Kurtuba Camisi
İspaniyanın Kordova şəhərində yerləşən "məscid” sözünün ispan dilinə
uyğunlaşdırılması ilə Mezquita adını daşıyan, sonradan kilsəyə çevrilmiş əzəmətli bir camidir.
Əndəlus mədəniyyətinin nadir nümunələrindən olan cami 784-cı ildə ildə Əndəlus Əməvi
dövlətininqurucusuI Əbdürrəhman (731-788)
tərəfindən Vadil-Kəbir nəhri kənarında tikilməyə başlamışdır. İnşası 10 il
ərzində tamamlanan caminin üzərində müxtəlif zamanlarda işlər görüldüyü üçün
onun hazırkı şəkli 205 illik fəaliyyətin nəticəsi kimi ortaya çıxmışdır. Həcmi,
memarlığı, fərqli özəllikləri ilə cami islam dünyasında ən önəmli abidələrdən
biri olmuş, tikintisində ərəb və digər Şərq ölkələrindən gətirilən qiymətli
məhsullar və daşlar istifadə edilmişdir. Türkiyəli yazar Muhsin Kadıoğlu
Kordova haqqındakı kitabında (Kordoba
Gezi Rehberi, 2018) yazır ki, "ölçüləri baxımından islam aləmində "görəni
sevindirən” anlamında "Samerra” adını
daşıyan Bağdadın Ulu Cami (240 x 156
m) və Əbu Dülef camisindən sonra üçüncü sırada dayandığı
iddia edilir. Memarlığı və abidə təsiri etibarilə ilə savadlı və zəngin bir
toplumun güclü hökmdarlarının ehtişamını nümayiş etdirmək üçün tikildiyini
göstərməkdədir”.
Roma, ərəb, islam və xristian
mədəniyyətinin izlərini yaşadan cami 1984-cü ildə UNESCO tərəfindən Dünya
Mirası kimi də qeydə alınmışdır.
Kurtuba camisi dünyada ən çok sütunu olan
məbəd kimi tanınır. Burada qranit və qiymətli daşlardan 860 sütun tikilmiş,
lakin sonralar cami katedrala çevrildiyi zaman bəzi dəyişikliklərlə yanaşı, 63
sütun da götürülmüşdür.
Kurtuba camisi mehrabının memarlıq
xüsusiyyətləri və özünəməxsusluğu ilə də diqqəti cəlb etməkdədir. M.Kadıoğlunun
yazdığı kimi, "mehrab sadəcə namazda qibləni göstərməklə qalmamış,
genişləndirildikdən sonra ziyarətçilərin zənginlik və sənətin incəliyindən
vəcdə gəldiyi bir sahə halına gətirilmişdir”.
Hal-hazırda Kurtuba camisi Kordova Katolik
Katedralı kimi fəaliyyət göstərir və 1236-cı ildə Kordova Kastiliya kralı III Ferdinand tərəfindən ələ
keçirildikdən sonra cami katedrala çevrilmişdir. Lakin caminin islami
özəllikləri özünü mühafizə etməkdədir. Çünki M.Kadıoğlunun da dediyi kimi,
"binanın döşəmə planı islamın ilk dövrlərindən etibarən inşa edilmiş ən qədim
camilərlə eynidir”. Lakin bu dövrdən
sonra camiyə xristianlığa aid bir çox özəlliklər də əlavə edilmişdir. "Ən bəlli
dəyişiklik geniş binanın ortasında bir Renasans katedralı havasının
yaradılmasıdır” deyən M.Kadıoğlu çox haqlıdır.
