Kinonun turizmi
Və ya məşhur filmlərin çəkildiyi məkanlar
turistlərin diqqətini çəkən obyektlər kimi
Məşhur filmlərin çəkildiyi yerlərə
turistlərin səyahəti turizmin cəlbedici bir marşrutuna çevrilib. Bu, təbiət, hər hansı
bina və ya bəzən bütöv bir şəhər ola bilər. Kino sənayesinin təsiri altında
yaranan bu turizm növü mədəni-tanışlıq səyahət növü kimi dünyada məşhurdur.
Kinoturizm yeni destinasiyanın yaranması ilə bərabər yeni turizm məhsullarını
gündəmə gətirir. Kino muzeyləri, filmlərə baxış, səyyar kino və s. məhz
bu marşrut zamanı formalaşır. Dünyada bir çox belə məkanlar var ki, kinoturzmi
kimi dünya turistlərini cəlb edir. Məsələn, Yeni Zelandiya turizmin bu növünün
inkişafına görə "Üzüklərin Rəbbi” trilogiyasına minnətdardır. Böyük Britaniya ölkəsi
İngiltərədən tutmuş Şotlandiyaya qədər Harri Potter, Ceyms Bond və Şerlok
Holmsun pərəstişkarlarını daim cəlb edir.
Kinoturizm marşrutunda şəhərlər, təbiətlə
bərabər otellər də turizm obyekti kimi məşhurlaşır. Havanada YUNESKO-nun mədəni
irsi sayılan qədim "Mercure Sevilla Havane” oteli mədəni arxitektor abidə kimi
daha çox "Xaç atası” filminə görə tanınır. Mərakeşin El Suvayro liman şəhəri isə
"Qladiator”, "Aleksandr”, "İran şahzadəsi” filmləri ilə məşhurlaşıb və turistlərin
axını ilə böyük gəlir qazanır.
Məşhur aktyor Al Paçino bu yaxınlarda verdiyi
müsahibəsində Kaliforniyada yaşadığı evin daim turistlər tərəfindən əhatələndiyini
bildirib.
Polşanın
Krakov şəhərinə gələn turistlər "Şindlerin fabriki”nə mütləq baş çəkirlər.
Müharibə zamanı dəhşətli hadisələrə şahidlik edən fabrik görkəmli rejissor
Stiven Spilberqin dühası ilə turistlərin ziyarət üçün saatlarla növbədə
durduqları məkana çevrilib. Fabrik indi muzey kimi fəaliyyət göstərir və içəridə
bir çox sənət əsərini, Şindlerin ofisini, yəhudi işçilərin qaldığı otaqların
maketlərini, fabrikdə hazırlanan əşyaları və s. eksponatları görmək mümkündür.
Avstriyanın
paytaxtı Vyanaya tur zamanı turistlərə avtobusda "Sissi” filmini nümayiş
etdirirlər. Turistlər imperatriça Sissinin həyatı haqqında ilkin məlumatı elə
filmdən alırlar. Sonra isə üsyankar Avstriya imperatriçasının yaşadığı -
hazırda muzey kimi fəaliyyət göstərən saraya səfər başlayır.
Qonşu
Rusiyada da turizmin bu marşrutu inkişaf edib. Məsələn, 1973-cü ildə
"Mosfilm”in istehsalı olan "Sakit üfiqlər” filminin çəkildiyi Kareliya meşələri
və balaca Syarqilaxta kəndi turistlərin sevimli yeridir. Çəkilişlərin həyata
keçdiyi həmin yerləri indi ekskursiyaya gələnlərə həvəslə nümayiş etdirirlər. Hər
il Rusiyanın ucqar şəhər və vilayətlərindən gələn turistlər yaşıl və sıx meşəyə,
sakit gölə, əsgər Liza Briçkinanın öldüyü bataqlığa baxmağa gedirlər.
