İsrail qəzeti Njdedən yazdı

İsrail qəzeti Njdedən yazdı

Siyasət
22 Yanvar 2020, 19:19 1217
Qəzet faşist əlaltısına Yerevanda abidə qoyulmasını sərt formada tənqid edib

Bir neçə gün sonra dünyanın 40-dan artıq ölkəsinin liderləri Qüdsə (Yerusəlim) toplaşıb Osvensim ölüm düşərgəsindən əsirlərin azad edilməsinin 75 illiyini qeyd edəcəklər. "Lakin İsrail bu mərasimə toplaşanların müttəfiq olmalarına baxmayaraq antisemitizmə qarşı mübarizə aparıb-aparmadıqlarına diqqət yetirməlidir”. Bu fikirlər "The Jerusalem Post” qəzetində dərc edilən "At Auschwitz tribute, Israel should study tale of two monuments” başlıqlı məqalədə yer alıb. Müəllifin qənaətincə, litvalılar, ermənilər, polyaklar və digərləri faciəvi tarixdə öz rollarını bir qədər təhrif edirlər. "Götürək, elə Ermənistanı. 2016-cı ilin iyununda Yerevanda faşist əlaltısı Njdeyə Yerevanda yeni abidə qoyuldu. Faşist Almaniyası ilə işbirliyində ittiham olunan bu şəxsin hərbi dəstələri Krımda, Qafqazın cənubunda, Fransada döyüşüb. Nasistlər yəhudiləri və müqavimət hərəkatı üzvlərini ölüm düşərgələrinə göndərən zaman onlara yardımlar göstəriblər. Müharibədən sonra Njde sovet məhkəməsi tərəfindən hərbi cinayətlər və nasistlərlə əməkdaşlıq etdiyinə görə 25 illik həbs cəzasına məhkum edilib. Çexakronizm millətçi ideologiyasının ideoloqu kimi tanınan bu şəxs hesab edirdi ki, onun milləti ən ali dəyərin sahibidir, ondan kənarda isə nəyinsə mövcudluğuna yol vermək olmaz. Bu ideologiya klassik erməniliyin mənəvi və bioloji mahiyyətini təşkil edir, əsas öhdəliyi də ölkəni idarə etməkdir”, - deyə yazır. Bildirir ki, çexakronizm Njdenin dəstək verdiyi faşistlərin ari irqin aliliyi ideyası ilə oxşardır. Ermənistanın milli qəhrəmanı elan edilən Njdenin adına Yerevanda meydan və metro stansiyası var. Onun irsi isə dövlət məktəblərində uşaqlara tədris edilir. 2016-cı ildə Yerevanın mərkəzində ona abidə qoyulanda müxalifətin səsi eşidilmədi. Xolokostun tədqiqatçısı Efraim Zuroff bu addımı hiddət doğuracaq səhv və Xolokost qurbanlarının, bütövlükdə nasistlərə qarşı döyüşənlərin xatirəsinin təhqir edilməsi adlandırıb. Abidə isə hələ də sökülməyib. Njde ilə yanaşı, Yerevanda daha bir nasist generalı və komandiri – Drastamat Kanayan da qabardılır. Onun adına hökumətin təsis etdiyi Strateji Tədqiqatlar İnstitutu da var. Müdafiə Nazirliyi isə onun adına medal təsis edib. Yəni Njde ilə bağlı məsələni yeganə hal adlandırmaq olmaz. Erməni cəmiyyətinin sistemli antisemit xarakteri barədə çoxsaylı sübutlar var. Antidiffamasion cəmiyyətin antisemitizmlə bağlı 2014-cü ildə (Njdeyə abidə qoyulmamışdan əvvəl) 100-dən artıq ölkədə apardığı tədqiqatın nəticələrinə görə, Ermənistanda antisemit baxışlar 58 faiz təşkil edib. O zaman bu göstərici Avropada üçüncü, postsovet məkanında isə ən yüksək göstərici idi. Ermənilərin 68 faizi hesab edirlər ki, yəhudilər yaşadıqları ölkələrdən çox İsrailə bağlıdırlar, 72 faiz isə hesab edirlər ki, yəhudilər daha çox biznes mühitdə hakimiyyətə malikdirlər. Pew tədqiqat mərkəzinin apardığı sorğunun nəticələrinə görə, ermənilər yəhudiləri vətəndaşları kimi qəbul etmirlər. Ola bilsin antisemitizmin yüksək səviyyəsi erməni kilsəsinin yaşadıqları ilə bağlıdır. Məsələn, ötən ilin iyun ayında 60 tələbə Yerusəlimdə iki yəhudiyə hücum edib. Müstəqillikdən sonra Ermənistanda yəhudi icmasının sayı 5000 nəfər idisə, indi bu rəqəm 100-ə düşüb.
Nəşr yazır ki, "1991-ci ildə müstəqillik əldə edən və Ermənistanla münaqişə vəziyyətində olan Azərbaycanda bu ilin noyabrında Qarabağ müharibəsində şəhid olan  milliyyətcə yəhudi olan Albert Aqarunova abidə qoyulub. Njde ilə Aqarunova qoyulan abidə arasında təzad göz önündədir”. Aqarunov o zaman müharibəni işıqlandıran jurnalistlərə belə demişdi: "Bura mənim torpağımdır. Mənim başqa vətənim yoxdur. Mənim üçün öz evimi müdafiə etməyim təbiidir”. Bu qəhrəman 1992-ci ildə erməni snayperi tərəfindən vurulub və Azərbaycanın ən ali mükafatı – Milli Qəhrəman adına layiq görülüb: "Aqarunovun irsi özündə yəhudilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının qüdrətli simvolu, milli qürurudur. Azərbaycanda antisemitizm yoxdur, icmalararası əlaqələr isə çiçəklənir”.
Müəllif əlavə edir ki, Xolokost qurbanlarının şərəfinə Yerusəlimdə bu həftə keçiriləcək xatirə tədbirlərinin analizi Azərbaycan və Ermənistanla müqayisədə başa çata bilməz. "Litva bu təbirdə spiker səviyyəsində təmsil olunacaq. Onlar nasistlərlə əməkdaşlıq edildiyi barədə ittihamları qəbul etmirlər. Analoji hal Polşada da var. Hesablamalara görə, müharibənin ilk altı ayı ərzində Litvada 230 min insan insan qətli yetirilib. Lakin bu ölkə buna görə hər hansı bir məsuliyyət daşımır. Almanların Xolokostu törətdikləri şübhəsizdir. Lakin onlar qaranlıq keçmişlərini qəbul etmək istəmirlər. Eləcə də, ermənilər, litvalılar, polyaklar və s. bu faciəvi tarixdə rollarını təhrif edirlər. "Xolokost qəhrəmanları”nın, məsələn, Njdenin şərəfinə ucaldılan abidəyə qarşı mübarizə aparılmalıdır. Bu həftə başlayacaq tədbirdə də fotolarda bir-birinə gülümsəyən liderlərə baxarkən israillilər əsl dostlarının kim olduğunu yaddan çıxarmamalıdırlar”, - deyə "Jerusalem Post” qəzeti yazır.

Azər