AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Çiyələyimizin ixracına mane olan 3 əsas səbəb

Çiyələyimizin ixracına mane olan 3 əsas səbəb

İqtisadiyyat
21 May 2020, 19:52 392
Ekspert deyir ki, bu sahədə innovativ yanaşmalara ehtiyac var
 
Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev hazırda ölkədə istehsal edilən çiyələyin keyfiyyəti və sortlarının ixracatçıların istədiyi səviyyədə olmadığını deyib.  B.Quliyevin sözlərinə görə, çiyələyin həm çeşidlər, həm yetişdirmə texnologiyası üzərində işləmək və məhsulun rəqabətqabiliyyətli olması üçün keyfiyyət səviyyəsini qaldırmaq lazımdır: "Lakin hazırda bunu görmürük. Biz sözügedən məhsulu tədarük edib Rusiya bazarlarına göndərmək istəyirdik, lakin həm çeşid baxımından, həm də keyfiyyət baxımından yüksək dərəcədə becərilmədiyini gördük. İnanıram ki, Azərbaycan istehsalı olan çiyələklərin ixrac potensialı artacaq. Bu sahədə ixtisaslaşmış ölkələr var. Azərbaycan pomidor ixracında nailiyyətlər əldə etdiyi kimi, bu hal çiyələk ixracında da olacağına inanıram”.
Xatırladaq ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda qeyri-neft sektoru üzrə 429 milyon ABŞ dolları dəyərində və ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% çox ixrac reallaşdırılıb. Birinci rübdə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (43,9 milyon ABŞ dolları) I, pambıq mahlıcı (42,8 milyon ABŞ dolları) II, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 36,3 milyon ABŞ dolları) III olub.
Maraqlıdır, çiyələyin rəqabətqabiliyyətli olmağı üçün zəruri tələblər nələrdir, məhsulun ixrac potensialını artırmaq üçün hansı addımlar atılmalıdır?
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli mövcud vəziyyəti bir sıra səbəblərlə əlaqələndirir: "Bizdə çiyələk ixracı ümumi potensialı tam əhatə etməsə də, var. Görünən odur ki, hazırki vəziyyət Bəşir Quliyevi qane etmir. Çiyələk ilin istənilən fəslində, hətta qışda belə ixrac etmək olur. Biz məhsulları mövsümünə görə qəbul edirik, amma başqa ölkələrdə belə deyil. Xüsusilə Rusiyada və ixrac edildiyi digər ölkələrdə çiyələk yemə mədəniyyəti tamam fərqlidir. Bu, əslində çiyələyin  müsbət tərəfidir ki, xarici bazarda həmişə əlverişli yer var. Ona görə də ixracla bağlı olan hazırki rəqəmlər qaneedici deyil. Bunun isə bir sıra səbəbləri var. İlk olaraq ona görə ki, bu sahə bizim kənd təsərrüfatı üçün xarakterik deyil. Təxminən 2000-ci illərin əvvəlində məşğulluğun genişlənməsi ilə bu sahə genişləndi. Bəzi xarici təşkilatların ölkəmizə gətirdiyi bir layihə idi. Konkret olaraq Cəlilabad rayonundan başlanılıb. Həmin dövrdə Azərbaycana Amerikadan "viktoriya” sortunun şitilləri gətirilmişdi. İlk dövrdə sırf məşğulluğun artırılması, sonrakı dövrlərdə xarici bazarda bu sorta olan maraq nəticəsində Şəmkir və digər rayonlarda da becərildi. Birinci məsələ budur, yəni bizim kənd təsərrüfatı üçün yeni sahədir. Şitillərin böyük əksəriyyəti xaricdən gəlir, yerli fermerlər bu bitkinin xarakterini tam bilmir. Ümumiyyətlə, bizdə yanlış bir yanaşma var. Hər kəs tingləri, şitilləri xaricdən gətirir, amma yerli iqlim və torpaq şəraitini, rayonlaşdırmanı nəzərə almır.  Bəzən çiyələyi yeyərkən dadının olmadığını, yəqin ki, siz də müşahidə edibsiniz. Bunun səbəbi çox sadədir. Bizim əkinçilər çiyələyin bitki mühafizə tədbirlərini və onun gübrələnmə dozasını normal bilmir və bu, məhsulun keyfiyyət göstəricilərinə təsir edir. Yəni bizim çiyələyin rəqabətqabiliyyətli olmama səbəbi budur. İkinci səbəb isə bir çox sahələrdə olduğu kimi, məhsulun marketinqinin düzgün qurulmamağıdır. Məhsulun qablaşdırılması, daşınması onun ixracına təsir edir. Çiyələk çox həssas giləmeyvədir. Qablaşdırılması zəif olanda daşınmasına mənfi təsir edir”.
Ekspert üçüncü səbəb olaraq isə seleksiya işini vurğulayır: "Yəni problemlərdən biri də ixrac edilən çiyələyin həmin ölkə vətəndaşlarının ağız dadına uyğun olmamağıdır. Bu da ixraca mənfi təsir edir. Bunun üçün də ölkəyə gətirilən çiyələk şitillərindən istifadə edərkən aqrar sahədə fəaliyyət göstərən bəzi elmi tədqiqat institutları ilə məsləhətləşilməlidir. Yaxşı olar ki, gətirdikləri şitildən bir nümunə verib əkilməmişdən əvvəl onu test etsinlər. Bu zaman bizim yerli məhsullara aid olan daddan seleksiya vasitəsilə gətirilən şitillərə veriləcək. Yəni ümumilikdə bu sahədə sistemli işin qurulmasına ehtiyac var. Təklif edərdik ki, ölkəmizdə fəaliyyət göstərən elmi və dövlət qurumları arasında koordinasiyalı iş qurulsun”.
İqtisadçı Pərviz Heydərov sözlərinə görə, qeyri neft məhsullarının istehsalında ilk növbədə ixrac qabiliyyətli olmasına xüsusi fikir verməliyik: "Qeyri-neft məhsullarının ixracı ilə bağlı danışanda həmişə qeyd edirəm ki, təkcə, daxili bazarı düşünərək istehsal və tədarüklə məşğul olsaq, nəinki, heç nə ixrac edə bilmərik, ümumiyyətlə, daxili bazarın tələbatını belə ödəyə bilmərik. Çünki istehsal edilən bu və ya digər məhsul rəqabətqabiliyyətli deyilsə, deməli, o daxili bazarda da xaricdən gətirilən məhsullara uduzacaq. Yəni alıcı yerli məhsulu deyil, xaricdən gətirilən eyniadlı məhsulu alacaq. Ona görə də qeyri-neft məhsullarının istehsalında ilk növbədə onun ixrac qabiliyyətli olmasına fikir verməliyik. Bu baxımdan, kənd təsərrüfatı məhsulları birinci dərəcəli önəm daşıyır. Çünki aqrar məhsullar ən çox işlənən, mövsümi xarakter daşıyan spesifik xüsusiyyətlərə malik olan qrupa daxildir. Ona görə bu məhsulların keyfiyyət göstəricilərinə xüsusi önəm verilməlidir ki, ilk növbədə daxili bazara bu növ məhsulların idxalına son qoymalıyıq. Yəni əvvəlcə daxili bazarda bu qrupdan olan məhsulların idxalını dayandırmalıyıq. Burada söhbət tək çiyələkdən getmir. Ümumilikdə, bütün növ qeyri neft məhsullarının istehsalı və tədarükündə ilk növbədə keyfiyyət amilinə ciddi önəm verilməlidir”.
 
Günel Azadə