• şənbə, 05 Iyul, 09:27
  • Baku Bakı 23°C

Kommunal xidmətlərdə “ASAN” nümunəsi

06.05.16 11:42 2913
Kommunal xidmətlərdə “ASAN” nümunəsi
Kommunal xidmətlərin keyfiyyəti ilə bağlı narazılıqlara tez-tez rast gəlinir. Keyfiyyətsiz, operativ olmayan xidmət həm insanların vaxtını alır, həm də əsəblərini korlayır. Bu cür xidmətlərdə vətəndaşların işini asanlaşdırmaq üçün "Qaynar xətt” fəaliyyət göstərsə də, bu da operativliyi təmin etmir.
Lakin artıq kommunal xidmətlər də asanlaşdırılacaq. Belə ki, Prezident İlham Əliyev "ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. Fərman əhaliyə kommunal sahədə xidmətlərin göstərilməsində idarəetmənin optimallaşdırılması və şəffaflığın artırılması, "ASAN xidmət” təcrübəsinin digər xidmət sahələrində tətbiq edilməsi, xidmətlərin daha keyfiyyətli, rahat və innovasiyaların tətbiqi ilə həyata keçirilməsi və bu sahədə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə imzalanıb.
"Mərkəzlərdə ən müasir ödəniş üsulları tətbiq olunacaq”
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, "ASAN Kommunal” mərkəzlərinin xidmətləri vahid mərkəzdən həyata keçiriləcək. Bu, vətəndaşlar üçün həmin xidmətləri daha əlçatan edir. Yəni vətəndaşlar bütün kommunal xidmətləri vahid məkandan əldə edə biləcəklər.
İ.Kərimov bildirib ki, "ASAN Kommunal” mərkəzlərində xidmət "Azərişıq”, "Azərsu” və "Azəriqaz”la birgə təşkil olunacaq: "Çox qısa müddət ərzində "ASAN Kommunal”ın pilot layihəsi fəaliyyətə başlayacaq. Bunlar "ASAN xidmət”ə paralel mərkəzlər olacaq. Bildiyiniz kimi, hazırda "ASAN xidmət” mərkəzlərində müvafiq kommunal xidmətlər göstərilir. Lakin "ASAN Kommunal” mərkəzləri fəaliyyətə başladıqdan sonra bu xidmətlər yeni mərkəzlərdə birləşəcək. "ASAN Kommunal” mərkəzlərinin ayrı, "ASAN xidmət” mərkəzlərinə yaxın və yaxud bitişik binalarda fəaliyyət göstərməsi nəzərdə tutulub. Mərkəzlərdə ən müasir ödəniş üsulları tətbiq olunacaq”.
Dövlət Agentliyinin sədrinin sözlərinə görə, "ASAN Kommunal” mərkəzlərində adıçəkilən üç qurumun göstərdiyi xidmətlərdən savayı, digər kommunal xidmətlərin də göstərilməsi planlaşdırılır: "ASAN Kommunal” mərkəzlərində xidmət "ASAN xidmət”in prinsipləri əsasında həyata keçiriləcək. "ASAN Kommunal” mərkəzlərində vətəndaşlar üçün bütün şərait yaradılacaq. Mərkəzləşdirilmiş növbə sistemi olacaq”.
"ASAN” səsimizi daha tez eşidəcək”
Kommunal sahə üzrə ekspert Nüsrət Qasımov deyir ki, "ASAN xidmət” mərkəzləri digər sektorlardakı fəaliyyəti ilə əhalinin rəğbətini qazanıb. Əvvəllər çox çətin başa gələn və uzun müddət vaxt aparan bir çox işlər indi qısa zamanda "ASAN xidmət”də həllini tapır. O hesab edir ki, kommunal sahədə də "ASAN”-ın effektli xidmətinin şahidi olacağıq: "Kommunal xidmətlər bütün əhalinin diqqətində olan məsələdir. Hər kəs demək olar ki, bu sahənin xidmətlərindən yararlanmağa ehtiyac duyur. İşinə dürüst yanaşan, kommunal xidmət sahəsində peşəkar olanlar burada fəaliyyət göstərsə, xidmət də gözəl olacaq. Çünki əgər bu iş "ASAN”-a tapşırılacaqsa, burada sıradan adamlar gətirilməyəcək. Bu, korrupsiyanın qarşısını almağa imkan verəcək. "ASAN” bu işi bacaracaq”.
N.Qasımov deyir ki, kommunal xidmətlərin "ASAN”-a həvalə edilməsi bu sahədə illərdir yığılıb qalan problemlərin həlli istiqamətində uğurlu ola bilər: "İllərdir tüstü bacaları təmizlənmir. Nəticəsində isə insan ölümünə səbəb olacaq hallar baş verir. Qazdan zəhərlənib ölənlərin də sayı çox olur. Çox güman ki, bu məsələni də "ASAN xidmət”lə əməkdaşlıq edərək yoluna qoya biləcəyik. "ASAN” səsimizi daha tez eşidəcək, nəinki "JEK”-lər, digər qurumlar. Qurumlarda da bəzən səriştəsiz, təsadüfi adamlar olur ki, onların göstərdikləri xidmət insanların tələbatını ödəmir. Müraciətlərə səthi yanaşırlar. "ASAN”-a kommunal xidmətləri ölkə başçısı həvalə edib, məsələ onun diqqətində olacaq”.
"Xidmətlər vahid məkanda göstəriləcək”
"Konstitusiya" Araşdırmalar Fondunun eksperti Zaur İbrahimli deyir ki, Prezidentin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yanında "ASAN Kommunal” mərkəzlərinin yaradılması və vahid şəkildə idarə edilməsinin təşkili ilə bağlı Fərmanında yeni qurumun funksional özəllikləri, normativ çərçivəsi və təşkilati-texniki aspektləri qeyd olunub. Bundan sonra "Azərişıq” ASC, "Azərsu” ASC və "Azəriqaz” İB-nin fiziki və hüquqi şəxslərə xidmətləri "ASAN Kommunal” mərkəzləri vasitəsilə göstəriləcək.
Z.İbrahimlinin sözlərinə görə, "ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə kommunal xidmətlərin göstərilməsi sahəsində vahid standartlar tətbiq olunacaq və bu xidmətlər vahid məkanda göstəriləcək: "Vahid məkan deyəndə onu nəzərdə tuturuq ki, bir ünvana müraciət etməklə kommunal xidmətlərin bütün növləri ilə bağlı xidmət almaq mümkün olacaq. Bu, əhali və hüquqi şəxslər, biznes üçün çox böyük əhəmiyyət kəsb edir. Çünki əlavə vaxt itkisinin qarşını alır, müxtəlif ünvanlara üz tutmaq, qapılar döymək zərurətini aradan qalıdırır. Digər tərəfdən, hər üç qurumun təqdim etdiyi kommunal xidmətlər üzrə faktiki bir müştəri xidməti, "Çağrı mərkəzi” yaradılır.
Ən vacibi isə odur ki, "ASAN Kommunal” mərkəzlərində artıq hər üç qurumun təqdim etdiyi xidmətlər vahid standartlar əsasında həyata keçiriləcək. "ASAN” standartları isə artıq hər birimizə və bütün dünyaya bəllidir: vətəndaş məmnunluğu, tam şəffaflıq, innovativ yanaşma, məmur-vətəndaş təmasının aradan qaldırılması, peşəkarlıq və çox faydalı əks-əlaqə mexanizmi, effektiv nəzarət”.
"Kommunal xidmətlərin göstərilməsində böyük irəliləyişlərin şahidi olacağıq”
Ekspertin sözlərinə görə, "ASAN xidmət” təcrübəsi bu fikri deməyə əsas verir ki, tezliklə kommunal xidmətlərin göstərilməsində daha böyük irəliləyişlərin şahidi olacağıq: "Bu zamana qədər əhaliyə kommunal xidmətlərin göstərilməsi sahəsində irəliləyişlər müşahidə olunurdu. Evlərə gələrək nağd pul almaq, poçt qəbzləri verib ödəniş almaq təcrübəsinə demək olar ki, son qoyulmuşdu. Hər üç qurum üzrə elektron ödənişlər tətbiq olunmuşdu, elektron xidmətlər göstərilirdi. "Çağrı” xidməti, "Qaynar xətt” də fəaliyyət göstərirdi. Yəni 3 il əvvəl ilə müqayisədə bunlar irəliləyiş idi. 3-4 il əvvəl biz poçt qəbzləri verib ödəniş haqqı yığılmasına qarşı, 24 saat işləyən çağrı mərkəzi yaradılması, əməkdaşların uniforma geyinməsi, vəsiqələrlə təmin olunması uğrunda mübarizə aparırdıq.
Digər tərəfdən artıq istər "Azəriqaz” İB, istərsə də "Azərsu” ASC tərəfindən smart sayğacların quraşdırılması ilə bağlı irəliləyişlər var. Ölkədə əhali qrupu üçün "Azəriqaz” İB 52%-dən çox smart syağac quraşdırıb. 01 yanvar 2016-cı il tarixə olan məlumata əsasən, "Azərsu” ASC ölkə üzrə 1377246 abunəçiyə su təchizatı və kanalizasiya xidməti göstərir. Bunların 1321405-i əhali, 55841-i isə qeyri-əhali abunəçiləridir. 2015-ci ildə "Azərsu” ASC tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də regionlarda 52359 smart tipli su sayğacı quraşdırılıb. Quraşdırılmış sayğacların 48519 ədədi əhali, 3840 ədədi isə qeyri-əhali qrupunun payına düşür”.
"Həllini gözləyən problemlərin çözülməsini təmin edəcək”
Z.İbrahimli hesab edir ki, "ASAN Kommunal” mərkəzləri indiyədək həllini gözləyən problemlərin çözülməsini təmin edəcək: "Çünki bu qurumlar üzrə müştəri xidmətləri və əhali və biznesə pullu xidmətlər göstərilməsi sahəsində problemlər qalırdı. Xüsusən əhali qrupu üzrə müştərilərə xidmət sahəsində innovasiyalara ciddi ehtiyac vardı. İndi isə bu xidmətlər vahid standartlar əsasında göstəriləcək və yuxarıda qeyd etdiyimiz kimi, "ASAN” standartları bu sahələrə də tətbiq olunacaq. Ən vacibi biznes üçün göstərilən pullu xidmətlər sahəsində ciddi dönüş gözləyirik. Yəni bu sahədə tam şəffaflıq, korrupsiya sxemlərinin tam istisna edilməsi və yüksək xidmət səviyyəsinin şahidi olacağıq”.
Ekspert bildirdi ki, Açıq Hökumətin Təşviqi üzrə 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planında "ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının dövlət orqanlarında tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur. Bu standartların kommunal xidmətlərin göstərilməsi sahəsində də tətbiq olunması müsbət haldır: "ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı Prezident Fərmanında çox mühüm məqam isə əhaliyə müştəri xidmətləri göstərən digər hüquqi şəxslərin də xidmətlərini bu yeni mərkəzlərdə həyata keçirə bilmələrinin əks olunmasıdır. Bu, olduqca mühümdür və əhaliyə xidmətlərin göstərilməsi sahəsində innovasiyalar üçün çox böyük imkanlar açır. Yəni artıq bir "ASAN” nümunəsi və etalonu yaranır ki, zamanla xidmət sektorunda vətəndaşların rəğbətini qazanmaq istəyən, rəqabətə davam gətirmək istəyən şirkətlər də bunu tətbiq etməli olacaqlar”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər