• cümə axşamı, 25 aprel, 07:45
  • Baku Bakı 14°C

Çiynindəki şimal

17.11.19 12:00 1952
Çiynindəki şimal
Dostum Vicdan məni yenə çaya dəvət etdi. Parkda oturduq, keçmiş günləri xatırladıq. Güldük, kədərləndik. Artıq 5-ci dəfədir ki, əlimi cibimə salmağa imkan vermir. "Biz dostuq, ayıbdı” deyərək hər dəfə qabaqlayır məni. "Bu dəfə də mən verim bəlkə, çayın pulunu” cümləsini tamamlamağa çalışanda "ağzımdan vurur”: "Belə şeylərə əvəz-əvəz kimi baxma” deyərək məni səhv də çıxarır.
6-cı dəfə görüşmədik. Görüşdən qabaq mesaj atdı, səsli mesaj, votsapdan. "Fəlakət, sənə möhkəm işim düşüb, bilirsən ki, mən belə şeyləri xahiş edən adam deyiləm. İkimərtəbəli, doqquz otaqlı evim damır. Beşcə min pul lazımdı, sən dövlət işindəsən, zamin dayan həll edək bu məsələni”...
Öküzlük etdiyimi çox gec başa düşürəm. Öküzdən söz düşmüşkən, dünyanı şimal tərəfdən Şalam, cənubdan Canba, qərbdən Qubra, şərqdən isə Şiraka adlı öküzlər saxlayır çiyinlərində. Yaradan elə yaradıb onları, cənnətə düşəcək insanlar kimidilər. Mənən qidalanırlar. Ət versən yeməzlər, su versən içməzlər, yuxu dərmanı versən başların atıb yatmazlar. Hətta salam belə versən almazlar, ağızların açan kimi dünya tərpənər, zəlzələlər baş verər, sunamilər çoxalar, meşə yanğınları tüğyan edər.
İndiyə kimi baş verən sunamilər öküzlər salama cavab verib deyəmi baş verib? - Əlbəttə...
Bir dəfə də öküzlər uzağa tüpürməkdən mərc qoşurlar. Dördü də eyni vaxtda, eyni güclə tüpürür dünyanın mərkəzinə. Ondan sonra ərəb ölkələrində inqilablar başlayır. Qırmızı dəniz coşaraq Musa peyğəmbərin zamanını xatırladır.
Dünyanı dağılmağa qoymayan bu öküzlər ayıq şəkildə yatırlar. Gözləri açıq, beyinləri təmiz olur. Balaca bir hadisə olan kimi arxa sağ ayaqları qaşınır. Bu yaxında Şalam yuxuda görür ki, dünya ökülərsiz nizamlı şəkildə dayana bilir. Hər şey qaydasındadı. Mərc qoşub tüpürcəklə doldurduqları yerləri insanlar xüsusi texniki qurğularla təmizləyirlər. Bunun üçün on beş dəqiqə vaxt və əlli ədəd traktor bəs edir.
Şalamı yuxudan Canbanın iniltisi ayıldır. Bir neçə gündü Canba bərk xəstədi. Qolları, çiyinləri tez-tez yorulur. Bəzən bilmədən əlini azca yuxarı qaldırır, bu zaman Antarktida Afrikanın istisini udur, buzlar əriməyə başlayır. Əlini nizamlı saxlayanda isə buzlaşma öz sabitliyini qorumaqda davam edir.
Şiraka gününün çox hissəsini Yaponiyada keçirilən xalq mərasimlərini izləməklə keçirir. Hərdənbir Çin səddinə baxaraq fikrə gedir, kosmosdan belə görünən bu ecazkar möcüzənin gücü onu riqqətə gətirir. Çin səddinə baxıb yorulandan sonra beynini və göz yaddaşını təzələyir. Başlayır, Monqolustanda balaca qız uşağının otardığı qoyun sürülərinə tamaşa etməyə, qızın qoşduğu nəğməni dinləyib feyziyab olmağa. Qubra ABŞ-ın küçələrini əzbər tanıyır. Nyu Yorkun harasında yaxşı kazino var? Los Angelesdə hansı küçədə davamlı basketbol oynayan gənclərə rast gəlmək olar? Hamısını səkkiz dırnağı kimi əzbərdən tanıyır. Mərkəzi şəhərlərin buxovundan yorular-yorulmaz gözünü döndərir üzü Alyaskaya. Sakit okeanda üzən balinaların Alyaska sahillərinə üzməməsi üçün Yaradana dua edir. Yerilər nə vaxt ki, sahilə yaxınlaşan bir balina görürlər, xarab ətə daraşan milçəklər kimi tökülüşürlər üstünə. Bir neçə saata balinanı nəinki Alyaska sahillərinə, hətta dünyaya gəlməyə belə peşman edirlər.
Şalam şimal buzlu okeanında aysberqə çırpılıb tarix dərsliklərində material olmaqdan başqa heç nəyə yaramayan gəmilərin taleyinə təəccüblənir, bir az da irəlidə Rusiyanın şimal kəndlərində dəmir ucluqlu xüsusi alətlə buzu eşib balıq tutan rusları seyr edir. Gözünü eyni yerə baxıb yormamaq üçün Sibir meşələrini də seyr edir vaxt tapdıqca.
Bir neçə gün keçir. Cunba sağalır. Bu hadisə buzların əriməsi ilə bağlı dünya mediasının boğazını yırtdığı vaxtlara, 2010-cu illərə düşür.
Hər şey Şalamın modern olmağa can atmasıyla başladı. Qərara gəldi ki, dünyanın nizamına etiraz eləsin. Bunun üçün ona sadəlövh bir öküz lazım idi. Bu məqsədlə Sibir meşələrinə elçi göndərir. Elçi Şalamın istədiyi kimi sadəlövh, meşədən başqa heç yeri görməyən bir öküzlə geri qayıdır. Şalam Sibir öküzünün çiyninə dünya boyda yük qoyur, onu on beşcə dəqiqəliyinə əvəz etməsini xahiş edir. Öküz Şalamın üzündən keçə bilmir. Neçə dəfə Sibiri yanğınlardan qoruyub Şalam. Necə dəfə burnundan hava verərək öküzləri ovlamaq üçün meşələrə hücum çəkən rus kəndlilərini təbiətin acı gərdişi ilə qorxudub. Sibir öküzündən boyca, həcmə və yaşca böyük olan Şalam on beşcə dəqiqəliyə dünyanı unudur, özünü verir Norveçin meşələrinə, yaşıl çəmənliklərdə uzanır. Norveçlilərin tikdiyi "Axirət evi”nə girərək yeyib-içir. Sadəlövh Sibir öküzü dünyanı gah sağ çiyninə sürüşdürür, gah da sol çiyninə. Yorulur, aşağı çökməyə meyllənir, okeanların suları qabarır, bir az yuxarı qalxır sular azalmağa başlayır.
Şalam məsuliyyətli davranaraq yarım saatdan sonra heç nə olmamış kimi vəzifəsinin başına qayıdır.
Antarktidanın buzları yenidən başlayır əriməyə. Amerika ilə Avropa İttifaqının münasibətləri pisləşir. Eyfel qülləsi yerə yıxılıb Parisin mərkəzindəki fəvvarələrdə yayın istisindən xilas olmağa çalışan çılpaq yeniyetmələrin başına düşür. Monqolustan səhrasında qoyun otaran balaca qızın sürüsünə canavarlar hücum çəkir. Yaponların xalq mərasimləri yarımçıq qalır. Çin səddi dağılır. Qalapaqos adasında tısbağa nəslinin son nümayəndəsi cığır açaraq üzü gələcəyə irəliləyir...
Yeqzar Cəfərli
banner

Oxşar Xəbərlər