AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Kürdəmirdə bir ünvan var...

Kürdəmirdə bir ünvan var...

05 İyul 2020, 12:30 991
Yaqut Bahadurqızı Əşrəfova 1960-cı ildə Kürdəmir rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. Kitabsevərlər Cəmiyyəti Kürdəmir rayon təşkilatının məsul katibi, Kürdəmir rayon Partiya Komitəsində təlimatçı, "İrəli” rayon qəzetində şöbə müdiri, Kürdəmir rayon Partiya Komitəsinin katibi, rayon İcra Hakimiyyəti aparatının məsul işçisi vəzifələrində çalışmışdır. Hazırda AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialının müdiri vəzifəsində çalışır.
          
2007-ci ildə AMEA-nın Folklor İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
"Həsrət”, "Vurğunam nəğməyə, saza”, "Qoca Şirvanın balasıyam mən”, "Mən muradlar övladıyam”, "Aşıq Əhmədin yaradıcılığı”, "Hay ver mənə, cənab leytenant” kitablarının, onlarla elmi məqalə və oçerklərin müəllifidir. Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Aşıqlar Birliyinin üzvü, "Qızıl qələm” fəxri media mükafatı laureatıdır. 2018-ci ildə hərbi vətənpərvərlik mövzusunda yazdığı "Hay ver mənə, cənab leytenant” kitabına görə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid  Ailələri İctimai Birliyinin təsis etdiyi "Vətən naminə” medalı ilə təltif edilmişdir.
Bu günlərdə Yaqut xanımın 60 yaşı tamam olur. Onu ürəkdən təbrik edirik:
 
1980-ci illərin əvəlləri idi. Kürdəmir Rayon Partiya Komitəsinin orqanı olan "İrəli” qəzetində şöbə müdiri işləyirdim. Redaksiyamıza tez-tez balaca, qarayanız, hörüklü bir qız gəlirdi. Əlindəki vərəqləri redaktor müavininə təqdim edib gedərdi. İlk baxışdan utancaq görünən bu qız Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi idi. Üslubu fərqli, dili bədii ifadələrlə zəngin idi. Adətən, mövzunu özü seçərdi. Ona məcburən heç nə yazdırmaq olmazdı. Yaxşı oçerklər, felyetonlar, zarisovkalar, reportajlar hazırlayırdı. Əlinə götürdüyü materiala çox məsuliyyətlə yanaşar, faktları dəqiqliklə yoxlayar, günlərə vaxt sərf edər, yazısına əl dəyəndə, bir-iki cümlə və ya söz dəyişəndə və ya çıxarılanda hirslənər, az qala ağlayar, inadla hər kəlməsini müdafiə edərdi. Rəhmətlik Faiz Həmidov ("İrəli” nin o vaxtkı redaktoru) onun yazılarını özü şəxsən diqqətlə oxuyar, redaktə edərdi. Faiz müəllim onun yazılarını, jurnalist inadkarlığını bəyənirdi:
- Qəzetimizə yeni üslub, yeni nəfəs gətirmisən. Artıq öz
oxucuların var. Oxucu əlinə qəzet alıb vərəqləyəndə sənin imzanı axtarır. Demək, yaxşı jurnalist olacaqsan, ancaq sənə yaxşı qəzetçi deyə bilmərəm. Çünki istədiyini, seçdiyini yazırsan, istəniləni, tapşırılanı yox.
 
O zamanın romantik, realist gəncləri kimi hər işdə saflıq, düzlük, gözəllik, dəqiqlik, romantika axtaran bu qız dövrün əyintilərinə üsyan qaldırmağı, tənqid etməyi üstün tuturdu. "Arı” rublikası altında yazdığı felyetonları, tənqidi yazıları oxucuların marağına səbəb olar, qəzet əldən ələ gəzər, xidmət sahələrindəki nöqsanlara atdığı duzlu, məzəli, eyni zamanda tikanlı replikalar hamının ürəyindən xəbər verərdi.
    
Söhbət açdığımız qız həmkarım, nəinki Kürdəmirdə, Şirvanda, ədəbi, elmi mühitdə tanınan, sayılan filologiya üzrə fəlsəfə doktoru, "Qızıl qələm” mükafatı laureatı Yaqut Bahadurqızıdır.
        
