Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Bakı Beynəlxalq
Kitab Sərgi-Yarmarkası" 5-ci dəfə öz qapılarını kitabsevərlərin üzünə
açıb. Sərginin təşkilində əsas məqsəd ölkədə kitaba, mütaliəyə marağın daha da
artırılması, Azərbaycan oxucusunun yerli və xarici nəşr məhsulları ilə yaxından
tanışlığı, eyni zamanda yerli və xarici nəşriyyatlar, kitab evləri arasında
yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır. "Nəsimi İli”nə həsr olunan sərgi-yarmarkada
100-dən çox yerli, 30-dan artıq xarici nəşriyyat,
kitab evi və digər təşkilatlar iştirak edir. Sərgi çərçivəsində tanınmış
şair-yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatları,
imza günləri və s. tədbirlər təşkil olunacaq. Yarmarka poliqrafiya müəssisələrinin
öz məhsulları ilə təmsil olunması üçün gözəl fürsət yaradıb. Üç gün davam edəcək
sərgi çərçivəsində bir sıra kitab təqdimatları, "dəyirmi masa”lar təşkil
olunacaq. "Müzakirə”mizdə sərgi-yarmarkanın
kitabın təbliğindəki rolunu aydınlaşdırmağa
çalışdıq.
Lazımlı platforma
"Kitab sərgisi təkcə
kitabın bayramı deyil, həm də elmin bayramıdır” deyən AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli qeyd
etdi ki, müstəqillik illərində Azərbaycanda
kitab nəşri sürətlə inkişaf edib: "Nə qədər yeni nəşriyyatlar meydana gəlib. Bu
nəşriyyatların poliqrafik səviyyəsi də son dərəcə yüksəlib. Eyni zamanda, janr
baxımından müxtəliflik var. Dünya ədəbiyyatından tutmuş Azərbaycan ədəbiyyatının
ən müxtəlif janrlarında yazılan əsərlər qədər, ən yüksək səviyyədə cəmiyyətə təqdim
olunub”. Akademik bildirdi ki, başqa ölkələrin nəşriyyat nümayəndələrinin də sərgidə
iştirak etməsi təqdirəlayiq haldır: "Hesab edirəm ki, Azərbaycan kitabının
keçdiyi inkişaf yolu onların vasitəsilə dünya ictimaiyyətinə təqdim olunmaq
üçün lazımlı platformadır. Sərgi-yarmarka Azərbaycan kitabının uğurunu parlaq şəkildə
nümayiş etdirir. İştirakçılar builki yarmarkada da
sərgilənən kitablar vasitəsilə Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı
və bugünkü inkişaf səviyyəsi haqqında dolğun məlumat əldə edə biləcəklər”.
Spesifik sərgilər də olmalı
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və
tanıtma müşaviri İrfan Çiftçi qeyd
etdi ki, kitab işi hazırda bütün dünyada internetin yayılmasından, rəqəmsallaşmadan
irəli gələrək nisbətən geriləməkdədir: "Buna rəğmən, bizim kitabı qorumağımız və
yaşatmağımız lazımdır. Kitab sərgisi Azərbaycan üçün çox əhəmiyyətlidir”.
Müşavirin fikrincə, sərgi-yarmarkanın iki ildən bir keçirilməsi əslində uzun
fasilədir: "Hesab edirəm ki, kitab sərgiləri hər il təşkil olunmalıdır. Son illər
Azərbaycanda nəşriyyat sektoru, kitab sənayesi çox inkişaf edib. "Libraf” kitab
mağazaları, "Azərnəşr”in dükanları, «Əli və Nino» kitab evləri açıldı. 3 il
bundan əvvəl demək olar ki, Bakıda kitab evi qalmamışdı. Son 3 ildə artıq bu
sahədə xeyli inkişaf var”. Müşavir hesab edir ki, sərgi-yarmarkanı daha geniş məkanda
təşkil etmək mümkündür: "Mən bu fikri mədəniyyət naziri Əbülfəs Qarayevə də
söylədim. Biz də Türkiyə dövləti olaraq dəstək veririk. Ayrıca olaraq spesifik
sərgilərin də keçirilməsinə ehtiyac var. Məsələn, şeir kitabları, türkcə
kitablar, hekayə kitabları sərgiləri də keçirilməlidir. Bunun üçün də
yazarlarla oxucuları görüşdürən çoxlu proqramların hazırlanması lazımdır. Hesab
edirəm ki, bu addım rəqəmsal zamanda kitabı yenidən sevdirəcək. Bu baxımdan,
kitab təbliğini diqqətçəkən hala gətirəcək yollar da tapmağımız lazımdır”.
Daha geniş məkanda keçirilsə...
«Qanun» Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu hazırkı sərginin əvvəlki illərdə keçirilən sərgilərlə
müqayisədə daha izdihamlı olduğunu deyir: «Bu il sərgiyə daha çox insan gəlir.