Litvanın
paytaxtı Riqada "Baharın on yeddinci anı” filmindən məşhur kadrın çəkildiyi
"Çvetoçnaya uliça” küçəsi turistlərin ən çox baş çəkdiyi yerlərdən biridir.
Ümumiyyətlə,
dünya ölkələrinin kino turizmi ilə bağlı nümayiş etdirilən və turistləri cəlb
edən məkanları saysız-hesabsızdır.
Kinoturizmin populyarlığını müşahidə
edən ölkələr get-gedə turizmin bu növünə diqqəti artırırlar. Dövlətlər onun
konsepsiyasını yeni başa düşməyə başlayıblar. Turizm ekspertləri hesab edirlər
ki, düzgün strategiya olsa, turizmin bu növünü geniş inkişaf etdirmək olar. Belə
ki, onun əsas elementlərindən biri informasiya portalı yaratmaqdır ki, dünya
turistlərinin diqqətini çəksin. Yəni onlar bu yolla məşhur filmlərin çəkildiyi
yerlər haqqında informasiyalar əldə edə, həmin ölkənin kinosuna bələd ola bilərlər.
Bəzi turistlər də var ki, onlar tur agentliklərinin köməyindən imtina edərək sərbəst
səyahətə üstünlük verirlər. Bu qəbil turistlər üçün də kinoturizm marşrutu
maraqlı ola bilər.
Bizim kino məkanları
Yerli və xarici filmlərin
çəkildiyi məkanları turizm obyekti kimi təqdim etməklə kinoturizmi inkişaf
etdirmək bizim ölkə üçün də mümkün ola bilər. Düzdür, "Arşın mal alan”, "Qorxma,
mən səninləyəm”, "Dərviş Parisi partladır” və s. filmlərin çəkildiyi Mərdəkan
Dendroparkı bu gün yerli sakinlər və yaxın ölkələrin turistləri üçün tanınır.
Xüsusən, məktəblilər və tələbələr bu parka ekskursiya edirlər.
Ancaq bizim filmlərin çəkiliş
məkanlarının çoxu diqqətdən kənarda qalıb. Həmin ərazilərdə hər hansı məlumata
da rast gəlmək olmur.
1961-ci ildə aktyor Vladimir Korenevin baş rolda çəkildiyi "Amfibiya
adam” filminin bəzi kadrları məhz Bakıda lentə alınıb. Filmdə Quttierə məxsus mağazanın olduğu yer Bakıdadır. Amma küçədəki bina əsaslı
şəkildə dəyişdirilib. Evə suvaq çəkilib və girişlər bağlanıb. Eyvan da dəyişilib.
"Qorxma, mən səninləyəm” filmi də məhz burada çəkilib. Amma bununla bağlı ərazidə
hər hansı işarə və ya yazı yoxdur.
Azərbaycan kinosunun
incilərindən olan "Uzaq sahillərdə” filminin kadrlarının ən məşhur səhnələri
Ağsu rayonunda çəkilib. Əfsanəvi partizan Mixaylonun - Mehdi Hüseynzadənin son
döyüşünün və həlak olduğu səhnələrin çəkildiyi Kövlic kəndindəki ev bərbad vəziyyətdə
də olsa, saxlanılır. Ancaq həmin evin təmir olunması, turizm obyekti kimi heç
olmasa yerli turistlərin üzünə açılması yaxşı olardı.
Qazaxda 1918-ci ildə
açılan müəllimlərin ilk seminariyası da kinoturizm marşrutunun inkişafında
mühüm rol oynaya bilər. Vaxtilə bu seminariya Azərbaycan üçün, eləcə də Gürcüstan və
Ermənistanda yaşayan soydaşlarımız üçün elm ocağı olub. Bu təhsil ocağında
1959-cu ilədək 3000-ə yaxın kadr yetişdirib. İsmayıl Şıxlının "Dəli Kür” romanı əsasında yazdığı ssenari
üzrə Hüseyn Seyidzadənin quruluş verdiyi eyniadlı film 1969-cu ildə bu seminariyanın
binasında çəkilib. Təəssüf ki, bina
yararsız vəziyyətdədir və əsaslı təmirə ehtiyacı var.
