Kinomuzun Cəbiş müəllimi

"Allah
ikinizin də bəlasını versin-sənin də, Hitlerin də…”
" –Ana,
atamızı unutmuşuq
Atanız bizi
unudub. Cəbiş, baları yetim qoymaq istəyirsən?”
" – Sən burda
neyniyirsən?
– Ay rəhmətliyin
oğlu, adam burda neyniyər? Aç qapını bombalar töküldü başıma”.
"– Pulun var
sənin?
– Sənin yox,
sizin.
– Yaxşı,
pulun var sizin?”
"Ay qız,
Tanyə…”
" – Bizim
uşağı görmədin?
– Uşağın olub
bəyəm?
– Kül başuva,
doğan vaxtımdı? Tanyəni deyirəm, əmanətdü, əmanət”.
"Xoşun gəlir?
Gözləri yaşıldu?”
"Yəni ayda
bir dəfə mənim arvadımla bazaar getməyə ixtiyarım yoxdu?”
Bu yerdə,
ümumiyyətlə yazı boyu filmin adını çəkməsəm belə oxucu artıq sitatlardan bildi
söhbət hansı filmdən gedir.
1969-cu ilin
filmidir. 60-70-ci illər Azərbaycan ədəbiyyatının intibah dövrü olub. Həmin
dövrdə kinoda, teatrda, rəssamlıqda, musiqidə, ümumiyyətlə mədəniyyətin bütün
sahələrində ən gözəl əsərlər, ən peşəkar sənətkarlar meydana gəlib. Sevdiyimiz
"şərikli çörək” də o illərin filmidir.
"Bizim Cəbiş müəllim” də.
"Müharibənin 1001-ci gecəsi" yoxsa
"Bizim Cəbiş müəllim”
Film Maqsud
İbrahimbəyovun "Müharibənin 1001-ci gecəsi" ssenarisi əsasında
çəkilib. Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda
cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi
çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin
azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət
açılır.
Böyük Vətən
müharibəsində Azərbaycan neftinin nə dərəcədə böyük rol oynaması haqqında
fikirlər ilk dəfə olaraq "Bizim Cəbiş Müəllim" filmində Nəcəfov
obrazının dili ilə söylənilib. Doğrudan
da, bu filmdə rejissor Həsən Seyidbəyli filmin ssenari müəllifi Maqsud
İbrahimbəyov çox cəsarətli addım atıblar.
Nəcəfov obrazının dili ilə rusların xoşuna gəlməyən, daima
nəzəratlərində saxladığı faktları aşkar ifadə ediblər. Böyük Vətən
müharibəsində Sovetlər tərəfindən iştirak edən hər 1000 tankdan 700-nü, hər 1000
təyyarədən 700-nü yanacaqla Azərbaycan təmin edib. Bu fakt ilk dəfə "Bizim
Cəbiş Müəllim" filmində aşkara çıxarıldı… Filmin çəkilişi başa çatdıqdan
sonra Moskvaya göndərdilər. Həmişə olduğu kimi bu dəfə də Moskva filmin bir
neçə epizodu ilə yanaşı, Nəcəfov obrazının dili ilə deyilən faktların
çıxarılmasına göstəriş verir. Həsən Seyidbəyli gərgin mübahisədən sonra
istədiyinə nail olur.
Həsən Seyidbəyli Makedonu təsadüfən tapmışdı
Rejissor
Makedon rolunun ifaçısı Aqil Ağacanovla bulvarda təsadüfən nərd
oynayırmış. Qarşısındakının rejissor
olduğunu bilən Aqil onunla mərcə girir. Əgər rejissor uduzsa onu kinoya
çəkəcək. Razılaşırlar. Nərddə uduzduqdan sonra Həsən Seyidbəyli sözünü tutaraq
onu Makedon roluna sınağa çağırır. Aqil Ağacanov sınaqdan keçəndən sonra
rejissor onu çağırıb deyir ki, səni zatən Makedon rolu üçün gözüm tutduğuna
görə səninlə nərd oynamağa başladım. Gəldiyimiz mərc isə səndən çox mənim
mənafeyimə xidmət edirdi.

"Çağırsa ellər gedərəm davaya” barədə həqiqət
"Bizim Cəbiş
müəllim”ə dəfələrlə baxmış tamaşaçıların əksəri bu fikirdədir ki, "Çağırsa
ellər gedərəm davaya” da Əliağa Vahidindir. Amma adı titrlərə düşməyən meyxana
müəllifi Molla Məhəmməddir.
Filmdə məhəllə uşaqlarının (Namiq, Makedon və s.) dediyi meyxananı səsləndirən
də şairin özüdür. 73,5 dəqiqəlik "Bizim Cəbiş müəllim”ə Molla Məhəmmədin
meyxanası necə daxil edilib? Molla Məhəmməd – 1950-ci ildə Maştağa kəndində
doğulmuş Məmmədqulu Əhmədovdur. "Molla Məhəmməd” təxəllüsünü ona
oturub-durduğu, yaşından böyük kişilər veriblər. Məmmədquluda görüb-götürmək,
eşitdiyini-oxuduğunu beş dəqiqədə qulağına sırğa etmək bacarığını duyanlar
təxəllüs verməkdə yanılmayıblar. Bədahətən şeir demək (bədiyyə), əsasən də
qəzəl yazmaq istedadı ilə Molla Məhəmməd tez bir zamanda kənddə məşhurlaşıb.
Onu Nəsibə Zeynalovanın oğlu Cahangirlə
yaxından tanışlığı filmə gətirib çıxardır. Bağ qonşusu idilər. Günlərin
bir günü Cahangir uşaqlıq dostu Molla Məhəmmədin yazdığı "Çağırsa ellər,
gedərəm davaya” meyxanasını anasına göstərir. Öz növbəsində, o da filmində
müharibə illərinin canlı ab-havası yaratmağa çalışan Həsən Seyidbəyliyə.
Meyxana kinorejissorun elə xoşuna gəlir ki, onun səsləndirilməsi də müəllifin
özünə, yəni Molla Məhəmmədə həvalə edilir.
Bizim Süleyman Ələsgərov
Bizim iki
Süleyman Ələsgərovumuz olub. Biri görkəmli bəstəkar, o biri aktyor. Cəbiş
müəllim obrazının ifaçısı aktyor Süleyman Ələsgərovdur. İxtisasca həkim olmalı
idi, çünki Tibb İnstitutunun üçüncü kursunda oxuyanda getdiyi teatr dərnəyindən
Gənc Tamaşaçılar Teatrının aktyor ştatına müsabiqə yolu ilə işə götürülüb.
Sənətə bağlandığından institutu atıb.
Ömür boyu Gənc Tamaşaçılar Teatrında işləyib. "Hacı Qəmbər” tamaşasında Hacı Qəmbər obrazı
gözlərim qarşısındadır, çünki yaşıma görə gördüyüm yalnız uşaq vaxtı həmin
tamaşa olub. 34 filmə çəkilib. Cəbiş müəllim obrazı onun visit kartı sayılır.
Deyilənə görə aktyor xasiyyətcə obraza çox bənzəyirmiş. 83 yaşına, yəni ömrünün
sonuna qədər
səhnədə olub. Ölümündən az
əvvəl qrim güzgüsünü gənc aktyor Elşən
Rüstəmova həvalə edib. 1989-cu ildə dünyasını dəyişib.
Bu filmdəki
roluna görə xalq artisti 1970-ci ildə Minskdə
IV Ümumittifaq kinofestivalında diploma layiq görülüb.
Cəbişin
arvadı
Fikir
vermisiniz, filmdə obrazın adı belə də gedir, öz adı yoxdur-yalnız Cəbişin
arvadıdır. Mentalitetin göstəricisidir. Kriminal yazar Nizamın fantaziyasına görə
guya Cəbişin arvadı ona xəyanət edir, özü də qonşu Əbülfəzlə. Deyir hayıf Cəbiş kimi kişiyə arvadı xəyanət
edir, rejissor guya bunu xırda detallarla işarə verib: "məsələn Əbülfəzin
fürsətdən istifadə edib bazarda qadının
qolundan tutması, öz evində kürəyinə, əlinə toxunması buna işarədir”.
Yeri
gəlmişkən, həmin o kürəyinə toxunduğu yerdən Moskva senzurası çox maraqlı bir
epizodu kəsib atıb. Həmin yerdə Cəbişin arvadı Əbülfəzi yun çubuğunun altına
salıb qənşirin çıxardır. Hayıf ki, filmdə həmin yer yoxdur.
Şəfiqə Məmmədova
bu obrazı əvəzsiz ifa edib. Yer qoymayıb ki, deyəsən başqa kimsə daha yaxşı ifa
edərdi.
Tanya rolunu rusiyalı aktrisa Svetlana Morşinina
ifa edib, amma səsi doğmaca Amaliya Pənahovanın səsidir. Filmin ssenari müəllifi Maqsud İbrahimbəyov, quruluşçu rejissor Həsən Seyidbəylidir.
Rollarda Süleyman Ələsgərov
(II) Cəbiş, Şəfiqə Məmmədova -
Cəbişin arvadı, Muxtar Maniyev-Nəcəfov,Səfurə İbrahimova
- Nəcəfovun arvadı, Ziya Seyidbəyli - Namiq,
Nəsibə Zeynalova-Suğra
xala, Əliağa Ağayev - Əbülfəz,
Aqil Ağacanov - Makedon, Svetlana Morşinina
- Tanya, Cahangir Novruzov
- Rəsulov, Fazil Salayev - Mıqqı,
Məryəm Seyidbəyli
-Şəfiqə, Hamlet Xanızadə - Kapitan,
Kamil Qubuşov-Müəllim, Cabbar Əliyev-Müəllim, Məmmədrza Şeyxzamanov
- Poçtalyon, Sona Aslanova - Ana,
Ş.Bağırova,
Süsən Məcidova - Makedonun
anası, Məmməd Sadıqov-Səngər
qazan, Tələt Rəhmanov, Eldəniz Zeynalov -
Qulam, Sofa Bəsirzadə - Həkim,
V.
Otradinski - Qaçqın, N.Sorin
Ramilə Qurbanlı
