Jan Pol Sartın “Milçəklər” dramında ekzistensializm ideyalarının özünəməxsusluğunun bədii təcəssümü

J.P.Sartr Fransa ilə bərabər, həm də XX əsr dünya ədəbiyyatının əsas
fiqurlarından biri olmuşdur. Onun ədəbiyyat və fəlsəfədən qaynaqlanan əsərləri
təkcə elmi deyil, həm də ictimai maraq kəsb etmişdir. Sartr özündə yazıçı,
filosof, ictimai xadim, maarifçi və teatr tərtibatçısı profillərini birləşdirən
həm mürəkkəb, həm də özünəməxsus, unikal fenomendir. Dramaturgiya onun
çoxistiqamətli irsinin əsas aspektlərindən biridir. 35 yaşında Sartr özündə
teatral bacarıq kəşf edir. Bu, yazıçının 1940-cı ildə alman hərbi düşərgəsində
əsir olduğu zaman baş vermişdir.
Yolu Avropa və Amerika teatrlarından keçən dramaturqun debütünün baş
tutduğu zal tikanlı məftillərin əhatə etdiyi barakdan ibarət idi. Hərbi
əsirlərin düşərgəsində səhnələşdirilən pyesin mətni də ancaq Sartrın
yoldaşlarına məlum idi. Sartr teatrının tarixçəsi məhz bu cür başlayır. Həmin
tarixin ilk səhifəsi isə əfsanəvi faciə "Milçəklər”lə (Les Mouches, 1943) açılır.
"Milçəklər” məzmununa görə Avropa
faciələrinin – Esxil və Sofoklun əcdadı olan Orest haqqında əfsanənin
təkmilləşmiş formasıdı.
Baş qəhrəman ciddi həyat seçimi etməli olduğu zaman ekzistensial
vəziyyətlərin işə salınması üçün Sartr
antik şairlərə məxsus dekorasiyalardan yararlanır. Beləliklə, dramaturq "vəziyyət
teatrı” adını almış xüsusi janr müxtəlifliyi əldə edir. Seçimin ekzistensial
prinsipi Sartr tərəfindən "Milçəklər”də təcəssüm edilir. Bu pyes antik süjetin
özündə fərqli mənalar birləşdirdiyinin parlaq nümunəsidir. Əvvəla bu, daxili
antifaşist istiqamətdir, ikincisi dramaturq tərəfindən personajların həyatından
götürülərək nümunələrlə illüstrasiya edilmiş dərin fəlsəfi mənaya malikdir.
Pyesin süjetini qısa şəkildə xarakterizə edək. Hadisələrin baş
verdiyi yer qismində Sartr Arqos şəhəri ilə onun ətrafını seçir. Yerli sakinlər artıq on beş ildir ki,
çar Eqisflə, çariça Klitemnestranın onlara aşılamış olduğu vicdan əzabından
əziyyət çəkirlər. Sadə kütlə elə çar ailəsi kimi sanki tövbə edir, qəlbən əzab
çəkirlər, amma bununla belə acıqlı Tanrı Yupiter onlara hər tərəfdə uçuşan
milçəklər yollayır, milçəklərdən isə
xilas olmaq mümkün deyil. Milçəklər şəhərin sakinlərinin seçiminin
xüsusilə vacib olduğu zaman "susaraq” etmədiklərinə görə Tanrı tərəfindən göndərilmiş cəzadır.
Şəhərin süst vəziyyətə düşməsi həqiqi başçı Arqosun – Aqamemnonun
qətlindən sonra başlayır. Onun arvadı Klitemnestra çara xəyanət edir, Klitemnestranın
sevgilisi Eqisf isə Aqamemnonu öldürərək taxtı ələ keçirir. Çarın oğlu Orest
ölümə məhkum edilir, amma qatillər körpəyə mərhəmət göstərərək onu sağ
saxlayırlar. Aqamemnonun qızı ilə Klitemnestra – Elektra isə şəhərdə yaşamaqda
davam etsələr də çar ailəsi üçün ən qara işlər görürlər. Həqiqi başçının
ölümündən uzun illər sonra şəhərə
Orestlə köləsi, gənc çarın tərbiyəsi və təhsili ilə məşğul olan Pedaqoq gəlir.
Şəhərdə milçəklərin murdarladığı şəhər sakinlərindən başqa digər qəhrəmanlar
isə özünü səyyah kimi qələmə verən Yupiteri qarşılayır.
Məlum olur ki, Tanrı artıq uzun müddətdir ki, səyahətçiləri izləyir.
Görüş zamanı isə onlara şəhərin tarixindən bəhs edir. Yupiter əvvəlcədən başa
düşür ki, Orest Aqamemnonun oğludur və şəhərə qisas almaq naminə gəlmişdir.
Özünü Fileb kimi təqdim edən gənc adamın xoşagəlməz yalanını məsxərəyə qoyaraq
ona ölü şəhəri tərk etməyi məsləhət görür. Əks halda milçəklər onun da məhv
olmasına səbəb olacaqdır. Sonra Orest ölülər şəhərində həqiqi diri qalan yeganə
insanla – bacısı Elektra ilə rastlaşır. Orest bacısının çətin həyatı, şəhərdəki
çıxılmaz vəziyyəti, hakimlərin mənəvi ölümləri və Elektranın atasının qatilinə
və bütün xalqa əzab verənlərə qarşı nifrəti barədə öyrənir...
Sartr pyesdə qeyd edir ki, insanların tövbə etməsi anadan olduqda
onlara verilən ilkin azadlıqlarının Yupiter tərəfindən məhdudlaşmasıdı.
Pyes Sartrın əsərin mətnində göstərdiyi daha bir rəvayətlə sona
çatır. Orest milçəkləri sanki ovsunçu kimi özü ilə apararaq azad şəkildə şəhəri
tərk edir. Pyesin ikiplanlı olması adi gözlə də aydın görünür. Şarl Düllen
1943-cü ildə "Milçəklər”i mühasirədə olan Parisdə nümayiş etdirdiyi zaman
tamaşa publika tərəfindən hər şeydən əvvəl şifrələnmiş hekayə kimi qəbul
edilmişdi. Arqosun dekorasiyaları Fransanın şəhər və qəsəbələri olmuşdu.
Eqisflə Klitemnestra isə Hitler və Peten (Marşal Filip Peten – 1856-1951.
Fransa hərb və dövlət xadimi. F.Peten Birinci dünya müharibəsi zamanı Fransa
ordusunun komandanı olmuşdur) kimi qəbul edilmişdi. Azadlıq carçısı olan Orest "Müqavimət”in ilk könüllülərindən biri
ilə, Elektra isə antihumanist rejimi devirmək yanğısı olan fransızlarla
assosiasiya edilirdi. Pyes ilk növbədə diz üstə çökdürülmüş, amma yenə də
sınmayan, itaətsiz olduğu kimi, həm də tiranlara meydan oxumağa hazır olan
Fransanı təsvir edirdi. Kütlə burada da yanılmırdı. "Milçəklər” Lui Araqonun
saxta lirikası ilə eyni sırada dayanan "Müqavimət”in, P.Elüarın "Azadlıq”ının,
F.Moriakın "Qara dəftər”inin və A.Kamyunun "Alman dosta məktubları”nın teatral
manifestinə çevrilmişdi.
Fransada 1940-cı illərdə dolaşan qəhvəyi rəngli taun təkcə Sartr
tərəfindən deyil, həm də Kamyu, S.de Bovuar tərəfindən dərk edilmişdi. Sartrın
pyesinin ölüm və mənəvi tənəzzülü təcəssüm etdirən adı da ("Milçəklər”)
məntiqlə elə buradan qaynaqlanır. A.Kamyunun "Taun” əsəri də fransızların
həyatının mühasirədən əvvəlki dövrünün təsvir edildiyi eyni mövzuya aiddir.
Beləliklə, "Milçəklər” pyesi başqa kontekstdə desək, qəsbkarın çəkmələri
altındakı Fransanı təmsil edir. "Milçəklər”in ikiplanlı olması da buradan
qaynaqlanır. Müvafiq olaraq pyesin mənası da ikilidir.
Bu yerdə təbliğat şüarı fəlsəfi məktəbin "insan ölümcül azaddır” postulatı ilə
üzləşir. Qəhrəmanlar həm də iki düşmənlə qarşı-qarşıyadır: mərhəmətsiz diktaturanın təmsilçisi, cisimdən
və qandan ibarət olan insan Eqisf və azad iradə anlayışına zidd olan ehkamlar yaradan Tanrı Yupiter. Yer
və səma tiranını diktatorluq birləşdirir. Pyesdə Fransanın süqutundan sonra da
əsərdə uyğun hadisələri illüstrasiya edən obraz var. Yupiterlə əlaltısı Eqisf
xalqın "susqunluğunu” kainat miqyasında dəhşətə çevirirlər.
Ümumiyyətlə, Sartr özü ateist olsa da
Tanrı mövzusu onun dramaturgiyasında tez-tez yer alır. "İblis və Allah ”
pyesini xatırlayaq. Orda əsas qəhrəman şöhrətli və qəddar sərkərdə Hyös gah
özünü faktiki İsa Məsih, gah da əksinə Dəccal adlandıraraq şəxsi azadlığını
idarə edir. Sartr da "Milçəklər”də Tanrı mövzusuna toxunur. Pyesdə dramaturq
azad Orestlə Yupiterin qarşıdurmasını təsvir edir. Həm də "milçəklərinin
hökmdarı Arqos” obrazını Sartr elə yaradıb ki, onun həm xristian, həm müsəlman,
həm yəhudi, ya da başqa dinin nümayəndəsi ola bildiyini düşünməyə əsas
verir.
Onlardan hər biri möminlərə azadlığın hansısa ehkamdan kənara
çıxmadığı müəyyən ana qədər azadlıq verərək fəaliyyətlərini məhdudlaşdırır.
Orest dini əxlaqa qəsd edir. O, ehkamları rədd edərək Sartrın formulunu
reallaşdırır: "mövcudluq mahiyyəti qabaqlayır” .
Pyesi ekzistensial terminologiyaya çevirdikdə isə aydın olur ki,
dramaturq sadə həqiqəti oxucuya çatdırmağa çalışır: mahiyyət mövcudluğu
qabaqlamır, o, bütün insanlığın etdiyi hərəkətin, ömrünün sonuncu dəqiqəsinə
kimi qəbul etdiyi qərarların nəticəsidir. Amma əgər insan hansısa dini,
mənəvi-əxlaqi normalarla yaşayırsa, onda o, öz "layihəsi”ni reallaşdıra bilər:
o, məhdudlaşmışdır, deməli, azad deyil.Dərhal Hyösenin "İblis və Allah” pyesindəki replika yada düşür:
"Qəddarlığın fantaziya üçün hər bir şəraiti var”. Yupiter başqa sözlər deyir:
"əgər azadlıq bircə dəfə insan qəlbində parıldadısa, ondan sonra tanrılar
gücsüz olur".
Həqiqətən də Sartrın "Milçəklər”dəki
azadlığı anarxikdir. Buna danılmaz fakt olaraq Orestin törətdiyi
hərəkəti, xüsusən də Eqisfin və öz anasının qətlini göstərə bilərik. Bu sıraya
həm də Elektranın mənəvi ölümünü əlavə etmək olar. Hədsiz azadlıq əldə edən çar
vicdan əzabı çəkmir. Mətndən növbəti misalı gətirək: "bütün bunların mənə nə
dəxli var axı – mən azadam. Qoy kədər, qorxulu xatirələr var olsun. Azadam.
Çünki özüm-özümlə razıyam”. Məsələ bundadır ki, Sartr üçün xeyirxahlıq və zalımlıq
aksiomlarına inam bir-birinə uyğundur. Nəhayətdə azad insan özü üçün hansısa
kodeksi seçir və bu anlayışları müvafiq olaraq təyin edir. Ancaq 1946-cı ildə
yazıçının qələmindən "Ekzistensializm humanizmdir?” sözləri çıxır. Sartr
azadlığı "qoruyub saxlamağın bəzi mexanizmlərini” yaradır, həmin mexanizmə
görə fərdin qərarı xeyrin seçimi ilə
uyğunlaşır. Təkcə bu cür azadlığa gedən yolun uzun olması və cavabdehliyin
onunla əl-ələ getməsini əlavə etmək qalır. Orest həqiqi azadlığa pyesin sonunda çatır. Elə Orestin pyesin
qəhrəmanı adını alması da sonlara yaxın baş verir. Əvvəlcə o, sadə səyyah,
milçəklərin bürüdüyü lənətli şəhərin əsirlərindən biri olmaq potensialına sahib
Fileb kimi təqdim edilir. T şəhəri tərk etmək işarəsi Fileb üçün dönüş anı
olur. Ardınca çar ailəsinin qətli və Yupiterlə söz döyüşü baş verir.
Amma indi o, xəyanətlə öldürülmüş çarın oğlu, qandalsız azadlığın
daşıyıcısı və şəhərin xilaskarı Orestdir. Pedaqoqun dərsləri nəhayət ki, öz
bəhrəsini verir və Sartrın pyesin əvvəlində yazdıqları qəhrəmanda təcəssüm
edir: "siz gəncsiz, zənginsiz, gözəlsiz, başçı kimi təcrübəlisiz, inam boyunduruğundan
qurtulmusuz, sizin nə ailəniz, nə vətəniniz, nə dininiz, nə də peşəniz var. Siz hər bir öhdəçiliyi öz üzərinizə
götürməkdə sərbəstsiz. Qısacası siz yüksək pillədə qərar tutmuş insansız”.
O ki qaldı məsuliyyətə, Orest
onu soyuq dərrakə ilə qəbul edir. Appolon ehramından çıxıb qəzəbli kütlə ilə
üzbəüz gəldikdə qəhrəman onu heyrətləndirir. Sakinlər Orestə ziyan vura
bilməzlər, çünki vicdan əzabı çəkməyən, günah və qorxu tanımayan insanı
cəzalandırmaq mümkün deyil. Arqossianslarla olan səhnədə tanrılarla eyni
mövqedə dayanaraq, bununla da onların tiranlığını önə çəkən qəhrəman öz sonuncu
şəxsiyyətini təqdim edir. Pyesin sonunda
Orest milçəkləri şəhərdən aparır, beləliklə də təkcə dramaturqun fəlsəfi
tezislərinin nümunəsinə xidmət etməklə qalmır, həm də fransızların "başını
qaldırması”na çağırış etmiş olur. J.P.Sartrın "Milçəklər” əsərinin digər mənası
da budur. Pyesdə baş verən hadisələrdən ortaya çıxan fəlsəfi yekun növbəti
əsərin mövzusuna təməl yarada bilir. J.P.Sartr pyesdə fəlsəfi ekzistensializm
ruhunda reallaşan ikiplanlı faciəni oxucuya və tamaşaçıya nümayiş etdirir. Bir
tərəfdən "Milçəklər” üstüörtülü antifaşist manifestidir. Qəhrəmanın hərəkətlərində
və repliklarında insanları mübarizəyə və müqavimətə səsləyən təşviqat yayan
şüarlar "qeydə alınır”. Digər tərəfdən isə pyes Sartrın ekzistensial
fəlsəfəsinin parlaq və müfəssəl illüstrasiyasıdır. "Milçəklər” həm də
J.P.Sartrın hadisələri fəlsəfi mənada birləşdirən bədii metodologiyasının
xarakterik nümunəsidir. Bura "azadlıq”, "məsuliyyət”, "ruhun ölümü”, "layihə”,
"divar” və başqa anlayışları daxil etmək olar.
Bu planda Sartr təmsilçiləri Monten, Paskal, Volter, Frans və Kamyu
olan, fransız ədəbiyyatının xarakterik milli xüsusiyyətini təşkil edən fəlsəfi
tərbiyənin parlaq davamçısıdır. Pyesdən
də göründüyü kimi dramaturq bu ənənədə layiqli və görkəmli yer tutur.
İVAN VYAÇESLAVOVİÇ MOROZOV
(MDPU-nun roman filologiyası kafedrasının aspirantı)
Rus dilindən tərcümə edən: Xatirə Nurgül(MDPU-nun roman filologiyası kafedrasının aspirantı)