Biz də 2000 adda kitabla sərgiyə qatılmışıq. Eyni zamanda, hər saatdan bir imza
günü keçiririk. Ayın 28-də də imza günümüz davam edəcək. Azərbaycanda ilk dəfə
fransız yazıçısı Jan Xristof Rufinin imza günü olacaq. Bu baxımdan inkişafa
doğru xeyli fərq var. Ümumiyyətlə, kitab yarmarkası mədəni tədbirdir. Hər bir yarmarka bir az da kitabın təsirini
artırır. Bu il məktəblilər də yarmarkaya qatılıb. Bu, çox yaxşı əlamətdir”.
Naşir də hesab edir ki, kitab sərgisi daha geniş məkanda keçirilməlidir. Belə
ki, Əl Oyunları Sarayı sərgiyə bir qədər darısqallıq edir: "Hesab edirəm ki, sərgi
daha geniş yerdə keçirilsə, auditoriyası da, təbliği də geniş olar”.
Kitabları daha çox görürüksə...
«Əli və Nino» Kitab Evinin meneceri Lalə Rəhmanovanın
fikrincə, sərgi-yarmarka
həm xırda, həm də böyük nəşriyyatların özlərini bir-birlərinə təqdim etməsi
şansı qazandırır. Eyni zamanda, oxuculara yüzlərlə yeni kitabı təqdim etmək
üçün gözəl fürsətdir: "Oxucular üçün də maraqlıdır ki, müxtəlif endirimlərdən
yararlana bilirlər. Onlar çoxlu kitablar alırlar”. Menecer qeyd etdi ki, «Əli və
Nino» da endirimlərlə oxucuların qarşısına çıxıb və 10 yeni kitab təqdim edir:
"2 AZN-dən başlayan kitablar satılır. Çox şadıq ki, bu qədər oxucu gəlib. Xüsusən
gəncləri kitab sərgisində görmək daha sevindiricidir. Oxucular yeni kitablarla
tanış olmaq məqsədilə yaxınlaşırlar. Onlara həvəslə yeni kitablar haqqında məlumat
veririk. Bu, nəşriyyat olaraq bizə zövq verir. Sərgilərin keçirilməsi ona görə
önəmlidir ki, kitabları daha çox görürüksə, daha çox sevirik”.
Həm gənc yazarlar, həm də oxucular üçün
Yazıçı Mübariz Örən "Sərgidə çoxlu nəşriyyatlar iştirak edir və çoxlu
çeşiddə kitablar nümayiş olunur” deyərək təəssüratını bölüşdü: "Xarici ölkədən
gələn nəşriyyatların da iştirakı sərgini daha maraqlı edir və əsl kitab
bayramıdır. Sərgi həmçinin kitab mədəniyyətimizin qarşılıqlı mübadiləsidir. Sərginin
təkcə gənc oxucular üçün deyil, həmçinin gənc yazarlar üçün də böyük
motivasiyası var. Onlar burada öz əsərlərini nümayiş etdirə və tanıtma imkanı
qazanırlar. Həmçinin öz məhsullarını sata bilirlər”. Yazıçının fikrincə, dünya
kitab sənayesində baş verən yeniliklərindən xəbər tutmaq üçün də sərginin böyük
əhəmiyyəti var: "Xüsusən gənclər müxtəlif
dillərdə danışmağı bacarırlar. Sərgidə də başqa ölkələrin ədəbiyyatından da
çoxlu nümunələr yer alıb. Sərgi kitabın təbliğatı və inkişaf etdirilməsi məqsədini
daşımaq baxımından əhəmiyyətlidir”.
Kitabın təbliği
Şair Qəşəm Nəcəfzadə sərgi-yarmarkanı əsil kitab bayramı adlandırdı:
"Bütün dost-tanışları kitab yarmarkasında görmək mümkündür. Hər dostu görəndə
bir kitab, hər kitab görəndə bir dostu görürsən. Bütün bunlar kitaba yaradılan
maraqdır. Sərgi kitabın təbliği baxımından çox önəmlidir. Mən çoxlu kitablarla
tanış oldum. Həmçinin çoxlu kitablarımı oxucular aldılar. Bu cür sərginin
keçirilməsi çox önəmlidir”. Q.Nəcəfzadə bildirir ki, kitab sərgisinin gənc
yazarlar üçün də böyük əhəmiyyəti var: "Onlar yazıb-yaradırlar və görürlər ki,
kitabları diqqət çəkir. Onlar çox həvəslənirlər. Bu, onu göstərir ki, hər bir gənc
fəal olsa, onların kitabları təbliğ oluna və satıla bilər”. Şairin fikrincə, sərgidə
nümayiş olunan kitabların qiymətləri də normaldır. Belə ki, 5-6 AZN-dən baha
kitab satılmır: "Mənə elə gəlir ki, bu cür sərgiləri hər il keçirmək lazımdır.
Bu, kitabın təbliğinə çox kömək edər və kitaba olan marağı azalmağa qoymaz”.