Kiçik hekayələrdə böyük sənətkarlıq üslubu

(Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığı əsasında)
XX əsr Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadə
kiçik hekayələrin böyük ustadı kimi tanınmışdır. Cəlil Məmmədquluzadənin əsərlərində əsas
mövzulardan biri qadınlara qarşı edilmiş haqsızlıqlar olub. Müəllifin digər əsərləri
ilə yanaşı, həmçinin "Ölülər" əsərində də qaldırdığı məsələlərdən
biri məhz qadın hüquqsuzluğudur.
Cəlil Məmmədquluzadədən sonra Azərbaycan ədəbiyyatında
kiçik hekayələr müəllifi olan Yusif Vəzir Çəmənzəminlinin əsərlərində
qadınların huquqsuzluğu, savadsızlığı (təhsil ala bilməmələri), daha sonra
xurafat, saxtakar mollalar, məşədilər, kərbəlayılar, hacılar və s. haqqında dönə-dönə
söhbət açılır.
Yusif
Vəzir Çəmənzəminli əsərlərində qaldırdığı
problemləri yeri gələndə satira ilə, yeri gələndə yumorla, yeri gələndə də xalq yaradıcılığı
örnəklərinin köməyi ilə daha kəskin, daha sərt şəkildə oxucularına çatdırır. Bu
baxımdan onun yaradıcılığında sözlü ədəbiyyat örnəklərindən bəhrələnmə geniş
yer tutur. Məsələn, Y.V.Çəmənzəminlinin "Toy" hekayəsində az yaşlı
qız uşağının qoca kişiyə ərə verilməsinə etiraz əlaməti olaraq hekayənin əvvəlində
deyilir ki:Mən bu dərədən ötmərəm,
Çadramı yellətmərəm,
Ağsaqqala getmərəm,
Hoqqabaz oğlan gərək,
Kəkili saz oğlan gərək!..
Əsərin əvvəlində verilən bu mətndən artıq oxucuda hekayənin ümumi məzmunu haqqında təsəvvür yaradır. Y.V.Çəmənzəminli "Toy" hekayəsində yazır ki, kişinin arvadı vəfat edir, o, on il gözləyir. Kişi bu on ili ona görə gözləyir ki, baldızı hələ uşaqdır. Vaxt yetişir və həmin o körpə qız uşağı on dörd yaşına çatır, vəfat etmiş bacısının həyat yoldaşına ərə getmək üçün əyninə gəlinlik paltarı geyinir və ağlaya-ağlaya bu sözləri deyir: "mən o kişidən qorxuram; bacımı çərlədən kişi məni də öldürəcək”. Hekayədə on dörd yaşlı qız uşağının fəryadı, əslində, həmin dövrün az yaşlı qız uşaqlarının etiraz səsi idi. Ümumiyyətlə, "Toy" hekayəsində Y.V.Çəmənzəminlinin yaratdığı surətlər tipik surətlərdir. M.F.Axundov "Hacı Qara" əsərində Hacı Qaranı dövrün acgözlüyü, hiyləgərliyi ilə seçilən insanlarının tipik obrazı kimi yaratmışdırsa, Yusif Vəzir də burada eyni ilə obrazların xarakterlərinə uyğun olaraq onları tipikləşdirmişdir. Məsələn, on dörd yaşlı qız uşağı dövrünün çarəsiz qız uşaqlarının tipik surəti idi. Eynilə hekayədəki digər obrazlar da belədir.
On dörd yaşlı qız uşağının əynindəki gəlinlik
donu onu ağ günə yox, qara günə
aparırdı. Ağsaqqala, özü də ölmüş
bacısının həyat yoldaşına ərə gedən, əslində, öz bacısının günüsünə çevrilən on
dörd yaşlı bir qız uşağı heç vaxt xoşbəxt ola bilməzdi. Həmin yaşda qız
uşaqları ər evində yox, ata evində olub təhsil almalıdırlar. Əsil xoşbəxtlik ağ
libasla ölçülmür, əsil xoşbəxtlik odur ki, qarşı tərəflər bir-birinin fikirlərini,
istəklərini başa düşə bilsinlər.
Yusif Vəzir Çəmənzəminli "Millətpərəstlər" hekayəsində də qızların rahat yaşamaları, rahat təhsil
almaları məsələsinə toxunmuşdur. Bu hekayədə hadisələr bu cür baş verir: küçədə əli kitablı balaca bir qız uşağı məktəbə
gedir. İlk olaraq Məşədi Qasım qıza yaxınlaşaraq, ondan kimin qızı olduğunu
soruşur və iki barmağı ilə qızın yanağına toxunur. Qız uşağı cavab vermədən evlərinə qaçır. Daha
sonra qız Kərbəlayı Balaşa, Keçəl Vəliquluya,
Kərbəlayı Ramazana, Hacı Qənbərə rast gəlir. Bunlar da ondan kimin qızı
olduğunu soruşurlar. Əslində, qız uşağından kimin qızı olduğunu
soruşmalarında məqsəd onun atasını
tanımaq və elçi düşüb elmə, təhsilə marağı olan qızı almaq idi. Bu işdən qızın anası xəbər tutur, qızını məktəbə
qoymur. Qızın kitablarını əlindən alıb evə səpir. Məktəb paltarını çıxardıb
atır sandığa. Qızına da köhnə arxalıq
geydirib, oturdur yun darağının dalında.
Qız uşağının məktəb paltarının
çıxardılıb sandığa atılması onun hüquqlarının
bükülüb sandıqda həbs olunması
deməkdir. Əgər cəmiyyətdə o cür saxtakar, ikiüzlülər olmasaydı, o qız uşağı yun darağının arxasında yox, məktəbdə
parta arxasında əyləşəcəkdi.
Yusif Vəzir Çəmənzəminli yazıçı olmaqla yanaşı, həmçinin gözəl folklorşünas alim idi.
XX əsr Azərbaycan folklorşünaslıq elminin
inkişaf edib, geniş qol-budaq atmasında sözsüz ki, Yusif Vəzirin az rolu
olmamışdır. Y.V.Çəmənzəminli istər romanlarında, istərsə də hekayələrində folklor mətnlərindən çox sıx
istifadə edirdi. Bunun əsas səbəbi ondan ibarətdir ki, Y.V.Çəmənzəminli folklor toplayıcısı idi. O folklora dərindən
bələd idi. Folklor mətnlərinin onun əsərlərində geniş yer almasının digər səbəbi
budur ki, yazıçı bu yolla həmin mətnlərin it-bat olmasının qarşısını alırdı. Həmin
əsərlər bir mənbə kimi gələcəkdə istifadə
olunsun deyə o bu işləri görürdü. Bu günün özündə belə Y.Vəzirin yaradıcılığı
müxtəlif rakurslardan araşdırılır.
Yusif Vəzir Çəmənzəminli "Dərdli
Züleyxa" hekayəsində də ənənəsinə sadiq qalaraq mətn daxilində folklor
nümunələrindən istifadə edir. Müəllif
digər əsərlərində olduğu kimi, bu hekayəsində də qadınların hüquqsuzluğunu önə
çəkir. "Dərdli Züleyxa" hekayəsinin
giriş hissəsində verilən bir cümləyə
əsasən hekayənin nədən bəhs etdiyini müəyyən
etmək heç də çətin deyil. Hekayədən
oxuyuruq: "Yarımçıq bir otaqda çarpayıdan on altı-on yeddi yaşlarında bir
arvad qalxdı". Bəli, bu hekayədə bəxtsiz
bir qız uşağının həyatının acı həqiqətləri ön plana çəkilmişdir. Axı on altı-on
yeddi yaşlarında bir qız uşağı ər evində yox, məktəbdə olmalıdır. Züleyxanın həyat yoldaşı ona baxmır, hətta ona zor, güc də tətbiq
edir. Bütün bunlara görə Züleyxa həyatını ağrı-acılarla keçirdir.
Yusif Vəzir burada maraqlı, düşündürücü və fəlsəfi anlamı olduqca böyük
olan bir cümlə yazır. Hekayədən
oxuyuruq: "İnsan həyatında güclük çəkirsə,
onda həmişə keçmişi xatırlar, unudulmuş vəqələri, hafizədən silinmiş nöqtələri
zehnində canlandırmağa çalışar, ondan bir xoşluq duyar, təsəlli tapar".
Yusif Vəzirin qeyd etdiyi bu fikir, əslində Dərdli Züleyxanın keçmişinə bir nəzər salmaqdan ötrü idi. Həm də Y.V.Çəmənzəminli burada müqayisə
aparır və müqayisəni örnək kimi dövründəki
valideynlərə göstərmək və gələcək nəsillərə
ötürmək istəyir. Dərdli Züleyxa da hazırda ağrı-acılar çəkə-çəkə keçmişi
xatırlayır. Yusif Vəzir Çəmənzəminli yenə
burada da folklor materiallarından
istifadə edir. Həmin folklor nümunələrindən bir neçəsini burada qeyd edəcəyik. Züleyxanın ailəsi Novruz bayramında bir neçə
ritualı icra edir. Məsələn, bir dəfə axır çərşənbə axşamı
bir badya su qoyub, "Vəsfi-hal" saldılar. Anası badyanın
başında oturub, cocuqlardan nişanə aldı. Züleyxanı nişanə alaraq mücrüsünün
açarını vermişdi. Anası nişanələri badyaya salıb dedi:
Güzgünü atdım bayıra,
Şövqi-şəfəqi çayıra.
Yığılıb qohum qardaşlar,
İşimiz dönüb xeyirə.
Bundan sonra arvad əlini badyaya saldı, ilk əlinə
Züleyxanın açarı gəldi. Hər kəs heyrət ilə onun üzünə baxıb, səadətinə qibtə etdilər. Təəssüflər olsun ki,
Züleyxanın taleyi qibtə olunan talelərdən olmadı. Yusif Vəzir Çəmənzəminli qadınların hüquqsuzluğundan bəhs edən digər
hekayələrində cəmiyyəti bu cür bəladan
ayıltmaq üçün onlara çıxış yolunu da
göstərir.
Yusif Vəzir Çəmənzəminlinin hekayələri kiçik
olmasına baxmayaraq, onlarda çoxlu mətləblərə toxunulur. Yusif Vəzirin əsərlərini,
hətta XX əsr Azərbaycan mühitinə dair ensiklopedik səciyyəli əsərlər
adlandırsaq, məncə, yanılmarıq. Çünki Yusif Vəzir dövrünün problemlərini əsərlərinə
gətirməyi bacarırdı. O, yaranmış olan bu
və ya digər problemlərin həllini, çıxış yolunu
elə öz əsərlərində də açıb göstərirdi.
Ümumiyyətlə, fikrimizi yekunlaşdırıb belə
qeyd edə bilərik ki, Yusif Vəzir Çəmənzəminlinin
əsərləri məkanından, zamanından asılı olmayaq, öz aktuallığını hər zaman qoruyub saxlayacaqdır.
İlkin ELSEVƏR