Yaqut xanım qəzetdə çox işləmədi. Ancaq qətiyyətlə demək olar ki, rayon qəzetinin salnaməsində öz imzası ilə ayrıca səhifə açdı. Tələbə vaxtı ştatdankənar müxbir kimi qəzetdəki fəaliyyətini nəzərə almasaq redaksiyada cəmi iki il məktublar şöbəsinə rəhbərlik etdi. Həmin iki ilin ərzində redaksiyaya ünvanlanan zəhmətkeş məktublarının sayı artdı. Yaqut xanıma inanırdılar, problemlərini, dərdlərini yazır, sevinclərini onunla bölüşürdülər. Bir neçə felyeton və tənqidi yazıları raykomun bürosunda müzakirə edilərək böyük sensasiya doğurmuşdu. Əmək qəhrəmanlarından yazdığı oçerkləri bədiiliyi, təbiiliyi ilə maraq doğururdu. Elə ona görə də 1983-cü ildə (O zaman o, jurnalistika fakültəsinin tələbəsi idi) "Sovet kəndi” qəzetinin keçirdiyi müsabiqədə kənd həyatından, əmək qəhrəmanlarından yazılan ən maraqlı, dil, üslub, bədiilik baxımından zəngin yazı kimi onun oçerki mükafata layiq yer tutmuşdu. Tez-tez respublika mətbuatında müxtəlif səpgili yazıları dərc olunurdu. Yaqut xanım gənc yazarları, ədəbiyyat həvəskarlarını tez-tez redaksiyaya toplayar, qəzetimizin "Kür nəğmələri” ədəbi dərnəyində onların şeir və hekayələrini, ədəbi axtarışlarını, rayonumuzun toponomiyası, adət-ənənələri, folkloru ilə bağlı yazılarını müzakirəyə çıxarar, ən dəyərli materiallar həmin rubrika altında ayda bir dəfə dərc olunardı. Çox maraqlı idi ki, onun qəzetdə işlədiyi qısa vaxt ərzində yaradıcılıqla məşğul olan gənclərin, xüsusilə qızların redaksiyaya məktubları çoxalmışdı. Gənc jurnalist ədəbi tənqidə bələd olan savadlı ədəbiyyatçı kimi yeni çapdan çıxmış kitablara münasibətini bildirir, resenziyalar yazırdı.
    
Savadı, bacarığı, təşkilatçılığı ilə diqqəti cəlb edən Yaqutxanımı partiya işinə irəli çəkdilər. Çox gənc yaşlarında məsul vəzifələrdə işlədi. O zaman mən heyfislənmişdim ki, yaxşı jurnalist idi, yaxşı qələm əhli ola bilərdi. Ancaq indi bürokrat olacaq. Yaxşı ki, Yaqut xanım bürokrat olmadı. Gənc raykom katibi (Rayon Partiya Komitəsinin ideoloji işləri üzrə katibi) özünəməxsus təşkilatçılığı ilə kütləvi tədbirlər hazırlayar, kənd əməkçiləri ilə görüşər, ən ucqar kəndlərin məktəblərinə, xəstəxanalına, mədəniyyət obyektlərinə baş çəkər, kənd əməkçilərinin çətinlikləri, qayğı və problemləri ilə bağlı büroya məsələlər qaldırar, gənclərin asudə vaxtının səmərəli, maraqlı keçməsinin qayğısına qalar, veteranlarla, kimsəsizlər, yetimlər, aztəminatlı ailələrlə görüşər, əlindən gələn köməyi əsirgəməzdi. Vəzifə Yaqut xanımı dəyişmədi. Bürokrat olmadı, humanist idi, hümanist olaraq da qaldı. Arabir işdən macal tapanda redaksiyaya qaçar, " doğma kollektivim” , "doğma ocağım” deyərək köhnə iş yoldaşları ilə görüşər, çay içər, mətbuat, ədəbiyyatla bağlı fikir mübadiləsi edərdi. Rəhmətlik Faiz müəllimdən sonra qəzetə rəhbərlik edən Faiq müəllim ona əl verib görüşəndə zarafatla deyirdi: "Qız qardaşımız gəldi” .
    
Yaqut xanım da Kürdəmir Rayon İcra hakimiyyətində humanitar sahədə uzun müddət çalışdı.
Belə baxanda zaman Yaqut xanımı da dəyişib. Orta yaşlı, qayğılı, dolğun bir xanım olub. Hər gün səhər evdən işə tələsir, elə tələsə-tələsə də yolüstü iş, ev qayğılarını ayaqustü həll edir, iş kollektivinin hər birinin qayğısını çəkir, hamının hər işinə bacardığı qədər yarımağa çalışır. Qaynar təbiətinə xas olan ictimayyətçiliyi də öz yerində. YAP fəalı, təşviqat qrupunun üzvü kimi bütün ictimai-siyasi tədbirlərdə, bayramlarda maraqlı çıxışları, təşəbbüsləri ilə həmişə üzdə olan kadrdır.
       
