AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Kim?

Kim?

21 Yanvar 2020, 10:30 2166
Ədəbiyyatın predmeti artıq insan deyil. Heç bir formada və heç bir situasiyada. Nə hərəkətdə olduğu zaman, nə süst halda, nə də düşündüyü zaman insan ədəbiyyat üçün artıq maraqlı deyil. O, cümlədən bəzi güclər və din də bugünkü insanı fərdi emosiyalarında tanımaq istəmir. Dinin də, ədəbiyyatın da müasir insandan bircə istəyi var. Düşünmədən yaşamaq və ona deyilənləri anlamadan qul olmaq. Bu gün ədəbiyyat artıq monoloqdur. Dialoq deyil. Artıq oxucu ədəbiyyat adına yazılmış hər hansı bir mətni pıçıldamadan, bu mətni təkrar-təkrar oxuyub qavramadan, qəhrəmanla birgə sevmədən və sevilmədən, ədəbi süjeti özünküləşdirmədən və anlamadan qavrayır. Ona görə yox ki "oxu mədəniyyəti” dəyişib. Ona görə ki, ədəbiyyatın özü artıq müqəddəs dəyər deyil. Ədəbiyyat artıq müşahidəçidir, iştirakçı deyil. Ona görə ki, ədəbiyyat artıq oturuşmuş dəyərlərin dağıdıcısıdır, qurucusu deyil. Bu günün yazıçısı artıq ideolji Cek London deyil. Bu səbəbdən də onun yazdığı qəhrəman da güclü insan deyil. Bu gün ədəbiyyat daha "silaha əlvida” demir. Əksinə əlində silah tutana mədh yazır və Nobel alır. Bu gün yazıçının fikri, mövqeyi yoxdur. Onun dünyaya sözü də daha yoxdur. Bu gün yazıçı kapital iyerarxiyasının yaratdığı süni cəmiyyət təsnifatında öz yerini bilir.
 
Və o, idarə olunan oyun qaydalarını pozmağa cürət etmir. Bu günün yazıçısı bütün dünyada artıq yaxşı menecerdir, xilaskar deyil. Və ən başlıcası o daha yaradıcı deyil.. Ezop dili, həyata real və irreal baxışlar, Kamyu tənhalığı, Kafka absurdu, Markes rituallığı artıq arxaik təfəkkür sayılır. Bu gün ədəbiyyatdan çox dinamik publisistika dəbdədir. Oxucunu bu yöndə tərbiyə edirlər. Artıq Dostoyevski tövbəsinə səbir yoxdur. Ədəbiyyata olan sifarişlər səthi və bəsitdir. Öldürülmüş Aristofan komediyası ənənəsi və Esxil dram kanonları da çoxdan dəbdən salınıb. Oxucu bir neçə əsrdir akademik ədəbi dəyərləri daha hiss etmir, ona sadəcə saf və ilkin ədəbi tarix kimi baxır.
 
Bu günün aktiv oxucusu sosial şəbəkə biganəliyində və "Coker” üzsüzlüyündə olmaqla bərabər həm də genetik olaraq Adəmdən Hatəmə proqramlaşdırılmış ədəbi yaddaş daşıyıcısıdır. O, ədəbiyyat adlı təbii axına aid olan suyun hansı tamda olduğunu qan yaddaşı ilə, əslində, bilir. Buna görə də müasir ədəbiyyatın ona artıq sakral dəyərlər zəminində heç nə vermədiyinin də fərqindədir. Əslində, gəldiyim nəticə sizin bəzilərinizə ola bilsin ki "nonses” kimi görünəcək. Amma fikrimcə, bu belədir: Bu gün dünya yazıçısı artıq ətrafındakı insanı deyil, zamanı və daha çox da öz eqosunun fobiyalarını yazır. Bu gün ədəbiyyatın predmeti artıq insan deyil, zamandır və yazıçı altereqosunun fobiyalarıdır. Və müasir yazıçıların yaratdıqları belə xəstə mətnlər "şüur axını” modeli zehniyyatında yetişdikləri üçün onurğasız süjetləri daha tez qavrayan xaotik şüurlara daha yaxın zehni məqam materiallarıdır deyə bütün dünyada ədəbiyyat kimi qavranılır. Əslindəsə, bu gün ədəbiyyat adlandırdıqları mətnləri klassik ədəbi kanonlara aid etmək mümkün deyil. Bəs onda haqlı olaraq gerçək ədəbiyyat nədir deyə soruşacaqsız. Soruşmayın. Artıq gerçək ədəbiyyat insana gərək deyil. Bu gün yazıçıdan çox oxucu qıtlığı var. Artıq insan əxlaq dəyərləri ilə deyil, vəhşi hisslər ilə yaşayır. Onu ədəbi və əbədi dəyərlər deyil, səthi və maddi dəyərlər düşündürür. O, artıq özü üçün Şekspir sualına cavab da tapıb. Və bu cavab "nə ölümdür, nə də olum!”
 
Orxan Fikrətoğlu