• cümə, 29 Mart, 09:16
  • Baku Bakı 5°C

Kukla Teatrının Talışdakı Novruz şənliyi

22.03.23 11:30 832
Kukla Teatrının Talışdakı Novruz şənliyi

Mütəmadi ən ucqar bölgələrə səfərlər edib, oradakı uşaqların kukla teatrı, uşaq tamaşaları haqqında təsəvvürlərinin formalaşmasına dəstək olmağa çalışan ilk peşəkar kukla sənəti kollektivi Azərbaycan Dövlət Kukla Teatrı növbəti tarixi missiyasını reallaşdırdı.

Işğaldan azad olunan və yaşayışın bərpa olunduğu kənd və qəsəbələrimizə səfər etməyi özünün müqəddəs vəzifəsi sayan kuklaçılar bu dəfə Tərtər rayonunun işğaldan azad edilən Talış kəndində təşkil olunan Novruz bayramı şənliyinə, bu unudulmaz el bayramına qatıldı.

Bu tarixi gündə iştirak şansı qazanan yaradıcı heyət Talış sakinləri və ora təşrif buyuran qonaqlar qarşısında möhtəşəm konsert-tamaşa ilə çıxış etdilər.

Kəndin Klub İcma Mərkəzinin qarşısında yaradılan səhnəyə ilk olaraq Azərbaycan Dövlət Kukla Teatrının truppası çıxdı və özündə Qarabağ məişəti və mədəniyyətinin çalarlarını daşıyan Mirzə Fətəli Axundzadənin məşhur “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası əsasında hazırlanan eyniadlı marionet tamaşasını göstərdilər.

Xatırladaq ki, nümunənin quruluşçu rejissoru Aleksandr  Maksimıçev, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı İqor Roqalyov, quruluşçu baletmeysteri Zakir Ağayevdir.

Peşəkar kuklaçıların ifasında bundan öncə də yerli və beynəlxalq festivallarda uğurla təmsil olunan tamaşa talışlı teatrsevərlərin də sürəkli alqışları ilə qarşılandı.

Mürəkkəb xoreoqrafik elementlərin də icra olunduğu marionet tamaşada məşhur qəhrəmanları usta kuklaçılar Elnur Abbasquliyev, Səriyyə Mansurova, İqbal Əliyev, Cavid Telman, Aygül Ağayeva canlandırdılar.

Nümayişin ardınca səhnə teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının (studiyanın rəhbəri Səidə Haqverdiyeva) ifaçılarının ixtiyarına verildi.

 İstedadlı uşaq və yeniyetmələrin ifasında (Selcan Xatun, Aylin Nəcəfli, Hökumə Ağayeva, İbrahim Laçın, Adil Əlizadə)  “Can Qarabağ” adlı rəngarəng konsert proqramı təqdim olundu.

Teatrın aparıcı aktrisası Ülviyyə Əliyevanın aparıcılığı ilə baş tutan konsert-tamaşa maraqlı anlarla yadda qaldı. Sakinlər və qonaqlarla qarşılıqlı ünsiyyət şəraitində keçən tədbirdə Qarabağ qaziləri, Vətən müharibəsi şəhidlərinin doğmaları təbriklərini ürək sözlərini bölüşdülər, kənd sakinlərinə qoşulub rəqs etdilər.

banner

Oxşar Xəbərlər