Kurtuba camisi
ətrafında bir sıra fikirlər söylənilmiş, dünya ədəbiyyatı və mədəniyyətinin
müxtəlif əsərlərində bu əzəmətli abidədən fərqli şəkildə bəhs olunmuşdur. Çünki
X əsrdə Avropada mərkəzi nöktəyə çevrilmiş Əndəlus islam mədəniyyətinin mərkəzi
şəhərlərindən biri məhz Kurtuba camisin də yerləşdiyi Kordova idi. Türk yazar
Nil Ünsal yazır ki, "X əsrdə sadəcə Kordovada yarım milyon insan yaşayırdı və
şəhərdə iki yüz min ev, altmış min konak,
altı yüz cami, yeddi yüz hamam və yetmiş kitabxana var idi” (Nil Ünsal, Kont
Lucanor, Ankara 2001). Bu o zaman üçün çox böyük göstərici idi və həmin
mədəniyyətin ən mötəbər incilərindən birincisi də Kurtuba camisi idi. Ona görə
də, hətta, Qərb ədəbiyyatında müsəlman mədəniyyəti nümunəsinin katedrala
çevrilməsinə dair tənqidi fikirlərə təsadüf edirik. XIX əsr alman şairi
Henrix Heyne "Əl-Mənsur” əsərini Kurtuba camisi və Kordova xilafətinin yüksəliş
dövründə müsəlman İspaniyasının dövlət və hərbi şəxsiyyətlərindən biri olan
əl-Mənsura (978-991) həsr etmişdir. Heyne şeirdə yazırdı:
Möhtəşəm xəlifələr tərəfindən
Mədəb Allahın şərəfinə tikilmişdi.
Ancaq zamanın axışı sisli
Dünyanı çox dəyişdi.
Azan səsi yayılan
Yüksək minarədən,
Xristianlığın səs yox
Axmaq zəngi yayılır.
Heyne divarlarından peyğəmbərin sözləri
ucalan məbədin ağılsız monarxların səslərinə dəyişdiyini təəssüf hissi ilə
təsvir edir.
Kurtuba camisini ziyarət edən şairlərdən
biri də Pakistanın mütəfəkkir şairi Məhəmməd İqbal (1877-1938) olmuşdur. Şairin
"Kurtuba camisi” şeirinə eyni adlı nəzirə yazan Muhsin Kadıoğlu Kordova
haqqındakı kitabında onu da xüsusi xatırlatmışdır: "Pakistanın milli şairi və
filosofu Məhəmməd İqbal Kurtuba camisini (Mezquitta) ziyarət etdi. İspaniyanın
səlahiyyətli şəxslərindən tarixi bir cami olan katedralda azan oxunmasına izn
verilməsini istədi. Kurtuba camisinin
oyatdığı dərin təsiri "Kurtuba camisi” adlı şeirində dilə gətirdi. Məhəmməd
İqbal Kurtuba camisini islamın kültür simvolu kimi dəyərləndirmişdir”.
M.İqbal 1932-ci ilin oktyabrında Üçüncü Dəyirmi
Masa toplantısında iştirak etmək məqsədilə İngiltərəyə səfər edir. Buradan
Parisə, 1933-cü ildə isə İspaniyaya gəlir. Məlum olduğu kimi, M.İqbal Avropa
ölkələrində mühüm konfranslar vermişdir və İspaniyada olduğu zaman da Madrid
Universitetində "The İntellectual World of Islam and Spain” – "İslam və
İspaniyanın İntellektual Dünyası” mövzusunda konfrans vermişdir. 711-ci ildən 1336-cı ilə qədər müsəlman
ərəblərin hakimiyyəti altında olan İspaniyadakı islam mədəniyyətinin nümunələri
İqbal kimi islam alimi və filosofunun diqqətindən də kənarda qalmamışdır.
Əndəlus mədəniyyətin ən mühüm nümunəsi hesab edilən Kurtuba camisinin şairdə
doğurduğu təsir onun məşhur "Kurtuba camisi” şeirinin yaranmasına səbəb
olmuşdur. Əsər ideya və bədii məziyyətləri ilə urdu ədəbiyyatının şah
əsərlərindən hesab olunur. Pakistanlı şair, nasir və M.İqbal yaradıcılığının
tədqiqatçısı Cagan Naz Azad "Nigar-e Pakistan” əsərində qeyd edir ki, hətta
urdu ədəbiyyatında başqa heç bir əsər olmasaydı belə, yalnız bu nəzm sayəsində
urdu ədəbiyyatının dünya ədəbiyyatları arasında özünəməxsus bir yerə sahib
olduğu iddia edilə bilərdi.
M.İqbalın "Kurtuba camisi” şeirində qoyduğu
məsələlər bir çox mövzunu əhatə edir. Şair həm eşq fəlsəfəsi, zaman anlayışını
şərh edir, həm də Avropanın siyasi həyatı və ondan doğan problemlərə münasibət
göstərir.
