, xeyri olmadı. Hələ məni teatr səhnəsində görəndən sonra bir sevgi filmində oynamağa məcbur etmişdi. Mən Koppolanın yaşadığı San-Fransiskoya uçdum. Orda Spilberq, Lukas kimi rejissorlar da yaşayırdı və hamısı film çəkmək istəyirdi. Mən həmin vaxt özümü teatr aktyoru hesab edirdim, ancaq onların entuziazmı şeytan kimi adamı yoldan çıxarırdı. Düzünü desəm, onlar mənim gözlərimdə başqa planetdən gəlmiş adam kimi idilər. Hətta onların rəyləri də studiyalara təsir edə bilmirdi. Prodüserlər üçün mənim teatrda ən nüfuzlu mükafat olan "Toni” mükafatı almağımın heç bir dəyəri yox idi. Mən "Xaç atası”nda Koppolanın mənə görə işini itirəcəyindən qorxurdum. Onun Maykl Karleon rolunda çəkilməyim də rejissorun inadkarlığının nəticəsi idi. Həmçinin, produserlər Marlen Brandonu da istəmirdilər.
- Yəqin ki, o vaxtdan sonra belə bir situasiya ilə qarşılaşmadınız ki, sizi rola çəkməkdən imtina etmək istəsinlər...
- Niyə ki? O vaxtdan sonra da belə hallar olub. Bir çox hallarda mən imtina edərək başqa aktyorlara yol açmışam. Məsələn, mənə "Möhkəm qoz” filmində rol verirdilər. Mən imtina edəndən sonra Bryus Uillis əla karyera qazandı. "Ulduz müharibələri”ndəki roldan imtinam Arrison Ford üçün əla şans oldu. Mən o zaman roldan imtina edirəm ki, ssenaridən heç nə başa düşmürəm.
- Doğrudur ki, "Gözəlçə” filmində Culiya Robertslə oynamalı idiniz?
- Hə, amma mən rolu Riçard Girə verdim və ona dünyada ən gözəl qadın sehrbazını oynamaq fürsəti yaratdım.
- Bəs niyə "Xaç atası”ndan sonra çəkildiyiniz filmlərdəki möhtəşəm rollarınızı yüksək qiymətləndirmirsiniz? Axı o filmlər çoxdan kino tarixinə köçüb.
- Mən özümü rinqdə boksçu kimi hiss edirdim. Nokdaun yenidən ayağa qalxmağa və rinqə qayıtmağa kömək edir. Çox qaynar həyatdır. Hə, bir də mən çox içirdim. Hələ yeniyetmə çağlarımdan içkiyə aludə idim, amma sonra lap həddimi aşdım. Mən həmişə içkili vəziyyətdə olurdum. 1977-ci ildə alkoqolla vidalaşdım. Özüm-özümə inanmırdım, amma dostlarım mənə çox kömək etdi.
- Həyatınızdakı qadınlardan Dayen Kitonla uzun müddət yaşayıbsınız...
- Hə, mən Dayenlə 80-ci illərdən yaşamağa başladım. O zaman mən ilk dəfə olaraq özümü kifayət qədər normal insan hesab edirdim. Heç yerə tələsmək lazım deyildi, sadəcə, daxili gücünü toplamaq və düşünmək... Teatrda oynayırdım. Olsun ki, bu, mənim həyatımda o dönəm üçün ən gözəl fürsət idi. Bir gün Dayen mənə ultimatum verdi: "Nədir, yenidən uşaqlıq və gəncliyinin keçdiyi it damına qayıtmaq istəyirsən?” O, ağıllı qadın idi və sözləri mənə toxundu. Dayen mənə "Sevgi dənizi”nin ssenarisini verdi. Bu ssenari mənim kino karyeramı bərpa etdi. Amma biz Dayenlə ayrıldıq. Bu, çox uzun söhbətdir. İnsanlar bəzən bir-birini anlayaraq da ayrılmalı olurlar.
- Sonuncu məhəbbətiniz- argentinalı model Lusila Sala ilə görünür, daha uyğun xarakteriniz olub.
- Lusila ilə 2005- ci ildə ziyafətlərin birində tanış olmuşuq. Amma hərdən Lusila deyir ki, biz 49 ildir ki, tanışıq. Düzdür, əvvəl bir müddət dost olmuşuq. O, sözün həqiqi mənasında mənim ürəyimi oxuyur. Sevimli Dayenin xatirlərində yazdığı kimi: "Mənim qaçılmazlığım gözlərimdədir”.
- Bəlkə elə buna görə Al Paçino bütün qadınların ağlını başından alır...
