Keçmişə hörmət, gələcəyə inam
Hərdən özümüzü böyüdüyümüzə inandırmaq istəyirik.
Düşünürük ki, daha nağıl dövrü bitib. Nağıllara inanmaq dövrü keçib. Əslindəsə,
qəlbimizin dərinliyində, şüurumuzun alt qatında nağıllara
inam hissimiz yaşayır. Bunu etiraf etməyə cəsarətimiz çatmır. Əməkdar
jurnalist, dəyərli dostum Azad Müzəffərlinin "İdrak süzgəcindən keçirdiklərim”
adlı hekayələr kitabının ilk hekayəsi məhz bu mövzuya həsr olunub. Körpə Famil
atası Rəşiddən nağıl danışmasını istəyir. Rəşid ölkənin qarışıq zamanlarında
kitab mağazalarını gəzib nağıl kitabları axtarır. Çətinliklə bir neçə nağıl
tapıb oxuya bilsə də, nağıllar tükənir. Famil isə, nağılların davam etməsini,
atasından yeni nağıllar danışmasını tələb edir. Bu dəfə Rəşid çarəsiz vəziyyətə
düşdüyünü görüb məcburən özündən nağıllar uydurur. Famil böyüdükcə Rəşid yazıçı
dostlarının kitablarını Familə verib oxumasını istəyir. Famildə həmin məqamda
qəribə hislər yaranır. O, atasından nə üçün kitab yazmadığını soruşur. Atasını
həvəsləndirir və Rəşid ilk hekayəsini yazır.
Ümumiyyətlə, bir
məsələni xüsusi diqqətlə vurğulamaq vacibdir. Azad müəllimin hekayələrində
milli düşüncəyə, dövlətçilik zehniyyətinə, xalq ənənələrinə bağlılıq və yüksək
hörmət hiss olunur. Bu gün ölkəmizdə elə gənc qələm adamları var ki, 3-5 kitab
oxuduqdan sonra elə bilirlər ki, milli kimlikdən, milli hislərdən imtina etmək
müasirlikdir. Çox yanlış düşüncədir. Əgər milli hisslər, milli kimlik, ənənəyə
bağlılıq cəmiyyəti inkişafdan saxlayırsa, bəs nəyə görə Yaponiya, İngiltərə
sürətlə inkişaf edir. Azad müəllim sağlam dəyərlərin yaşamasının tərəfdarıdır.
Bəlkə də bu sözlərim bayağı görünə bilər. Ancaq reallıq budur ki, toy bir
mədəniyyət hadisəsidir. Əgər bir zamanlar toylarımızda milli musiqi üstünlük
təşkil edirdisə son illər mənşəyi bəlli olan və
bəlli olmayan musiqilər ifa olunur, bayağı mahnılar oxunur. Dahi Yunan
filosofu Sokrat deyirdi ki, bir xalqı məhv etmək istəyirsinizsə musiqi zövqünü
korlayın. "Aşıq toyu” hekayəsində bu suallara dəqiq cavablar tapa bilirik.
Sentyabr ayı başlanandan ancaq yapon filmlərinə baxıram. Kaneto Shindonun –
"Çılpaq ada”, (The naked island),
Yasujiro Ozunun "Tokio hekayəsi” (Tokio story) və "Gecikən bahar” (Late
Spring) filmlərini izlədikcə mənə ən çox əyan olan həqiqət bu idi ki,
Yaponiyanın sənət adamları öz keçmişlərinə, öz adətlərinə, milli yapon ruhuna
necə böyük əhəmiyyət verirlər. Xüsusən də Yasujiro Ozu Yaponiya gənclərinin
Qərb mədəniyyətinə aludə olub öz milli ənənələrini unutmasını kəskin tənqid
edir. İndi Azərbaycanda hansısa istedadlı rejissor belə bir film çəksə, onu
köhnə fikirli olmaqda tənqid edəcək, ironiya hədəfinə çevirəcəklər. Ancaq eyni
mövzunu bir yapon, bir alman rejissor işləyəndə onu tərifləyirik, alqışlayırıq.
Başa düşürəm, bəlkə də səviyyə, savad fərqləri ola bilər. Məsələ odur ki, biz
savad və səviyyə fərqləri haqda heç düşünmürük axı. Həvəsdən salmağa çox həvəsliyik.
Təəssüflər olsun
ki, məmləkətimizdə tərbiyəsiz adamlar da var. Orta məktəb və universitet
illərimdə belə tərbiyəsizləri daha çox görmüşəm. Məsələn, onlar elə bilirdilər
ki, xadimələr maaş alır deyə məktəbi, universiteti mütləq zibilləmək lazımdır.
"Onsuz da təmizləyəcəklər”, "Maaş alır, borcudur” zehniyyəti ilə yaşayan belə
adamlar öz işlərində min bir fırıldaq edən adamlardır, əslində. "Süpürgəçinin
nəğməsi” hekayəsini oxuyarkən bu hadisələri xatırladım. Sözün düzü, sentimental
hekayələr oxumağı sevmirəm
Məsələn,
"Şərikli çörək” filmində Vaqifin zabitə "sən lap atam kimi gülürsən” cümləsi məni
kövrəltməyə bəs edir. Bu hekayə də mənə çox təsir etdi. Bəzən hislərimizi
zamanında etiraf etmirik, nədənsə çəkinirik, amma o "nədənsə”nin nə olduğunu
anlamırıq, qorxumuzun səbəbini başa düşmürük. Özümüzə cəsarətsiz deməyə də
ürəyimiz gəlmir. Bir də onda ayılırıq ki,
artıq gecikmişik. Məncə bu hekayə məhz gecikənlər üçün yazılıb.
Bu kitabı
oxumağa gecikmişəm. Gərək daha əvvəl oxuyaydım. Elə kitablar var ki, onları
daha əvvəl oxusaydıq, bəlkə də, həyatımız daha fərqli olardı. Azad müəllimin bu
kitabda yazdığı fikirlər haqqında təkrar-təkrar düşünmək, nəticə çıxarmaq
lazımdır. Özümü "Fərari ata” hekayəsi haqqında heç olmasa
bir-iki cümlə yazmaqdan saxlaya bilmirəm. Bu hekayədə biz iki dostun, dost
olsalar da yetərincə fərqli xarakterə sahib iki atanın həyatları, qərarları
arasındakı ziddiyyətli məqamları və
nəticələrini görürük. Bir ata çəkinmədən
övladını müharibəyə, Vətəni qorumağa göndərir
və bundan şərəf duyur. Digər atasa övladını qaçırır, gizlədir, onu
savaşın dəhşətli alovuna atmaq istəmir. Ancaq heç bir ata taledən qaça bilmir.
Bəlkə, biz də taledən qaça bilməyəcəyik. Nə Azad Müzəffərli, nə bu yazını
oxuyanlar, nə də bu yazını yazan...
Nicat
Həşimzadə