M.İqbal Kurtuba camisinə islam
mədəniyyətinin yüksəliş mərhələsinin və çöküşünün simvolları kimi baxır. Bir
tərəfdən əzəmətli abidə inancın, dinin, mədəniyyətin yüksəliş dönəmindən xəbər
verirsə, digər tərəfdən müasir missiyasına diqqət çəkilməsi islam dünyasına
yeni hədəflər uğrunda mübarizəyə atılmaq əzmi aşılayır.
M.İqbal şeirin əvvəlində bütün əsərlərində
olduğu kimi ilahi əzəməti vəsf edir. Kurtuba camisindən bəhs etmədən öncə ifadə
etdiyi bu misralarda işlətdiyi sözlərin mövzu ilə birbaşa əlaqəsi vardır. Şair
islamın yüksəliş mərhələsi və çöküşü kimi dəyərləndirdiyi Kurtuba camisini
şeirin əvvəlində verdiyi gecə və gündüz sözləri ilə simvollaşdırmışdır:
Gecə ilə gündüz zənciri hadisələrin görünüş
tablosudur,
Gecə ilə gündüz zənciri həyat və ölümün
əslidir.
Gecə ilə gündüz zənciri iki rəngli ipək
ipliyidir sanki
Bunlardan hörər zati-ilahi öz sifətlərinin
əlbisəsini.
Əzəl sazının tellərindən çıxan fəryaddır gecə
ilə gündüz zənciri
Bunlarla yaradır Allah təala zil və bəm
pərdələrini.
Bu məni də səni də kontrol etməkdir,
Gecə və günüz zənciri kainatın sərrafıdır.
Məlumdur ki, ilahi sifətlər zati
və feli olmaqla iki hissəyə ayrılır. Zati sifətlər Allahın qüdrətini ifadə edir
və zaman və məkan asılılığından uzaqdır. "Quran”ın "əl-Həşr” surəsinin 24-cü
ayəsində deyildiyi kimi: "Ən gözəl adlar (əsmayi-hüsna) ancaq ona məxsusdur”.
M.İqbal da Allahın qüdrəti ilə yaratdığı gecə və gündüzü onun əzəmətindən bir
nişanə kimi dəyərləndirir və insanları ibrət aynasına baxmağa dəvət edir.
M.İqbal Kurtuba camisi timsalında ölümlü
həyatda hər şeyin fani olduğunu, zati-ilahidən başqa insan əli ilə yaradılan
bütün sənət əsərlərinin bir gün fani dünyada məhf olacağını izhar edir:
Keçicidir sənətin də, texnikanın da bütün
möcüzələri
Yoxdur, yox, dünya işlərinin daimiliyi
Hər şeyin önü də, sonu da, zahiri də, batini
də fanidir,
Yaradılan əski də olsa, yeni də olsa, son
mənzili yenə fanilikdir.
Kurtuba camisi də bir sənət abidəsi olaraq fərqli
dəyişikliyə uğramış, insanların ambisiyalarının hədəfinə çevrilmişdir. Lakin
onun əzəməti ilahi qüdrətin məkanı olaraq yaradılmasıdır. O Allah eşqinin
məbədi olduğu üçün dəyərlidir. Ona əbədilik qazandıran da həmən cəhətidir:
Buna rəğmən, Allah dostlarının əsəri olan
əşyada,
Bir ölümsüzlük, bir əbədilik var sanki!
Bu
məqamda İqbal ilahi eşq ilə yaradılmış və "Allah dostları” adlandırdığı
aşiqlərin əbədiliyinə, eşqin qüdrətinə diqqəti yönəldir:
Allah dostlarının hər işinin kamiliyə çatması
eşqdəndir.
Eşq həyatın özüdür, ölüm ona haramdır.
Dünyanın çox müxtəlif ölkələrində türk və
müsəlman izlərini araşdıran və çoxsaylı əsərlərində təqdim edən Muhsin Kadıoğlu
da 2017-ci ildə Kurtuba camisini ziyarət etmiş və İqbalın şeirinə nəzirə
yazmışdır.