- Təkcə bir şeyi bilirəm- "Xaç atası”ndan sonra şöhrətlənəndə küçədə məni görən qadınlar "O...Maykl” deyərək, yanımdan laqeyd ötmürdülər. Mən hərdən gözəl qadın görəndə dayanır və salamlaşıram. Və mən onun əlini əlimə alıb sonra özümlə apara bilirdim. O zaman mən ehtiyatsızlıqla əylənirdim, bəzən də depressiyaya düşürdüm. Xoşbəxtlikdən, irəli getmək üçün imkanlar oldu...
- Doğrudur ki, meneceriniz pullarınızı çəkib gedib və siz milyonlar itiribsiniz?
- Doğrudur... Amma nə etmək olar, dünya belədir. Lusila "İşimizi davam etdirək”- deyə təsəlli verdi. Bununla da məsələ bağlandı. Onda mən rola görə 15 milyon alırdımsa, indi 5 milyon alıram. Yaxud əlimə pistolet götürməyə razılaşsam, 7 milyon... Nə etmək olar? Bu da reallıqdır. Reklamda çəkilirəm, mülk satıram, bankdan kredit götürürəm, Adam Sendlerlə komediyada çəkilirəm. Ən əsası, uşaqlara mənim filmlərim xoş gəlir. Məgər bu azdır?
- Nyu-Yorkdan Los-Ancelesə niyə gəldiniz?
- Dostum Marlon Brando həmişə deyərdi ki, heç vaxt dava etmə və Kaliforniyada yaşama. Davalardan qaçmağı bacardım, amma Brandonun ikinci məsləhətinə əməl edə bilmədim. Bura əkizlərə görə, onlarla vaxt keçirmək üçün gəldim. Onların anası Baverli Dangelo ilə burada ayrı-ayrı evlərdə yaşamışıq. İndi bütün bunlar çox mürəkkəb olub. Burda ev götürmüşəm. Turistləri bura gətirirlər ki, Al Paçino burada yaşayır. Uşaqlar üçün buralar çox rahatdır: hovuz, böyük bağ, oyun meydançası...
- Böyük qızınız, 25 yaşlı Culiya da aktrisadır...
- Hə, mən buna görə fəxr edirəm. O, daim axtarışdadır və ona nə maraqlıdırsa, onunla da məşğul olur. Yadımdadır, orta məktəbdə oxuyanda müəllim məni məktəb tamaşasına dəvət etdi. Beləcə, obraza girdim. Bu, mənim xoşuma gəlirdi, amma tamaşa zamanı ürəyim bulanırdı. Məni düz tamaşanın ortasında səhnədən çıxardılar. Müəllimə, çirkli pillələrlə, yaşadığımız beşinci mərtəbəyə qalxmağa tənbəllik eləmədi. Mən anam və nənəmlə orada balaca, kasıb bir evdə yaşayırdım. Atamın 18 yaşı olanda mən doğulmuşdum. O, 20 yaşı olanda artıq anamı tərk etmişdi. Mən 16 yaşım olanda məktəbi atdım, işləmək lazım idi. Amma teatra həvəsim vardı, boş vaxt tapan kimi sınaqlara qaçırdım. Bəlkə də onda anamı dəhşətli kasıblıqdan və iztirablardan qurtarmaq, atam gedəndən sonra yaralanmış qəlbinə məlhəm olmaq mənim yeganə fantaziyam idi. Anam xəstələnəndə mən onun yanına gəlib "Darıxma, mən artıq əla iş tapmışam, hər şey yaxşı olacaq, bizim çoxlu pulumuz olacaq” deyərək təsəlli vermək istədim. Onun ölümünə qədər məni məşhur rejissor Elia Kazan dinləmələrə çağırdı, ancaq mən gecikdim... Anama, mənim məşhurluğumu görmək qismət olmadı.
- Siz pərəstişkarlarınızın əlindən nə edirsiniz? Axı sizi hər yerdə izləyir, selfi çəkdirmək istəyirlər. Populyarlığınız əvvəlki kimidir, sərhəd tanımır... - Mən həmişə adamlara hörmətlə yanaşmağa çalışıram. Şəkil çəkdirirəm, avtoqraf verirəm, əllərini sıxıram. Amma axırıncı dəfə nə vaxt supermarketdə olduğumu xatırlamıram. Və son 50 ildə doğma Nyu-Yorkun yeraltı keçidlərində olmamışam. Uşaqlarla mənə asan deyil. Onlar, məni heç kəsin tanımadığı uzaq yerə getmək istəmirlər. Bir gün uzaqda, lap uzaqda, göl kənarında ev almaq istəyirəm. Bu, mənim arzumdur. Amma bunu reallaşdırmaq üçün ən azı bir il gözləmək lazım gələcək...
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər