Karantindən çıxan seriallar

Amma
yeni mövsümə hamısı çıxmaya bilər
Karantin günlərində serialların çəkilişləri dayandırılıb. Amma buna
baxmayaraq, trelekanllarda serialların yayımı davam edir. Bu seriyalar öncədən
çəkilənlərdir ki, artıq onlar da bitir. Belə olduğu halda, görəsən seriallar
hansı templə davam edəcək? Yarımçıq qalan seriallar mövsümü bitirəcək, yoxsa
karantin günlərindən sonra çəkilişlər davam edəcək? Bu suallara cavab tapmaq
üçün serialların rejissorları ilə əlaqə saxladıq. Onların bəzisi artıq
çəkilişlərə başladıqlarını bildirsələr də, müəyyən bir qismi yeni mövsümdən davam edəcəklərini dedilər.
"Xəzər” telekanalında yayımlanan
"Ata ocağı” serialının rejissoru Rüfət Şahbazovun sözlərinə
görə, artıq serialın çəkilişləri başlayıb: "Karantin qaydalarına əməl edərək
sosial məsafəni qorumağa çalışırıq. Çəkilişlərdə spirtdən, maskadan istifadə
edib, yaranan təhlükəni kənarlaşdırırıq. Çəkiliş prosesində parklardan və
insanların çox toplaşdığı məkanlardan istifadə
etmirik. Aktyorların dialoqlarında bacardığımız qədər ünsiyyəti uzaq məsafədən çəkməyə çalışırıq. Hələ
ki, çəkilişlərimiz davam edir. Yeni mövsümlə bağlı dəqiq bir məlumat yoxdur. Hazırda "Ata ocağı” serialının böyük tamaşaçı
kütləsi var və reytinqlərdə ön sıradadır. Seriala böyük diqqət və marağın
şahidi olduq. Kollektivimizdə peşəkar komanda, xalq artistlərimiz var. "Ata ocağı” tamaşaçı
sevgisi qazanıb. Belə ki, serialda, hekayə getdikcə daha da maraqlı xətt üzrə
davam edir. Hekayədə bir neçə ailə varsa, hadisələr fərqli istiqamətdə davam
edir və o hekayənin uzun müddət davamı ola bilər. Biz bir neçə ailənin başına gələn hadisələri
çəkirik. Buna görə də serialın davametmə ehtimalı da var, yekunlaşmaq ehtimalı
da. Bu, televiziya layihəsidir və hər
şey təşkilatçılardan asılıdır”.
Rejissora reytinqli serialı yekunlaşdırmağın risk olduğunu və yeni
seriala başladıqda isə bu riskin daha da artdığını söylədikdə, bildirdi ki,
ssenari və çəkiliş prosesi maraqlı olduqda, heç bir riskdən söhbət gedə bilməz:
"Biz "Bir ailəm var” serialını çəkəndə deyirdilər ki, bu serialın finalı olsa,
digər serialınız bu qədər reytinq toplamayacaq. Ondan sonra çəkdiyimiz
"Cehizsiz gəlinlər” serialı ilk yayımlandığı andan o reytinqi toplamağı
bacardıq. Bu serial da bitəndə dedilər ki, tutmuş serialı mövsüm sonu niyə
bitirirsiniz? Sonra eyni komanda ilə "Ata ocağı”na başladıq. Bu da əvvəlki
serialı üstələdi. Açığı, mən bu serialın gələn mövsüm də davam etməsini
istəyirəm. Ölkənin ən keyfiyyətli və uzunmüddətli seriallarından biridir. Bir çox tamaşaçılar serialın qısa hissəsinə
baxırlar və bunun davamlı olmasını istəyirlər. Biz pandemiya dövründə serialı
dayandırmadıq və yayımı davam etdi. İnsanlar daha çox pis xəbərlər almasınlar,
neqativə köklənməsinlər deyə, serialın ssenarisinə gündəmlə bağlı heç nə əlavə
etmədik. Tamaşaçılar hər axşam
xəbərlərdən sonra "Ata ocağı”nı gözləyirdilər. Karantin günlərində izləyicilərimizin
sayı daha da artdı. Serialda virusla bağlı heç nə işləmədik. Normal həyata
davam etdik ki, tamaşaçılar virus-pandemiya kimi gündəlik eşitdikləri neqativ xəbərlərdən
uzaq olsunlar”.
ARB telekanalında
yayımlanan "Baldız” serialının rejissoru Əziz Şahbazov bildirdi ki, pandemiya
ilə əlaqədar olaraq serial çəkilişlərini
dayandırsalar da, son bir neçə gündə çəkilişlərə başlayıblar: "Artıq karantin rejimi
yumşaldıqdan sonra çəkilişləri davam etdirməyə başladıq. İyunun sonlarında mövsüm
sonuna çıxmağı planlaşdırırıq. Yeni mövsümdən serialın davam edəcəyi dəqiq deyil.
Hazırda isə gigiyenik qaydalara əməl edərək, qanunlar çərçivəsində serial
çəkilişlərini davam etdiririk. Karantin günlərində serialımız yayımlandı və biz
işimizi yarımçıq saxlamamaq üçün yenidən fəaliyyətə başladıq”.
ARB
telekanalında yayımlanan "Uçurum” serialınınquruluşçu rejissoru Vüsal Məmmədov məlumat verdi ki, serialın çəkilişləri artıq
bitib: "Karantin günlərində çəkilişləri artıq bitirmişdik. Baxmayaraq ki
serialın yayımı efirdə davam edirdi, biz
planlaşdırmanı öncədən etmişdik. Artıq "Uçurum” serialı sezon finalına çıxıb. Serialın reytinqi yaxşı
olduğundan, davamı gözlənilir. Ancaq yeni mövsümdə necə olacağı barədə heç bir
məlumatımız yoxdur”.
Göründüyü kimi, serialların yeni mövsümdə hansı şəkildə davam edəcəyi
heç yaradıcı heyətin özünə də tam olaraq bəlli deyil. Hansısa serial davam
edəcək, hansısa yox. Davam edənlər üçün "seyrə davam” deyək, etməyənlərin
yerini isə başqa serialla doldurmaq çətin olmaz, güman ki...
Xəyalə Rəis