Karantin rejiminin kitabxanaları
Karantin
günlərində Milli Kitabxananın elektron kataloq və kitabxanasından istifadə
edənlərin sayı milyonu keçib
Koronavirus
təhlükəsi ilə əlaqədar ölkədə həyata keçirilən qabaqlayıcı tədbirlər
çərçivəsində kitabxanaların onlayn rejimdə işləməsi qərara alınıb. Belə
ki, 2020-ci il martın 11-dən rayon və
şəhər kitabxanalarında oxuculara xidmət müvəqqəti dayandırılıb. Lakin buna
baxmayaraq bəzi kitabxanalar onlayn formada kitabxana-informasiya xidmətini
davam etdirirlər. Belə ki, oxucular üçün biblioqrafik sorğu, sənədlərin
sifarişi və elektron çatdırılması, virtual sərgi, metodiki xidmət (kitabxanalar
üçün) həyata keçirilir. Öncədən bu cür fəaliyyət göstərən kitabxanaların onlayn
xidmətlərinin fəaliyyəti əməkdaşlar tərəfindən gücləndirilib və bu barədə
oxuculara məlumat verilib.
"Müzakirə”mizdə
kitabxanaların
karantin rejimində oxucuları ilə hansı formada işləməsi ilə maraqlandıq.
Telefon açdığımız bir sıra kitabxanalarda, ümumiyyətlə, dəstəyi qaldıran
olmadı. A.Şaiq adına Uşaq Kitabxanası, İ.Əbilov adına Kütləvi Kitabxana, Hüseyn Cavid adına Kütləvi Kitabxana, Şüvəlan
Qəsəbə Kütləvi Kitabxanası, M.Ə.Sabir adına Şəhər Kitabxanası, Mərdəkan Qəsəbə
Kütləvi Kitabxanası, Binəqədi rayon ərazisində yerləşən və s. kitabxanaların fəaliyyət
göstərmədiyini öyrəndik.
Mirzə Fətəli Axundzadə
adına Milli Kitabxanana başda olmaqla bir sıra kitabxanalar isə öz
fəaliyyətlərini günün tələbləri istiqamətində qurublar.Heç bir qeydiyyat olmadan...
M.F.Axundzadə
adına Milli Kitabxananın kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılovanın sözlərinə
görə, mart ayının 11-dən kitabxana oxucular üçün dayandırılıb. Yəni o gündən
kitabxanaya oxucu gəlmir. Vəziyyətlə əlaqədar olaraq
Milli Kitabxana onlayn rejimdə xidmət göstərir. Həmçinin, Milli Kitabxananın
virtual oxucuları hər gün elektron kitabxanaya daxil olaraq minlərlə elektron
resurslardan istifadə edə bilirlər: "Kitabxanamızda onlayn xidmətlər
həmişə olub. Elektron kitabxanamız həmişə fəaliyyət göstərib. Lakin karantin başlayandan
onlayn xidmətlərin fəaliyyəti daha da
gücləndirilib. Milli kitabxananın saytında yeni bir pəncərə açılıb və bu barədə
oxuculara məlumat verilib. Milli
Kitabxananın biblioqrafik sorğu, xidmətlərin onlayn çatdırılması və
metodik bölmənin onlayn fəaliyyəti aktivləşdirilib. Oxuculara da Milli
Kitabxananın elektron kataloq və elektron kitabxanasının saytında yerləşdirilən
hazır resurslardan istifadə edə bilmələri barədə məlumat verilib. Oxucular heç
bir qeydiyyat olmadan Milli Kitabxananın saytından, elektron bazalarından, kataloqundan,
elektron kitabxanasından istifadə edirlər. Əgər onların istifadə etmək
istədikləri elektron resurslar bazada yoxdursa, elektron versiyası olmayan
kitablar, dövri mətbuat məlumatları üçün kitabxananın onlayn xidmətlərinə
yazırlar”.
Ə.İsmayılova bildirir ki, kitabxananın işçiləri karantin rejimi dövründə
növbə ilə Milli Kitabxanaya gələrək həmin kitabların elektron versiyasını oxucu
sorğusu əsasında hazırlayıb onların elektron ünvanlarına göndəriblər: "Oxucuların sorğuları Milli Kitabxananın onlayn xidmətlərinə
yönəldilir və biz həmin materialları hazırlayıb oxucuların ünvanlarına göndəririk.
Təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda olan və Milli Kitabxananın
elektron resurslarından yararlanmaq istəyən istifadəçilər də bizə müraciət
edirlər. Bu sorğular indiyə qədər Milli Kitabxana tərəfindən yerinə yetirilib.
Hazırda kitabxananın 30 faiz əməkdaşı iş yerindədir. Yenə də Milli Kitabxana
oxuculara bağlıdır, onların sorğularını yerinə yetiririk”. Ə.İsmayılovanın
sözlərinə görə, karantin başlayan gündən kitabların 10 minə yaxın pdf variantı
onlayn xidmətlər vasitəsilə oxucuların ünvanına
göndərilib. O cümlədən, dövri mətbuatda nəşr olunan 15 minə yaxın
məqalələr, jurnalların elektron versiyası oxuculara yönləndirilib”.
Karantin
günlərində Milli Kitabxananın elektron kataloq və elektron kitabxanasından
istifadə edənlərin sayı isə artıq milyonu keçib: "Onlar hazır resurslardan
istifadə edirlər. Biz isə hazır olmayan resursları hazırlayıb onlara göndəririk.
Bizim, həmçinin kitabxanalar üçün metodiki xidmətimiz var. Bu da onlayn
xidmətin bir növüdür. Respublika
kitabxanaları metodiki xidmət vasitəsilə Milli Kitabxananın onlayn xidmətlərinə
yazırlar. Bölgələrdə oxucuları, ehtiyac
duyduqları kitabdan ötrü onlara müraciət edirlərsə, onlar da Milli Kitabxananın
metodiki bölməsinə yazırlar. Biz də həmin resursları o bölgələrə yönəldir və
onlar oxucularının kitabxana-informasiya xidmətini təmin edirlər. Həmçinin
Türkiyə, Rusiya, Almaniya və s. ölkələrdə də bizim vətəndaşlarımız var.
Oralarda elmi işlərlə məşğul olan alimlərimiz, doktorantlarımız fəaliyyət
göstərir. Onlar da bizə yazır və resurslar istəyirlər. Biz eyni zamanda onlara
da xidmət göstəririk. Bu çətin vəziyyətdə - karantin rejimində evdə qalan
insanların informasiya tələbatını ödəməyə çalışırıq. İstəyirik ki, onlar evdə
otursunlar və vaxtlarını səmərəli keçirsinlər”.
Oxucunun istədiyi materialın elektron versiyası yoxdursa...
Ə.İsmayılovanın sözlərinə görə, hazırda Milli
Kitabxananın onlayn xidmətləri vasitəsilə Bakıda yaşayan elmi işçilər
kitabxanaya daha çox müraciət edirlər: "Adi vaxtlarda Milli Kitabxananın oxu
zallarından 1000-1200 oxucu istifadə edirdi. İndi həmin oxucular kitabxananın
elektron kitabxanasına yönəlib. Eyni zamanda, onlar kitabxananın onlayn
xidmətlərinə yönəlirlər. Onların başqa
çıxış yolu yoxdur. Biz də bacardığımız qədər kömək etməyə çalışırıq. Hətta
evə gedəndən sonra da, iş saatından əlavə çalışıb oxucuları köməksiz qalmağa
qoymuruq. Əgər oxucunun istədiyi materialın elektron versiyası yoxdursa, biz "narahat
olmayın, sabah kitabları elektronlaşdırıb sizin ünvanınıza göndərəcəyik” deyə
yazırıq. İnsanlar onsuz da gərgindir. Biz öz imkanlarımız çərçivəsində onların
informasiya tələbatını ödəmək üçün əlimizdən gələni edirik”.
Ə.İsmayılova Milli
Kitabxananın bu gün Azərbaycan ziyalıları, gənclərinin güvən yeri olduğunu
bildirir. Belə ki, kitabxana işçilərinə çoxlu təşəkkür məktubları yazırlar: "Bunlar
bizi ruhlandırır. Biz, həmçinin milli kitabxanaların onlayn forumuna
qoşulmuşuq. Rusiya xarici ədəbiyyat kitabxanası ilə keçiriləcək onlayn
telekonfransda iştirak edəcəyik. Biz bu cür
virtual görüşlərə məmnuniyyətlə qoşuluruq”. Ə.İsmayılovanın sözlərinə
görə, karantin müddətində elektron məlumat bazaları hazırlayıblar: "Hamıya
bəllidir ki, Milli Kitabxana həmişə görkəmli şəxsiyyətlər, əlamətdar tarixlər
haqqında tədbirlər, sərgilər təşkil edirdi. Bu da böyük oxucu marağına səbəbə
olurdu. Onlar kitabxanaya gəlir və bunlarla əyani şəkildə tanış olurdular. Bu
gün isə biz həmin tədbirləri virtual şəkildə təqdim edirik. İstəyirik ki, onlar
həmin məlumatları virtual şəkildə alsınlar. Biz həmin bazaları rəsmi "Facebook”
səhifəmizdə də yerləşdiririk. Əbdürrəhim bəy Haqverdiyevin məlumat bazasını
təqdim etməyə hazırlaşırıq. Bundan öncə Nəriman Nərimanov, Zərifə Əliyeva, ulu
öndər Heydər Əliyev, yazıçı Süleyman Rəhimov, İkinci Dünya müharibəsində
qələbənin 75 illiyi münasibətilə həm elektron məlumat bazası, həm də virtual
sərgilər təşkil etmişik. Çalışırıq ki, oxucularımız məlumatsız qalmasın. Bu gün
də ölkənin baş kitabxanası kimi bütün bu xidmətləri oxucularımız qarşısında vəzifəmiz
hesab edirik”.
Tanınmış insanlarla sosial şəbəkələr vasitəsilə görüş
Cəfər Cabbarlı adına Gənclər Kitabxanasının mədəni-kütləvi tədbirlər şöbəsinin müdiri Qənirə Mustafayeva bildirir ki, çalışdığı kitabxana həm "İnstaqram”, həm "Facebook” üzərindən oxucularla virtual işləyir: "Hər əlamətdar hadisəni və yaxud ölkə başçısının sərəncamı ilə yubileyi keçirilən tarixi və görkəmli şəxsiyyətlər haqqında virtual çarxlar hazırlayırıq. O cümlədən, tanınmış insanlarla "İnstaqram” üzərindən görüşlər keçiririk. Həmçinin virtual sərgilər təşkil etmişik. Bu baxımdan kitabxana çox fəal işləyir. Hətta deyərdim ki, fəaliyyətimiz adi vaxtlardakı iş günündən fərqlənmir”. Şöbə müdirinin sözlərinə görə, oxucular kitabxananın elektron bazasından istifadə edirlər: "Pdf variantları oxuculara yönləndiririk. Karantin günlərində kitabxana oxucularına onlayn da xidmət göstərir. Belə ki, oxucular kitabxananın saytı vasitəsi ilə, sosial şəbəkələrdəki səhifəmizə daxil olaraq xidmətlərdən istifadə edirlər. Mart ayından bəri kitabxananın elektron bazasından və onlayn xidmətlərindən istifadə edən oxucuların sayı kifayət qədər çoxdur”.
Təranə Məhərrəmova