AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“İşdə məhəbbət macərası” bitdi

“İşdə məhəbbət macərası” bitdi

Mədəniyyət
20 Fevral 2021, 14:00 481
Sovet kinematoqrafiyasının əfsanəsi Andrey Myaqkov 82 yaşında dünyasını dəyişdi
 
Tanınmış sovet və rus aktyoru Andrey Myaqkov 82 yaşında vəfat edib. Aktyorun ölümünün ilkin səbəbi kimi ürək çatışmazlığı diaqnozu qeyd edilir. Rusiya mətbuatında ölkənin tanınmış insanlarının "Ölkə böyük sənətkarını itirdi” məzmunlu təəssüfləri yer alıb.
Bir çox həmkarı onun ölümünü az qala faciə kimi qarşılayıb. "Axırıncı romantik” deyə onun haqqında yazırlar. Kseniya Sobçak aktyorun ölümünə təkcə bir insan kimi deyil, həm də istedadlı artist, qış bayramlarının simvolu kimi təəssüflənir. "Bizim Yeni ildə dəyişməyən yol yoldaşımız”- deyə siyasətçi özünün Teleqram-kanalında yazıb.

Görkəmli müğənni Lev Leşşenko "Bizim üçün həmişə əxlaq daşıyıcısı olan aktyoru itirdik. Çünki onun bütün rolları xeyirxah, səmimi idi. Hesab edirəm ki, bu itkiyə çoxları təəssüflənəcək. O xalqın sevimlisi idi”- deyə qeyd edib.
Tanınmış aktyor Nikolay Çindyaykin Andrey Myaqkovun ölümünü Rusiya incəsənəti üçün böyük itki adlandırırb. "Bu, çox  ağır xəbərdir. Xüsusən teatrımız üçün ağırdır. Tamaşaçılar hələ uzun illər oynadığı rollara görə ona minnətdarlıq edəcəklər. Mən bir tamaşaçı və sovet adamı kimi onun baxışlarının təsiri altında idim. Bu, həqiqətən əsil tamaşaçı məhəbbəti idi. Onun hər bir rolunu gözləyirdilər. O, tamaşaçıları aldatmırdı. Son günə qədər onlara qarşı səmimi oldu”- deyə aktyor mətbuata açıqlamasında bildirib.
 
Moskva şəhər Dumasının sədri Aleksey Şapoşnikov aktyorun ölümü ilə bağlı kədərini ifadə edib və onu "sovet kinematoqrafiyasının əfsanəsi” adlandırıb: "Onun oynadığı filmlər artistin vizit kartı idi, hımçinin Yeni il və digər bayramların simvolu sayılırdı”.
Andrey Myaqkovla birlikdə əfsanəvi ekran əsərində - "Qəribə təsadüf”də tərəf-müqabil olan polşalı aktrisa Barbara Brılska (Nadya Şevelyova) o zaman qazandığı populyarlığa görə məhz SSRİ-yə və Eldar Ryazanova minnətdar idi. O partnyorunun  ölümünə münasibət bildirərək: "Mənim danışmağa gücüm yoxdur. Mən ağlayıram. O, gözəl aktyor və insan idi. Mən onu çox sevirdim”- deyə bildirib.

 
"Gənc aktyorlar, əlbəttə, Myaqkov kimi uğur qazanmağı arzulayırlar. Ancaq o heç vaxt öz üstünlüklərindən istifadə etmir, özünü ulduz saymırdı. Teatrın rəhbərindən xadiməsinədək hamıya hörmətlə yanaşırdı. O, seriallarda və reklamlarda çəkilib daha yaxşı pullar qazana, məsələn, özünə son marka avtomobil ala bilərdi. Ancaq bu, ilk növbədə onun prinsiplərinin əksinə olardı. Onun əsas xüsusiyyətlərindən biri - nə xeyirli və ya nüfuzludursa, onunla yox, xoşuna nə gəlirsə, onunla məşğul olmaq idi”- deyə uzun illər aktyorla bir səhnəni bölüşən həmkarları deyir.
 
Qəribə təsadüf

Andrey Myaqkov 1938-ci ildə Leninqradda anadan olub. Yuxarı siniflərdə oxuyanda teatrla maraqlanıb. 1965-ci ildə "MXAT”ın məktəb studiyasına daxil olub, daha sonra onu "Sovremennik” tetrının truppasına qəbul ediblər. Kinoda ilk ciddi işi "Karamazov qardaşları”nda Alyoşa Karamazov rolu olub. "Karamazov qardaşları”nda Alyoşa rolu mənim kinoda ilk işimdir. Bu filmi Dostayevskinin məşhur əsərinin çox da yaxşı olmayan interpretasiyası hesab etməyimə baxmayaraq, mənə ilk uğuru gətirən də məhz bu film olub” - aktyor deyirdi.
 
