• şənbə, 20 Iyul, 14:58
  • Baku Bakı 32°C

İsrail prezidentinin Azərbaycan səfəri - İki hadisə fonunda diqqət çəkənlər

31.05.23 13:56 1427
İsrail prezidentinin Azərbaycan səfəri - İki hadisə fonunda diqqət çəkənlər

İsrail Prezidenti İsxak Hersoqun mayın 30-da Azərbaycana səfərinin ikitərəfli münasibətlərdən savayı, geniş regional konteksti var.

Geniş dairədə Hersoqun Prezident İlham Əliyevlə görüşü və müzakirələri iki vacib hadisənin kölgəsində diqqət çəkir:

Birincisi, İranla Əfqanıstan arasında hidromünaqişənin hərbi eskalasiya həddinə çatması ilə Hersoqun Bakı səfəri arasında bir bağlantı olması mümkündür;

İkincisi, Hersoq Türkiyədə prezident seçkisinin qalibi müəyyənləşdikdən sonra Bakıya gəldi.

Bakı proqramının regional aspektlərindəki Əfqanıstan tezisinin qabardılması ona görə aktual görünür ki, “Taliban”ın İranla hərbi konfrontasiyaya girməsi İsrail üçün fürsət pəncərəsi açır.

Tehran Azərbaycanla münasibətlərini iqtisadi sferada isitməyə çalışsa da, ümumi təhlükəsizlik kontekstindəki paradiqmalar dəyişməyib, üstəgəl, rəsmi Bakı tərəfdaşları ilə birlikdə daha geniş arealda oyunçuluq meydanında yer alır.

Bu, strateji ehtiyacların qarşılanması üçündür: tərəfdaşlarla rəqiblər arasındakı məsafəni ölçməyi, onların qarşıdurmaları arasında sıxışmamağı hədəfləyir.

Əfqanıstandakı “Taliban” rejimi İsraillə əlaqələrin gələcəyini müsbət qiymətləndirir, qruplaşmanın silahlı müqavimət bacarıqları digər oyunçular kimi, Təl-Əvivin də diqqətini cəlb edir.

Məntiqlə nəticə hasil olur ki, İsraillə “Taliban” münasibətləri hələlik konfidensial şəkildə qururlar və effektini görsələr, əlaqələri irəliyə aparacaqlar, mümkün ehtimal kimi görünür ki, həmin sahədə Türkiyə də iştirak edəcək.

İsrail və Türkiyə Yaxın Şərqdəki strateji maraqlarını digər regionlardakı, o cümlədən Cənubi Qafqazdakı geosiyasi xətt ilə uzlaşdıraraq səhnədə güclü və nüfuzlu dövlət statusu qazanırlar.

Əfqanıstan yeni geostrateji müharibələrin açar ölkələrindən biridir, buradan digər ölkələrə tuşlana biləcək oxların ucunu hər oyunçu bir cür itiləmək istəyir.

Əfqanıstan İrana qarşı beynəlxalq kampaniyanın nəticə qazanmasında rol alır, “Taliban”ın Tehranla qarşıdurma siyasətində molla rejiminin regional rıçaqlarını azalda bilməsə də, ona neqativ təsirlər göstərir.

İran isə rəqiblərinin ona artan təzyiqlərinə görə ritorikasını qızışdırır, Azərbaycan isə həm Türkiyə, həm də İsraillə birgə Tehranın ikitərəfli münasibətlərlə yanaşı, regional tabloda yarada biləcəyi təhdid fonunu təhlil edir.
Azərbaycan regional oyun qaydalarında üst mövqelərə doğru inamla addımlayarkən risklərə qarşı müdafiə sənayesi, kibertəhlükəsizlik potensialını gücləndirir və bu sahədə ona Türkiyə ilə İsrail yardımçı olurlar.

Bu mənada İlham Əliyevin İsxak Hersoqla birgə mətbuata bəyanatı zamanı Azərbaycanla İsrail arasındakı müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlığı təhdidlər fonunda izah etməsi diqqət çəkir. 

Hersoq isə aşkar şəkildə Əliyevlə İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturunu müzakirə etdiklərini söylədi, deməli, Azərbaycanla İsrailin İran tematikasına dair yeni razılıq əldə etmək ehtimalı var.

Bu, böyük regional iplərlə Cənubi Qafqazla bağlantı istiqamətində müəyyən edilə bilər.

Hersoqun səfərindəki “Türkiyə paketi”nin digər tərəfinə gəlincə, bunu həm Ankaranın, həm də Təl-Əvivin ərəb dünyasına açdıqları mənzərə, bu tabloda Azərbaycanın tutduğu mövqe kontekstində izah etməyə ehtiyac yaranır.

İsrailin Cənubi Qafqazdakı əməkdaşlıq modeli Yaxın Şərq geosiyasətini dəyişdirir və Təl-Əviv bu yolda Bakı-Ankara strateji müttəfiqliyi arasında xüsusi mövqeyə yiyələnməkdə maraqlıdır.

Ərəb coğrafiyası üzrə siyasətdə müştərək strateji kurs müəyyən edilməsi üçün danışıqların getdiyini qeyd edə bilərik, hərçənd ki, əsasən, Türkiyə və İsrailin Yaxın Şərq üzrə maraqlarında ziddiyyətli nöqtələr var.

NƏTİCƏ:

Türkiyə-İsrail münasibətləri, burada Azərbaycanın oynadığı məxsusi rol, Bakı ilə Tehran arasında gərginləşən münasibətlər, Əfqanıstan-İran münasibətləri Bakı-Ankara-Təl-Əviv üçtərəfli tərəfdaşlığına yeni rəng qatır.

Türkiyənin də Əfqanıstanla əlaqədar kursunu İsraillə tutuşdurmaq planından danışa bilərik və Ankara rəsmi Bakı ilə bu istiqamətdə strateji məsləhətləşmələr keçirə bilər.

Aqşin Kərimov

banner

Oxşar Xəbərlər