Muhsin Kadıoğlu İqbalın
"Allah dostları” kimi adlandırdığı insanları "Tanrı aşiqləri” kimi ifadə edir,
onların ölümsüzlüyünə, Tanrının yaratdıqlarının əbədiliyinə işarə edir:
Ölməz, sönməz və solmaz yaratdıqları
Yoxdur ölümsüzlük istəsə də, Tanrı aşiqlərinin!
İqbal fani dünyada hər
şeyin məhf olacağını, zamanın gedişində faniliyə uğrayacağını, yalnız eşqin
gücünü İlahidən aldığı üçün ölümsüzlüyünü söyləyir:
Gərçi zamanın axışı çox sürətlidir, hər şeyi
silib götürməkdədir;
Amma eşqin özü digər selləri durduran böyük bir
seldir.
M.Kadıoğlu da eyni ideyadan
çıxış edərək zamana əyilməyən eşqi bir selə bənzədir, insan və zamanın ilahi
eşqin gücü qarşısında zəif olduğunu bəyan edir:
Axar su, zaman və insan; lakin silə bilməz əsla
keçmişi
Heç bir sel durdurmaz seli, artar daim dağıdıçı
təsiri.
İqbala görə ilahi eşq tam
dərkolunmazdır. O real zamanın sərhədlərindən daha geniş, insan idrakının
məhdudiyyətlərindən daha dərindir:
Eşq təqvimində keçib gedən əsrlərdən,
Başqa zaman məhfumları da vardır adı olmayan!
M.Kadıoğlu bu fikri özünəməxsus şəkildə ifadə
edərək zaman və məkan xaricindəki sevginin müjdəsini verir:
Var əlbəttə, başqa bir zaman və başqa bir məkan
Və var daha böyük bir eşq sevginin qısqandığından.
İqbal Allaha, peyğəmbərə olan
eşqi vəsf edir. Şairə görə, torpaqdan yaradılan insan Allahın ona sevərək
verdiyi ilahi ruhu ilə canlıdır, insan bu ruhu daşıdğı üçün maddilikdən keçib
ilahi məqama yaxınlaşa bilir:
Eşq Cəbrailin nəfəsi, eşq Mustafanın qəlbidir,
Eşq Allahın kəlamı, eşq Allahın Peyğəmbəridir!
Torpaqdan olan insan eşqin cazibəsindən
canlıdır,
Eşq qatqısız bir şərab, eşq comərd bir şərab
bardağıdır!
Həyat sazından gələn nəğmə eşq mizrabının
vuruşundandır,
Həyatın nuru-səadəti eşqdən, atəşi-aləmi yenə
eşqdəndir.
Burada M.İqbal "Quran”ın "Ali-İmran” surəsinin 59-cu
ayəsində insanın torpaqdan yaradılığı məsələsinə də toxunur. Ayədə deyilir:
Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona "(Bəşər) ol” – dedi, o da oldu”.
M.Kadıoğlu Tanrıya və
peyğəmbərə olan sevgi arasında fərqi daha çox qabardır, Tanrıya duyulanı eşq,
peyğəmbərə duyulanı sevgi adlandırır. Şair də İqbal kimi eşqi həyatın nuru kimi
dəyərləndirir, Tanrı eşqindən bir zərrə daşıyan insanı xoşbəxt ölümə nəsib
bilir:
Yalnız Tanrıya duyulur eşq, peyğəmbərə sevgi
Peyğəmbərə də aşiqsənsə, hardadır Tanrının fərqi?
Varsa eşqin, vardır həyatın mənası əzəldə və əbəddə
Ölürsəm, gözüm açıq getmərəm, qovuşarsam son nəfəsdə.
Sonra Kurtuba camisinə müraciət edən M.İqbal onun
varlığının eşqdən yoğrulduğu üçün fani olmadığını, hər bir sənət əsərinin ilahi
eşq ilə canlılıq qazandığnı söyləyir:
Ey Kurtuba camisi, sənin varlığın eşqdəndir.
Eşq büsbütün davamlılıqdır, onda fanilik yoxdur.
Rəng ya da daş kərpic, saz ya da kəlimə və səs
olsun, hamısı bir,
Sənətin möcüzəsi ciyər qanından meydana
gəlməsidir!
Ciyər qanıyla daş sütunları könül olur,
Ciyər qanından səs yanğı, neşə və nəğmə olur.
M.Kadıoğlu şeirin əvvəlində eşqi əbədi bir selə
bənzətdiyi üçün, Kurtuba camisinə müraciət edərkən də onun hər sütununda,
daşında bir tarixin yazıldığını söyləyərək zamanın gərdişinə dayanıqlı olduğuna
diqqəti çəkir:
Ey Kurtuba camisi! Sənsən əsrləri dələrək fışqıran
Hər sütununda bir başqa hekayən var, hayqıran.
Var hər daşında bir sənətkarın məharətli əlinin izi
İlmək ilmək işlənmiş gəlinliyin bəyaz örtüsü kimi.
M.İqbal Kurtuba camisin
əzəmətinə, böyüklüyünə, onu ziyarət edənlərə verdiyi hüzura qarşı qəlbinin
yanğısını və həyacanını qoyur. Çünki zamanında müsəlmanların ibadət məkanı olan
bu məbəddən daha azan səsinin yüksəlişinə izn verilməyir. Şair duyğularını belə
ifadə edir:
Ey Kurtuba! Fəzan könül açan, sirrin sinə
dağlayandır,
Səndən könüllərə hüzur, məndən də həyacan və
yanğı vardır.
M.Kadıoğlu bu misralardan
ilham alaraq, Kordovanın əski islam dünyasına nəzər yetirir, Əndəlus
mədəniyyətinin İnb Rüşd kimi görkəmli nümayəndəsinin timsalında yüksək
inkişafına diqqəti çəkir və dövranın dəyişikliklərinin göz yaşlarına səbəb
olduğunu poetik şəkildə əks etdirir:
Ey Kurtuba camisi! Kimlər gözyaşı tökmədi ki,
mehrabında?
İbn Rüşd üçün ağlayır hər gecə Maymonid və Seneka.
Məlum olduğu kimi, İbn Rüşd
(1126-1198) müsəlman İspaniyası dönəmində Kordovada doğulmüş və ömrünün mühüm
bir qismini burada keçirmiş ərəb filosofu və təbibidir. Dövrünün ən böyük yəhudi
ilahiyyatçısı kimi tanınan Maymonid (1138-1204) də Kordovada anadan olmuş və onun fəlsəfi
fikirlərinə Aristotel, İbn Sina, Fərabi və Qəzzali ilə yanaşı, İbn Rüşdün də
mühüm təsiri olmuşdur. Lutsius Anneus Seneka isə Roma stoisizminin ən görkəmli
nümayəndəsi, şair və dövlət xadimi olmuşdur. Kordovada doğulan mütəfəkkir
eraların qovuşağında yaşamışdır. Müəllif müxtəlif din və mədəniyyətlərin
qovuşduğu, zaman - zaman birlikdə yaşadığı və birinin digərini əvəz etdiyi
şəhərin simasını ifadə edən Kurtuba camisində islam dönəminə olan həsrəti
Maymonid və Senekanın İbn Rüşd üçün göz yaşları tökməsi kimi mənalı şəkildə
ifadə etmişdir.
M.İqbal ilahi eşqin məbədinin yalnız
imanlı insanlara açıq olduğunu dilə gətirir:
Hindli bir kafirəm, eşqimə və cazibəmə bax
mənim,
Salam və salavata durmuşdur qəlbim və dilim!
Bu misralarda da "Quran”ın
"əl-Əhzab” surəsinin təsirini görürük: "Həqiqətən, Allah və onun mələkləri
Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də salavat göndərib
layiqincə salamlayın”.
M.Kadıoğlu da eyni duyğunu paylaşır:
Görərsə səni, bir kafir gəlir o an imana əzəmətindən
Mən isə yollayıram Fatihə, salavat və salam.
M.İqbal Kurtuba camisinin gözəlliyini də vəsf edir. Şair
caminin əzəmətini, bənzərsiz sütunlarını, mehrab və minarəsini, memarlığının
orjinallığı və əsrarəngizliyini təsvir edir:
Ey Kurtuba! Gözəlliyin və əzəmətin qəhrəman bir
insanın əlamətidir,
Sən gözəl və əzəmətlisən, səni yaradan da gözəl və
əzəmətlidir.
Sənin memarın əbədi, sütunların saysızdır,
Sanki Şam yaylasında xurma ormanı kimidir.
Sənin dam və qapına Sina çölünün işığı vurmuşdur
sanki,
Yüksək və gözəl minarən Cəbrailin təcəlli
yeridir sanki.
Məlumdur ki, Sina çölü Aralıq dənizi və Qırmızı dənizlə
çevrələnmiş, böyük dağlar və geniş səhralardan ibarətdir. Çölə həyat verən Nil
çayı Şərq və Qərb qollarıyla geniş bir ərazidən keçərək Aralıq dənizinə
tökülür. Sina çölündə gündüz temperatur 40-50 dərəcəyə qədər yüksəlir. Burada
M.İqbal Kurtuba camisinin gözəllik və əzəmətindən bəhs edərkən, onun dam örtüyü
və minarəsini təsvir edərkən, qeyd etdiyimiz kimi, onun inşasında ərəb
ölkələrindən gətirilmiş inşaat materiallarına da diqqət yetirmiş, günəşli çölün
işığından caminin də pay aldığını poetik şəkildə ifadə etmişdir. Digər tətəfdən,
islama görə, Cəbrail peyğəmbərlərə vəhy gətirən, Allahın hökmlərini bildirən
mələkdir. İqbal Kurtuba camisinin minarəsini Cəbrailin təcəlli yeri olduğunu
yazmaqla katedrala çevrilsə də, caminin Allahın evi kimi dəyərləndirmişdir.
M.Kadıoğlu da Kurtuba camisinin həm memarlıq qüdrətini
təsvir edir, həm də hər daşında, divarında, sütununda bir tarixi hadisənin
yaşadığını söyləyir:
Ey Kurtuba camisi! Sən görmədən sevdiyim eşqimsən
mənim
Nə möhtəşəm əzəmətin, əlamətin və qibtəedici əsalətin
Rəqəmlərlə rəqs edir, sanki, bənzərsiz sütunların
Qızıldan bəyaza, bəyazdan qızıla bərq vurur işıqların
Şaqıldayır qılınclar, bir savaş meydanına dalıram
sanki,
Halal olsun axan qanım İslama, iman dolu ürəklərlə
kürək-kürəyə.
M.İqbal Kurtuba camisini
"Allahın dostlarının” Kəbəsi hesab edir, məbədin katedrala çevrilməsinə
baxmayaraq, İspaniyaya müsəlman saflığı gətirdiyi Əndəlus mədəniyyətinin bir
incisi kimi hesab edərək həmin düşüncənin indi də mühafizə olunduğunu xüsusi
vurğulayır:
Allah dostlarının əli, Allahın əlidir;
İş bacarır, iş görər, həll edər və qalib gələr.
Ey Kurtuba camisi! Sənət aşiqlərinin Kəbəsi,
İslamın əzəmətisən,
Əndəlus torpağı hərəm mərtəbəsinə çıxmışdır
varlığınla sənin!
Burada M.İqbal "Quran”ın
"əl-Ənfal” surəsinin 17-ci ayəsinə də istiand etmişdir. Ayədə deyilir: "(Ey
möminlər! Bədrdə) onları (kafirləri) siz öldürmədiniz, Allah öldürdü. (Ya
Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın,
Allah atdı. Allah bununla möminləri yaxşı bir imtahandan keçirtdi”.
M.Kadıoğlu da müsəlmanların bir neçə dəfə Kurtuba
camisində ibadət etməyə izn istədikləri halda rədd edildiyinə işarə edərək, bu
dilləyin nə zamansa həyata keçiriləcəyinə ümidini ifadə edir:
Sən ki hərəmiydin bir zamanlar imanlı qəhrəman
ürəklərin
Çalışmaq və başarmaqla gerçəkləşir Haqq qatında
diləklərin.
M.İqbal Kordovada, İspaniyada, Əndəlus mədəniyyətinin
hökm sürdüyü torpaqlarda islam mədəniyyətinin, müsəlman insanın izlərinin
qaldığını söyləyir:
Bu gün belə ispanlar qanlarının
təzələdiyindəndir ki
Xoş könüllü, şirin hərəkətli, açıq və saf
insanlardır.