Andrey kinoda 50-yə yaxın rol oynayıb. Onların arasında çox ciddi işlər var. Kinoşünaslar onu daha çox komediya aktyoru hesab edirlər. Amma onun bioqrafiyasında nəhənf dramatik rollar da az deyil. O, komediya filmlərində belə böyük tragizm ortaya qoyurdu. Andrey həm də rejissor kimi çıxış edib. Məzunu olduğu "MXAT”da müəllim kimi də çalışıb. Şən və hazırcavablar klubunun münsiflər heyətinə dəvət alıb. Myaqkov 2 detektiv romanın müəllifi idi. Yazıçı kimi həvəsini həyat yoldaşı ilə əlaqələndirirdi: "Onun ədəbiyyata marağı yoxdur. Ona görə yazıram”. Artıq onun trilogiyası çapdan çıxıb. Hətta Myaqkovun birinci kitabını oxuyan ssenarist Aleksandr Borodyanski onun əsasında film çəkməyi qərara alıb. 

1975-ci ildə ekranlara aktyorun rol aldığı "Qəribə təsadüf və ya həmişə təmizlikdə” filmi çıxır. Myaqkov - bu filmdəki Jenya Lukaşini tamaşaçılar böyük məhəbbətlə sevdi. Onlar bu filmə heyran olmuşdular. "Əgər Andrey Myaqkov təkcə «Qəribə təsadüf»dəkı həkim Jenyanı oynasaydı belə, o, sovet kinematoqrafiyası pərəstişkarlarının yaddaşında ömürlük qalacaqdı” - deyə tənqidçilər yazırdı. Filmin ümumittifaq premyerasından sonra aktyorun poçt qutusu demək olar ki, hər gün məktublarla dolub-daşırdı. Pərəstişkarlarından biri 20 il dalbadal ona yazmışdı. O, romantik qəhrəman deyildi, ancaq rayon poliklinikasının sadə cərrahı Jenya Lukaşin milyonlarla qadının ürəyini fəth etməyi bacarmışdı. "Film ekranlara çıxandan sonra mənə süpürgə bağışlayırdılar, barmaqları ilə toxunurdular. İndi bütün bunlar itib, yaş öz işini görüb”-deyə aktyor xatırlayırdı: "Çəkiliş meydançasında Eldar Ryazanov isti mühit yaratmışdı. Bunu heç bir rejissor onun kimi bacarmazdı. Mən meydançaya hər gəlişimdə zövq alırdım. Ryazanov aktyorlara pərəstiş edirdi və onların qabiliyyətini üzə çıxarmağı bacarırdı. Çəkiliş vaxtı çoxlu zarafat, yumorlar olurdu. Həmin çəkilişdəki gödəkcə və şərfi o vaxtdan saxlamışam, papağı isə itirdim. Ryazanov çox xeyirxah və səmimi adam idi. Ancaq çəkiliş zamanı nəsə onun istədiyi kimi olmasaydı, dərhal sərtləşirdi. Belə məqamlarda ən yaxşısı onun gözünə görünməmək lazım idi”.  
 
Yaraşıqlı olmasa da...
 
1977-ci ildə aktyor "İşdə məhəbbət macərası” filminə çəkilir. Tamaşaçılar ekran əsərinin hər bir kadrını əzbər bilirlər. Bu filmin sitatları çoxdan xalqın dilinin əzbərinə çevrilib. Filmin sonunda o, «Volqa»da Alisya Frendlixlə xoşbəxt ailə həyatına yol alır. Ancaq bu qədər populyarlığına baxmayaraq, onun heç vaxt «Volqa»sı olmayıb. Sovet dövründə belə maşınları yalnız böyük rəislər sürə bilirdi. 

Bu film sovet ekranının ən çox baxılan ekran əsərinə çevrilir. Bayramlarda təqvimləri bəzəyən film bütün sovet ailələrində sevilirdi. 1977-ci ildə "Mosfilm”də istehsal olunan film 58 milyondan artıq tamaşaçı auditoriyası ilə prokatın lideri olur. 1979-cu ildə Vasilyev qardaşları adına RSFSR dövlət mükafatına layiq görülür. Ryazanovun filmləri Andrey Myaqkova ümumittifaq şöhrəti qazandırır. Yaraşıqlı olmasa da, qadınlar ona pərəstiş edirlər. O, oynadığı rollarla cəlbedici, ancaq uğursuz insanların obrazlarını yaradırdı. Amma Andrey Myaqkovun gerçəkdə necə insan olmasını, demək olar ki, çoxları bilmirdi. O, özü haqqında kitablar yazmır, özünə teatr tamaşaları həsr etmir, banketlərdə görünmür, demək olar ki, müsahibə də vermirdi. 

Aktyor son illər kinonun səviyyəsindən narazı idi. "Nə üçün kinoya çəkilmirsiniz?” deyə soruşanda "Biz utanmadan amerikalılara dəstək göstəririk. Zorakı, döyüş filmləri, dava-dalaş... Kino hissiz, ürəksiz olub. Bu, rus incəsənəti deyil. Biz ondan tamamilə uzaqlaşmışıq. Sovet kinosunun öz sifəti vardı, indi onu bizdən qoparıblar. Əvəzində isə Amerika fizionomiyasını çəkiblər” - deyə cavab verib. 
 
Sadiq həyat yoldaşı
 
Andrey Myaqkov həmkarları arasında ailəsinə sadiq adam kimi tanınıb. O, həyat yoldaşı Anastasiya Voznisenski ilə birgə  60 il ömür sürüb. Onlar institutda oxuduqları illərdə tanış olublar. Andrey tələbələrdən yaşca böyük idi. O, Kimya-Texnologiya İnstitutunu bitirəndən sonra MXAT-a gəlmişdi. Auditoriyada yaşca ən kiçik Anastasiya idi. Onun çoxlu pərəstişkarları vardı. Amma Andreyin gözəl səsi, yaxşı oxuması onu valeh etmişdi. Anastasiya əvvəlcə onun səsinə vurulur. Sonra görüşməyə başlayırlar. Onlar həmişə bir yerdə idilər: teatrda, kinoda, qastrolda, səyahətdə... 1963-cü ildə ailə qururlar. Oleq Yefremov institutu qurtaran kimi onu "Sevremennik”in truppasına dəvət edir. Anastasiya şərt qoyur: əgər Andrey də həmin truppada işləyəcəksə, razıdır.  Beləcə onlar səhnədə də birlikdə olurlar. "Mən Anastasiya ilə tələbə kimi parta arxasında oturarkən tanış olmuşam. İkinci kursda isə biz evləndik” deyə aktyor xatırlayırdı: "Artıq qızıl yubileyimizi də qeyd etmişik. Əsl sevginin rəqibi ola bilməz. Bir neçə il əvvəl mənim həyatım ölümlə-qalım arasında idi. Onda Anastasiya bütün instansiyalara ayaq açıb mənim üçün kömək axtardı. O, ürəyimdəki əməliyyatın uğurla həyata keçməsinə nail oldu, həyatımı xilas etdi. Xoşbəxt nikahın heç bir sirri yoxdur. Sevmək lazımdır. İnsan bir-biri üçün hər şeyi səmimi qəlbdən etməlidir. İztirabları birgə yaşamaq, sevinci birgə hiss etmək lazımdır. «Mən bu insansız yaşaya bilmərəm» - deyə düşünməyi bacarmalısan. Bu qədər - daha heç nə lazım deyil. O zaman nikah ömürlük olacaq. Biz Anastasiya ilə həmişə bir yerdəyik. Övladımız yoxdur, ancaq etiraf edirik ki, işimiz bizim üçün hər şeyi əvəz edib. Biz bir pedaqoq kimi MXAT-ın məktəb-studiyasında 3 nəsil aktyor yetişdirmişik. Məgər bu kifayət deyil? Biz o gəncləri Vətənimiz üçün yetişdirmişik, tərbiyə etmişik. Bu, bizim üçün böyük xoşbəxtlikdir”.

A.Myaqkov öz rollarından fərqli həyat yaşayırdı. Məsələn, öz qəhrəmanından fərqli olaraq, o heç vaxt içki içmir, hamama ümumiyyətlə, dözümü yox idi. 
"Sizin soyadınızda xarakterinizin müəyyən cizgilərini tapmaq olarmı” - deyə ondan soruşanlara "Myaqkov – kifayət qədər qədim zadəgan soyadıdır. Bizdə nəsildən-nəslə soyadın vurğusu dəyişir. Atamın soyadında vurğu axırıncı hecaya, babamda ilk hecaya düşür. Mənim soyadımı isə ilk hecada tələffüz etmək lazımdır. Xarakterin cizgilərinə gəlincə... demək çətindir. Mən daha çox sərt adamam, nəinki yumşaq...”- deyə aktyor cavab verib.  
Andrey Myaqkov özünün aristokrat davranışı, yüksək əxlaqi keyfiyyətləri, ən əsası sonsuz istedadı ilə onu tanıyanların və kinosevərlərin yaddaşında qaldı.
Əlvida və təşəkkür, bizi xüsusən bayramlarda ekran qarşısında oturmağa məcbur edən böyük aktyor!
 
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova