“Komediyanı çəkmək deyil, tamaşaçıya qəbul etdirmək çətindir”
Ramin Hacıyev: Yeni mövsümdə arzusunda olduğum, çəkmək istədiyim
layihələri həyata keçirməyi planlaşdırıram”
Yeni mövsümdə yeni
seriallar qonağımız olacaq. Artıq tamaşaçılar öyrəşdiyimiz, alışdığımız
serialların bir çoxu ilə vidalaşıb. Televiziyaların yaradıcı heyətində yeni
layihələr təsdiqlənib və artıq hazırlıqlara da başlanılıb.Daha çox
tamaşaçıları komediya serialları ilə ekrana cəlb edən əməkdar mədəniyyət
işçisi, rejissor Ramin Hacıyev suallarımızı cavablandırdı.
- Tamaşaçıları
yeni mövsümdə necə bir serial gözləyir?
- Əslində bunu
mətbuat üçün ilk dəfə sizə açıqlayıram. Artıq layihələrimiz reala yaxındır.
Yeni mövsümdə Xəzər televiziyasında iki serialımız yayımlanacaq. Onlardan biri
melodrama, digəri isə komediya janrında olacaq. Bundan başqa, digər kanallarda
- ATV və İctimai Televiziya ilə də layihələrimiz gözlənilir, ancaq hələ dəqiq
deyil.
- Sizi hər zaman komediya janrında çəkilən serialların kamera
arxasında görmüşük. Melodrama yaradıcılığınızda ilkdirmi?
- Bəli. Dram
serialımız bir qədər ağrılı mövzudadır və ona görə bu layihəyə başlamaq bir
qədər çətindir. Belə ki, serialın mövzusu Daun sindromu olan bir uşaqdan bəhs
edir. Ona Günəş uşağı da deyirlər. Daun sindromluların xromosomları bizdən bir
dənə artıqdır. Onlar bizə örnək ola biləcək insanlardır. Məhz onlardan birini
baş qəhrəman olaraq çəkəcəyik. Yeni
mövsümdə arzusunda olduğum, çəkmək istədiyim layihələri etməyi planlaşdırıram.
Neçə ildir ki, bu layihəni düşünür, gerçəkləşdirmək istəyirdim. Burda tək
rejissor mən olmayacam. Biz bu layihəni Tural Baxışla birlikdə işləyəcəyik. Ona
deyirəm ki, mən dram çəkməkdən bir az qorxuram. Ola bilər ki, hamıdan yaxşı
çəkim, amma bəlkə də bacarmadım. Hər zaman qarşıda qaranlıq görünən bir işdən
qorxmuşam. Demirəm ki bacarmayacam, ancaq dramın xırdalıqları var ki,
komediyada onlar yoxdur. Elə bir stili, estetikası var ki, bu, komediyada
işləmir. Mənim üçün komediya çox rahatdır. Misal üçün, ikinci layihəmiz olan serialla
bağlı çox rahatam. Komediyada dominant rejissor mən olacam, amma dramda Tural
Baxış.
- Tamaşaçı
sizi dram janrında qəbul edəcəkmi?
- Qəbul etmək lazımdır ki, mən dram da çəkəcəm.
Ramin Hacıyev hər zaman komediya çəkib, indi dram çəkir. Tamaşaçı onu qəbul
etməyə bilər. Hansısa bir aktyorun obrazda olması sünidir, onu başqa janrda görməyə
öyrəşibsə, tamaşaçı üçün o fikri dəyişmək çox çətindir. Biz bilirik ki, Şaban
komedik aktyordur və o, komediyanı möhtəşəm ifa edir. Ancaq dramda da oynaya
bilərdi. Tamaşaçı isə onu komediya janrında qəbul edib.
- Necə ki, siz
digər kanaldan Xəzər-ə gəldikdə, yeni seriala başlamaq böyük bir risk idi.
- Çalışdığım hər bir kollektiv mənim üçün
dəyərlidir. Xəzər-lə yenə işləyirik. Ondan əvvəl çalışdığım kanaldakı seriallar
uzun müddət var idi və sevilirdi. Xəzər-ə gəldikdə isə, yeni bir kollektivlə
işə başladım. Açığı, Azərbaycanda ilk komediyanı də mən çəkmişəm. Ona görə
çətin heç nə yox idi. Bilirdim yaxşı olacaq, yenə də komediya olaraq irəli
çıxacağıq, reytinq toplayacaq. Kollektiv fərqli idi və çətinlik bunda idi. Məni
narahat edən isə istədiyimi yeni kollektivdən ala bilib-bilməyəcəyim idi.
- Ala bildinizmi?
- Əlbəttə. Çalışdıqca, komanda olaraq bir-birimizə
daha çox öyrəşdik və hazırda dördüncü layihəyə başlayırıq.
- Bəs yeni
komediya serialı nədən bəhs edəcək?
- Bu, sitqom janrında çəkiləcək. İnanmıram ki,
Azərbaycanda bu tipli serialdan indiyə qədər kimsə çəksin. Sözügedən layihə bu günə
qədər ölkəmizdə sitqom formatında çəkilən seriallardan çox fərqlidir. Bu
layihədə biz sitqomun stilistikasını dəyişmişik. Dünya praktikasında 2017-ci
ildə belə bir təcrübədən istifadə edilib. İndi isə biz təcrübədən keçirəcəyik. Çox
maraqlı olacaq. Əvvəllər bizə deyirdilər ki, ciddi və gülməli bir şey çəkin.
İndi o dediklərini komediya janrında edirik. Həm baxımlı, həm də düşündürücü
olacaq.
- Bəzən komediyanın
dramdan daha çətin olduğu deyilir. Çünki gündəlik olaraq ölkədə az hadisələr
yaşanmır...
- Komediyanı çəkmək deyil də, tamaşaçıya qəbul
etdirmək daha çətindir. Bu günün tamaşaçısı hər şeyə də ağlamır. Sünilik
olduqda, onu hiss edirlər. Biz xarici filmlərə niyə gözəl, səviyyəli deyirik? Əslinə
baxanda isə, bizim aktyorlar onlardan da yaxşı oynayır. Biz özümüz çəkiləndə,
süniliyi birbaşa görürük, amma xaricilərdə bunu o qədər də görmürük. Çünki
xaricilərlə bizim daxilimiz bir deyil. Bizim daxilimiz birdir deyə, aktyorun
obrazını süni oynamasını o dəqiqə hiss edirik. Əsas məsələlərdən biri də budur.
Biz artıq onun süni olub-olmamasını bilirik. Bu bir az incə məqamdır.
- Bəs yeni layihələrdə
sizi aktyor kimi görə biləcəyikmi?
- Serialda çəkilməyəcəm. Bütün komediya aktyorları
kimi, mən də istəyirəm ki, dramda oynayım. Ola bilər, amma hələ ki belə bir fikir
yoxdur.
- Üzərindən illər ötsə
də, nə qədər seriallar çəksəniz də, tamaşaçı sizi Məhəbbət kimi tanıyır.
- Bu, bir möhürdür. Tamaşaçı səni başqa cür qəbul
etmək istəmir.
- Komediyanı
aktyor kimi canlandırmaq daha rahatdır, yoxsa rejissor kimi çəkmək?
- İşini bilən insan üçün hər şey rahatdır.
- Rejissor
aktyorluğun sirlərinə bələd olanda, ona çalışmaq daha asan gəlir.
- Mən hər zaman demişəm, yenə də deyirəm ki,
rejissor ən gözəl aktyordur. Rejissor daha peşəkar aktyordur. Ssenarini
tamaşaçıya ən yaxşı izah edən şəxsdir. Rejissor aktyor sənətinin xırdalıqlarına
o qədər bələd olmalıdır ki, aktyora bunun izahını verə bilsin.
- Fəxri ad
aldıqdan sonra yaradıcılığınızda nələr dəyişdi?
- Fəxri ad aldıqdan sonra da öz işmi görürəm. Bu ad
mənə ölkə başçımız tərəfindən verilən bir stimuldur. Əgər əməyinə dəyər verirlərsə,
bu səni sevindirir ki, gördüyün işlər hədər getməyib. Əməkdar mədəniyyət işçisi
o deməkdir ki, işgüzar bir adamsan.
- Bəs xalq artisti?
- Bu işlədikcə, çalışdıqca, əldə etdiyin peşəkarlıqla
gələn bir şeydir. Bu dəqiqə məqsədim o deyil.
- Məqsədiniz
nədir?
- Məqsədim dram janrında çəkəcəyim serialı yaxşı
təqdim edə bilməkdir. Tez-tez mənə sual verirlər ki, niyə film çəkmirsiniz.
Deyirəm ki, ürəyimə yatan süjet, ideya yoxdur. Tamaşaçı məndən yaxşı serial görübsə,
yaxşı da film gözləyir. Bu, drama da aiddir. Ona görə belə fərqli mövzu
seçmişəm.
- Yeni yetişən
gənc nəsil komediya seriallarını izləyərək böyüyür. Bəzən deyirlər ki, niyə komediyalarımızda
mesaj yoxdur. Mesaj komediyada önəmlidirmi?
- Əgər serial Kütləvi İnformasiya Vasitəsi olan
ekran vasitəsi ilə yayımlanırsa, tamaşaçılara mesajın ötürülməsi mütləqdir. Ekrana
çıxırsansa, demək, sənə baxırlar və tamaşaçı oradan nəsə götürə bilər. Hər bir
insana da göstərdiyin mesajlar fərqli çatır.
Komediya seriallarında ehtiyac yoxdur ki,
düşündürücü nəsə verək. Məqsədimiz odur ki, işdən yorğun gələn insanlar əylənə
və istirahət edə bilsin. Düşünməsin, sadəcə olaraq gülsün. İndi isə komediya
çəkəcəyik, o düşündürücü olacaq.
- Bəs edilən tənqidləri
qəbul edirsinizmi?
- Əlbəttə ki, tənqidləri qəbul edirəm. Tənqidlərdən
nəticə çıxarıram. Kütlə bəyəndiyimi bəyənmirsə və əksinə çıxırsa, demək, fərqli
düşünmüşəm, kütlənin istədiyini verə bilməmişəm. Kütlənin qarşısına çıxırıqsa,
bizim məqsədimiz olmalıdır ki, niyə bunu göstəririk? Təqdim etdiyimiz serialla nə
demək istəyirik? Komediya janrında olan çəkdiklərimizdə məqsədimiz deyildi ki,
kimisə oturdurub televiziyanın qarşısında düşündürək. Biz o serialları, baxıb əylənsinlər
deyə çəkdik.
- Seriallarınızın
reytinqi çox zaman ön sıralarda olub. Bunu öncədən təxmin etmək mümkündürmü?
- Təxmin etmək olar. Bilirik ki, hədəf kütləmiz kim
olacaq. O kütlə bizə reytinq verə biləcək, yoxsa yox. Baxır, biz kimə ismarış
vermək istəyirik. ATV telekanalında yeni-yeni başladığımız seriallardan olan "Bacanaqlar”,
"Qardaşlar”, "Qız atası” serialları, bu günə kimi çəkdiklərimiz səthi xarakter
daşıyırdı. Səthi yumorda düşünməyə ehtiyac olmur.
- Ramin bəy, bəzən
əvvəlki teletamaşaların, komediyaların indi olmadığı, müasir komediyaların daha
bayağı olduğu fikirləri ilə rastlaşırıq.
- Əslində, o
deyilənlərlə mən də razıyam. Komediya ümumilikdə dəb xarakterli olan şeydir.
İndi nə dəbdədir, biz onu görə bilirik. 10 ildən sonra nəyin dəbdə olacağını
görə bilmirik. O vaxt komediyalar bir dəfə çəkilirdi. Bütün güc ora səfərbər
olurdu. Biz həftədə bir dəfə çəkirik. Aktyorlar da az idi, hamısı bir kanalda görünürdü.
Hamı onları gözləyirdi. İndi isə bizdə aktyorlar da çoxdur, kanallar da. O
zaman çəkilən filmlərin süjet xətti də fərqli idi, insanları güldürmək üçün
çəkilmirdi. Situasiyanın özü maraqlı gəlirdi. "O olmasın, bu olsun” filmindən
heç vaxt çəkə bilməyəcəyik. Bu filmdə bu dəqiqə fikirləşdiyimiz, düşündüyümüz o
sözlər o vaxt deyilib. Bu elə bir filmdir ki, hər sözü, hərəkəti
əvəzolunmazdır. Əliağa Ağayevin oynadığı kimi, heç kim oynaya bilməz. Elə
aktyorlar dünyaya bir də gəlməyəcək. Misal üçün, mən efirdə "Bəyin oğurlanması”
filmini görəndə, hər dəfə izləyirəm.
- İndi çəkilən komediyalara
ard-arda baxa bilirsinizmi?
- Açığını desəm, baxa bilmərəm. Bəlkə bir 10 ildən
sonra baxdım. Amma inanmıram ki, o filmlər 10 ildən sonra aktual olsun.
- Halbuki, həmin
filmlərin çəkildiyi zamanlarda nə indiki kimi müasir avadanlıqlar olub, nə də yayım
imkanları.
- O aktyorlar individual idi. Filmlərin
ssenarilərinin möhtəşəmliyi də insana təsir edir.
- Son olaraq,
Azərbaycan komediya seriallarının neçə faizində sizin dəst-xəttiniz var?
- Bu sualı bir neçə ay bundan öncə versəydiniz, 80
faiz deyərdim. İndi dəqiq bir söz deyə bilmərəm.
Xəyalə Rəis