Kirayə evdən son mənzilə - ANIM
"Gərək aktyorun nazını çəkəsən”
deyən Novruz Qartal qızının evindən son mənzilə köçdü. O, həyatın nazsız,
sığalsız-tumarsız həqiqəti ilə çoxdan barışmışdı.
Novruz Qartalın ölüm xəbərini
teatrsevərlər üzüntü ilə qarşıladı. Aktyorun ağır xəstəliyi, evsizliyi, çətin
sosial-maddi durumu haqqında media və sosial platforma paylaşımları bir-birini əvəz
etdi. Novruz Qartal uzun müddət idi ki, xəstə idi: insult keçirmişdi, onkoloji
xəstəlikdən əziyyət çəkirdi. Milli Onkologiya Mərkəzində əməliyyat olunmuşdu.
Amansız xəstəliklə mübarizədə milyonlarla insan kimi o da aciz idi...
"Aktyor teatrdan gedərsə...”
Novruz Qartal ömrünü teatra
həsr etmişdi. 1967-ci ildə Şəmsi Bədəlbəylinin dəvəti ilə səhnəsinə çıxdığı
Musiqili Komediya Teatrı ona dünyanın ən müqəddəs məkanları qədər əziz idi. O,
bu teatrın səhnəsində "Toy kimindir”də Qoşun, "Durna”da Dursun, "Hicran”da Balaəmi,
"Özümüz bilərik”də İbişov, "Milyonçunun dilənçi oğlu”nda xidmətçi, "Sevindik
qız axtarır”da tələbə, "Nənəmin şahlıq quşu”nda Qədim Qədimoviç, "Bankir
adaxlı”da Dilənçilər padşahı, "Əlin cibində olsun”da Dilənçi, "Aldın payını,
çağır dayını” komediyasında Əhmədi Biqəm və s. obrazları ilə tamaşaçıların
sevimlisinə çevrilmişdi. Səhnəyə, teatra məhəbbətini özü üçün "Əgər aktyor
teatrdan gedərsə, bir aydan sonra dünyasını dəyişəcək. Aktyorun canı səhnədə
çıxmalıdır...” fikirləri ilə məzhəbə çevirmişdi. Novruz Qartal Azərbaycanın Əməkdar
artisti fəxri adına, bir neçə dəfə Prezident mükafatına layiq görülmüşdü. Onkoloji
xəstəliyə təslim olmasaydı, yenə də teatrın səhnəsində olacaqdı. Teatr rəhbərliyi
də indiki kimi təsdiqləyəcəkdi: "Təqaüd yaşına çatmasına baxmayaraq, bu gün də
o, teatrın aktyor heyətinin üzvüdür, yaşına və yaradıcılığına uyğun rollarda
çıxış edir...”
Gərək insan sənətkar olasan...
Novruz Qartal tamaşaçı
sevgisi qazanan aktyor idi. Həyat ondan bir çox maddi nemətlərini əsirgəsə də,
"Tamaşaçı sevgisini qazanmaq hər sənətkara nəsib olmur” deyə özünə təsəllisini əlindən
ala bilməmişdi. O, bu sevgini gerçəkdən qazanmışdı. "Aktyor olmaq asandır,
ancaq gərək insan sənətkar olasan. Gənclərə də qayğı göstərəsən. Çünki biz məktəb
görmüşük. Mən Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Münəvvər Kələntərli, Şəmsi Bədəlbəyli,
Süleyman Ələsgərov kimi görkəmli sənətkarlarla ünsiyyətdə olmuşam, onlardan öyrənmişəm.
Öyrəndiklərimi də bu gün gənclərə əsirgəmirəm. Çünki onlardan qayğı görmüşəm və
mənim də borcumdur ki, həmin qayğını yetişən nəslə əsirgəməyim” sözləri dilinin
əzbəri idi.
O dövr başqa idi...
Novruz Qartal "Kaspi”yə dəfələrlə
müsahiblər vermişdi. Hər dəfə də içində ötən
illərə dərin nostaljisi olduğunu gizlətməmişdi. Teatrın qaynar dövrünü, müqtədir
sənətkarlarla bir səhnəyə çıxmasını yada salır, tamaşaçıların ara verməyən
alqışlarını yuxu kimi xatırlayırdı: "O dövr başqa idi, bu dövr isə tam
başqadır. O illərdə tamaşaçılarla ünsiyyət daha çox idi. Tez-tez rayonlara
qastrollara çıxırdıq. Azərbaycanın bütün bölgələrində, kolxoz və sovxoz işçiləri
qarşısında, pambıq tarlalarında çıxışlar edirdik. Bu cür səfərlərimiz həftələrlə,
aylarla davam edirdi. Tamaşaçılarla belə canlı ünsiyyət çox maraqlı idi. Bu gün
isə həmin sistem dağılıb. Düzdür, indi də tamaşaçılarımız teatra gəlirlər. Hər
bir tamaşaçının öz zövqü var. Elə tamaşaçı var, bayağı gülüşləri xoşlamır, əsl
sənət görmək istəyir. Elə tamaşaçı da var ki, ən mənasız şeylərə gülür. Bu, təbii
haldır. İnsanlar cürbəcürdür. Sadəcə, aktyor çalışmalıdır ki, obrazı düzgün
oynasın. Əgər aktyor öz rolunu düzgün oynasa, gülüş də öz-özünə gələcək”.