Bu gün belə o məmləkətdə ahu gözlülər çoxdur,
Və gözlərin oxları bu gün də tam ürəklərə
toxunur!
Əndəlusun havasında hələ də Yəmənin qorxusu var,
Onun nəğmələrində hələ də Hicaz ahəngi var!
M.Kadıoğlu bu misralardakı fikirləri bir beytdə
ümumiləşdirir:
Bir ispan gözəli qanında az ya çox Amaziy qanı,
Əndəlusdə rəqs, Yəməndə qəhvə qoxusu və Hicaz sədası.
M.İqbal 86 il öncə Kurtuba camisinin azan səsinə həsrət
qalmasına həm etirazını bildirir, həm ilahi eşqin hər şeydən yüksəkliyini
tərənnüm edir, həm də camiyə müsəlman ruhunu qaytaracaq gücü gözləyir:
Ey Kurtuba! Ulduzlara görə sənin zəminin göy
qübə kimidir,
Minlərcə ah ki, əsrlərdir sənin fəzan azansız
gözləməkdədir.
İslamı təkrar bura gətirəcək eşqin tufan kimi
ordusu sərt canlı,
Hansı döngədədir, hansı məkandadır, harda qaldı?
M.Kadıoğlu
da 84 il sonra eyni duyğunu ifadə edir, "bir könül ordusunu” hələ də gözələməkə
olduqlarını dilə gətirir:
Ey Kurtuba! Oxuyur azanını hər gecə səsizcə minarəndə
ulduzlar
Gələcək bir gün, bir könül ordusu! Bir-bir toplanır
qonaqlar!
Sən ki, azansız Leylasız Məcnun, Şirinsiz Xosrov
kimisən!
Sularında islanmaq və dəstəmaz almaq hər gün Kəbir
nehrinin.
M.İqbal Almaniya,
İtaliya və Fransadakı inqilab və islahatlara diqqəti cəlb edir, müsəlman
cəmiyyətində baş verməsi gərəkən islahatların labüdlüyünü əsaslandırır. İqbal
millətləri öz müqəddaratı uğrunda mübarizəyə atılmağa, haqqı uğrunda savaşmağa
çağırır. İqbal sözlərini pərdəli söylədiyini, pərdəni qaldırarsa, Avropanın
müstəmləkəçi üzünü daha aydın göstərəcəyin söyləyir. Şair
düşüncələrində gələcəyə inamını da ifadə edir:
Ey Kurtubanın önündən axıb gedən Kəbir irmağı, kənarında sənin,
İqbal deyə biri oturmuş, röyasını görməkdədir bir başqa dövrün.
İçində inqilab olmayan həyat ölüm deməkdir,
Millətlərin həyatı inqilab çırpıntılarını
gərəkdirir.
M.Kadıoğlu şairin həmin fikirlərini son misraları ilə
ümumiləşdirir:
Olmadan rüzgar devrilməz
çinar, bu son sözüdür Muhsinin
Həyat və ölüm,
şəfqət və zülm, ayrılmaz əkizidir ömrümüzün.
M.İqbalın "Kurtuba camisi”
şeiri sadəcə bir məbəddən aldığı təəssüratlarının poetik ifadəsi deyil. Burada
şair müsəlman sivilizasiyasının keçmiş qüdrətinin bir örnəyini təqdim etməklə
dünyanın, Şərq və Qərbin, islam və xristianlığın ziddiyyətlərini ortaya qoyur.
Şair müxtəlif milli-mənəvi və dini özəllikləri əks etdirən caminin bir birlik
məkanı, yaradana ibadətin ilahi eşqə söykənən məbədi ola biləcəyinin,
ziddiyyətlərin ortadan qalxa biləcəyinin mümkünlüyünü ifadə edir. M.Kadıoğlu da
onilliklər sonra Kurtuba camisinə ziyarətinin təsirini, islam izlərini
araşdırdığı məbədin təəssüratlarını Pakistan şairinin şeirinə nəzirə kimi
səsləndirir, zamanın iki fərqli qütbündə dəyişən və dəyişməyən məqamlara üz
tutur.