Mövzu ilə bağlı "Kaspi”
qəzetinə münasibət bildirən rəsmi qurumların və ekspertlərin kinoturizmin
ölkəmizdə inkişafı ilə bağlı fikirlərində üst-üstə düşən və fərqi məqamlar var.
Maraqlı təşəbbüs
Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov dünya
təcrübəsində "Film komissiyası” anlayışının olduğunu bildirir. Film
komissiyaları xarici istehsalçı şirkətlərini (film, televiziya və reklam
istehsalçıları daxil olmaqla) çəkiliş aparmaq üçün cəlb edən və istehsala dair
dəstək təklif edən təşkilatlardır. Film komissiyaları «bir pəncərə» prinsipi
əsasında fəaliyyət göstərir və xarici prodüserə yalnız bir orqana müraciət
etməklə ölkə ərazisində film istehsalı üçün tələb olunan bütün prosedurları
həll etməyə imkan verir (təşkilati və loqistik xidmətlər, icazələr, kastinq,
avadanlıq və s.) Nazirlik rəsmisi qonşu
ölkələrin təcrübəsindən danışaraq ötən il Gürcüstanda baş tutan «Forsaj 9»
filminin çəkilişləri nəticəsində Gürcüstanın iqtisadiyyatına 11 milyon dollara
yaxın yatırım olunduğunu qeyd edir: "Bu, birbaşa Gürcüstan Film Komissiyasının
uğurlu fəaliyyətin nəticəsidir. Azərbaycanın da bu sahədə çox böyük
potensialını nəzərə alaraq yaxın zamanlarda Azərbaycan Film Komissiyasının
təqdimatını keçirməyi düşünürük”. R.Həsənov bildirir ki, Azərbaycanda filmlərin
çəkilişi üçün uyğun olan bütün məkanların – meşələr, dağlar, parklar, tunellər,
körpülər, modern və köhnə Bakı və s. yerlərin kataloqu artıq hazırlanıb:
"Çəkiliş üçün əlverişli imkanlarımız var. 9 iqlim zonası, hər cür mənzərələr,
unikal landşaft. Təbii ki dünya təcrübəsinə əsaslanaraq xarici istehsalçıları
cəlb etmək üçün müəyyən vergi və s. güzəştlərin tətbiqi də önəmli məsələdir. O
ki qaldı köhnə filmlərin çəkiliş məkanlarını kinoturizm marşrutuna çevirmək
mövzusuna - o də planlarımızda yer ala bilər. Köhnə məkanlar istehsalçılar üçün
maraq doğursa, həmin çəkiliş məkanlarını da bu siyahıya daxil etmək olar. Belə
bir təşəbbüs maraqlıdır və bunu reallaşdırmaq mümkündür”.
Bizdə heç nə qalmayıb
Kinorejissor Tahir Tahiroviç hesab edir ki, kinoturizm marşrutunun formalaşması Azərbaycanda bir qədər çətin alınan məsələdir.
Belə ki, Azərbaycan kinosu sovet dövründə postsovet məkanında o qədər də
tanınmış olmayıb: "Yəni bizim kinomuz gürcülərin kinosu qədər tanınmırdı.
Gürcülərin "Əsgər atası”, "Mimino” filmlərini sovet məkanında daha çox
tanıyırdılar. Məsələn, Ukraynadan gələn turistdən "Mehti Hüseynzadəni və ya "Dəli
Kür” filmindən Şamxalı tanıyırsanmı?”- deyə soruşsaq tanıyacaqmı ki, biz onu
Qazaxa və ya Ağsuya aparaq. Axı o filmlərə baxmayıblar. O filmləri tanımayan adamlara
həmin məkanları aparıb nümayiş etdirmək bir qədər mənasızdır. Amma Azərbaycan məktəblilərini
həmin məkanlara aparmaq olar. Amma bundan öncə o filmləri onlara nümayiş etdirməliyik.