Hə, dedim axı, Yaqut xanım evdən işə, işdən də evə tələsir. Çünki ailə başçısıdır. Evinə, ailəsinə çox bağlıdır. Ailəcanlıdır, hər işdə həyat yoldaşına dayaq durur, məsləhət verir. Gözünün nuru iki qızı – Əsmərlə Nərminin qayğı və problemləri daim onun diqqət mərkəzindədir. Sevimli nəvələri Dənizlə Günəşə isə - Allahın bizə bəxş etdiyi sevinc payımız, var-dövlətimizdi – deyir Yaqut xanım. Kiçicik parka bənzəyən güllü-çiçəkli həyətini, səliqə-səhmanı, mətbəxini çox sevir.
       
Yaqut xanımı filologiya elminə aparan yol ilk gəncliyindən sevib seçdiyi peşəsindən - jurnalistlik fəaliyyətindən başladı. Gərgin işdə işləsə də, yazıb-yaratmaq həvəsi bir an belə sönmədi. Aşıq sənətinə folklorumuza marağından 3 kitab ərsəyə gətirdi. Oxuyanlar: Sənin kitabların təkcə publisistik əsər deyil həm də elmi monoqrafiyadır. Bu sahədə tədqiqatlar aparsan yaxşı olar dedilər. Beləlikə, Yaqut xanımda  elmi sahəyə maraq yarandı, Şirvan aşıq mühitini araşdırmağa başladı.
    
200-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında onun həmyerlimiz, Şirvan aşıq mühitinin ustad sənətkarı Aşıq Əhmədə həsr olunmuş "Aşıq Əhmədin yaradıcılığı” adlı dissertasiya mövzusu təsdiq edilir. Nəhayət, 2007-ci ilin aprelində müvvəffəqiyyətlə müdafiə edərək, respublikamızın  tanınmış, görkəmli alimləri akademik Rafael Hüseynovun, elmi rəhbəri AMEA-nın Folklor İnsitutunun direktoru, professor H.İsmayılovun BDU-nın kafedra müdiri, professor Qara Namazovun, Qəzənfər Paşayevin, Seyfəddin Qəniyevin onun elmi işinə verdiyi yüksək rəyə layiq olduğunu sübut etdi.
     
Qeyd etdiyim kimi, yaradıcılığa olan marağı, Yaqut xanımı uzun müddət, 20 ildən çox işlədiyi dövlət qulluğundan ayırdı. 2006-cı ilin yanvar ayında həmyerlimiz, yazıçı-publisist, ictimai-siyasi xadim, Milli Məclisin üzvü, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik R.Hüseynov Kürdəmirdə muzeyin regional filialını yaradaraq ona rəhbərlik etməyi Yaqut xanıma təklif etdi. Yaqut xanım da təklifini qəbul etdi. Muzey paytaxtdan kənarda, regionda olsa da, işi, keçirdiyi tədbirlərin sorağı Şirvandan, Arandan Bakıya qədər çatır, mətbuatda, televiziya kanallarında, elmi məclislərdə təriflənir. Yaqut xanımın elmi simpoziumlarda, uluslararası türksoy konfranslarında, ədəbi məclislərdə də məruzələrlə çıxışlar edir, mətbuata məqalələr yazır, tanıdığı və dostluq etdiyi elm, qələm sahibləri haqqında yazılan avtobioqrafik kitablarda ürək sözləri dərc olunur. Kürdəmirdə, ətraf rayonlarda yaşayan həssas, duyğulu insanlar, qələm sahibləri, ziyalılar, el sənətkarları tez-tez onun başına yığışırlar.
         
...Kürdəmirdə bir ünvan var - Ədəbiyyat Muzeyi - Yaqut xanımın ünvanı. Qeyd etdiyim kimi bu ünvanda qələm sahibləri, ziyalılar duyğularını, fikirlərini bölüşməyə gəlirlər. Bəzən bu ünvana dərdlilər, kimsəsizlər, imkansızlar da gəlir, dərdlərini bölüşməyə, məsləhət üçün, təskinlik üçün... Yaqut xanım işini, ünvanını, dəyişsə də, xasiyyətini, təbiətini dəyişməyib. Ona ehtiyacı olanlara, sözünə, məsləhətinə, yardımına ehtiyacı olanlara qəlbi də, ünvanı da açıqdır...
 
Rəşid Fərəcov