Kirayədəki aktyor
Novruz Qartal hələ 65 yaşı olanda yubileyi ilə
bağlı "Kaspi”yə verdiyi müsahibəsində kirayədə yaşamasından gileylənmişdi. "Sizə
ev verilməsi ilə bağlı müraciət etmisinizmi?”
sualıma "Etmişəm, hələ ki, bir şey yoxdur. Yenə ümidimi itirmirəm. Mən öz işimi
gənclikdə necə sevirdimsə, indi də elə sevirəm. Məni işə bağlayan maddiyyat
deyil. Çünki bizim nəsil səhnə fədailəridir. Bizim üçün səhnəsiz dayanmaq
mümkün deyil” deyə cavab vermişdi. Təəssüf ki, o vaxtdan həyatla vidalşadığı
günə qədər bu mövzuda heç nə dəyişmədi. Bu illər ərzində aktyorun evsizliyi
kimsəni narahat etmədi. Ev alması üçün teatrın
müraciəti lazımi ünvanlara göndərilmədi. Mədəniyyət Nazirliyindən "Sənə
hələ borclarımız var. Hələ borcumuzu ödəməmişik» deyə aktyora açılan məmur zəngi
də onu kirayədən xilas etmədi.
Novruz Qartal 74 yaşında yenə də kirayədə
yaşayırdı. Müsahibələrində təkrar-təkrar "Kirayədə yaşayıram…” deyə
vurğulayırdı. Elə baş və
epizodik rollarında oynadığı teatrın səhnəsini evi bilirdi. Evsizliyi ilə bağlı
müsahibələrində giley-güzar etsə də, idarə və təşkilatların qapısını döyməyi, məktublar
yazmağı, səlahiyyətli şəxslərin rahatlığını pozmağı sevmirdi: "Mən həmişə sadə
insan olmuşam. Gəncliyimdə də belə idim, indi də beləyəm. Ac və susuz olduğumu
da heç vaxt heç kimə bildirmirəm. Heç vaxt qürurumu əyməmişəm. Düşünmüşəm ki,
teatrda bilirlər. Cəbhələrdə oldum, fikir vermədim. Düşündüm, yaxşı olacaq.
Qapı döymək, ona-buna yalvarmağı bacarmıram. İnsanlara yaxşılıq etdim, rəhmət
qazandım. Hamı üçün yaşamışam. Özüm üçün utanardım nəsə edim. Mənim üçün səhnədə
olmaq daha önəmlidir”.
Son mənzilə yol
Parlamentin Mədəniyyət Komitəsinin sədri Qənirə
Paşayeva da onun ağır sosial durumu ilə bağlı müvafiq qurumlara çağırış etmişdi:
"Novruz Qartal hər zaman bir sənətkar kimi ön cəbhələrdə
əsgər və zabitlərimizin qarşısında çıxış edib, mədəniyyət sahəsinə öz töhfələrini
verib. Novruz Qartal bu gün çox ağır vəziyyətdə kirayədə yaşayır. Sosial-maddi
durumu çox çətindir. Novruz Qartalın ən böyük istəyi ömrünün son günlərini
birotaqlı da olsa, öz evində yaşamaqdır. Mən müvafiq dövlət qurumlarına,
tikinti şirkətlərinə üz tutaraq Azərbaycan mədəniyyətinə önəmli töhfələr vermiş
sənətkarın son arzusunun həyata keçməsi üçün dəstək göstərməyə çağırıram”.
Aktyorun həyat yoldaşı Zərqələm
xanımın "55 il teatrda can qoyan aktyor bu gün kirayələrdə ölür. Aidiyyəti
qurumlar hara baxır? Çox şikayət etmişik, cavab verən olmayıb. Heç 55 ilin də
aktyorunun meyiti kirayədən götürülərmi?” məzmunlu fəryadına da cavab verən
tapılmadı.
"Aktyorun başında sığal
olmalıdır”
"Gərək aktyorun nazını çəkəsən”
deyən Novruz Qartal qızının evindən son mənzilə köçdü. O, həyatın nazsız,
sığalsız-tumarsız həqiqəti ilə çoxdan barışmışdı: "Neyləmək olar? İnsanlar həyatda
bir gün olduqları kimi, bir gün də yoxdurlar. Sənət isə daimidir…” deyirdi.
Novruz Qartal da beləcə fani
dünyaya vida etdi. İşıqlı dünyada ayağını öz mənzilində rahat uzatmaq arzusunu
da özü ilə apardı. Kirayə evdən son mənzilinə köçdü. Teatrsevərlərə isə
yaddaşımıza həmişəlik yazılan maraqlı rollar yadigar qoydu…
Təranə Məhərrəmova