Sonra ayda bir dəfə hər məktəb Ağsu, Qazax, Gəncəyə və s. məkanlara kinotur təşkil
edə bilər”. Rejissorun sözlərinə görə, pandemiyadan qabaq Kinoittifaqla birgə
"Kəndlərdə kino” adlı layihəsi olsa da, hələ bunu reallaşdıra bilməyib: "Hər həftə
bir kənddə səyyar kino təşkil edəcəkdik. Sonra məktəblərin kino klubunu
yaratmaq istəyirdik. Amma pandemiya səbəbindən həyata keçirə bilmədik.
Tanınmayan filmləri aparıb nümayiş etdirmək istəyirdik.
Sovet
dövründə İçərişəhərdə "Brilyant əl” filmi çəkilib. Bütün sovetlər birliyindən gələn
turistlər o məkana baxır. Mironovun yıxıldığı və "Çort poberi” adı ilə məşhurlaşan
yerdə balaca bir heykəl qoymaq olardı. Mən Rusiyadan, Ukraynadan gələn
qonaqlarımı ora aparıb məlumat verirəm. Həmin ərazini turizm məkanı kimi
tanıtmaq olar. Gələn turistlər də orada şəkil çəkdirsinlər. Məsələn, "Amfibiya
adam” filminin çəkildiyi ərazidə ekran əsərinin müəyyən bir kadrını əbədiləşdirmək
olardı. "Mosfilm”in həyətində sovet vaxtı çəkilən filmlərdən olan rekvizitlər
saxlanıb. Filmlərin çəkilişində istifadə olunan maşınlar, Anna Kareninanın
karetası, dekorasiyalar qalır. Turistlər "Mosfilm”in həyətində həmin
eksponatlara baxırlar. Bizdə heç nə qalmayıb. O baxımdan bizdə kinoturizmi
yaratmaq effektsiz olar”.
Hərtərəfli layihə hazırlanıb həyata keçirilsə...
Azərbaycan Turizm Assosiasiyasının sədrinin
müşaviri Müzəffər Ağakərimov hesab edir ki, kinoturizm marşrutu yaratmaq istiqamətində
aidiyyəti qurumların fəaliyyəti olmalıdır: "Köhnə filmlərin çəkildiyi məkanların
çoxu həmin ərazilərdə yaşayan insanların yaddaşında qalır. O əraziləri siyahıya
daxil edib, marşrut təşkil etmək olar: "Təkcə "Uzaq sahillərdə” və ya "Dəli
Kür” filmini deyil, eləcə də "Böyük dayaq”, "Yeddi oğul istərəm”, "Axırıncı
aşırım”, "Ögəy ana” və s. filmlərin çəkildiyi məkanlara turistik marşrutlar təşkil
etmək olar. Ancaq bundan öncə həmin filmlər insanlara tanıdılmalıdır. Xüsusən,
böyüyən nəsil milli kinolarımızdan, ölkəmizdə çəkilən filmlərdən xəbərdar
olmalıdır. Bu istiqamətdə hərtərəfli layihə hazırlanıb həyata keçirilsə, bu
marşrut daxili turizmdə də böyük rol oynaya bilər”.
İndi
iş aidiyyəti qurumların yanaşmasına qalır. Kinoturizm marşrutu postpandemiya
dövründə turistləri məlumatlandırmaq və cəlb etmək üçün bir destinasiyaya
çevrilə bilər. Bu təkcə ölkəmizə əcnəbi turistləri cəlb etmək, onları məlumatlandırmaq üçün deyil, eyni zamanda öz insanlarımıza nostalji yaşatmaq, böyüyən nəsilə milli kinomuzu və coğrafiyamızı sevdirmək üçün də əhəmiyyətli olar. Təbii ki, bu marşrutun yaranması və inkişafı üçün sadalanan məsələlər
həll olunandan və mükəmməl bir yol xəritəsi hazırlanandan sonra...
Təranə
Məhərrəmova